Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-394/2025 14.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 8, ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikasının vətəndaşı ilə danışıb sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 03 fevral 2025-ci il tarixdə həmin şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə qoyduğu 05 ədəd üzəri skoçlu sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1040 qram, 1035 qram, 1025 qram, 585 qram və 460 qram olmaqla, ümumi çəkisi 4145 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı ünvan 1-ə daşımış və saxlamış, 05 fevral 2025-ci il tarixdə saat 00:02-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qayıbov küçəsi ev X-2791 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanıldıqdan sonra, həmin günü saat 00:24-dən 00:44-ə kimi yaşadığı ünvan 1 ünvanına keçirilən baxış zamanı mənzilin yataq otağında dolabın içərisində 01 ədəd qara rəngli polietilen bağlamda 05 ədəd üzəri skoçlu sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1040 qram, 1035 qram, 1025 qram, 585 qram və 460 qram olmaqla, ümumi çəkisi 4145 qram olan külli miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdarda psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onda 400 qram marixuana olmuş, narkotik vasitəni İran vətəndaşından yox, başqa şəxsdən əldə etmişdir. Polislər ona yaxınlaşanda onda narkotik vasitənin olduğunu bildirmiş, onun dişlərini sındırmış, yanındakı qızı tutacaqlarını bildirmişlər. O isə əməli boynuna alacağına razılaşmış və qızı tutmamaqlarını istəmişdir. Daha sonra evdən şkafın içindən 4 kiloqram narkotik vasitə çıxarmışlar. O, müstəntiqə bu baş verənləri deməmiş, məhkəmədə danışmaq istəmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, fevralın 4-dən 5-ə keçən gecə tutulmuş, ittihamda saxlanıldığı yer düzgün göstərilmişdir. Mübahisələndirdiyi məsələ narkotik vasitənin çəkisi olmuş, yanında tanışı qız ilə tutulmuş, küçədə saxlanılmışlar. O narkotik vasitəni satın almamış, bir nəfər tanış şəxsdən istifadə etmək üçün götürmüşdür. Götürdükdən 2 gün sonra saxlanılmışdır. Narkotik vasitəni götürdüyü zaman 500 qram olmuş, 100 qramını istifadə etmişlər. Həmin 100 qramdan dost-tanışa da vermiş, ancaq pul qarşılığında verməmişdir. Onun əvvəllər aldatdığı Xəyal adlı bir şəxs tutulmuş, tutulan zaman Xəyal onun adını çəkmişdir. Bu səbəblə onu “yüklədiklərini” düşünmüşdür. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə 4 kiloqram narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Tutulan zaman onun dişlərini sındırmışlar. Aldığı xəsarətləri deməmişdir. İstintaq təcridxanasına daxil olarkən də qeydiyyata aldırmamışdır. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Seyid adlı İran İslam Respublikasının vətəndaşını uzun müddətdir tanıyır və onunla telefon vasitəsi ilə tanış olmuşdur. Seyidin narkotik vasitələrinin satışı ilə məşğul olduğunu bilmiş və maddi vəziyyəti pis olduğundan ondan narkotik vasitə götürüb satmaq qərarına gəlmişdir. Bu məqsədlə Seyidə müraciət etmiş və Seyid ona narkotik vasitə verəcəyini bildirmişdir. Razılaşmaya əsasən Seyidin ona dediyi yerdən narkotik vasitəni götürməli və onun dediyi yerə qoymalı olmuşdur. Bundan sonra Seyid ona 1000 manat pul verəcəkmiş. 03 fevral 2025-ci il tarixdə Seyidin ona göndərdiyi məkan əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə getmiş və oradan 5 bağlama narkotik vasitə qurudulmuş marixuana götürüb yaşadığı evə apararaq dolabda gizlətmişdir. 05 fevral 2025-ci il tarixdə, saat 00:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Qayıbov küçəsi, ev X-2791 ünvanının yaxınlığında, idarə etdiyi “Kia Sportage” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Şahid4 ilə birlikdə olan zaman mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. O, polis əməkdaşları tərəfindən tutulmamağı üçün üzərində saxladığı ülgüclə (rezak) özünə xəsarət yetirmiş, polis əməkdaşları onu intizama dəvət edərək ülgücü təhvil verməyini tələb etmiş, o da bundan sonra ülgücü yerə atmışdır. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmiş, bu təklifdən sonra ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Redmi” markalı mobil telefonu, evin və avtomobilin açarını və 170 manat pulu təqdim etmiş, sonra üstü yoxlanılmış, üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Sonra onun özünə xəsarət yetirdiyi ülgüc qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra idarə etdiyi “Kia Sportage” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmidir. Avtomobildən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə ünvan 1 ünvanına getmişlər. Ona mənzildə qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, o, yataq otağında olan dolabın içərisindən sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 5 (beş) ədəd bağlamada qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 4 kq 268 qram olmuşdur. Daha sonra aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Sorğu zamanı o mənzildən aşkar olumuş kütlələri iran İslam Respublikası vətəndaşının vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, mənzildə kütlələrin olması ilə bağlı başqa heç kimin məlumatı olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Orada təqdim etdiyi kütlələrə yenidən baxış keçirilmişdir. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Əlavə ifadəsində narkotik vasitəni satış məqsədi ilə yox şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.(vərəqə: 67-69; 148-150) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında şəxs Masazır qəsəbəsində yanında bir xanımla saxlanılmışdır. Saxlanılan zaman özünə xəsarət yetirməyə cəhd göstərmişdir. Daha sonra üzərinə və avtomobilinə baxış keçirilmiş, hər hansı qanunsuz predmet aşkar edilməmiş, daxil olmuş məlumata əsasən yaşadığı ünvana baxış keçirilən zaman təxminən çəkisi 4 kiloqram olan qurudulmuş marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupuna o, Şahid2 və Şahid3 daxil olmuşlar. Təqsirləndirilən şəxsin qeyd etdikləri yalandır. Xəsarət yetirməyə cəhd göstərən zaman sadəcə kəsici alətlə boğazını cızmışdır. Təqsirləndirilən şəxs özü evində 4 kiloqram narkotik vasitənin olduğunu etiraf etmiş, saxlanılan zaman yanındakı qadın hamilə olmuş, onu tutacaqları ilə təhdid etdikləri barədə məlumat həqiqətə uyğun olmamışdır. Evdən çıxan narkotik vasitə eyni tərkibli narkotik vasitə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, şəxs fevral ayının 5-də, gecə saatlarında, Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılmışdır. Saxlanılan zaman özünə xəsarət yetirməyə cəhd göstərmişdir. Onlara və özünə xəsarət yetirməməsi üçün əli qandalla bağlanılmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu izah edilmişdir. Saxlanıldığı zaman yanında olan qadınla birlikdə videoçəkilişlə üzərinə baxış keçirilmiş, telefon, avtomobil və ev açarı, pul aşkar edilmişdir. Üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Həmçinin daxil olmuş əməliyyat məlumatına əsasən onun evində narkotik vasitənin olması onlara məlum olmuşdur. Həmin ünvandan 5 bükümdə marixuanaya bənzər kütlə, elektron tərəzi aşkar olunmuşdur. Ülgüclə özünə xəsarət yetirmək istəmiş, təqsirləndirilən şəxsin qeyd etdikləri həqiqəti əks etdirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında şəxs Masazır qəsəbəsində, 5 fevral tarixində saxlanılmış, üzərinə və avtomobilinə baxış keçirilmiş və qanunsuz heç nə aşkar olunmamışdır. Yaşadığı ünvandan 5 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Şəxs, yəqin ki, qorxduğu üçün özünə xəsarət yetirməyə çalışmışdır. Son zamanlarda cinayətkarlar arasında yayılmış bir metod olmuşdur. Evində narkotik vasitə olduğunu özü etiraf etmiş, təqsirləndirilən şəxsin qeyd etdikləri həqiqəti əks etdirməmişdir. Əvvəllər şəxsin yaşadığı ünvanda olmamış, ilk dəfə özü ilə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə 3 ildir ki, birlikdə yaşamışlar. Tərlan maşından düşən zaman polis əməkdaşları ona yaxınlaşaraq onu tutmuşlar. Daha sonra onunlə birlikdə 2 polis əməkdaşı evə qalxmış, həmin zaman Tərlan aşağıda olmuşdur. Daha sonra o olan otağı bağlamışlar və evdən narkotik vasitə aşkar olunmuşdur. O evdə ,ümumiyyətlə, heç bir narkotik vasitə olduğunu bilməmişdir. Narkotik vasitələr şkafda olsaydı, həmin vasitələri görərmiş. 400 qram narkotik vasitəni də görməmişdir. Tərlanı polis əməkdaşları döymüş, Tərlan maşından düşəndə 7-8 nəfər onun üstünə gəlmiş, o isə əlində nə olduğunu xatırlamadığı alət ilə boğazını kəsmişdir. Həyətdə polis əməkdaşları Tərlana heç nə etməmişlər. Onunla evə qalxmaqlarından təxminən 5-10 dəqiqə sonra onun olduğu otağın qapısını bağlamışlar. Polis əməkdaşları otaqda ona heç nə deməmişlər. Daha sonra Tərlanı evə gətirmiş, sonra isə onun olduğu otağa gətirmişlər və polislərin əlində narkotik vasitə olmuşdur. Evdə heç bir narkotik vasitə görməmişdir. Cinayət işinin materiallarında olan -xx.xx.2025-ci il tarixli “raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Kia Sportage” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi bildirilmişdir. (cild 01, iş vər 04) -xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 03-04). -“Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilinə baxış keçirilməsinə dair” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 00:24-dən 00:44-dək videoçəkilişlə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə baxış keçirilən zaman yataq otağında dolabın içərisində 01 ədəd qara rəngli polietilen bağlamada 05 ədəd üzəri skoçlu sellofanda açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütələlər və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bağlamalar elektron tərəzidə ölçüldükdə ümumi çəkisinin 04 kq 268 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamaları 3 gün əvvəl İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə pul müqabilində müəyyən yerlərə qoymaq üçün əldə etdiyini bildirmişdir.(vərəqə: 11-13) -“Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və mənzilə baxış zamanı qeydə alınmış video görüntülərə və maddi sübuta baxış keçirilmişdir.(vərəqə: 16- 17) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli 7/231-6/492 nömrəli məhkəmə-bioloji kimyəvi ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş maddi sübut....” yazılar və imzalar olan 1 (bir) ədəd qara rəngli polietilen bağlamada 5 (beş) üzəri skoçlu sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1040 qram, 1035 qram, 1025 qram, 585 qram, 460 qram olmaqla, ümumi çəkisi 4145 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olub, tərkiblərinə görə eynidir. Həmin bağlamanın içərisində olan bir ədəd elektron tərəzinin üzərində cuzi miqdar psixotrop maddə olan metamfetamin izləri vardır, Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir.(vərəqə: 51-54) -“Mobil telefona baxış keçirilməsi haqqında” 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar olunmuş “Redmi” markalı mobil smartfonun yaddaşında olan məlumatlara baxış zamanı fotoşəkillər bölməsində elektron tərəzi üzərində yaşıl rəngli ota bənzər kütlələrin bağlama formasında şəkilləri aşkar edilmişdir.(vərəqə: 104) -“Mobil operatorlardan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ay tərlan mənəm rəşad ölürəm yerdən götürənim yox kartivi göndər 50 m atim birşey tapaqda ölürəm” məzmununda, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasının beynxəlxalq telefon kodu olan **********56 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “300 qramı atma, 50 qram gül, 10 patını at” məzmununda sms göndərilmişdir.(vərəqə: 135-137) -Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4006 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(vərəqə: 140-141) -“Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim təmiz çəkisi 4145 qram çəkidə külli miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və qurudulmuş marixuanın 4144,75 qram qalığının və elektron tərəzinin saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmışdır, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və mənzilə baxış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar olunmuş “Redmi” markalı mobil smartfon maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (vərəqə: 154-164) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnfromasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (vərəqə: 89-91) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin maddəyə müvafiq olaraq, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, buna görə də o, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Kia Sportage” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla 05 fevral 2025-ci il tarixdə saat 00:24-dən 00:44-dək videoçəkilişlə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə baxış keçirilən zaman yataq otağında dolabın içərisində 01 ədəd qara rəngli polietilen bağlamda 05 ədəd üzəri skoçlu sellofanda açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütələlər və 01 ədəd elektron tərəzi aşkar edildiyindən götürülmüş maddə məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü və evi yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən təxirəsalınmaz əməliyyat axtarış tədbiri barədə qərar Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(009)-614/2025 saylı qərarı ilə qanuni hesab edilmişdir. (vərəqə: 97-99) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitənin əldə edildiyi mənbəni, o cümlədən İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun üzərində cinayət işinin materiallarında rəsmiləşdirildiyi miqdarda, yəni 4 kiloqram yox, 400 qram narkotik vasitə marixuana olması, həmin marixuananın polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, polis əməkdaşları tərəfindən tutulduğu zaman yanında olan qadını da tutacaqları ilə hədələdiklərinə görə, bir sözlə psixi təsirə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə verməsi, əvvəllər Xəyal adlı bir şəxs tutularkən onun adını çəkdiyi üçün ibtidai istintaq orqanı tərəfindən “yüklənildiyi”, əslində narkotik vasitəni əldə etməkdə məqsədinin satış yox, şəxsi istifadə olması barədə göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, daha sonra ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, üzləşdiyi haqsızlıqlarla bağlı müvafiq qurumlara şikayət etməmiş, yalnız bu barədə məhkəmə istintaqı zamanı bildirmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətində olmaqla əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan satış məqsədi olmadan psixotrop maddəni əldə etməsi ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində “evdə heç bir narkotik vasitə olduğunu görməməsi, narkotik vasitələr evdə-şkafda olsa imiş, onu görəcəyini, 400 qram narkotik vasitəni də görməməsi, Tərlanın polis əməkdaşları tərəfindən döyülməsi, polislərlə evə qalxandan sonra o olan otağın qapısının polislər tərəfindən bağlanması, 5-10 dəqiqə sonra polislərin əllərində narkotik vasitə ilə birlikdə Tərlanla birlikdə onun olduğu otağa gəlmələri ilə bağlı” bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs təqsirləndirilən şəxsin yaxınıdır, şəxsin öz ifadəsindən də görünür ki, üç ildir ki, bir yerdə yaşamışlar. Təkcə bu hal həmin şəxsin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Həmçinin bu ifadə təqsirləndirilən şəxsin yaşadığı mənzilə videoçəkilişlə aparılmış baxışla da təkzib olunmuşdur. Belə ki, həmin baxış zamanı həm təqsirləndirilən şəxsin, onu müdafiəçisinin, həmin Şahid4, həm də polis əməkdaşlarının mənzilin qapısı açıldıqdan sonra birlikdə içəri girdikləri və təqsirləndirilən şəxsin könüllü olaraq narotik vasitənin yerini göstrərdiyi görünür. Odur ki, məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və onunla razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, şahidin bu formada ifadə verməsi əvvəlcədən hazırlanmış müdafiə taktikasıdır. Ona görə də, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən obyektiv sübut kimi qəbul etmir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan verdikləri ifadələrini qoyur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (narkotik vasitəni əldə etməsi və ondan həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzalarını yüngülləşdirən, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan və Abşeron rayon məhkəməsinin 4(012)-51/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (vərəqə: 30, 76-78). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 fevral 2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 4144,75 qram olan qurudulmuş marixuana və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar olunmuş “Redmi” markalı mobil smartfon telefon Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 4144,75 qram olan qurudulmuş marixua və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar olunmuş “Redmi” markalı mobil smartfon telefon Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 70 AZN (yetmiş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-394/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-394/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver