Məhkəmə qərarları › İş №1(124)-397/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-397/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-397/2024 06.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X8 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X19 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan "Hacı dayı” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələrin pul və ya müəyyən miqdarda ona şəxsi istifadəsi üçün narkotik vasitə verilməsi müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 09 iyul 2023-cü il tarixdə saat 02 radələrində bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Nizami metrostansiyası yaxınlığına qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin siyahısına daxil edilmiş xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda 1 (bir) ədəd bükümdə 9,323 qram çəkidə və 1 (bir) ədəd bağlamada 3008,0 qram çəkidə ümumilikdə 3017,323 qram çəkidə olan narkotik vasitə heroini götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə, daşımış, bir ədəd bükümdə 9,323 qram çəkidə narkotik vasitə heroini üzərində, 1 (bir) ədəd bağlamada 3008,0 qram çəkidə narkotik vasitə heroini isə kirayə yaşadığı ünvan 3 ünvanında saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin CAŞ-nin və NMQ-nun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 03:40 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, MTK blok 1 ünvanında saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ- nin inzibati binasına gətirilərək orada xidməti otaqların birində qeyd edilən tarixdə saat 05:20-dən 05:30-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 9,323 qram çəkidə narkotik vasitə heroin, həmin tarixdə saat 06:30-dan 07:30-a kimi kirayə yaşadığı göstərilən mənzildə baxış zamanı yataq otağında olan yataq dəstinin altından həmin 3008,0 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Hacı adlı şəxsi tanımır. Narkotik vasitə götürmək üçün Nizami metrostansiyasına gedib, 9 qram narkotik vasitə olan heroini əldə edərək evinə gəlib. Həmin narkotik vasitəni evinə qoyub. Evdən çıxdıqdan sonra isə Abşeron RPİ-nin əməkdaşları onu saxlayıblar və o, özü evinə qoyduğu 9 qram heroini polis əməkdaşlarına təqdim edib. O, tutulanda üstündə heç bir narkotik vasitə olmayıb, evində isə 9 qram heroin olub, evində 3 kq heroin olmayıb, 3 kq heroini evinə polis əməkdaşları qoyublar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o, tutulana qədər narkotik vasitələrdən istifadə edib. Polis əməkdaşlarının evinə o qədər heroin qoyduqlarının səbəbini bilmir. Polis əməkdaşları ona psixi təsir göstərdiklərindən o, ibtidai istintaq zamanı təqdim olunan sənədləri imzalamaq məcburiyyətində qalıb. Polis əməkdaşları onu xx.xx.2023-cü il tarixdə gecəyarısı saxlayıblar, saxlanılarkən tək olub. Polis əməkdaşları onu saxlayarkən özlərini təqdim etməyiblər, amma o, həmin şəxsləri əvvəlcədən tanıdığı üçün onların polis əməkdaşları olduqlarını bilib. Onun maşına mindirib Abşeron RPİ-nə aparıblar. Üzərinə şəxsi axtarış keçirilərkən heç bir narkotik vasitə aşkar olunmayıb, evində narkotik vasitə olduğunu isə o, özü deyib və evində 9 qram narkotik vasitə olub. Həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə edib və həmin narkotik vasitə 1 bükümdə olub, qramını təxminən 25 manata əldə edib. Hazırkı cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, 1(105)-355/2024 saylı qərarı ilə ləğv olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 1(124)-397/2024 saylı hökmündə Təqsirləndirilən şəxs verdiyi ifadəsi elan olunmuş, təqsirləndirilən şəxs həmin ifadəsində ona Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, İran vətəndaşı ona zəng etmişdir ki, 10 (on) qram narkotik vasitə heroin verəcəkdir. 3 kq narkotik vasitəni Nizami metrostansiyasının yaxınlığından götürüb Xırdalana aparıb qoymalı idi. Bunun əvəzində ona 10 qram "mal” vermişdir. Narkotik vasitəni Nizami metrostansiyasından Xırdalana aparıb qoymağı üçün ona verilmiş olan 10 qram narkotik vasitə şəxsi istifadəsi üçün idi. Onda da polis əməkdaşları onu saxlamışdırlar. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə İran İslam Respublikasına aid olan mobil telefon nömrəsi ilə telefonunda olan “whatsapp” proqramına mesaj gəlmişdir. Həmin şəxslə yazışdıqdan sonra ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, o isə həmin şəxsə istədiyini bildirmişdir. İİR vətəndaşı isə ona deyəcəyi ünvandan narkotik vasitəni götürüb digər ünvana qoyacağı halda ona ya pul ya da narkotik vasitə verəcəyini demişdir. O həmin şəxslə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində həmin İran İslam Respublikası vətəndaşı ona ünvan göndərmiş və o da həmin ünvana getmişdir. Həmin ünvan Bakı şəhərində Nizami metrostansiyasının yaxınlığında yerləşdiyindən həmin ünvana gedib ünvanı tapmışdır. Orada 1 (bir) ədəd böyük büküm, 1 (bir) ədəd balaca sellafon büküm olmuş və həmin bükümləri götürüb yaşadığı ünvana aparmışdır, 1 (bir) ədəd böyük bükümü kirayə yaşadığı ünvanda yataq dəstinin altında gizlətmişdir. Digər balaca 1 (bir) bükümü isə əynində olan şalvarının sol yan cibinə qoyub yaşadığı ünvandan çıxıb siqaret almaq üçün mağazaya getmişdir. Yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, MTK blok 1 -in qarşısında olarkən həmin vaxt iki nəfər tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşıb Abşeron RPİ-nin əməkdaşları olduğunu bildirmişlər. Polis işçiləri ona narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Onlar birlikdə Abşeron RPİ-nə getmiş və Polis İdarəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Video çəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd sellafon bükümü çıxarıb təqdim etmişdir. Çəkiliş zamanı qeyd etmişdir ki, həmin narkotik vasitəni İİR vətəndaşı ona göndərib və yaşadığı evdə də narkotik vasitə vardır. Bundan sonra vəkilin iştirakı ilə yaşadığı ünvana da baxış keçirilmişdir. Ünvana baxış zamanı o, yataq dəstinin altından içərisində narkotik vasitə - “kakos” yəni heroin olan bir ədəd bağlamanı çıxarıb təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs olduğu yeri dəqiqləşdirmişdirlər. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olundu, daha sonra sonuncunun yaşadığı mənzilə baxış keçirildi. Baxış zamanı evdən külli miqdarda, təxminən 3 kiloqram narkotik vasitə heroin aşkar edildi. Əməliyyat tədbiri keçirilən zaman axşam radələri idi. Onlara əməliyyat məlumatı daxil olarkən hətta video görüntü də var idi. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs həm narkotik vasitə istifadə etməsi, həm də satışı ilə məşğul olması barədə idi. Görüntüdə Elşadın hansısa şəxsə "mal” atması əks olunmuşdur. Görüntüdə Elşadın avtomobili də var idi. Bununla bağlı hansısa evin sahibi şikayət etmişdir. Elşad narkotik vasitəni atdıqdan sonra "Opel” markalı avtomobillə gələn hansısa şəxs həmin narkotik vasitəni götürür. Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Baxış keçirilmiş ev Təqsirləndirilən şəxs məxus deyildi, kirayə yaşadığı ünvan idi. Əməliyyat tədbirinin keçirilmə tarixi dəqiq yadında deyildir, ancaq yay ayları idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi və onun qeyd etdiyi xüsusatları təsdiq etdiyi müyyən olundu. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddəlrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 09 iyul 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyataxtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 09 iyul 2023-cü il tarixli “Yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol və protokolun əks etdirdiyi əməliyyat-axtarış tədbirinin görüntülərini əks etdirən DVD diskdə məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən kirayə yaşadığı mənzilə baxış keirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan yataq dəstinin altından üzərində “Levis” yazısı olan bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən ağ rəngli bağlama aşkar edilmiş, Təqsirləndirilən şəxs bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3704 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,323 qram olan qəhvəyi rəngli maddə kustar üsualla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş sellofan bağlamada təmiz çəkisi 3008,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin qalıq çəkisi 3017,223 qramdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi "ambulator məcburinarkoloji tibbi yoxlamaya dair” 25 sentyabr 2023-cü il tarixli 6112 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 18 iyul 2023-cü il tarixli "maddi sübut hesab edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus, tədqiqatdan sonra qalıq çəkisi 3017,223 qram olan narkotik vasitə heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmişdir. 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları X6 xx.xx.2011-ci il, X7 xx.xx.2012-ci il, X4 xx.xx.2018-ci il, X12 xx.xx.2020-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məmmədov X9 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 11 ay 19 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 07 gün təşkil edir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11 -ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitənin ittihamda verilən miqdarda olmaması, ümumiyyətlə, evindən 3 kq narkotik vasitə olan heroinin aşkar edilməməsi, tutularkən üzərində narkotik vasitənin olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən və evindən aşkar olunmuş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından min dəfələrlə çox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməklə verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1 -ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində "həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 .-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmiş qalıq çəkisi 3017,223 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 07 günü 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan qalıq çəkisi 3017,223 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar