Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-40/2023 08.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 11 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbəsində dəmiryolunun yaxınlığında Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Şahid1 satış məqsədi ilə qanunsuz olaraq 250 (iki yüz əlli) manata razılaşma yolu ilə əldə etdiyi təmiz çəkisi 8,974 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini taksi fəaliyyəti ilə məşğul olan X2 idarə etdiyi **-XR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero İO" markalı minik avtomobili ilə sonuncunun xəbəri olmadan Siyəzən rayonuna daşımış, 28 oktyabr 2021-ci il tarixdə saat 16 radelerində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri çərçivəsində Siyəzən rayonu Beşdam kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, RPŞ-nin X9 Lətifovun üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin əynində olan göy rəngli gödəkçənin qabaq sağ cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə digər 1(bir) ədəd şəffaf rəngli sellofan bükülüdə aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün yaşadığı Siyəzən şəhəri, Fizuli küçəsi, ev 71 ünvanına keçirilmiş baxış zamanı ona məxsus otaqda yerləşən çarpayının üzərindəki siyirtmənin içərisindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qarabağ veteranı və 3 qrup əlildir. Narkotik vasitə istifadə etməyə 2021-ci ildən başlamışdır. Tanımadığı qadınla telefonla danışıb 200 manata 10 qram heroin almaq barədə razılaşmışdır. Daha sonra, Kamran adlı taksi sürücüsü ilə narkotik götürmək üçün Beşbarmaq dağı ərazisinə getmişdir. Oradan geri qayıdanda saat 15-16 radələrində Beşdam kəndi ərazisində onları DYP əməkdaşları saxlamışlar. Polislər onları saxlayanda o, özündə olan narkotik vasitə heroini yerə atmışdır. Lakin Vasif adlı polis əməkdaşı yerdən narkotik vasitəni götürüb onun cibinə qoymuşdur. Sonra onu polis şöbəsinə gətirmişlər və üzərinə baxış keçirmişlər. Bu zaman ondan narkotik vasitə heroin götürülmüşdür. Lakin ondan olan heroinin çəkisi 4 qram olmuş, polislər isə heroinin çəksini artırmaqla 8 qram etmişlər. Bunun nə üçün edildiyini o, izah edə bilmir. Polislər ona təzyi etmişlər. O, narkotik vasitə öz istifadəsi üçün almış, satışı ilə məşğul olmamışdır. O, Şahid1 narkotik vasitə almamış, tanımadığı qadından almışdır. Evinə baxış isə gecə saatlarında aparılmışdır. Onun evində elektron tərəzi olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, özünü Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, həbs olunanadək ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Heç bir yerdə işləməmişdir. Həbs olunduğu vaxtadək istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Təxminən 3-4 il müddətdir ki, narkotik vasitə heroindən inyeksiya üsulu ilə istifadə etmişdir. Belə ki, o narkotik vasitə eldə etməmişdən qabaq istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonundan əvvəlcədən tanıdığı Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng vurub danışaraq həmin şəxsdən nə qədər heroin əldə edəcəyini, nə vaxt və haradan götürə biləcəyini soruşmuşdur. Bundan sonra, Şahid1 adlı şəxs sonradan telefonda ona həmin narkotiki günün hansı yarısında və hardan götürə biləcəyini bildirirmiş. O, həbs olunduğu vaxtadək təxminən yeddi səkkiz dəfə Xızı rayonu Gilezi qəsəbəsinə gedərək həmin Şahid1 adlı şəxsdən narkotik vasitə əldə etmişdir. Həmin narkotik vasitəni əldə etdiyi zaman həmin şəxslə üzbəüz görüşü olmamışdır. Giləzi qəsəbəsinə çatdığında götürəcəyi həmin narkotik vasitənin yerini Şahid1 onun nəzərinə qabaqcadan çatdırdığını bildirmişdir. Riad ona narkotik vasitənin yerini dəqiq bildirdikdən sonra o, Giləzi qəsəbəsində dəmir yolunun relslərinin yaxınlığına gedərək onun tərəfindən qabaqcadan qoyulmuş “Prima", “Arqo", "Rothmans" siqaret qutularından narkotik vasitə heroini götürüb narkotik vasitə heroin olduğuna əmin olduqdan sonra, həmin heroini götürüb cibinə qoyduqdan sonra heroinə görə ödəməli olduğu pulu da həmin siqaret qutusuna qoyub çıxıb gedirmiş. O, tutulmamışdan qabaq üzərindən aşkar olunmuş heroini Şahid1 adlı şəxsdən ümumilikdə 250 (iki yüz əlli) manat pula əldə etmişdir. Həmin heroinə görə 100 (yüz) manat pul verib, qalan 150(yüz əlli) manat pulu borclu qalmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində Kamran adlı taksi sürücüsünə zəng edərək onu Xızı rayonu Giləzi qəsəbəsinə aparmasını demişdir. Kamran gəlib onu özünə məxsus “Mitsubishi Pajero İO" markalı avtomobili ilə Xızı rayonuna aparmışdır. Giləzi qəsəbəsinə çatdıqdan sonra o, avtomobildən düşmüş və orada yerləşən dəmiryolu relslərinin qırağında olan "Rothmans" markalı siqaret qutusunu götürmüşdür. Siqaret qutusunu açdıqda içərisində bir ədəd sellofan bükülünün olduğunu görmüşdür. Həmin bükülünü o, açanda digər bir ədəd sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Bu dəfə də, o, siqaret qutusunu götürmüş, içərisində narkotik vasitə heroin olduğunu dəqiqləşdirmiş, bundan sonra siqaret qutusunu atmış və içərisində olan sellofan bükülünü eynində olan göy rəngli gödəkçənin qabaq sağ cibinə qoymuşdur. Həmin narkotik vasitənin əvəzində 100 manat pulu isə narkotik vasitəni götürdüyü yerə qoymuşdur. Bundan sonra, o, taksiyə əyləşmiş və Siyəzən şəhərinə qayıtmışdır. Yolda olarkən Siyəzən rayonu Beşdam kəndi ərazisində DYP əməkdaşları işarə edərək avtomobili saxlamışlar və bundan sonra onun narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək Siyəzən RPŞ-yə gətirmişlər. Siyəzən RPŞ-də müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. O, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, həmin kütlənin nə olduğunu bilmədiyini və həmin kütləni Vasif adlı polis əməkdaşının yerdən götürərək ona verdiyini bildirmişdir. Belə ki, Vasif adlı polis əməkdaşı onu saxlayıb Siyəzən RPŞ-nə gətirdiyi üçün o, Vasifdən heyf çıxmaq məqsədilə şəxsi axtarış zamanı bu formada ifadələr səsləndirmişdir. Həmin narkotik vasitə özünün olmuşdur. Üzərində digər qadağan edilmiş əşya olmamışdır və aşkar edilmiş narkotik vasitə qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış yekunlaşdırıldıqdan dərhal sonra onun yaşadığı ünvana baxış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra o, polis əməkdaşlarına yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməyib birlikdə yaşadığı ünvan 3 ünvana gedib, evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən onun otağdan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. (Cild 2, iş vərəqləri 48-52) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Siyəzən RPŞ-nin MSY-nin konvoyunun əməkdaşıdır. Təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etməmişdir. Evə baxış keçirilməsinə iştirak etmişdir. Evdən dərman vasitələri, tərəzi və telefon aşkar edilmişdir. Evdən narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirməyə 28 oktyabr 2021-ci ildə saat 16 radələrində getmişlər. Təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır. Elektron tərəzi təqsirləndirilən şəxsin yataq otağından aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-in Növbətçi Hissəsinin məsul növbətçi köməkçisi Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin necə tutulmasının şahidi olmamışdır. 28 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, müdafiəçi çağırılmış və ondan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində 1 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik vasitə barədə soruşulduqda təqsirləndirilən şəxs özü demişdir ki, narkotik vasitə onda olmuşdur, lakin o, yerə atmışdır və Vasif adlı polis əməkdaşı narkotik vasitəni yerdən götürərək ona vermişdir. Lakin bunu şahid kimi o, görməmiş onun yanında Zöhrab Lətifonun üzərində axtarış aparılarkən narkotik aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-in DYP bölməsinin Yol-Patrul xidməti inspektoru Şahid5 Böyükağa oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq taksi kimi fəaliyyət göstərən avtomobillərlə narkotik vasitə alaraq Siyəzən rayonuna daşıması, üzərində və yaşadığı ünvanda saxlayaraq satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında ondan, eləcə də Şahid3, Əmirov Anar və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid2 rəhbərəlik etmişdir. 28 oktyabr 2021-ci ildə Siyəzən rayonu Beşdam kəndi ərazisində Təqsirləndirilən şəxs getdiyi “Mitsubishi Pajeri İO" markalı avtomobil hərəkətdə olarkən DYP bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin avtomobil saxlandıqdan sonra avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsi Siyəzən RPŞ-ə aparmışlar. Siyəzən RPŞ-də Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı Şahid4 tərəfindən təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-in DYP bölməsinin Yol-Patrul xidməti inspektoru Şahid4 ifadəsində göstərdi ki, 28 oktyabr 2021-ci il tarixdə xidmətdə olarkən məlumat gəlmişdir ki, maşın gələcək, sürücünün yanında olan şəxsdə narkotik vasitə olacaq və həmin maşını saxlamaq lazımdır. Buna görə Beşbarmağa gedən yolda həmin “Mitsubishi Pajero İO” markalı maşını saxlamışlar, sürücü və sərnişin maşından düşmüşdür. Yaxınlaşdıqda sərnişin kimi maşında olan təqsirləndirilən şəxs əlindəki bükümü atmaq istəmiş, lakin ona bunu etməyə imkan verməmişlər və o, cibinə qoymuşdur. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxsı polis şöbəsinə aparmışlar və üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin saxlanıldığı yer ilə şöbənin arası təxminən 10 dəqiqə məsafədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir dəfə toyda görmüş, sonra onunla münasibəti olmamışdır. Narkotiklə bağlı da manüsabitələri olmamışdır. İstintaq zamanı verdiyi ifadəsi yadından çıxmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsindən görünür ki, o, həbs olunduğu vaxtadək ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri işlətmişdir. Xızı rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2008-ci ildə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadığı ünvana qayıtmışdır. Təxminən 20 ildən çox müddətdə çəkmək üsulu ilə narkotik vasitə olan qurudulmuş marixuanadan və sonradan narkotik vasitə olan heroindən istifadə etmişdir. Mərhum qardaşı X6 məxsus narkotik vasitə heroin onların evində qalmışdır. Qardaşı Yazif vəfat etdikdən sonra o, qardaşından qalmış narkotik vasitə heroindən ağrıları olduğu müddətdə istifadə etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla tanışlığı bir neçə il bundan qabaq həmkəndlisi Hacıbalanın vasitəsi ilə olmuşdur. Həmin vaxtdan da başlayaraq o, Zöhrabla münasibət saxlamağa başlamışdır. Münasibət saxlayandan sonra Zöhrabın da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Belə ki, Zöhrab bir neçə dəfə onun ilə görüşərkən bədənində çox pis ağrılarının olduğunu və narkotik vasitə heroin tapmasını xahiş etmişdir. O da rəhmətlik qardaşı Yazifdən qalan narkotik vasitənin bir hissəsini qarşılığında heç bir pul və ya digər nemət əldə etmədən Zöhraba vermişdir. Bunun üçün o yaşadığı kəndin dəmiryolunun relslərinin qırağında həmin narkotik vasitəninin siqaret qutusunda qabaqcadan təyin olunmuş yerə qoyaraq Zöhraba bu barədə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan onun istifadəsində olan mobil telefona zəng etməklə bildirmişdir. Bundan sonra, Zöhrab həmin yerə gələrək narkotiki götürüb çıxıb getmişdir. Sonuncu dəfə Zöhrab ilə xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı kənddə görüşərək bir gün əvvəl ona təmir üçün verdiyi avtomobil akkumlyatorunu qaytarıb gətirərkən bunun əvəzində təmir üçün ondan pul almamışdır, lakin ona ağrılarının olduğunu deyərək narkotik vasitə heroin istəmişdir. O da Zöhraba bunun qarşılığında qardaşından qalan narkotik vasitədən bir hissəsini vermişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvanda olarkən polis əməkdaşları onu saxlamışlar və evə baxış keçirmişlər və bir neçə bükümdə narkotik vasitə heroin aşkar edərək götürmüşlər. (Cild 1, iş vərəqləri 162-166) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Siyəzən RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütemadl olaraq taksi kimi fəaliyyət göstərən müxtəlif şəxslərə məxsus avtomobillərlə Xızı rayonu, Giləzi qəsəbəsindən narkotik vasitə alaraq ünvan 5 ünvanında saxlayaraq satışı ilə məşğul olması və onun Xızı rayonu, Giləzi qəsəbəsində olması və oradan naməlum mənbədən narkotik vasitə alaraq “Mitsubishi Pajeri İO" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən rayonuna qayıdacağı barədə əməliyyat aparatına melumat daxil olmuşdur. Melumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə işi aparılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, Şahid3, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X14, RPŞ-nin DYP bölməsinin YPX-nin inspektorları X5 və Şahid4 Rafael oğlu daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Bundan sonra , polis əməkdaşları Beşdam kəndi ərazisinə gedərək ətraf ərazini müşahidəyə götürmüşlər. Daha sonra X1 qismində əyləşdiyi "Mitsubishi Pajeri İO" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğunu görmüşlər. Dərhal həmin avtomobil Siyəzən rayonu Beşdam kəndi ərazisində RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin avtomobil saxlandıqdan sonra həmin avtomobilə yaxınlaşaraq özlərini avtomobildə əyləşmiş həmin şəxslərə təqdim edərək Siyəzən rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, üzərində saxlamasında və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçiriləcəyini və bu barədə Siyəzən RPŞ-si tərəfindən əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirilmiş və üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da üzərində şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirərək onlarla Siyəzən RPŞ-nə getməyə razı olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşürülərək Siyəzən RPŞ-nə gətirilmişdir. Bundan sonra faktla bağlı araşdırma aparılması RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Rəhmin Zeynalova həvalə olunmuşdur. Siyəzən RPŞ-nin Növbətçi Hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Zöhrab Letifov əynində olan göy rəngli gödəkçənin qabaq sağ cibindən 1 (bir) ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Zöhrab Letifov həmin kütlənin nə olması barədə heç bir fikri olmadığını və həmin kütlənin Vasif adlı polis əməkdaşının yerdən götürərək ona verdiyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə heroinə bənzər kütlə prosessual qaydada qablaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Füzuli küçəsi ev 71 ünvanında hər hansı əlavə qanunla qadağan olunmuş predmet ve əşyaları saxlayıb-saxlamamasının müəyyən etmək məqsədi ilə onun yaşadığı evə də baxış keçirilməklə bir ədəd elektron tərəzi aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 235-238) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində digər Şahid2lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəq 211) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin qabaq sağ cibindən 1 (bir) ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə təqdim etmiş, sonra həmin kütlə zərfə qoyulub qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 24-25) Bundan başqa, “Baxış və götürmə haqqında” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman onun yataq otağından bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-30) Şəxsi axtarış və götürmə haqqında” və “Baxış və götürmə haqqında” 28 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxışzamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 6/4807 №-li ekspert rəyində qeyd olunmuşdur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,974 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 45-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 06 yanvar 2022-ci il tarixli, 31 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqləri 38-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 6/5069 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 8,924 qram heroin ilə Şahid1 aşkar olunmuş 1,869 qram və 0,053 qram heroin kimyəvi tərkib əlamətinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi haqqında” 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələri arasında 12 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək mütamadi olaraq danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan Siyəzən rayon məhkəməsinin 05 noyabr 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulması ilə bağlı 28 oktyabr 2021ci i tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab olunmuşdur. (Cild 1, iş vərəqləri 112-113) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,874 qram olan narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı götürülmüş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə olmayan 1 ədəd həb maddi sübut kimi tanınmaqla Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Bundan əlavə, axtarış və baxış istitaq hərkətlərini özündə əks etdirən 02 ədəd və telefonla aparılan danışıqlar olan 01 ədəd diskdə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 19-35) Cinayət işinin materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” və “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 05 yanvar 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin əldə edildiyi mənbə Şahid1 olduğundan sonuncu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla Xızı rayon polis şöbəsinə göndərilmişdir. (Cild 1, iş vərəqələri 249- 251; Cild 2, iş vərəqləri 2-3) Cinayət işinin materiallarına əlavə edilərək məhkəmədə tədqiq olunan Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Xızı rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmünün təsviri əsaslandırıcı hissəsindən görünür ki, Xızı rayon polis şöbəsinin müstəntiqinin 16 mart 2022-ci il tarixli qərarı ilə Şahid1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, ona yalnız yaşadığı evdə aşkar edilmiş ümumi təmiz çəkisi 1,922 qram olan heroinlə bağlı ittiham verilmiş, Təqsirləndirilən şəxs satdığı 8,974 qram herinlə bağlı hissədə isə ayrıca material ayrılmaqla araşdırlması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs onun üzərində yalnız 4 qram çəkidə narkotik vasitə olduğunu, narkotik vasitəni yerə atması və Vasif adlı polis əməkdaşı tərəfindən narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etməsi və satış niyyətinin olmaması, eləcə də narkotik vasitə Şahid1 deyil tanımadığı qadından əldə etməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Şahid1lə narkotik vasitələrin alış-verişi ilə bağlı münasibətinin olmamasını göstərməsi, eləcə də Şahid1də Təqsirləndirilən şəxsla bir dəfə görüşməsi, ona narkotik vasitə satmaması və münasibətlərinin olmaması ilə bağlı məhkəmədə verdikləri ifadələr bir-birini müdafiə edərək məsuliyyətdən yayınmaları məqsədini daşıyır və müdafiə xarakterli, həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, həm Təqsirləndirilən şəxs, həm də Şahid1 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadələri, işin hallarına uyğun olduğundan məhkəmədə verdikləri ifadələrə münasibətdə daha doğru və obyektiv ifadə kimi qəbul edilməklə mötəbər sübut hesab olunmalı və iş üzrə əsas götürülməlidir. Məhkəmə həmçinin qeyd edri ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 8,974 qram çəkidə heroinin şəxsi istehlak miqdarından təxminən 59,8 dəfə, külli miqdardan isə 4 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Eyni zamanda məhkəmı belə hesab edir ki, Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olmasına əsaslı ehtimallar olduğundan, onunla bağlı cinayət haqqında məlumat Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və 3-cü dərəcəli müharibə əlili olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən rayon məhkəməsinin 30 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay mddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 81-82) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin əlil olması ilə bağlı barəsində narkomaniyadan müalicə məqsədi ilə məcburi tədbirlər tətbiq edilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, hazırkı iş üzrə 01 ədəd elketron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Siyəzən RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,874 qram olan narkotik vasitə heroin və 1 ədəd həb məhv edilməli, iş materiallarında olan 03 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Siyəzən RPŞ-də saxlanılan 8,874 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd həb məhv edilsin, iş materiallarında olan 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 65 (almış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-40/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-40/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver