Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-401/2024 24.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1974-cü İldə Sabirabad rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu özünü “Mehdi" kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 100 manat pul müqabilində Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllədə 17 saylı uşaq bağçası ilə üzbəüz yerləşən marketin arxasında həmin marketə məxsus işıq sayğacının içərisinə qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ Siyahısına) əsasən külli miqdarda, 01 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 4,695 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 02 sentyabr 2023-cü il tarixdə saat 06:00 radələrində Abşeron rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 17 saylı uşaq bağçasının qarşısında saxlanılmaqla Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək həmin gün saat 06:50-dən saat 07:15-dək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 4,695 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmazdan təxminən 6 ay əvvəl yoldaşının rəhmətə getməsi səbəbi ilə narkotik vasitə istifadə etməyə başlamışdır. Tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 120-130 manatlıq narkotik vasitə almış, narkotik vasitəni əldə etdikdən sonra tutulmuşdur. Üzərində 04 qram narkotik vasitə olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Təxminən 6 ay əvvəl narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etməyə başlamışdır. Daha əvvəllər heç vaxt məhkum olunmamışdır. Əsasən narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Narkotik vasitəni adətən inyeksiya yolu ilə bədənə vurmaqla istifadə etdiyini bildirmişdir. 02 sentyabr gecə saat 03 radələrində “İnstagram" sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan, adı yadında qalmayan səhifəyə daxil olaraq narkotik vasitə heroin almaq istəməsi barədə ismarış yazmışdır. Bir neçə dəqiqə sonra ismarışı cavablayan şəxs ondan mobil nömrəsini yazmasını istəmişdir. Həmin şəxsə mobil nömrəsini bildirdikdən bir qədər sonra +98-***-***-**-** mobil nömrəsindən “Votsap” sosial şəbəkəsi vasitəsilə ona zəng olunmuşdur. Zəngi cavablayanda özünü İran İslam Respublikasının vətəndaşı adını “Mehdi" kimi təqdim edən şəxs ondan narkotik vasitə və ya psixotrop maddə istəyibistəmədiyini soruşmuş, o isə şəxsi istifadəsi üçün 100 manat dəyərində heroinə ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxsin göndərdiyi plastik kartın hesabına Bakı şəhəri, 20 Yanvar adlanan ərazidə marketlərdən birində yerləşən ödəmə terminallarından biri vasitəsilə hissə hissə olmaqla ümumilikdə 100 manat pul köçürdükdən sonra tanımadığı şəxs heroini Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən uşaq bağçası ilə üzbəüz yerləşən marketin yaxınlığında olan ərazisində atacağı yerin fotoşəklini göndərmiş və ünvanı ona yazmışdır. Həmin gün bir neçə saat sonra Təqsirləndirilən şəxs deyilən ünvana gəlib çatdıqdan sonra 28-ci məhəllədə yerləşən uşaq bağçası ilə üzbəüz olan marketin arxasına keçərək işıq sayğacını tapmışdır. Daha sonra marketin arxasında yerləşən həmin marketə aid elektrik sayğacının içərisinə baxdıqda bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristallardan ibarət bükümü görmüşdür. Daha sonra həmin bükümün içərisinə baxdıqda orada psixotrop maddə olan “patı.şüşə" adlanan metamfetamin olduğunu görmüşdür. Həmin vaxt tanımadığı şəxsə ona narkotik vasitə heroin göndərmək üçün pul göndərdiyini lakin həmin şəxsin ona narkotik vasitə əvəzinə psixotrop maddə göndərdiyini görən zaman təəcüblənmişdir. Həmin bükümü oradan götürüb əynində olan tünd göy rəngli cins şalvarının cibinə qoymuşdur. Bu zaman saat 06:00 radələrində 28-ci məhəllədə yerləşən 17 saylı uşaq bağçası ilə üzbəüz mağazanın arxa tərəfində yerləşən işıq sayğacının içərisində tanımadığı “Mehdi" adlı İran İslan Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin qoyduğu narkotik vasitəni götürən zaman həmin ərazidən keçən avtop.atrul ilə hərəkətdə olan polis əməkdaşlarını görmüşdür. Həmin zaman qorxaraq uzqlaşmaq istəmişdir. Həmin zaman avtopatruldan düşən 3 nəfər polis serjantı yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini istəyərək harada yaşadığını və burada nə etdiyini soruşmuşlar.Təqsirləndirilən şəxs özünü itirdiyindən polis əmnəkdaşlarının suallarına cavab verməkdə çətinlik çəkmişdir. Polis əməkdaşları onadan harada yaşadığını və nə üçün burada olduğunu soruşan zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonunda 3-cü mədədn adlanan ərazidə yaşadığını və narkotik vasitə və psixotyrop maddələrdən mütəmadi olaraq istifadə etdiyini və üzərində hal hazırda qanunzus olaraq psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə onların idarə etdikləri avtopatrul vasitəsi ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Daha sonra ona müdafiəçi təqdim edilmiş və Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinə gətirildikdən sonra saat 06:45-də üzərində psixotrop maddə saxlaması şübhəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən İstifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi Fərid Sadiqov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub- olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindəki 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamini haradan əldə etdiyi soruşulduqda həmin bükümü Abşeron rayonu, Xırdalan şəhərində, 28-ci məhəllədən uşaq bağçası ilə üzbə üz yerləşən mağazanın arxasında yerləşən işıq sayğacının içərisindən götürdüyünü, bunun üçün adını bilmədiyi İran İslam Respublikasının vətəndaşına məxsus plastik kartın hesabına 100 manat pul köçürdüyünü və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan başqa bildirmişdir ki, o, həmin adını bilmədiyi özünü “Mehdi” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşına narkotik vasitə almaq üçün pul göndərmişdir. Lakin Həmin şəxs ona narkotik vasitə əvəzinə psixotrop maddə göndərmişdir. Təqsirləndirilən şəxs təəcüblənsə də həmin psixotrop maddəni götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra üzərindən aşkarlanan büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən İmzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə protokolu imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini 02 sentyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, Özünü “Mehdi" kimi təqdim edən İran İslam Respublikasının vətəndaşının göndərdiyi plastik kartın hesabına 100 manat pul köçürdükdən sonra həmin şəxsin bildirdiyi kimi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində yerləşən ünvandan əldə etdiyini, İran İslam Respublikasının vətəndaşı ilə arasında “İnstagram” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmaların hamısını sildiyini, 100 manat pul köçürdüyü plastik kartın nömrəsinin yadında qalmadığını, psixotrop maddəni yalnız şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heç vaxt kiməsə narkotik vasitə və psixotrop maddə satmadığını və belə bir niyyəti olmadığını, üzərində psixotrop maddə saxlaması və daşıması barədə heç kimə məlumat vermədiyini, 02 sentyabr 2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində 28-ci məhəllədə 17 saylı uşaq bağçasının qarşısında olan küçəsdə saxlanılan və Abşeron rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini, azadlıqda olarkən ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini, başqa hər hansı mobil nömrədən istifadə etmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 60-64) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 02 sentyabr 2023-cü il tarixdə, saat 06:00 radələrində Abşeron Rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə xidmətdə olan zaman 17 saylı uşaq bağçası ilə üzbəüz bir nəfər şəxsin özünü şübhəli apardığını və onları görən kimi gizlənmək üçün yer axtarmağa başladığını görərək həmin şəxsi saxlayaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə o üzərində heç bir sənəd olmadığını bildirmişdir. Həmin şəxsdən adını soruşduqda adının Təqsirləndirilən şəxs olduğunu onlara demişdir. Təqsirləndirilən şəxs səhər saat 06 radələrində marketin arxasında nə axtardığını və onları görən kimi niyə uzaqlaşdığını soruşduqda həmin şəxs narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu, oraya narkotik vasitə əldə etmək üçün gəldiyini və üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu, ona görə də uzaqlaşdığını bildirmişdir. Daha sonra onu Abşeron RPİ-nə gətirmişlər. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibində 01ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü həmin gün İnstagram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının kart hesabına pul göndərdikdən sonra onun Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 17 saylı uşaq bağçası ilə üzbəüz marketin arxasında işıq sayğacının içərisinə qoyduğu yerdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid polis əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, onlar məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, iş vərəqə 107-110, 111-114) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında" haqqında 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,695 qram olan psixotrop maddə metamfetamini könüllü surətdə təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, i.v. 27-28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 14 dəqiqə 31 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,695 qram olan psixotrop maddə metamfetamini təqdim etməsi öz əksini tapmışdır. ( cild 1. İş vərəqə 74-76) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,695 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir.Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 4,695 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq -4,595 qram. ( Cild 1, iş vərəqə 34-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 5973 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 2719 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəqə 124-126) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,595 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir, video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. ( cild 1, iş vərəqə 106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 898 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibinin xx.xx.1994-cü ildə anadan olmuş oğlu X4, xx.xx.1997-ci il tarixdə anadan olmuş oğlu X5 və xx.xx.2009-cu ildə anadan olmuş qızı X2 ibarət olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, sakinlərin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. Onun barəsində nümayəndəliyə heç bir mənfi rəy daxil olmamışdır. (cild 1, iş vərəqə 120-121) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 03 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış – 4,595 qram metamfetamin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 80 (səksən) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış – 4,595 qram metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-401/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-401/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver