Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-401/2025 20.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, Cantəpə yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə, külli miqdarda - 2,339 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 70 manat müqabilində əldə edib Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 04 fevral 2025-ci il tarixdə saat 18:58 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti “Kristal 2” yaşayış kompleksinin yaxınlığında saxlanılıb, orada həmin gün saat 18:58-dən saat 19:03-ə kimi üzəri yoxlanılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə, külli miqdarda - 2,339 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mənim Ucardan dostum var, evimə qonaq gəlmişdi və 3-4 gün idi ki, bizdə qalırdı. Fevral ayının 3-ü polis əməkdaşları mənim evimə basqın ediblər, həmin vaxt mən evdə deyildim, onlar mənim birlikdə yaşadığım xanımı tutub Abşeron Rayon Polis İdarəsinə aparıblar, Ucarlı dostum isə qaçıb. Bundan sonra polis əməkdaşları ayın 4-ü məni birlikdə yaşadığım xanımın anasıgilin evindən, yəni Binəqədi rayonu, Məhsəti ünvan 1 ünvanından götürdülər və Abşeron Rayon Polis İdarəsinə gətirdilər. Məni tutan əməliyyatçılardan birinin adı Xəlil idi, digərinin adını bilmirəm, o, eynəkli idi. Mənim üzərimdə heç nə olmayıb, sadəcə evin açarı olub, onu da məni tutanda yerə tullayıblar. Evdə mənə təzyiq göstərdilər, döydülər, qoluma qandal vurdular və məcburi şəkildə maşına mindirib idarəyə apardılar. İdarədə saat 11-dən 7-ə kimi məni təzyiq altında saxladılar. Məni Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal 2” yaşayış kompleksinin qarşısında tutmayıblar. Məni həmin yaşayış kompleksinin arxasında avtomobillərin dayandığı yerə aparıb psixotrop maddəni özləri cibimə qoyublar. Mən səhər saat 11-də saxlanılmışam və polis əməkdaşları tutulanda evdə mənə təzyiq göstəriblər. Axşam saat 7-də məni Cinayət-axtarış şöbəsinin rəisinin müavinin yanına apardılar. O, əvvəlcə 4 kq, sonra 3 kq, daha sonra isə 1 kq psixotrop maddə ilə rəsmiləşməyim üçün sənədlərə imza çəkməyimi istədi, razılaşmasam, yaşadığım xanımı həbs edəcəklərini dedi. Mən 2-3 qram psixotrop maddə ilə razılaşacağımı bildirdim, o da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşəcəyimi, cəzamı çəkib buraxılacağımı dedi. Mən məhkəmədə öyrənmişəm ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 ildən 8 ilə kimi cəza ala bilərəm.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğum olub, həmin vaxt həqiqətən narkotik vasitə istifadə edirdim. Sonradan istifadə etmədim. Məni münasibətdə olduğum xanımın anasıgilin evində saxlayıblar. Həmin ev Məhsəti ünvan 1 ünvanında yerləşir. Mən saxlanılanda evdə xanımın anası və qonşuları var idi. Xanım özü bölmədə idi. Xanım tutulanda mən öz evimdə olmamışam. Mənə sonradan xəbər etdilər ki, evimə basqın olub. Məni xanımın evində tutan polis əməkdaşları ilə “Kristal 2” yaşayış kompleksinin arxasında çəkiliş edən əməkdaşlar fərqli adamlar idi. Məni xanımın evində tutan polis əməkdaşları 2 nəfər idilər. Onlardan birinin adı Xəlil idi. Xəlilin əməliyyatçı olduğunu bilirəm, lakin soyadını bilmirəm. Digər əməkdaşın adını bilmirəm. Həmin şəxsləri əvvəldən tanımırdım və istifadələrində olan mobil nömrələri bilmirəm. Mən saxlanılanda fevral ayının 4-ü, səhər təxminən saat 10-11 idi. Məni səhər saat 11-dən axşam saat 7-ə kimi bölmədə saxladılar. İdarədə məni 2 qram psixotrop maddə ilə rəsmiləşdirəcəklərinə razı saldılar. Daha sonra məni “Kristal 2” yaşayış kompleksinin yanına apardılar, çəkiliş etdilər və orada saxladılar. Başıma gələn qanunsuzluqlarla bağlı barəmdə həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə, müstəntiqə və vəkilimə demişəm. Əvvəlcə münasibətdə olduğum xanımı tutmuşdular deyə yəqin anası mənim onlarda olduğumu polis əməkdaşlarına demişdi və onlar da məni saxladılar. Xanım da polis idarəsində mənim ad, soyadımı deyib deyə onlar məni saxladılar. Mən saat 11-dən 7-ə kimi bölmədə saxlayanda elə vururdular ki, xəsarət izi qalmırdı. Mənim razılaşmadığımı görüb xanım ilə hədə-qorxu gəldilər. Mən düşünürəm ki, xanımın anası məhkəməyə gəlsə belə, mənim xeyrimə danışmayacaq. Polis əməkdaşları mənə xəsarət yetiriblər, Bakı İstintaq Təcridxanasında da xəsarətlərimi yazıblar. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman döyüldüyümü və mənə xəsarət yetirildiyini demişəm. Məhkəmədə olan vaxt qolumda göyərti var idi. Həmin vaxt xəsarətimi hakimə göstərmədim. İstintaq təcridxanasına qəbul olunanda döyüldüyümü dedim və xəsarətlərimi qeyd etdilər. Səhv etmirsə, prokurorluğun əməkdaşı gəlib döyülməyimlə bağlı mənə suallar verdi. Mən Binəqədidə saxlanılmışam. X1 xanımı buraxdılar. Həmin xanımın adı Aysun Hüseynovadır.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 04 fevral 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərində “Göyərçin” deyilən ərazidə bir nəfər şəxslə parkda tanış olmuş, həmin şəxsində narkotik istifadəçisi olduğunu bilmiş və ondan narkotik vasitəsinin olub-olmadığını soruşduqda o, üzərində iki qramdan artıq psixotrop maddə olan metamfetamin olduğunu və 70 manata satmaq istədiyini dediyindən həmin şəxslə razılaşıb, həmin psixotrop maddəni özü qəbul etmək üçün həmin şəxsə 70 manat verərək alıb əynində olan şalvarın cibinə qoyaraq Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir. Həmin gün saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-2 yaşayış kompleksində piyada gəzərkən mobil telefonla video çəkliş aparılmaqla üzərinə iki nəfər şəxsin gəldiyini görmüşdür. Onlar yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, ona narkotik vasitələrin qəbulunda şübhəli olduğunu, üzərində yoxlama aparılacağını və qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsini təklif etmiş, o da əynində olan şalvarın sağ yan cibindən bir bükümdə olan metamfetamini çıxararaq təqdim etmişdir.Təqdim etdiyi psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış və ondan sonra Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı fiziki və psixi, həmçinin hər-hansı digər formada təsir olunmamışdır (cild 01, iş vər. 58-59). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm. Mən sonradan müstəntiqə heç bir təqsirim olmadığını bildirdim və sənədləri imzalamaqdan imtina etdim. Məni saat 11-də saxlayıb Abşeron Rayon Polis İdarəsinə aparıblar və saat 7-ə kimi təhqiqatçının otağında saxlayıblar.Təhqiqatçını tanımıram. Vəkil videoçəkiliş olduqdan sonra, axşam gəlib. Vəkil də mənə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyimi deyib, mən 234.1-1-ci maddə ilə ittiham olunacağımı bilmirdim. Saxlanılan zaman üzərimdə mobil telefon yox idi. Telefon öz evimdə idi, evin də açarını polis əməkdaşları götürmüşdülər. Mən saxlanılanda evdə xanımın anası və onların qonşuları olub. Məni tutan əməliyyatçılardan biri Xəlil idi, digər eynəkli əməliyyatçı “Hyundai İX35” markalı avtomobili sürürdü. Gödəkçəmi başıma keçirmişdilər deyə avtomobilin nömrəsini görmədim. Ev həyət evi idi deyə əməliyyatçılar qapını açıb içəri girdilər. Onlar məni axtardıqlarını dedilər, mən səbəbini soruşanda isə məndən Fəqan olub-olmadığımı soruşdular. Mən Fəqan olmadığımı dedim və bundan sonra məni döyərək idarəyə apardılar. Mənim 234.1-ci maddə ilə bir cinayət işim də olub, iyul ayında barəmdə hökm çıxıb. Buna görə də, əməkdaşlar mənim narkotik vasitə istifadəçisi olduğumu bilirdilər və məni rəsmiləşdirmək istəyirdilər.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Bu ilin fevral ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil oldu. Tarix hazırda dəqiq yadımda deyil, axşam saatlarında şəxsə yaxınlaşdıq, özümüzü təqdim etdik, saxlanılmasının səbəbini izah etdik və videoçəkilişlə üzərinə baxış keçirdik. Şəxsin üzərindən bir büküm aşkar olundu, bükümün içində hansı növ narkotik vasitə olduğunu xatırlamıram, daha sonra şəxs polis idarəsinə gətirilib təhvil verildi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat tədbirinə mən rəhbərlik edirdim. Əməliyyat qrupuna mən və Şahid2 daxil idik. Şəxsi Xırdalan şəhərində “Kristal 2” ünvanında saxladıq. Şəxs saxlanılarkən ona təzyiq, təsir göstərilməyib. Şəxsi “Kristal 2” yaşayış kompleksinin yanında saxlamışıq. Şəxs səhər saat 11-12 radələrində deyil, axşam saatlarında saxlanılıb. Əməliyyat tədbirində Xəlil adlı əməliyyatçı iştirak etməyib. Xəlil adlı əməliyyatçını tanımıram. Şəxsin ifadəsində qeyd etdiyi hallar, yəni onun evinə basqın edilməsi, Ucarlı dostunun və münasibətdə olduğu xanımın tutulması, həmin xanımın onun adını verməsi və s. barədə məlumatım yoxdur. Şəxs səhər saat 11 radələrində Binəqədi rayonunda saxlanılmayıb. Şəxs saxlanılarkən ona hər hansı xəsarət yetirilməyib, güc tətbiq olunmayıb. Əməliyyat tədbirində iştirak edən zaman üzərimdə ***-***-**-** nömrəsi olub. Nömrə daim üzərimdə olur, öz adımadır.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Həşimov X9 Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 04 fevral 2025-ci il tarixdə saat 18:58-də Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal 2” yaşayış kompleksinin qarşısında saxlanılaraq üstü yoxlanılan zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər kütləni təqdim etmiş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni Sumqayıt şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Çəkilişin əks olunduğu “DVD” disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 09-10). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 05 fevral 2025-ci il tarixli, 6/506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs götürülmüş...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,339 qram olan ag rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 fevral 2025-ci il tarixli 267 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni səthində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər. 73). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2025-ci il tarixli 2177 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və törətdiyi əməldən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur (cild 01, iş vər. 138-141). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli 4175 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatdadır (cild 01, iş vər. 142-143) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Abşeron rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminin əldə edilməsi mənbəyi ilə əlaqədar hazırki cinayət işinin materiallarından ayrıca material ayrılması qərara alınmışdır (cild 01, iş vər. 158-163). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunaraq Həşimov X9 Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 04 fevral 2025-ci il tarixdə saat 18:58-də Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal 2” yaşayış kompleksinin qarşısında saxlanılaraq üstündə yoxlama aparılmış, həmin vaxt şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər kütləni təqdim etmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş kütlə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı heç də cinayət işinin materiallarında rəsmiləşdirildiyi kimi xx.xx.2025-ci il tarixdə saat 18:58 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal 2” yaşayış kompleksinin qarşısında deyil, əslində həmin gün saat 10-11 radələrində Binəqədi rayonu, Məhsəti ünvan 1 ünvanında saxlanıldığını və Abşeron Rayon Polis İdarəsinə gətirildiyini, həm saxlanılan zaman, həm də polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qaldığını, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb ona aid olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirmiş, bu barədə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə nəzarəti qaydasında işə baxan məhkəməyə söylədiyini, saxlandığı istintaq təcridxanasında tibbi müayinədən keçirilərkən bədənində xəsarətlərin aşkar olunduğunu, orada da izahat verərkən saxlanılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyini, bununla bağlı olaraq prokurorluq əməkdaşının gələrək onun izahatını aldığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin ona aid olmadığını, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona edilən fiziki təzyiqlər və psixoloji basqılar nəticəsində məcbur qalıb etirafedici ifadələr verdiyini bildirsə də, iş materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə tibbi ekspertizasının rəyindən (cild 01, iş vər. 73) müəyyən olunmuşdur ki, şəxs saxlanıldıqdan qısa müddət sonra müvafiq ekspertizadan keçirilmiş və həmin şəxsin bədəni səthində hər hansı xəsarət izi aşkar olunmamışdır. Eyni zamanda, məhkəmə iclasında təqsirləndirilən şəxsin qeyd etdiklərinin dəqiqləşdirilməsi üçün şəxsin saxlandığı istintaq təcridxanasından ona məxsus tibbi kitabçanın surəti əldə olunaraq məhkəmə istintaqı zamanı tədqiq olunmuş, həmin kitabçada olan qeydlərdən də Təqsirləndirilən şəxs müəssisəyə gətirildikdən sonra tibbi müayinədən keçirildiyi və bədənində yeni xəsarət izlərinin aşkar olunmaması, hər iki ətrafında köhnə çapıq izlərinin olması müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə istintaqı zamanı sorğu verilərək həm Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən, həm də Abşeron rayon prokurorluğundan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktubları alınmış və həmin məktublarda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində, o cümlədən Abşeron rayon prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılmadığı qeyd olunmuşdur. Eyni zamanda, məhkəmə istintaqı zamanı iş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş görüntüyə baxış keçirilərkən də şəxsin üzərində aydın şəkildə gözlə görünən hər hansı xəsarət izinin olmadığı müəyyən olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübutetmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Yuxarıda sadalananlardan göründüyü kimi, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını bildirsə də, bu barədə hər hansı bir orqana müraciət olunmamış, hər hansı araşdırma aparılmamış, o cümlədən saxlanıldıqdan qısa müddət sonra tibbi ekspertizadan keçirilərkən onda hər hansı bir xəsarəti olmadığı müəyyən olunmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxs iş materiallarında göstərildiyi saatda və yerdə deyil, başqa yerdə və başqa saatda saxlanıldığını, bunu görən şahidlərin olduğunu bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə istintaqı zamanı bu halı təsdiq edən heç bir hal müəyyən olunmamışdır. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə psixotrop maddənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir (cild 01, iş vər. 75-76, 144-150). Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs həmin tarixədək idarədə qeydiyyatdan keçməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir (cild 01, iş vər. 157). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni əvvəllər də eyni tipli cinayət əməlini törtəməyə görə təqsirli bilinərək məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günə bir hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli və şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68-ci maddəsində isə göstərilmişdir ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)- 60/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 25, 69-72). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,289 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 81 AZN (səksən bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 11 ay 26 günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,289 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 81 AZN (səksən bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-401/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-401/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver