Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-403/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci İldə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda ümumi təmiz çəkisi 12,388 qram psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 6,186 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 26 aprel 2023-cü il tarixdə saat 18 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən şəhəri, B.Səfəroğlu küçəsində saxlanılıb rayon Polis Şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi- 12,388 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi- 6,186 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 aprel tarixində Bakıdan evə gələn zaman 7-8 nəfər polis əməkdaşı onu aparmış, üzərinə təxminən 18 qram narkotik vasitə qoyaraq demişdirlər ki, “bu sənindir.” Polis əməkdaşları ona narkotik vasitənin qum olduğunu və onu çəkiliş aparılandan sonra buraxacaqlarını, vəkilin gələcəyini demişdirlər. O da onlara “məni buraxacaqsınızsa, vəkili neynirsiniz?” demişdir. Ona arxayın olmağını,onu 2 gündən sonra buraxacaqlarını bildirmişdirlər. Müstəntiq səhəri gün sənədlərlə gəlmiş, onlara imza çəkməkdən imtina etmiş və onu 3 saylı İstintaq Təcridxanasına göndərmişdirlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisədən 01 il yarım əvvəl narkotik vasitədən istifadə etmişdir. 04 aprel tarixində analiz məntəqəsində analizdən keçmiş, analizin cavabları da olmuşdur. Narkotik vasitə kimi “kakos” (heroin), “nəşə” (marixuana) istifadə etmiş, tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Siyəzən RPŞ-nin əməkdaşlarını tanımamışdır. Onu vəkillə təmin etmişdirlər. O, Yəhya müəllimin vəkil çağırılmasını istəmiş, ancaq çəkiliş zamanı başqa vəkilin olduğunu görmüşdür. Ona demişlər ki, ”18 qram qum qoyuruq”. Narkotik vasitənin nə içi açılmış, nə də tərəziyə qoyulmamışdır. Onu arxayın etdikləri üçün polislərə inanmışdır. Protokolu oxumuş, lakin narkotik vasitə ona məxsus olmadığına görə imza çəkməmişdir. Məhkəmədə və ibtidai istintaq zamanı müstəntiqə nə baş veribsə, hamısını danışmışdır. Müstəntiq protokolu yazıb gətirmiş, vəkil də orada olmuş, ancaq onun yazdığı ilə razılaşmamışdır. 04 aprel tarixində gecə saat 3-4 radələrində onu analizə aparmışdırlar. Analiz zamanı onda heç nə çıxmamışdır. Əməliyyatçı İlqar orada olmuş, post patrul əməkdaşı və həkimi tanımamışdır. Vəkil sənəd təqdim etmişdir. Əl barmaq izlərini götürən şəxsi tanımamışdır. O, tır maşını sürmüş, Qubadan Bakıya, Bakıdan İmişliyə getmişdir. Tırı doldurandan sonra İmişlidən qayıdanda Siyəzəndə düşmüşdür. 26 aprel tarixində onu evdən götürmüş, polislərin onu aparmağını qonşular görmüşdür, 2 maşında 7 nəfər polis əməkdaşı gəlmiş, onların içində 1 nəfəri- İlqarı tanımışdır. Onu 2-ci mərtəbəyə qaldırıb otaqda 4-5 saat saxladıqdan sonra aşağı düşürüb çəkiliş etmişlər. Çəkilişdə vəkildən başqa 3 nəfər olmuşdur. Üstündə telefon olmuşdur. Telefon xaricdən gəldiyinə görə qeydiyyat olunmalı imiş. Telefonu açıb onlara verdikdən sonra hər şeyi yoxlamışlar, hətta şəkillərə də baxmışlar. Evdə hər yeri axtarmışlar, lakin heç nə çıxmamışdır. “İranla telefonsuz necə əlaqə yarada bilərəm?” Ona yazdırmışlar ki, narkotik vasitəni Siyəzən rayonunun Həmyə kəndindən gətirtdirmişdir. Narkotik vasitəni iynə vuraraq yox, çəkərək istifadə etmişdir. Çəkilişdən sonra olan sənədlərə imza çəkməmişdir. Tutulana kimi tır sürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində 28 aprel 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, 30 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 18:40 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək,barəsində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdirib onu Siyəzən RPŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd üzərində sim kart nömrəsi olmayan Redmi markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, 1(bir) ədəd bükümdə ağ rəngli, metamfetamini təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 96 saylı möhürü ilə möhürlənmişdir, üzəri o, müdafiəçi, əməliyyatçı və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Siyəzən şəhərində tanınmadığı şəxsdən 1 (bir) gün bundan alaraq istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs istintaqa verdiyi sonrakı ifadələrində, ilkin ifadəsində göstərdiklərini təkzib etmiş və bildirmişdir ki, 26 aprel 2023-cü il tarixdə o, Bakı şəhərində yerləşən "Arçiko” şirkətinə işə qəbul olunmağı üçün getmişdir. Həmin gün saat təxminən 15 radələrində Bakı şəhərindən yaşadığı evə gəlmiş, evdə olan zaman o, telefon ilə oynamışdır. Bu zaman evinin arxa tərəfində maşının dayandığını eşitmişdir. Evin pəncərəsi evin arxa tərəfinə açılır. O, pəncərəni açıb küçəyə baxan zaman tanımadığı şəxslər onun qolundan tutub onu çölə dartan zaman onlar özləri 3 nəfər evin içinə yıxılmışlar. Bundan başqa evin qapısından isə 3-4 nəfər evə daxil olmuşlar. Onlar evin içində onu vurub xəsarət yetirmişlər. Orada olanlardan bir nəfəri ona xidməti vəsiqəsini göstərib özünü Anar adlı şəxs kimi təqdim edib DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu və onu narkotik satışı ilə məşğul olduğunu bildirib tutmaq üçün buraya gəldiyini demişdir. Onlar evini axtarmağa başlamışlar. Lakin evdən heç nə aşkarlanmamış və həmin vaxt evdə heç kim olmamışdır. Bundan sonra onlar onu evdən çıxarıb evinin qapısının qarşısında olan gümüşü rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşdirmişlər. Həmin vaxt onu qonşulardan kiminsə görüb görmədiyini dəqiq deyə bilməmişdur. Maşında olan zaman Anar adlı şəxs öz cibindən bir ədəd sellofanda büküm çıxarıb həmin bükümün ona məxsus olduğunu demiş, inkar etdikdə isə həmin şəxs onun baş və bədən nahiyəsindən yumruqla vurmuşdur. O da məcbur qalıb qorxudan həmin bükümün onun olduğunu onlara bildirmişdir. Bundan sonra onlar onu Siyəzən RPŞ-nin binasına gətirmişlər. Şöbədə kimə məxsus olduğunu dəqiq bilmədiyi bir otaqda təxminən 4-5 saat saxlamışlar. Bundan sonra onlar onun yanına gəlib onun narkotik vasitələrin satışı, istifadəsi ilə məşğul olubolmadığının araşdıracağını öz təsdiqini tapmadığı halda sərbəst buraxılacağını demişlər. O da onlara inanıb həmin bükümün özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılması videoçəkiliş vasitəsi və vəkil ilə birlikdə aparılmış, o da çəkiliş zamanı qorxusundan həmin bükümün ona məxsus olduğunu onlara bildirmişdir. Lakin onun narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Üzərindən aşkarlanmış bükümü polis əməkdaşları onu döyərək zorla üzərinə qoymuşlar. Buna görə də o, sonradan ona təqdim edilmiş heç bir qərar və protokollara imza etməmişdir. (İ cild iş vərəqə: 52-54; 141-143) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİnin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixiotrop maddələrin rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu üçün onu Siyəzən şəhəri, B.Səfəroğlu küçəsində saxlanılaraq Siyəzən RPŞ-nin növbətçi hissəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X2 iştirak etməsini istədiyini bildirmiş, bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd üzərində sim kart nömrəsi olmayan “Redmi” markalı mobil telefon və həmin şalvarın cibindən 1 (bir) ədəd narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd bükümdə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Siyəzən şəhərində gizlədilmiş yerdən 1 (bir) gün bundan götürərərək istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1987-ci İldə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Siyəzən rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (cild 1, iş vərəqi 28-29) Cinayət işinin materiallarında olan 26 aprel 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” və 28 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskin ümumi yaddaş tutumu 4,38 GB-dır. Diskdə “rasim şəxsi axtarış” adlı video fayllar vardır. Videofayla baxdıqda, 26 aprel 2023-ci il tarixdə saat 20:20-dan saat 20:26-dək olan müddət ərzində Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, xx.xx.1948-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5ydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx.xx.1987-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə təhqiqatçı Eldar Şükürov tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs AR CPM- nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmin bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X2 iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd üzərində sim kart nömrəsi olmayan Redmi markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN- in 96 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakşılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün, 1 (bir) ədəd “Redmi" markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Siyəzən şəhərində gizlədilmiş yerdən 1 (bir) gün bundan əvvəl götürərərək istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.(İ cild iş vərəqə 25-26, 55-57) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2023-cü il tarixli, 6/2432 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 01 ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 12,388 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psoxotrop maddə metamfetamindir. 01 ədəd bükürrıdə təmiz çəkisi 6,186 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(İ cild iş vərəqə: 34-38) Cinayət işinin materiallarında olan 10 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, tədqiqatdan sonra qalıq qalmış 12,288 qram psixotrop maddə metanfetamin və 6,086 qram heroin maddi sübut kimi qiymətləndirilərək Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır.(İ cild iş vərəqə: 157-162) Cinayət işinin materiallarından görünür ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4635 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərİn qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( İ cild iş vərəqə: 154-155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 84) Cinayət işinin istintaq materiallarında olan Siyəzən Rayon İHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(İ cild iş vərəqə: 85-86) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə psixotrop maddə və narkotik vasitənin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar aşkar edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 13,45-46,68-69) Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan tədqiqatdan sonra qalıq qalmış 12,288 qram metamfetamin və qalıq 6,086 qram heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qalıq 12,288 qram metamfetamin və qalıq 6,086 qram heroin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-403/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-403/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver