Məhkəmə qərarları › İş №1(124)-404/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-404/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-404/2023 21.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, 11 avqust 1980-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsi ev 73-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 73 nömrəli fərdi yaşayış evinin qarşısında, küçədə qohumu Zərərçəkmiş şəxs ilə təxminən 1 ay əvvəl işlədiyi Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Mənzil Kommunal Təsərrüfat Birliyində əmək müqaviləsinin müddətinin uzadılmamasına və işdən çıxarılmasına sonuncunun səbəbkar olması ilə bağlı aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına söyüş söyməsi səbəbindən yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsindən qəsdən bir dəfə vuraraq sonuncuya daxili qanaxma ilə nəticələnmiş sağ ağciyərin yuxarı payının zədələnməsinə və hemopnevmotoraksa (döş boşluğuna hava və qanın toplanması) səbəb olan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə o qonşudur və Azər onun əmisinin kürəkənidir. Bu səbəbdən də Azərlə həmişə münasibətləri yaxşı olmuşdur. Həmçinin qeyd edir ki, o, Azərin Bakı şəhərində yaşayan qardaşı Ayazla Bakı şəhər icra Hakimiyyətinin tərkibində olan Mənzil Kommunal Təsərrüfat Birliyində təxminən 9 ay bir yerdə işləmişlər. Onu da əlavə edir ki, o, həmin MKTB-də 3 aylıq müqavilə əsasında işləyirdi. Müqavilənin vaxtı bitdikdə isə 3 aylıq yeni müqavilə ilə işini yenidən davam etdirirdi. O, həmin MKTB-də işə başladıqdan sonra 2 dəfə müqaviləsinin müddəti uzadılsa da 9-cu aydan sonra MKTB-nin kadrlar şöbəsi tərəfindən onun işə davam etməyi üçün müqavilə müddəti uzadılmamış və o, həmin işdən çıxmışdır. Qeyd edir ki, həmin işində müqaviləsinin uzadılmamasına Ayazın və qardaşı Azərin səbəbkar olmalarından şübhələndiyi üçün xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, Azərin qardaşı Ayaza zəng edib işdən çıxmasının səbəbkarının sonuncunun olduğunu bildirmişdir. Bundan bir qədər sonra yaşadığı evin qarşısında, küçədə oturduğu zaman Azərin də telefonla danışadanışa evdən küçəyə çıxdığını görmüş və Azərin telefonla danışığından hiss etmişdir ki, o, qardaşı Ayazla danışır. Bu zaman Azər sərxoş vəziyyətdə yaxınlaşaraq ona söyüş söymüşdür. O, da Azərə sözlərinə diqqət etməsini bildirsə də sonuncu öz hərəkətlərini davam etdirərək ona əl-qol atmağa başlamışdır. Həmin vaxt səs-küyə Azərin qaynı, yəni onun əmisi oğlu olan Rauf küçəyə çıxıb onları sakitləşdirmişdir. Bundan sonra o, öz həyətinə, Azər də öz həyətlərinə getmişdir. Bir neçə dəqiqədən sonra Azərin yenidən küçəyə çıxaraq onun ünvanına söyüş söydüyünü eşidib o da küçəyə çıxmışdır. Bu zaman da Azərlə əlbəyaxa olaraq dalaşmağa başlamış, həmin vaxt əmisi oğlu Rauf yenidən onları aralaşdırıb sakitləşdirmişdir. Bundan sonra o, yenidən öz həyətinə keçsə də, Azərin onun ünvanına yenə də söyüş söydüyünü eşitdiyi üçün o, yaşadığı evin mətbəxindən bıçaq götürərək Azəri qorxutmaq üçün küçəyə çıxmışdır. Həmin vaxt Azər yenə də üstünə gəldiyi üçün onlar dalaşmağa başlamışlar. Zərərçəkmiş şəxsla aralarında baş vermiş dava-dalaş zamanı sonuncu yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Qeyd edir ki, o, asma xəstəliyindən əziyyət çəkdiyinə görə Azərə gücü çatmamış, bu səbəbdən də o, evdən götürdüyü bıçağı bel nahiyəsindən çıxarıb əlini sağa-sola aparmaqla özünü müdafiə etməyə və Azəri qorxutmağa başlamışdır. Həmin vaxt isə Azərin sinə nahiyəsindən bıçaqla bir dəfə vurduğunu bilmişdir. Bundan sonra da o, öz həyətinə keçmiş və Azəri ailə üzvləri və əmisi oğlu Rauf Sumqayıt şəhərinə xəstəxanaya aparmışlar. Əməlindən peşimandır, ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilmir və cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif olunmasını istəyir. (Cild 1, iş vərəq 178) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işə düzəlməyinə kömək etmişdir. Təqsirləndirilən şəxs bir müddət işlədikdən sonra işdən çıxarılmışdır. Onun işdən çıxarılmağına onun səbəb olduğunu düşünürdü. Hətta işdən çıxan zaman “Zərərçəkmiş şəxs və Ayaz Alışov mənim torbamı tikdilər” ifadəsini işlətmişdir. İş yoldaşları onun bu cür ifadə işlətdiyini ona bildirdikdən sonrakı gün Təqsirləndirilən şəxs yanına getmiş və onunla bu barədə danışmışdır. O da əsəbi olduğunu bildirmişdir. 16 iyul 2022-ci il tarixdə telefonunu evdə qoyaraq çıxmışdı. Evə qayıdanda telefonu ona verərək, kiçik qardaşı Ayaz Alışovun zəng etdiyini bildirmişlər. Qardaşı Ayazla danışmış və Təqsirləndirilən şəxs ona zəng edərək təhqir etdiyini bildirmişdir.Daha sonra həyətə çıxmış və Elşadın məhəllədə olduğunu görmüşdür. X4 təhqir etməsi barədə soruşmuşdur. Aralarında mübahisə yaranmışdır. Onun qaynı Şahid2 və həyat yoldaşı onları aralayaraq sakitləşdirməyə çalışmışlar. Daha sonra Təqsirləndirilən şəxs bıçaq götürmüş və ona 1 dəfə bıçaq zərbəsi endirmişdir. Daha sonra Şahid2 Təqsirləndirilən şəxs əlindən bıçağı almışdır. Hadisə 16 iyul 2022-ci il tarixdə, təqribən saat 20:00-21:00 radələrində baş vermişdir. İlk dəfə təqsirləndirilən şəxs ona söymüşdür. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 16 iyul 2022-ci il tarixdə yaşadığı evdə olarkən küçədə səsküy eşitmişdir. Səsi eşitdikdən sonra küçəyə çıxmış və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüşdür. Qardaşı Şahid2 onları ayırmışdır. Bir müddət sonra yenə səs-küy eşitmişdir. Uşağı da gəlib atasının dalaşdığını bildirmişdir. Küçəyə çıxdıqda Zərərçəkmiş şəxs əli ilə sinəsini tutduğunu görmüşdür. Qardaşı Şahid2 də ona kömək edirdi. Daha sonra Zərərçəkmiş şəxs Sumqayıt X3 Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə həyətdə oturmuşlar. Bacısı Şahid1 telefonu Zərərçəkmiş şəxs gətirmiş və ona zəng gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs telefonla danışa-danışa məhəlləyə çıxmışdır. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. O, onları ayırmış və Təqsirləndirilən şəxs həyətə salmışdır. Daha sonra aralarında yenə mübahisə yaranmış və onlar əlbəyaxa olmuşlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirmişdir. Lakin, onun bıçaq zərbəsi endirməyini görməmişdir. O, sadəcə Zərərçəkmiş şəxs əli ilə sinəsini tutduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əlindən bıçağı alaraq həyətə tullamışdır. Zərərçəkmiş şəxs Sumqayıt X3 Xəstəxanasına aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və onların birgə nigahdan 3 azyaşlı övladları var. Zərərçəkmiş şəxs da Elşadın əmisi qızı Naidənin əridir və Azər də ailə üzvləri ilə birlikdə yaşadıqları evlə üz-üzə yerləşən fərdi evdə yaşayır. 16 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən Elşadın mobil telefonuna zəng gəlmiş və o. kiminləsə danışdıqdan sonra küçəyə çıxmışdır. Bir qədər sonra o, səs eşidib yaşadığı evin həyətinə çıxarkən Elşadın küçədən geri həyətlərinə daxil olduğunu və əynində olan paltarların tozlu-torpaqlı olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Elşadla qonşuluqlarında yaşayan Zərərçəkmiş şəxs arasında mübahisə və dava-dalaş baş vermişdir və Azər sərxoş vəziyyətdə olduğu üçün Elşadı döymüşdür. Bundan bir neçə dəqiqə sonra Azərin yaşadığı evin həyətindən Elşadın və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyüş söydüyünü eşitdikləri üçün Elşad yenidən küçəyə çıxmış və ailə üzvlərinin ünvanına söyüş söydüyünə görə Azərə iradını bildirərkən aralarında yenə də dava-dalaş baş vermişdir. Bundan sonra qonşuluqlarında yaşayan Rauf adlı qohumları Azəri və Elşadı sakitləşdirmiş və Elşad geri öz həyətlərinə gimişdir. Bundan sonra Azər yenə də qışqıraraq Elşadın və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyü üçün Elşad yaşadıqları evin dəhlizinə girmiş və sonra da geri küçəyə çıxmışdır. Bundan sonra Elşadla Azər küçədə yenidən əlbəyaxa olub dalaşmışlar və bir neçə dəqiqədən sonra qohumları Rauf Elşadı yaşadıqları evin həyətinə gətirmiş və həyətə bir ədəd bıçaq tullamışdır. Bu zaman ona məlum olmuşdur ki, Elşad Azərlə əlbəyaxa olub dalaşmazdan əvvəl yaşadıqları evdən bıçaq götürmüşdür və həmin bıçaqla Azərin sinə nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra da Rauf Azərə yardım göstərərək Sumqayıt şəhər X3 xəstəxanasına aparmışdır. Bir daha bildirir ki, Azər sərxoş halda həyat yoldaşı Elşadın və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyü üçün aralarında dava-dalaş baş vermiş, həmin vaxt Elşad asma xəstəliyinin olması səbəbindən Azərə gücü çatmamışdır və döyülməmək, eləcə də özünü qorumaq üçün yaşadıqları evdən götürdüyü bıçağı əlində tutub sağa-sola hərəkət etdirərkən Azərin sinə nahiyəsinə bir dəfə vurmuşdur. Bildirir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq onun evdə istifadə etdiyi mətbəx bıçağı olmuşdur və həmin bıçağı hazırda istintaqa təqdim edə bilər. Onu da əlavə edir ki, hadisədən sonra qohumları Rauf həmin bıçağı yaşadıqları evin həyətinə tulladıqdan sonra o, həmin bıçağı yerdə olan otlara sürtərək üzərindəki qan ləkələrini silmişdir. (Cild 1, iş vərəqləri 45-46) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2019-cu il tarixli “təqdim etmə və götürmə” aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı qohumu Zərərçəkmiş şəxs xəsarət yetirdiyi cinayətin aləti olmuş bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 tərəfindən istintaqa könüllü təqdim olunmuş, həmin bıçaq iş üçün sübut əhəmiyyətli olduğundan tərəfimdən qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 48-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1553 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol alt göz qapağı, sol bazu, sol əlin birinci barmağı nahiyələrinin qançırları, sağ diz nahiyəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. (Cild 1, iş vərəqi 106) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1731 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - daxili qanaxma ilə nəticələnmiş sağ ağciyərin yuxarı payının zədələnməsinə və hemopnevmotoraksa (döş boşluğuna hava və qanın toplanması) səbəb olan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 107-110) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının 28.11,2022-ci il tarixli, 3160 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən olunur. Psixi-emosional sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. (Cild 1, iş vərəqləri 138-141) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-bioloji və məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17-MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir təqdim olunmuş bıçağın üzərində qan aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 142-148) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli 2/16551 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. (Cild 1, iş vərəq 15) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 159-165) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 93) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verdiyi ittihama əsasən o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 16 iyul 2022-ci il tarixdə saat 20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 73 nömrəli fərdi yaşayış evinin qarşısında, küçədə qohumu Zərərçəkmiş şəxs ilə təxminən 1 ay əvvəl işlədiyi Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Mənzil Kommunal Təsərrüfat Birliyində əmək müqaviləsinin müddətinin uzadılmamasına və işdən çıxarılmasına sonuncunun səbəbkar olması ilə bağlı aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına söyüş söyməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsindən qəsdən bir dəfə vuraraq sonuncuya daxili qanaxma ilə nəticələnmiş sağ ağciyərin yuxarı payının zədələnməsinə və hemopnevmotoraksa (döş boşluğuna hava və qanın toplanması) səbəb olan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, zərərçəkmiş şəxs ifadəsində göstərmişlər ki, hadisə zamanı aralarında mübahisə olmuş, bu səbəbdən aralarında gərgin münasibət yaranmış, həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o bildirmişdir ki, zərərçəkmiş şəxsin söyüşlər söyməsinin, həmçinin təqsirləndirilən şəxsin özünümüdafiə məqsədinin nəticəsi olaraq cinayət hadisəsi baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxs, o cümlədən iş üzrə dindirilmiş şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 70-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar