Məhkəmə qərarları › İş №1(124)-404/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-404/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-404/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 , Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü ildə Xaçmaz rayonu, Maqsudkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Maqsudkənd kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq məqsədi İlə 2021-ci ilin sentyabr ayından 02 mart 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə müxtəlif vaxtlarda fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyərkən həmin fiziki şəxsə məxsus ümumilikdə 73.100 (yetmiş üç min yüz) manat dəyərində olan özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə, o cümlədən 3.300 (üç min üç yüz) manat dəyərində 22 baş qoyunu, 2.200 (iki min iki yüz) manat dəyərində olan 01 baş inək və inəyin 06 aylıq balasını, 60.000 (altmış min) manat dəyərində olan 15.000 ədəd farel balığını, 7.500 (yeddi min beş yüz) manat dəyərində olan 05 ədəd havalandırıcı mühərriki və 04 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki, habelə eyni niyyətlə yaşayış sahəsinə qanunsuz daxil olmaqla 100 (yüz) manat dəyərində olan 01 ədəd “Samsung” markalı televizoru oğurlamaqla ümumilikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla və külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərərk göstərmişdir ki, o, ilkin olaraq Xaçmaz rayonu, Susayqışlaq kəndində balıqçılıq təsərrüfatında balıqçı kimi fəaliyyət göstərmişdir. Orada işləməyə onu Nəsib adlı şəxs dəvət etmişdir. Həmin təsərrüfat Adıgözəl Bayramlıya məxsus olmuşdur. Daha sonra, Rusiya Federasiyası, Moskva şəhərinə getmiş və bir ildən sonra yenidən ölkəyə geri qayıtmışdır. Nəsib adlı şəxs balıqçılıq təsərrüfatından ayrılaraq Bakı şəhərinə getdiyindən, Adıgözəl Bayramlı təsərrüfata nəzarət etməyi ona təklif etmiş, o isə bu təkliflə razılaşmışdır. Aylıq 500 manat məbləğində əmək haqqı müqabilində orada qalaraq, həmin əraziyə nəzarət etməyə rzaılıq vermişdir. Bir gün təcili pul lazım olduğu üçün ərazidə olan fındıqları satıb pulunu götürmüşdür. Bu məsələni Adıgözəl Bayramlı bildikdə, onun maaşından hər ay pul tutmuşlar. Özünü qismən ona görə təqsirli bilir ki, ona qarşı irəli sürülmüş ittihamda malların sayı artıq yazılmış və məbləğ süni olaraq şişirdilmişdir. Daha sonra suallara cavab olaraq o, qeyd etmişdir ki, təsərrüfat sahibi təxminən 7-8 ay idi ki, ona əmək haqqı verməmiş və o, bir dəfə 250 manat məbləğində əmək haqqı almışdır. Adıgözəl Bayramlı və oğlu obyektə gəlib-getmədiyi üçün onlara heç bir şey deyə bilməmiş və məcbur qalaraq bəzi malları satmışdır. Belə ki, təqribən 2.000 ədəd farel balığı, 1 ədəd inək, 7-8 baş qoyun satmış, 01 ədəd televizoru başqa şəxsə pay vermiş, balıqlara su verilməsi üçün 04 ədəd mühərriki isə təxminən 15-20 manatdan satmışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödənilməsi üçün isə hazırda maddi imkanım yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində görünür ki, o, 2016-cı ildə Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermada Nəsib adlı şəxs ilə işləməyə başlamışdır. Həmin fermada Zərərçəkmiş şəxs məxsus 1 ev, meyvə ağacları, heyvanlar və onların qalmağı üçün ayrıca 1 otaqlı tikili olmuşdur. Onlar həm fermanı mühafizə etmiş, həm də orada olan işləri görmüşlər. 2020-ci ildə o, işləmək üçün Rusiya Federasiyasının Ramenskoye şəhərində qohumumun yanına getmiş, orada 1 il işlədikdən sonra yenidən Xaçmaz rayonu, Maqsudkənd kəndinə qayıtmışdır. O, buraya qayıtdıqda Nəsib hələ də Zərərçəkmiş şəxs məxsus fermada işləmişdir. O da sonuncu ilə birlikdə fermada işləməyə başlamışdır. Ona orada işləməyinə görə ayda 350 manat məbləğində pul vermişlər. 2021ci ilin iyul ayında Zərərçəkmiş şəxs qardaşı Kamran fermaya gələrək orada olan heyvanları saymışdır. Onlar balıqları sayanda Kamrana köməklik etmiş, balıqları Nəsib saymış və Kamran da Nəsibin dediyi rəqəmi ora qeyd etmişdir. Daha sonra balıqların əskik çıxmasına görə Nəsibi işdən çıxartmışdırlar. Nəsib işdən çıxdıqdan sonra ona aylıq 500 manat məbləğində pul verəcəklərini demişlər. O, Nəsib işdən çıxdıqdan sonra balıqları saymamış, balıqların dəqiq sayını bilməmişdir. Təxminən 1 ay sonra Kamran yenidən fermaya gəlmiş və heyvanları saymışdır. Bu dəfə Kamran 1500 ədəd farel balığının olmadığını, balıqları onun oğurladığını demişdir. Halbuki, həmin balıqları o, oğurlamamış, həmin balıqlar Nəsib orada işləyən dövrdən olmamışdır, sadəcə o, düzgün təhvil-təslim etmədiyinə görə balıqların itməyi onun boynunda qalmışdır. Kamran atası Adıgözəlin ona verilən maaşın 250 manatını balıqların itməsinə görə kəsəcəyini, ona ayda 250 manat verəcəklərini dediyini bildirmişdir. O da məcbur olub bununla razılaşmışdır. Buna baxmayaraq, onlar ona pul verməməyə başlamış, o, nəyə görə ona pul verilmədiyini soruşduqda Kamran dəymiş zərər tamamilə ödəndikdən sonra ona maaş verəcəklərini demişdir. Onlar ona avqust ayından noyabr ayına kimi maaş vermədikdə o, öz əmək haqqını fermada olan heyvanları sataraq əldə etməyi düşünmüşdür. Fermada olan balıqları Kamran müəyyən şəxslərə satmış, o, balıq lazım olanda balıqları taksiylə Bakı şəhərinə göndərmişdir. Balığın mütəmadi müştərisi olduğuna görə həm də sayını çox olduğuna görə o, ilk öncə balıqları satmağa başlamışdır. Ondan balıq istəyən hər bir şəxsə kiloqramı 6-10 manat aralığında olmaqla farel balıqlarını satmışdır. Bundan başqa, “Çənlibel restoranına kiloqramı 6 manatdan olmaqla 10 kiloqram, “Kənd Həyatı” restoranına kiloqramı 6 manatdan olmaqla 35 kq və hazırda xatırlamadığım restoranlara balıq satmışdır. O, həmin fermadan təxminən 3000 ədəd farel balığı satmışdır. O, həm də fermada olan 22 baş Romanov cinsində qoyunu və 01 baş inəyi Şahid1 satmışdır. O, qoyunların hər birini təxminən 150 manata, inəyi isə 1200 manata satmışdır. Bundan başqa fermada olan istifadəyə yararsız vəziyyətdə olmuş 05 ədəd havalandırıcı mühərriki və 04 ədəd balıqlara su verən mühərriki ümumumilikdə 150 manata satmışdır. Bundan başqa, onun istifadəsinə verilmiş "Samsung” markalı televizoru Xudat şəhərində yaşayan Təhminə adlı qadına hədiyyə vermişdir. 02 mart 2023-cü il tarixdə Kamran 30 ədəd iri farel balığı istəmiş, o, fermada olan iri balıqları satdığını, iri balıq qalmadığını demişdir. Kamran ona heç nə deməyərək telefonu söndürmüşdür. Bir neçə saat sonra Kamran, sonuncunun bibisi oğlu Dilqəm və tanımadığı bir şəxs fermaya gəlmişlər, onlar orada heyvanların olmadığını gördükdə, o, onlara hazırda lazım olan balığı başqa yerdən tapıb verəcəyini digərlərini isə hissə-hissə öz aralarında həll edəcəklərin demişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onun həmin fermadan mənimsəyərək satdığı 22 baş Romanov cinsi qoyundan 19 ədədi dişi olmaqla hər biri 20-25 kq olmuş və hər biri təxminən 3-5 yaşlarında olmuşdur. Satdığı inək təxminən 190 kq və təxminən 5 yaşında olmuşdur. Fermadan mənimsəyərək satdığı 3000 ədəd farel balıqları təxminən 400 qram olmuşdur. Oradan götürüb Təhminə adlı qadına hədiyyə verdiyi televizor 76 sm diaqonallı “Samsung” markalı olmuşdur. Satdığı mühərriklər isə istifadəyə yararsız, paslanmış vəziyyətdə olmuş, onların markalarını bilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan danışmışdır, belə ki, o, Nəsib işdən çıxana kimi 350 manat məbləğində maaş almış, daha sonra isə ona 500 manat ödəyəcəklərini söz vermişlər. Lakin Nəsib işdən çıxdıqdan sonra onlar fermada olan balıqları saymış, orada olan əskikliyə görə onun maaşı kəsilmiş, ona pul verməmişlər. Zərərçəkmiş şəxs 5000 manat dəyərində oğurluq deyəndə həmin əskik olmuş balıqları nəzərdə tutmuşdur və həmin vaxt da o, Kənana balıqları onun oğurlamadığını, Nəsib işləyən dövrdən əskik ola biləciyini demişdir. Zərərçəkmiş şəxs orada olan ümumi balıqların sayını demişdir, həmin balığın çox hissəsi elə özləri tərəfindən satılmışdır. O, təxminən 3000 ədəd farel balığı satmış, yerdə qalan balıqlar Kənangil tərəfindən satılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmişdir. Onun ifadəsinə əsasən 2021-ci ildən "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləmişdir. 2006-cı ildə atası Adıgözəl Xaçmaz rayonu, Susayqışlaq kəndində torpaq sahəsi almışdır. 2010-cu ildən isə onlar orada heyvandarlıqla məşğul olmuşlar. Onlar həmin fermaya müxtəlif cinsdən heyvanlar almışlar. 2012-ci ildən isə orada akvariumlarda farel balığı saxlamağa başlamışlar. Fermanın xərclərini o, atası Adıgözəl və qardaşı Kamran qarşılamışlar. Fermada iki evləri var, həmin evlərdən biri mühafizəçinin qalması üçün olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Anar günəmuzd işçi kimi fermada olan işləri görmüş, daha sonra onlar Anarı etibarlı şəxs kimi bilib fermanın mühafizəsini sonuncuya tapşırmışlar. O, Təqsirləndirilən şəxs fermada mühafizəçilər üçün nəzərdə tutulmuş evdə yaşamağa icazə vermiş, lakin sonuncunun digər evə girməyə icazəsi olmamışdır. O, Anara 2021-ci ilin sentyabr ayına kimi 500 manat məbləğində əmək haqqı vermişdir. Həmin vaxt fermadan 5000 manat dəyərində oğurluq olmuşdu, o, bu barədə Anar ilə danışanda sonuncu anası xəstə olduğuna görə məcbur qalıb oğurluq etdiyini demişdir. Onun Anara yazığı gəlmiş, Anarı işdən çıxarmaq əvəzinə maaşını 300 manata endirmiş və işləməyinə icazə vermişdir. xx.xx.2022-ci il tarixdə bibisi oğlu Şahid3 fermalarına baxış keçirməsini demiş. Dilqəm onalrın fermasına baxan zaman 22 baş romanov cinsindən olan qoyunun, 1 baş inəyin, 15.000 ədəd farel balığının, 1 ədəd “Samsung” markalı televizorun, 05 ədəd havalandırıcı motorun, 04 ədəd balıqlara su verən motorun oğurlandığını aşkar etmişdir. Həmin malları bağın mühazifəçisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Anarın özü də bunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin malları müxtəlif şəxslərə şəxsən özü satmışdır. Təqsirləndirilən şəxs onların fermada ailəsinin yaşaması üçün nəzərdə tutulmuş, Anarın girməyə icazəsi olmadığı evə pəncərəni qıraraq girmiş və 1 ədəd “Samsung” markalı televizoru oğurlamışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir Ki, Romanov cinsindən olan, təxminən 20-25 kq, 3-4 yaşlarında olmaqla 11 baş dişi və 11 baş erkək qoyun, təxminən 190-220 kq, 2 yaşında olmaqla yerli cins 01 baş iri buynuzlu inək və onun 06 aylıq balası, 15000 ədəd hər biri təxminən 0.4-0.5 kq olmaqla farel balığı, 76 sm diaqonalirSamsung” markalı televizor, 05 ədəd havalandırıcı motorun və 04 ədəd balıqlara su verən motor oğurlanmışdır. Motorlardan 1-i 1500, 4-ü 1000 və 4-ü 500 manat olmaqla ümumilikdə dəyərləri 7500 manat olmuşdur. Fermaya ayda 2-4 dəfə olmaqla Elman adlı baytar, o, qardaşı Kamran, bibi oğlu Dilqəmdən və çobanlardan başqa heç kəsin oraya giriş-çıxışı olmamışdır. Təqsirləndirilən şəxs işi fermanı və fermada olan bütün əmlakı mühafizə etmək olmuşdur. Onun orada olan heyvanları satmaq səlahiyyəti olmamışdır. Məhkəməəmtəəşünaslıq ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 9/6771 nömrəli rəyi ilə tanış olaraq 22 baş qoyunun 3300 manat, 15000 ədəd farelin 60000 manat və 1 ədəd “Samsung” markalı televizorun 100 manat olması ilə bağlı verilmiş rəy ilə razı olmuşdur. Lakin 1 baş inək və onun 6 aylıq balası ilə bağlı verilmiş 2000 manat ilə razı olmamış, bununla bağlı ziyanın 2200 manat məbləğində qəbul edilməsini bildirmişdir. Mühərriklərlə bağlı rəydə dəyər yazılmadığından ziyanın dəyərinin 7500 manat qəbul edilməsini bildirmişdir. Ona dəymiş zərərin 73100 manat olması ilə razı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraatda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, sözügedən ferma və təsərrüfat onun dayısına məxsusdur. O, Təqsirləndirilən şəxs zəng vuraraq balıq götürmək üçün ora gələcəyini bildirsə də, Anar balıqların olmadıqlarını bildirmişdir. Səbəbini soruşduqda, heç bir səbəb deməmişdir. Bununla bağlı təsərrüfata getdikdə balıqların olmadığını görmüşdür. Bu barədə soruşduqda Təqsirləndirilən şəxs onları satdığını demişdir. Daha sonra, dərhal DİN-nin “102” xidmətinə məlumat vermişdir. Həmin təsərrüfatda təxminən 15.000 ədəd balıq olmudur. Qoyun isə təxminən 30-40 baş olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs havalandırma avadanlığı, inəyi və televizoru da satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, 2015-ci ildən Zərərçəkmiş şəxs Xaçmaz rayonu, Susayqışlaq kəndi ərazisində mülkiyyətində olan fermaya onu mütəmadi olaraq baytar həkim kimi çağırmış və o, orada olan heyvanlara baxmışdır. Həmin fermada inək, qoyun, keçi, toyuq və farel balıqları olmuşdur. Son vaxtlar orada mühafizəçi kimi Təqsirləndirilən şəxs işləmişdir. Təqsirləndirilən şəxs fermanı mühafizə etməklə bərabər orada olan heyvanlara gündəlik qulluq etmişdir. O, isə heyvanlara nə isə olduqda baytar kimi həmin fermaya gəlmişdir. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Zərərçəkmiş şəxs fermasında işləyəndə Anarla tanış olmuşdur. 2022-ci ilin yanvar-fevral ayında fermada təxminən 22 baş Romanov cinsindən olan qoyun, 01 baş inək, həmin inəyin balası, təxminən 70 ədəd toyuq və sayını dəqiq bilmədiyi minlərlə farel balığı olmuşdur. xx.xx.2022-ci il tarixdə Kənanın qardaşı Kamran ona zəng edərək fermaya gəlməli olduğunu demişdir. O, oraya getdikdə fermada olan qoyunların hamısı, 01 baş inək və farel balıqların hamısı oğurlanmışdır. Onlar bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu 22 baş Romanov cinsindən olan qoyun, 01 baş inəyi, farel balıqlarını və fermada olan digər əşyaları talayaraq müxtəlif şəxslərə satdığını və ya verdiyini demişdir. Daha sonra Kənanla danışdıqdan sonra Anarın fermadan 22 baş romanov cinsindən olan qoyun, 1 baş inəy, inəyin 06 aylıq balası, 15.000 ədəd farel balığı, 1 ədəd “Samsung” markalı televizor, 05 ədəd havalandırıcı motor, 04 ədəd balıqlara su verən motor taladığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraatda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, sözügedən fermada bağban kimi fəaliyyət göstərmiş, hadisənin birbaşa şahidi olmamış, yalnız eşitdiklərinə əsasən oğurluq hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Xaçmaz rayonu ərazisində yerləşən “Kənd Həyatı” adlı restoranda administartor işlədiyini, Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə çəkisi 35 kiloqram olan farel balığının bir kiloqramı 6-7 manat olmaqla onlara satıldığını bildirimişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Xaçmaz rayonu ərazisində yerləşən “Çənlibel” adlı restoranında aşpaz işlədiyini, Təqsirləndirilən şəxs tərəfindən ayrıayrı vaxtlarda ümumilikdə çəkisi 10 kiloqram olan farel balığının bir kiloqramı 6 manat olmaqla onlara satıldığını bildirimişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Xaçmaz rayonu ərazisində yerləşən “Çənlibel” adlı restoranında aşpaz işlədiyini, hazırda xatırlamadığı şəxs tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə çəkisi 10 kiloqram olan farel balığının bir kiloqramı 6-8 manat olmaqla onlara satıldığını bildirimişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Xaçmaz rayonu ərazisində yerləşən “Topxana” adlı restoranında işlədiyini, hazırda xatırlamadığı şəxs tərəfindən ayrıayrı vaxtlarda ümumilikdə çəkisi 10 kiloqram olan farel balığının bir kiloqramı 6-8 manat olmaqla onlara satıldığını bildirimişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, o əvvəllər Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, 2022-ci ilin fevral ayında “Kənd Həyatı” restoranının işçisi Şahid6 ona zəng vuraraq Anar adlı şəxsin ucuz farel balığı satdığını bildirmişdir. O da öz növbəsində Əliyə nömrəsinin həmin şəxsə verməsini və onunla əlaqə saxlamasını xahiş etmişdi. Sonradan Təqsirləndirilən şəxs özü Anar Hacıəliyevə zəng vurmuş, danışıq zamanı Təqsirləndirilən şəxs balıqların balaca olduğunu bildirdiyindən onları almaqdan imtina etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, o, Anar Tamzanovu arvadının həmkəndlisi kimi tanımışdır. Ondan bir inəyi 1200 manat, ayrı-ayrı vaxtlarda isə hər biri 140-150 manat olmaqla 22 baş qoyun almışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəyin və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan fermanın giriş qapısı iki taylı olmaqla dəmirdəndir. Fermanın ərazisində bir neçə tikili və 2 ev vardır. Fermanının mühafizəsi tapşırılmış Anar Tamzanov həmin ferma ərazisində yerləşən birmətəbəli evdə yaşayır, ev üç otaqdan ibarətdir və içində məişət əşyaları vardır. Zərərçəkmiş şəxs digər evin isə öz ailə üzvlərinin yaşaması üçün nəzərdə tutulduğunu, həmin evə girməyə Təqsirləndirilən şəxs icazə verilmədiyi bildirilmiş, buna baxmayaraq sonuncunun həmin evə qanunsuz daxil olaraq oradan 01 ədəd “Samsung” markalı televizoru taladığını, həmin hadisədən sonra pəncərəyə dəmir barmaqlıq qoydurduğunu qeyd etmişdir. Daha sonra Zərərçəkmiş şəxs mal-qaranın və balıqların oğurlandığı yeri istintaq orqanına göstərmişdir. (Cild 1, iş vərəqləri 139-149) Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə aparılmış “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, başqa Təqsirləndirilən şəxs fermadan 22 baş romanov cinsindən olan qoyunun, 1 baş inəyi, 1 ədəd “Samsung” markalı televizoru, 05 ədəd havalandırıcı motoru, 04 ədəd balıqlara su verən motoru taladığını, lakin 15000 yox, 3000 ədəd balıq oğurladığını, inəyin balasını oğurlamadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iştirakçı Şahid3 istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermalarında olan əmlaklarının talandığını etiraf etməsini qeydə almışdır. Həmin videogörüntüyə əsasən fermada 4 nəfər şəxsin olduğu görünür, Şahid3 həmin şəxslərin dayısı oğlu Kamran Bayramlı, əsgər yoldaşı Babək və fermanın mühafizəçisi Təqsirləndirilən şəxs olduğunu bildirdi. Babək, Şahid3, Kamran Bayramlı və Təqsirləndirilən şəxs öz aralarında söhbət edən zaman Təqsirləndirilən şəxs fermada olan inəyi 1200 manata satdığını və fermadan təxminən 5000 ədəd farel balığı satdığını etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “İfadənin yerinə yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərək bildiririk ki, “2016-cı ildə Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən Adıgözəl Bayramova məxsus fermada işləməyə başlamış, fermaya faktiki olaraq X1 Bayramlı sahiblik etmişdir. 2-3 il işdədikdən sonra mən Rusiya Federasiyasına getdim. Mən bura qayıtdıqda Nəsib Zərərçəkmiş şəxs məxsus fermada işləyirdi. Mən də onunla birlikdə fermada işləməyə başladım. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs qardaşı Kamran fermaya gələrək orada olan heyvanları saydı. Biz balıqları sayanda ona köməklik etdik, balıqları Nəsib saydı və Kamran da Nəsibin dediyi rəqəmi ora qeyd etmişdir. Nəsib işdən çıxdıqdan sonra mənə aylıq 500 manat məbləğində pul verəcəklərini demişdilər. Mən Nəsib işdən çıxdıqdan sonra balıqları saymamışdım, onların dəqiq sayını bilmirdim. Bir müddət sonra Kamran fermaya gəldi və heyvanları saydı. Bu dəfə Kamran farel balığında çatışmazlıq olduğunu və mənim oğurladığımı dedi. Halbuki, həmin balıqları mən oğurlamamışam, həmin balıqlar Nəsib orada işləyən dövrdən olmamışdır, sadəcə mən düzgün təhvil-təslim etmədiyimə görə balıqların itməyi mənim boynumda qaldı. Kamran mənə ayda 250 manat verəcəklərini dediyini bildirdi. Mən də məcbur olub bununla razılaşdım. Buna baxmayaraq onlar mənə pul verməməyə başladılar. Mən 2021 -ci ilin sentyabr-oktyabr ayından balıqları satmağa başladım. Məndən balıq istəyən hər bir şəxsə kiloqramı 6-10 manat aralığında olmaqla farel balıqlarını satmışam. Bundan başqa, “Çənlibel” restoranına, “Kənd Həyatı” restoranına və hazırda xatırlamadığım restoranlara balıq satmışam. Mən həmin fermadan təxminən 3000 ədəd farel balığı satmışam. Bundan başqa fermada olan istifadəyə yararsız vəziyyətdə olmuş 7-8 ədəd motoru ümumumilikdə 150 manata satmışam. Bundan başqa mənim istifadəmə verilmiş “Samsung” markalı televizoru Xudat şəhərində yaşayan Təhminə adlı qadına hədiyyə vermişəm. Mən həm də fermada olan 22 baş Romanov cinsində qoyunu və 01 baş inəyi alverçiyə satmışam. Mən qoyunların hər birini təxminən 150 manata, inəyi isə 1200 manata satdım. Törətdiyim əməldən peşmanam, mən əməlimi könüllü etiraf edirəm, mənə heç bir kənar təsir göstərilməmişdir.” Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 9/6771 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 4 adda tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 65.400 manat olması müəyyən edilir. 05 ədəd havalandırıcı mühərrikin və 04 ədəd balıqlara su verən mühərrikin ölçüləri, texniki göstəriciləri və sair məlum olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 50- 52) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 332.1ci maddəsi ilə təqsirli bilinərək Füzuli Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 06 ay sınaq müddəti müəyyən edilməklə 06 müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına şərti məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 215-217) Məhkəmə, təqsirləndirilən şəxsin ittiham aktında qeyd olunan oğurlanmış əmlakların sayının və dəyərinin az olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində mənimsəmə və israf etmə cinayətinin deyil, məhz oğurluq cinayətinin olması qənaətinə gələrkən qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə yalnız fermanın mühafizəsi qoyulmuş, fermada olan əmlaklar ona etibar edilməmiş, onun sərəncam vermək səlahiyyəti olmamış, bundan əlavə təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq orada olan televizoru da talamışdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayətin qulluq mövqeyinə və müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə edərək törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. O, dərhal məhkəmə iclas zalında həbs edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 12 may 2023-cü il tarixdə barəsində "polisin nəzarəti altına vermək növündə" qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizlənmiş və barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz RPŞ-nin 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə tutularaq 3 saylı İstintaq təcridxanasına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 104- 108, 133-135). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 6 il (altı) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar