Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-404/2025 08.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci ildə Siyəzən rayonu, Daşlı Çalğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Daşlı Çalğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı kənd ərazisində “məktəbin yanı” adlanan ərazidə həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşdıqları zaman sonuncunun birgə istifadə etdikləri su xəttini özünün çəkdirdiyini və sudan artıq istifadə etməməsini deyib onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış sözlü mübahisəyə aydınlıq gətirmək, həmçinin onu təhqir etməsinin səbəbini soruşmaq üçün 31 mart 2025-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs zəng vurub onunla görüşmək istədiyini bildirmiş, sonuncu iri buynuzlu heyvanlarını otardığı Siyəzən rayonu, Daşlı Çalğan kəndi ərazisində yerləşən “Boyağlı dərə” adlanan yerdə olduğunu bildirdikdə həmin yerə gedib Azərlə söhbət edərkən sonuncunun yenidən onu təhqir etməsinə görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan ağacla onu vurub “başın alın nahiyyəsinin və sol əlin yumşaq toxumaların əziyi, sol bud nahiyyəsinin qançırı” kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üstündə saxlamaqla gəzdirdiyi milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olmayan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində hər hansı əlavə və dəyişiklik edilməyən, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq sonuncunun alt çənə nahiyyəsinin sol yarısının bir ədəd və hər iki bud nahiyyəsinin hərəsinin 2 ədəd kəsilmiş deşilmiş yaraları, alt çənədə 34-cü dişin travmatik sınığı ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının arxa divarının plevra boşluğuna nüfuz edən, hemopnevmotoraks, sol 4-cü qabırğa və sol kürək sümüyünün sınıqları ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuş, sonra həmin silahı hadisə baş verən ərazidə kolluğa atmış, 01 aprel 2025-ci il tarixdə həmin soyuq silah hesab edilən bıçağı özü həmin kolluqdan taparaq gətirib istintaq orqanına könüllü təhvil vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında bibisi oğlu Pərviz ilə Azərin arasında su üstündə mübahisə yaranıb. O dəfələrlə Pərvizə və Azərə bildirib ki, belə bir xırda məsələyə görə mübahisə etməsinlər. Lakin Azər ona nalayiq ifadələrlə kobud formada cavab verib, o isə həmin vaxt əsəbi olub və oradan uzaqlaşıb. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Azərə zəng edib və harada olduğunu soruşduqdu, Azər ona olduğu yeri deyib. O Azərin yanına gedib, Azər ona “bura dalaşmağa gəlmisən yoxsa söhbət etməyə?” deyə sual verdikdə, o da deyib ki, “necə istəyirsən elə olsun”. Bu zaman Azər əlində olan çubuqla onu vurub. Sonra o, cibindəki bıçağı çıxarıb ona zərbələr vurub və oradan uzaqlaşıb kəndə tərəf gedib. Yolda olarkən bibisioğlu Şahid2 zəng edərək Azəri bıçaqla vurduğunu deyib və kömək etməsini istəyib. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, hadisə vaxtı onları heç kim görməyib. Hadisədən bir gün əvvəl, yəni martın 30-u Azərlə arasında heç bir mübahisə olmayıb. Azəri vurduğu bıçağı Bakıda 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən alıb. Həmin bıçağı daim üzərində gəzdirirmiş. Hadisədən sonra həmin bıçağı elə hadisə yerinə atıb. Törətdiyi əməldən peşmandır. Azər ona qarşı nalayiq ifadələr işlətməsəydi, o, Azərin yanına getməz və bu hadisə baş verməzdi. O, həmin yerə Azəri bıçaqlamaq və ya öldürmək məqsədi ilə getməyib. Əsas məqsədi yaranmış anlaşılmazlığı həll etmək olub. Hadisədən 3-4 dəqiqə sonra Pərvizə məlumat verib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə 31 mart 2025-ci il tarixdə baş verib. Belə ki, hadisədən əvvəl onunla həmkəndlisi Şahid2 arasında mübahisə yaranıbmış. Mübahisənin səbəbi bu olub ki, o, uzun illər öncə su quyusu qazıb və həmin su quyusunu Pərvizə verib, lakin 29 mart tarixində o, Pərvizə deyib ki, quyudakı sudan artıq özü istifadə edəcək, ona görə də bundan sonra həmin quyudan istifadə etməsin, əgər etsə, yaxşı olmayacaq. Martın 29-u o, Pərvizlə mübahisə edən zaman Təqsirləndirilən şəxs də Pərvizin yanında olub. Onlar qohum olduqları üçün həmin gün bir yerdə olublar. Mübahisə zamanı o ona deyib ki,“səni vurub şikəst edərəm”. Həmçinin Tərlana da hadisədən bir neçə gün öncə xəbərdarlıq edib ki, qohumları sudan istifadə etmək istəsələr, ondan icazə alsınlar. Tərlan da cavab olaraq ona deyib ki, “sən kimsən ki, səndən icazə alsınlar”. Martın 31-i səhər saatlarında o, heyvan nobatında olan zaman Tərlan ona zəng edib və harada olduğunu soruşub, o da heyvan otardığı yeri deyib. Bir müddət sonra Tərlan həmin yerə gəlib və o, Tərlana “mənimlə davaya gəlmisən, yoxsa söhbət etməyə?” deyə sual verib. Tərlan “necə məsləhətdi” deyə cavab verib. Həmin vaxt Tərlanın əlləri cibində olub və Tərlan sərxoş görünürmüş. Onunla danışan zaman sözləri üst-üstə düşməyib, aralarında mübahisə yaranıb və Tərlan bıçaq ilə onun ağız nahiyəsindən vurub. Həmin vaxt o, yerdə olan çubuğu götürməyə çalışanda Tərlan onu bel nahiyəsindən vurub. Huşunu itirənə qədər o, Tərlana çubuqla bir neçə zərbə vura bilib. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, Tərlanın onu nə səbəbdən vurduğunu bilmir. Tərlan ona bıçaqla 6 dəfə zərbə vurub. Hadisədən sonra Ceyhun adlı şəxs onu evə aparıb. O, hadisə yerində ayılandan sonra qardaşı oğluna zəng edib, atdan yıxıldığını, halının pis olduğunu deyib. Onun Tərlanla su üstündə münaqişəsi olmayıb. Belə hesab edir ki, Tərlanın onu vurmasını Pərvizin ailə üzvləri və ya qohumları ona tapşırıblar. Bunu ibtidai istintaq zamanı da müstəntiqə bildirib. Həmin gün Tərlan oraya gələndə tək olub. O, Tərlana və onun ailə üzvlərinə qarşı nalayiq ifadə işlətməyib. Təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 30 mart 2025-ci il tarixdə axşamüstü saat 5-6 radələrində o və Təqsirləndirilən şəxs kənd ərazisindəki məktəbin yaxınlığına tərəf gedəndə Zərərçəkmiş şəxs və Şahid4 da orada söhbət edirmişlər. Yaxınlaşıb onlarla görüşüb və bu zaman Azər ona sudan istifadə edərkən ondan icazə almalı olduğunu bildirib. O da Azərə həmin su quyusunu özünün qazdığını deyib və Azər buna etirazını bildirdikdə aralarında mübahisə yaranıb. Həmin vaxt Tərlan da yanında olub. Azər hər ikisinə qarşı nalayiq ifadə işlədib. Həmin gün Tərlan və Azər növbəti gün məsələni aydınlaşdırmaq üçün görüşmək barədə razılığa gəliblər, sonra da bu hadisə baş verib. Şahid2 ona verilən suallara cavab olaraq bildirib ki, Azər özü Tərlana deyib ki, “sabah mənə zəng elə və mən dediyim yerə gələrsən”. Tərlanın Azəri bıçaqlamaq niyyəti olduğunu bilməyib və bu barədə ona heç nə deməyib. Martın 31-i Tərlan ona zəng edərək Azəri bıçaqla vurduğunu deyib. Tərlan məlumat verəndən sonra o və Dəyanət birlikdə hadisənin baş verdiyi yerə gedib. Onlar ora çatanda Tərlan tək əkin sahəsinin içində uzanıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 30 mart 2025-ci il tarixdə o və Azər kənddəki təpəlik ərazidə söhbət edirmişlər. Bir müddət sonra Pərviz və Tərlan da onların yanına gəlib. Bir az keçdikdən sonra Azər və Pərviz təxminən 20 metr kənara çəkilib söhbət etməyə başlayıblar. Daha sonra o, onların mübahisə etdiyini görüb, buzaman Tərlan onun yanında olub. X10rşı xoşagəlməz ifadələr işlədib, beləliklə, Azər və Tərlanın da mübahisəsi yaranıb. Növbəti gün, yəni martın 31-i günorta saat 12 radələrində Tərlan ona zəng edərək Azəri bıçaqla vurduğunu deyib və o cəld hadisə yerinə gedib. Şahid4 ona verilən suallara cavab olaraq bildirib ki, sonradan bilib ki, Azərin Tərlanla və Pərvizlə mübahisəsi su quyusundan istifadə etmək üstündə olub. Hadisə yerinə birinci o çatıb və oraya çatandan az sonra Pərviz də gəlib. O hadisə yerinə çatanda Azər yerdə uzanmış vəziyyətdə olub. Daha sonra zərərçəkmiş şəxsi evinə aparıb, həmin vaxt onun ailə üzvləri evdə olublar. Orada təcili tibbi yardıma məlumat veriblər və Azəri xəstəxanaya aparıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisənin birbaşa şahidi olmayıb. Həmin gün hadisədən təxminən 40 dəqiqə sonra əmisi Zərərçəkmiş şəxs ona zəng edib və atdan yıxıldığını deyib. O, cəld oraya gedib. Hadisə yerinə çatanda əmisi Azərin atın yanında yerdə yıxılmış vəziyyətdə və qan içində olduğunu görüb. Daha sonra Şahid3 çağırıb və onun maşını ilə əmisini xəstəxanaya aparıb. Sonradan ona məlum olub ki, əmisini Tərlan vurub. Şahid1 ona verilən suallara cavab olaraq bildirib ki, Tərlanla əmisi Azərin arasında su quyusu üstündə mübahisə baş verib. Belə ki, Tərlan və onun yaxınları evlərinin həyətinə kəndin yuxarısındakı su quyusundan su çəkmək istəyiblər. Əmisi də dəfələrlə onlara bildirib ki, oradan su götürməsinlər. Həmin su quyusu əmisi Azərə məxsus olub. O, hadisə yerinə çatanda həmkəndlisi Dəyanət və Pərviz də orada olublar. Onun əvvəllər Tərlanla heç bir problemi olmayıb, lakin hadisə yerində Tərlan onun üstünə bıçaq çıxarıb. Həmin vaxt bıçağı Tərlana kimin verdiyini bilmir, ola bilsin ki, bıçaq Tərlanın özünə məxsus olsun. O, hadisə yerində heç bir mübahisə görməyib. O, hadisə yerinə çatanda Tərlanı yolun kənarında görüb. Şahid2la əmisi Azərin arasında hadisədən 1 gün əvvəl mübahisə olub. O hesab edir ki, əmisi Azərin bıçaqlanması sifarişlə həyata keçirilib. Ona görə ki, əmisini xəstəxanaya apardıqdan sonra o, kəndə qayıdıb və həmin vaxt əmisinin həyətində Tərlanın Naib adlı qohumu ona “Tərlan Azəri vurub yaxşı edib” deyib. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndilisidir, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 31 mart 2025-ci il tarixdə saat 11 radələrində Siyəzən şəhərindən mərhum anasının hüzur mərasimi üçün bazarlıq edib özünə məxsus olan Opel Astra minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı Siyəzən rayonu Daşlı Çalğan kəndinə gedən zaman, kənddən təxminən 1 kilometr kənarda yolun kənarında el arasında “İkramın əkini” deyilən əkin sahələrinin içərisində həmkəndlisi Dəyanət və Nicatın dayanmasını, bir nəfər şəxsin isə yerdə uzanmasını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün bir qədər yaxınlaşdıqda yerdə uzan şəxsə yəni Azərə nə olduğunu öyrənmək üçün Dəyanəti səsləmişdir. Dəyanətdə yerdə uzanıqlı halda olan Azərə nə olduğunu soruşmuşdur. Dəyanət ona Azəri bir qədər kənarda dayanmış Tərlanın bıçaq ilə vurmasını qan itirməsini bildirib birlikdə evə aparmalarını bildirib ona etiraz etməmişdir. Bir qədər kənarda dayanmış Tərlandan nə üçün Azəri bıçaq ilə vurduğunu soruşan zaman “mənim varyoxuma söydü, mən də dayana bilmədim onu bıçaqladım” demişdir. Tərlana baxan zaman özündə olmadığını görmüş və ona “utanmırsan ayıbdı sən də onu söy daha bıçaqla niyə vurursan” demişdir. Kömək etmək məqsədi ilə Azərə yaxınlaşan zaman onun üzünün və ayaqlarının qan olmasını görmüşdür. Bundan sonra Dəyanət və Nicat ilə köməkləşib Azər İbrahimovu onun idarə etdiyi avtomobilin ön sərnişin oturacağına əyləşdirmişlər və onu yaşadığı evə gətirib düşürüb oradan isə evinə getmişdir. Bundan başqa Şahid3 ifadəsində göstərmişdir ki, “İkramın əkini” deyilən yerə gələn zaman orada Dəyanət, Nicat, yerdə uzanıqlı halda olan Azər, onlardan bir qədər kənarda Təqsirləndirilən şəxs və onlardan kənarda Şərafəddinin oğlu Pərviz olmuşdur. Onlar arasında mübahisənin necə baş verməsini deyə bilmir. Onların yanına çatan zaman artıq heç bir mübahisə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması” haqqında 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Siyəzən şəhəri-Məşrif kənd avtomobilin yolunun sağ kənarında yerləşən ətrafı müxtəlif cinsli ağaclar olan kənd arasında “ Boyağlı” dərə adlanan yerdir. Həmin yerə asflat yoldan nahamar torpaqla düşülür. Həmin yeri asfalt yoldan 100 metr kənarda yerləşən torpaq örtüklü yoldan 100 metr kənarda yerləşən torpaq örtüklü yerdir. Hadisə baş verən yer yoldan aşağıda yerləşir. Hadisə yerində qana bənzər ləkələr vardır. Hadisə yerində 135 sm uzunluğunda ağac vardır. Ağac üzərində qana bənzər ləkələr vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri təqdim edərək həmin yerdə vurmasını, Zərərçəkmiş şəxs vurmamışdan əvvəl orada aşkar edilmiş ağac ilə onu vurmasını bildirmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra bıçağı həmin yerdə olan kolluq əraziyə atmasını bildirir. Hadisə yerindən bir ədəd ağac götürülüb. “Könüllü təqdim edilmiş əşyaya baxış keçirilmə və götürmə aparılması” haqqında 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən paltar bir ədəd tünd rəngli olmaqla ayaq hissələrində qana bənzər ləkələr olan, sol cibin yanında 2 sm və diz nahiyyəsində 2 sm ölçüdə kəsik olan şalvardır. Baxış keçirilən paltar iç boyun hissəsində “ YEGUA XXL” yazıları olan açıq qırmız rəngli üzərində qara rəngli düzünə gedən xəttləri, arxa sol tərəfində 2 sm ölçüdə kəsik izi və həmin izi ətrafında qana bənzər ləkələr olan uzun qol köynəkdir. Qısa qol köynək əsgəri formalı olmaqla sol arxa tərəfindən 2 sm ölçüsündə kəsik izi və həmin kəsik izinin ətrafında qana bənzər ləkələr vardır. Baxış keçirilən digər paltar isə boz rəngli olmaqla üzərində qana bənzər ləkələr olan maykadır. Paltarlar əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülərək protokola əlavə olundu.. “Könüllü təqdim edilmiş əşyaya baxış keçirilmə və götürmə aparılması” haqqında 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş əşya qatlanan, ümumi uzunluğu 20 sm (dəstəyi 11 sm tiyə hissəsi isə 09 sm ölçüdə olan), dəstəyi palıdı rəngli üzərində “Медведь” yazısı olan bıçaqdır. Bıçağın dəstəyinin 3 sm-lik hissəsi naxışlı metal materialından, qalan hissəsi isə taxta materialındandır. Tiyə hissəsində qana bənzər ləkələr vardır. Baxış keçirilən bıçaq əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülərək protokola əlavə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 58 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində başın alın nahiyəsinin və sol əlin yumşaq toxumalarının əziyi, sol bud nahiyəsinin qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, ağac parçası ilə yetirilə bilməsi inkar olunmur, törənmə müddəti bir-iki günə qədər olub 31 mart 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 63 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının arxa divarının plevra boşluğunda nüfuz edən, hemopnevmotoraks, sol 4-cü qabırğa və sol kürək sümüyünün sınıqları ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti 31 mart 2025-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya aid edilir. Bununla yanaşı alt çənə nahiyyəsinin sol yarısının bir ədəd və hər iki bud nahiyyəsinin hərəsinin 2 ədəd deşilmişkəsilmiş yaraları, alt çənədə 34-cü dişin travmatik sınığı aşkar olunmuşdur. Hamin xəsarətlər deşici-kəsici əşyanın təsirindən törənmişdir, bıçaqla yetirilə bilə, yetirilmə müddəti 31 mart 2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-balistik ekspertizasının 27 may 2025-ci il tarixli, 3/495 saylı rəyində tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində hər hansı bir dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3/661 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş köynəklərin, şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş köynəklərin hər hasi bir səthində olan bir ədəd zədə, şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predimetin təsiri nəticəsində yarnmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəklərin hər bir səthində olan bir ədəd zədənin, şalvarın səthində olan zədələrin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş köynəklərin hər bir səthində olan bir ədəd zədədə, şalvarın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş köynəklərin, şalvarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma müxanizmini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2025-ci il tarixli 63 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş Zərərçəkmiş şəxs əynində olmuş uzunqol köynəyin, qısa qol köynəyin, şalvarın üzərində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “ döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən ...” xəsarətlər təqdim edilmiş X3 əynində olmuş uzunqol köynəyin, qısa qol köynəyin hər birinin səthində olan bir ədəd zədə, şalvarın səthində olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Tədiqaqata təqdim edilmiş köynəklərin hər bir səthində olan zədənin, şalvarın səthində olan zədələrin yaranma müddətinin müəyyən olunması ilə bağlı trasologiyada tədqiqat metodu olmadığından müddəti müəyyən etmək mümkün deyil, tədqiqata təqdim edilmiş qolsuz maykanın səthində trasoloji zədə yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1579 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Keçirdiyi emosional halın yaranması situsiyası ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd tünd rəngli şalvar, “YEGUA XXL” yazıları olan açıq qırmız rəngli uzun qol köynək, 01 ədəd qısa qol köynək əsgəri formalı köynək, 01 ədəd boz rəngli mayka, təqsirləndirilən şəxsin hadisəni törətdiyi 01 ədəd, dəstəyi palıdı rəngli üzərində “Медведь” yazıları olan bıçaq maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs, müdafiəçisi və zərərçəkmiş şəxs cinayət işi və maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Siyəzən rayon İHB-nin Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Siyəzən rayonu, Daşlı Çalğan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixli arayışdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak edərək “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən veteran adı verilmişdir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 126.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirildi. Lakin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı X7 təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirərək, həmin hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının CM-nin 228.5-ci maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, CM-nin 228-ci maddəsində göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 15-ci bəndində göstərilmişdir ki, CM-in 228-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə sözügedən predmetləri könüllü təhvil verən, lakin əməlində başqa cinayətin tərkibi olan, o cümlədən silahdan və ya CM-in 228-ci maddəsi ilə ehtiva olunan digər predmetlərdən istifadə etməklə cinayət törətmiş şəxs CM-in 228-ci maddəsinin “Qeyd”inə əsasən hər bir halda bu maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və yalnız başqa cinayətə görə məsuliyyət daşımalıdır. Sadalanan predmetləri könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetlərə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetləri təqdim etməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında, eləcə də müəyyən növ silahı təhvilverməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyəsinə görə təhvil verilməsi onları könüllü təhvilvermə kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi təqsirləndirilən şəxs soyuq silah hesab edilən bıçağı könüllü olaraq təhvil vermişdir və onun həmin əşyanı təhvil verməkdəki motivinin (məsuliyyətə cəlb edilməkdən qorxması, başqasının tövsiyəsi və ya məcbur etməsi və.s) qeyd olunan təqdim etmənin könüllü təqdim etmə kimi qiymətləndirilməsinə heç bir təsiri yoxdur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət- Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısı X4 ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların – ekspert rəylərinin, təqsirləndirilən şəxsin etirafedici ifadəsinin, şahid ifadələrinin, istintaq və məhkəmə iclas protokollarının və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2025-ci il tarixli protokoldan və Siyəzən Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 aprel 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 03 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, ibtidai istintaq müddəti ərzində həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmış və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Siyəzən Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Siyəzən Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-404/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-404/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver