Məhkəmə qərarları › İş №1(124)-406/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-406/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-406/2024 15.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 10 avqust 1970-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Abşeron rayonu, Qobu qəsəbəsi, A.Həsənbalayev küçəsində nömrəsiz fərdi evdə yaşamış, hazırda Bakı İstintaq təcridxanasında “həbs”də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirmək qərarına gələrək əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib, 2023-cü ilin mart ayında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, A.Həsənbalayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki bağda ağacların arasında plastik vedrələrdə əkərək, müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 30 ədəd külli miqdarda çətənə kolu bitkisini yetişdirməklə kultivasiya etmiş, 17 may 2023-cü il tarixdə saat 00:50 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış keçirilərkən, evin bağ sahəsində 30 ədəd olmaqla yaş vəziyyətdə çəkisi 140 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 485,0 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, A.Həsənbalayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış və saxlamış, 17 may 2023-cü il tarixdə saat 00:50 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsnin əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağından həmin 485,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni özü üçün istifadə etmiş, 162 qram tütün ona Şəkidən göndərilmiş və evdə olmuşdur. Polis əməkdaşları tütünü də tərəziyə, ittiham verilən çəkinin üzərinə qoymuşdurlar. O gözətçi işləmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq təxmini 4-5 ildir ki, marixuana istifadə etdiyini, onun evində 200 qram çəkidə marixuana olduğunu bildirmişdir. Onun evində 200 qram qurudulmuş, 100 qram çəkidə isə yaş marixuana olmuş, qurudulmuş marixuana 2022-ci ildən qalmışdır. 2022-ci ildə isə 7 ədəd çətənə bitkisi əkmiş, qurudub saxlamışdır. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq onların evinə 7 nəfər polis əməkdaşının təxminən saat 15-16 radələrində gəldiyini bildirmişdir. Polis əməkdaşları evin qapısından onu saxlayaraq “oturun maşına, sizinlə işimiz var” demişdirlər. O da razılşaraq, polis əməkdaşları ilə bərabər bölməyə getmişdir. Polis bölməsinə getdikdən sonra isə baxış keçirmək üçün yenidən evə qayıtmışdırlar. Evə geri qayıtdıqda aqronom həyətdə olmuşdur. Artıq ikinci dəfə evə qayıtdıqda hava qaranlıqlaşmışdır. Polis Bölməsində onu bir neçə saat saxlamışdırlar. Polis əməkdaşları əvvəlcə yaşadığı evin həyətinə, daha sonra isə evin içərisinə baxış keçirmişdirlər. Özü hər şeyi polis əməkdaşlarına etiraf etmiş və yaşadığı evdən 200 qram narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən anası və arvadı evdə olmuş, daha sonra qaynı və qaynının arvadı da gəlmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, “Qara” ləqəbli Həmid Qobu qəsəbəsində narkotik vasitələrin marixuananın kultivasiyası ilə məşğul olmuş, onlar Həmidi öz yaşadığı küçələrində saxlamış, polis bölməsinə dəvət etmişdirlər. Daha sonra polis bölməsində təqsirləndirilən şəxsin özü “Bəli, evdə sellofana bükülü narakotik vasitə var” deyərək etiraf etmişdir. Narkotik vasitənin təxmini çəkisi 400 qram olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən 30-31 çətənə kolunu özünün əkib becərdiyi aşkar olunmuşdur. Əvvəlcədən Təqsirləndirilən şəxs tanımamışdır. O, 5 ildir ki, həmin kənddə işləmiş, onlara Həmidi “Qara” ləqəbi ilə səslədiklərini demişdirlər. Onlara daxil olan əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin əkilməsi və satışı ilə məşğul olması barədə olmuşdur. Həmid özü hər şeyi onlara etiraf etmişdir. Onlar təqsirləndirilən şəxsi saxlamaq üçün 2 nəfər getmişdirlər. Həmidin üzərinə baxış polis bölməsində həyata keçirilmiş, Həmid onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Polis bölməsində Həmidin üzərindən heç bir şey aşkar olunmamış, onlar yenidən Həmidin evinə qayıtdıqda vəkil, təhqiqatçı və səhv xatırlamırsa, aqronom da olmuş və hava qaranlıq olmuşdur. Aqronom lazımi sənədləri təhqiqat şöbəsinə təhvil vermişdir. Aqronom həyətə baxış keçirdikdən sonra “qulluq olunmuşdur” deyə fikrini bildirmiş və hansısa narkotik vasitənin adını da çəkmiş, amma dəqiq yadında qalmamışdır. Aqronom fikrini şifahi şəkildə bildirmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən sellofana bükülmüş və qurudulmuş vəziyyətdə marixuana aşkar olunmuşdur. Həmidin evinə baxış keçirilərkən vəkil də iştirak etmişdir. Onlar Həmidin evindən tütün, bıçaq və s. əşya götürməmişdirlər. Şahid X3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 1 ay müddətdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşıması və eyni zamanda yaşadığı evin həyətində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, 17 may 2023-cü il tarixdə onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, ondan başqa sahənin polis nəfəri, polis serjantı Şahid2 əməliyyat qrupun üzvü olmuşdur. Bundan sonra, 17 may 2023-cü ildə təxminən saat 00:30 radələrində əldə etdiyi məlumat əsasında, onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi A.Həsənbalayev küçəsinə gəlmişdilər. Həmidi yaşadığı evin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs evlərinin yaxınlığında dayandığını görmüşdülər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və Həmidin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində saxlayaraq daşımasında, həmçinin narkotik vasitələrin kultivasiyasında şübhəli olduğunu bildirib, əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməli olduğunu bildirmişdilər. Onlar Həmidlə birlikdə Abşeron RPİ-nin Qobu PB-nə gəlmişdilər. Orada xidməti otaqların birində Həmidin üzərinə baxış keçirilməyə başlanmışdır. Belə ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, Məmmədxan Həsənov tərəfindən Həmidə hüquq və vəzifələri izah edilməklə, vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan heç bir əşya və predmet olmaması inandırıcı olmadığı üçün tərəflərindən Həmidin üzərinə baxış keçirilmiş və həqiqətən də qanunla qadağan olunan heç bir şey tapılmamışdır. Lakin, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını və evinin həyətində isə təxminən 27 ədəd çətənə kolu əkdiyini bildirmişdir. Bundan sonra onlar birlikdə Həmidin yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki nömrəsiz evinin qarşısına gəlmişdilər. Onlar, aqronomun və müdafiəçisinin iştirakı ilə Həmidin evinin həyətində baxış keçirmişdilər. Baxış zamanı evin həyətindən ayrı-ayrı yerlərdə olmaqla ümumilikdə 30 ədəd kiçik və orta ölçülü çətənə kolları aşkar etmişdilər. Təqsirləndirilən şəxs həmin kolları 2023-cü ilin mart ayında əkdiyini aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Aqronom da həmin kollara baxaraq çətənə kolu olmasını və aqrotexniki qaydada qulluq olunduğunu rəy yazaraq bildirmişdir. Bundan sonra həmin çətənə kolları tərəflərindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Daha sonra üzərində iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq olunaraq tərəflərindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evində də narkotik vasitə saxladığım bildirmişdir. Həmidlə birlikdə evə daxil olmuşdular. Həmid evində yataq otağında olan termonun sol tərəfdə olan birinci siyirtməsindən ağ rəngli sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı da çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 1 il əvvəl evinin həyətində əkdiyi çətənə kollarından əldə etdiyini bildirmişdir. Həmid həmin narkotik vasitəni özü istifadə etmək üçün evində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə tərəflərindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Daha sonra üzərində iştirakçılar və Həmid tərəfindən imzalarla təsdiq olunaraq tərəflərindən götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahəsinin polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, qrup rəhbərinə daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs yaxınlaşaraq Qobu rayon Polis Bölməsinə dəvət etmiş və polis bölməsində təqsirləndirilən şəxs hər şeyi səmimi etiraf etmişdir. Daha sonra isə vəkilin, təhqiqatçının, aqronomun iştirakı ilə Həmidin yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində təxminən 30 ədəd marixuana, evində isə 300-400 qram quruldumuş marixuana aşkar olunmuşdur. O, hər iki baxışda iştirak etmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin həyətində çətənə kolları əkdiyi məlum olmuşdur. Onlarda bu barədə tam məlumat olmamış, sadəcə olaraq şübhə olduğu üçün dəqiqləşdirmişdirlər. Təqsirləndirilən şəxs onlara qarşı heç bir tabesizlik göstərməmiş, evinə baxış keçirilərkən ailə üzvlərindən heç kim olmamışdır. Baxış zamanı iştirak etmiş aqronom artıq ölmüşdür. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o, X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitəni və psixatrop maddəni üzərində gəzdirməsi, istifadəsi ilə məşğul olması, həmçinin yaşadığı evin həyətində əkib kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 17 may 2023-ci il şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə üzərində qanunla dövriyyəsi qadağan olunan heç bir predmet və əşya olmadığını, ancaq yaşadığı Qobu qəsəbəsi A.Həsənbalayev küçəsində yerləşən evin həyətində narkotik vasitə olan çətənə kollarını əkib-becərməsini və evdə qurudulmuş marixuana olduğunu bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı əşya və predmet aşkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 17 may 2023-ci il tarixli “axtarış və götürülmə aparılması” haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs bağda ağacların arasında vedrələrin içərisində əkdiyi yaşıl rəngli yarpaqları olan, spesifik iyə malik narkotik vasitə olan çətənə kollarını göstərərək narkotik vasitə olmasını, özü istifadə etmək üçün 2023-cü ilin mart ayında əkməsini və xüsusi qulluq göstərməsini bildirdi. Həmin kollar aqronomun iştirakı ilə torpaqdan çıxarılaraq sayılır və ümumilikdə 30 ədəd olması müəyyən edilir. Həmin bitkilər zərfə qoyularaq möhürlənir və zərf iştirakçılar tərəfindən imzalandır. Təqsirləndirilən şəxs evinin içərisində baxış keçirilməsinə etiraz etmədikdən sonra yataq otağında olan termonun 1-ci siyirnəsindən 1 ədəd ağ rəngli sellofan torba aşkar edilərək götürülür. Həmin sellofan torba açıldıqda içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilir. Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını və 1 il əvvəl həyətində əkib-becərdiyi vaxtdan qalmasını, öz istifadəsi üçün orada saxlamasını bildirir. Cinayət işinin materiallarında olan 17 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş 30 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış və suvarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 17 may 2023-cü il tarixli 7/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı,..» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ rəngli üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı sayı 30 (otuz) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 140 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən, təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 5950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 2725 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 19 may 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” və 07 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 484,8 qram qurudulmuş marixuana və 138,5 qram çətənə bitkiləri maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 17 may 2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşero RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 484,8 qram qurudulmuş marixuana və 138,5 qram çətənə bitkiləri məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 484,8 qram qurudulmuş marixuana və qalıq qalmış 138,5 qram çətənə bitkiləri məhv edilsin, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar