Məhkəmə qərarları › İş №1(124)-408/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-408/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-408/2022 25.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 11 avqust 1980-ci il tarixdə Yardımlı rayonu, Gendərə kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Sumqayıt şəhər məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 105,12 qram, xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 9,141 qram, xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi əldə edərək üzərində və yaşadığı evin həyətində saxlanc yeri kimi istifadə olunan anbarda saxlamış, 16 mart 2022ci il tarixdə, saat 19 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 12-ci mikrorayon, 21 saylı evin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin bir hissəsi, yəni 01 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 3,620 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 16,667 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmçinin əməliyyataxtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, «Yaşıldərə» yaşayış massivi fərdi evin həyətində saxlanc yeri kimi istifadə olunan anbara baxış nəticəsində 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 5,521 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 88,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü metal rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitənin satışı ilə məşğul olmayıb. Polis əməkdaşları tərəfindən tutulmazdan 3-4 gün əvvəl narkotik vasitəni “20 Yanvar” yaxınlığında tanımadığı şəxsdən almış, aldığı narkotik vasitəni üzərində götürərək rayona getmək üçün yola düşmüş, lakin sonradan işi alınmadığı üçün geri qayıtmalı olmuşdur. Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 21-ci binanın qarşısında polislər onu tutduqları vaxt üzərindən 15-16 qram narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, tanımadığı şəxsdən 100 qram çəkidə narkotik vasitə almış və narkotik vasitəyə görə həmin şəxsə 500-600 manat civarında pul vermişdir. Həmin narkotik vasitənin bir hissəsi evində, bir hissəsi isə üzərində olmuşdur. Rayona getdiyi üçün narkotik vasitənin bir hissəsini istifadə etmək məqsədi ilə özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına cavab olaraq göstərdi ki, üzərində heroin və metanfetamin olmuş və üzərində başqa narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, fəhlə işləməklə bir günə 40-50 manat qazancı olmuşdur. Tutulmamışdan 5-6 ay əvvələ qədər narkotik vasitədən istifadə etməyə başlamış, hər gün gün ərzində 4-5 qram narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmişdir. Həmçinin məhkəməyədək icraat zamanı ona qarşı hər hansı formada fiziki zorakılıq tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ona daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində 21 nömrəli binanın qarşısında saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində onun üzərinə vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən, bir büküm heroin və bir büküm də metamfetamin aşkar edilmişdir. O, evinin zirzəmisində də narkotik vasitə olduğunu etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs evinin zirzəmisində keçirilmiş baxış zamanı narkotik vasitə və tərəzi aşkar edilmişdir. Həmçinin ifadəsində daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitənin gəzdirilməsi, istifadəsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, mart ayında daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişir. Təqsirləndirilən şəxs üzərində olan iki büküm narkotik vasitəni təqdim etmiş, həmin bükümlərdən birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu demişdir. Həmçinin üzərində aşkar edilənləri Bakı şəhərində tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və o, polis əməkdaşlarına evinin zirzəmisində olan narkotik vasitə olan heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən və evdən aşkar aşkar edilən narkotik vasitənin dəqiq çəkisi yadında olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa nə aşkar edildiyi də yadında qalmamışdır. Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edilməsi, istifadəsi və satması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmışdır. O qrupun digər üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon 21 saylı evin yaxınlığına getmişlər. Həmin gün saat 19 radələrində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduqlarını və orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. PB-də xidməti otaqlarının birində təhqiqatçı Rəşad Məhərəmov özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli bükümü təqdim etmişdir. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində “kakos” olduğunu, digər bükümdə “şüşə” olduğunu, “kakos” adlanan narkotik vasitə heroini və “şüşə” adlandırdığı psixotrop maddə metamfetamini 4-5 gün əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 150-200 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 125 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçının göstərişi ilə Azad İstafilovun üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda az miqdarda narkotik vasitə olduğunu bildirdiyi üçün onlar həmin gün Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evə getmişlər. Təqsirləndirilən şəxs özü yaşadığı evin həyətində olan və saxlanc yeri kimi istifadə olunan yarımtikilidə üzərində “Patron” yazısı olan günəbaxan tumu paketini təqdim etmişdir. Həmin paketin içərisinə baxış keçirilən zaman orada 01 ədəd gümüşü rəngli korpusu olan elektron tərəzi, 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində “kakos” olduğunu, digər bükümdə “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda əlavə narkotik vasitə olmadığını, aşkar olunmuş tərəzidən isə öz istifadəsi üçün narkotik vasitənin çəkisini bilmək üçün istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etidyi narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr, o cümlədən 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 125 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və eləcə də satışı ilə bağlı əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, video görüntü 14 dəqiqə 45 saniyədən ibarətdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli bükümü təqdim edir. Bükümlərdən birinin içərisində qəhvəyi rəngli, digər bükümün içərisində isə ağ rəngli kristal formada maddələr olduğu aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni hadisə baş verməmişdən 4-5 gün əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 150-200 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 125 saylı möhürü ilə möhürlənir. “Şəxsi axtarış” zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda da az miqdarda narkotik vasitə olduğunu bildirir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Sumqayıt şəhəri «Yaşıldərə» bağlar massivində yerləşən evi və anbarına baxış keçirilməsinə icazə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Yaşayış sahəsinə və saxlanc yerinə baxış keçirilməsi barədə” protokol və protokoun əks etdirdiyi əməliyyataxtarış tədbirinin görüntüləri olan eyni DVD diskdə saxlanan video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, «Yaşıldərə» yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətində saxlanc yeri kimi istifadə olunan yarımtikilidə üzərində «Patron» yazısı olan günəbaxan tumu paketini təqdim edir. Həmin paketin içərisinə baxış keçirilən zaman orada 01 ədəd gümüşü rəngli korpusu olan elektron tərəzi, 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli maddə və 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin və digər bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda əlavə narkotik vasitə olmadığını, aşkar olunmuş tərəzidən isə öz istifadəsi üçün narkotik vasitənin çəkisini bilmək üçün istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etidyi narkotik vasitə və psixotrop maddə, o cümlədən 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1541 saylı rəyi ilə müəyyən edilir ki, üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün № 125 dairəvi möhür əksi və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan kütlə - 01 ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 88,453 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdəki təmiz çəkisi 5,521 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün № 125 dairəvi möhür əksi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə - 01 ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi-3,620 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 16,667 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün № 125 dairəvi möhür əksi və Təqsirləndirilən şəxs yaşadığı evinin anbarından aşkar olunan 1 ədəd elektron tərəzi - 01 ədəd kağız zərfdəki 01 ədəd arxa hissəsində “200g/0,01 g QC PASS” yazı əlavəsi olan gümüşü metal rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evinin anbarından aşkar olunan ümumi təmiz çəkisi 9,141 qram olan metamfetamin bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evinin anbarından aşkar olunan ümumi təmiz çəkisi 105,12 qram olan heroin bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “maddi sübut kimi tanıma haqqında” və “sübutları qiymətləndirmə haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 105,12 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 9,141 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkiləri müvafiq olaraq 104,92 qram narkotik vasitə heroin, 8,941 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Həmçinin “Şəxsi axtarış keçirilməsi” və “baxış keçirilməsi” haqqında 16 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin video çəkiliş görüntülərini əks etdirən 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 2873 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt bələdiyyəsi Yeni yaşayış massivi 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Sumqayıt şəhəri “Yaşıldərə” Yeni yaşayış massivi 2-ci məhəllə 1 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə ev 286/A ünvanında qeydiyyatsız yaşayır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayət kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 03 (üç) ay 01 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, çəkilməmiş cəzanın müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətdiyi üçün onun əməlində cinayətlərin residivi vardır və bu Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşdə olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətinin saxlanc yerindən götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 8,941 qram psixotrop maddə olan metamfetamin, 104,92 qram narkotik vasitə olan heroin məhv edilməli, “şəxsi axtarış” və “baxış” əməliyyat axtarış tədbirlərinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 104,92 qram narkotik vasitə heroin, 8,941 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. “Şəxsi axtarış” və “baxış” əməliyyat axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar