Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-408/2024 19.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Gəgəli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Mexaniki Dəstə-23 yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ortaq tanışları olan qıza görə xx.xx.2023-cü il tarixdən etibarən aralarında mübahisə baş verən xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tərəfindən telefon danışıqları və “Whatsapp” ani mesajlaşma mobil əlavəsi vasitəsi ilə mesajlaşma zamanı davamlı təhdid olunub, bununla bağlı aralarında növbəti sözlə mübahisədən sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana gəlib azyaşlı qardaşı, xx.xx.2009-cu il təvəllüdlü Şahid3 evin həyətində döyərək ona boyunun aşağı 1/3-nin sağ və sol yan səthlərinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyini bildikdən sonra Zərərçəkmiş şəxs onunla mobil telefon vasitəsi ilə mübahisələri davam etdirməsindən və xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onunla söhbət edib aralarında olan münasibətlərə aydınlıq gətirmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Mexaniki Dəstə-23 yaşayış massivində yerləşən yaşadığı fərdi yaşayış evinin yaxınlığına - Aşıq Ələsgər küçəsinə gəlib onu çağırdıqdan sonra Zərərçəkmiş şəxs onu söyərək təhqir etməsindən və döyərək boyunun yuxarı 1/3-nin sol yan səthinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməsindən əsəbləşib sonuncunu qəsdən öldürmək qərarına gələrək yaşadıqları evə gedib oradan tiyəsinin uzunluğu 136 mm, dəstəyinin uzunluğu 121 mm olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb küçədə dayanıb onu gözləyən Zərərçəkmiş şəxs yaxınlaşaraq öldürmək niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsindən bıçaqla 1 zərbə vurub sonuncunun boyunun aşağı 1/3-nin sağ yan səthinin sağ döş qəfəsinə nüfuz edən sağ ağ ciyəri, sağ körpücükaltı arteriyanı yaralayan sağ döş boşluğuna qanaxma ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan boyunun aşağı 1/3-nin sağ yan səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sərdarla tanışlıq münasibətləri olmuş, yaxınlıqları olmamışdır. Evdə olarkən qardaşı gələrək Sərdar adında bir nəfərin onun çağırdığını demişdir. O da qardaşına onun evdə olmadığını deməsini bildirmişdir. Qardaşı da onun evdə olduğunu, lakin ailə üzvlərinin çölə çıxmağa qoymadığını demişdir. Sərdar təkidlə qardaşına onu çağırmasını bildirmiş, qardaşı da qorxutmaq məqsdilə yerdən daş götürərək getməsini, yoxsa daş atacağını demişdir. Qardaşı daşı atanda qonşunun qapısına dəymişdir. Özü arxa otağa keçib paltarını geyinmiş, bu vaxt qardaşı əli boğazında ağlaya-ağlaya içəri girmişdir. Sərdara zəng edərək uşağa qarşı niyə belə hərəkət etməsini soruşmuş, o da market tərəfdə olduğunu, gəlməsini bildirmişdir. Orada Sərdar qardaşından üzr istəmiş, aralarında olan qız söhbətindən danışmışlar. 2-3 gün keçəndən sonra Sərdar ona mesaj yazaraq məhəllə tərəfə gəlməsini demişdir. 6 nömrəli məktəbin yaxınlığında görüşmüşlər. Sərdar onun boğazından tutaraq sıxmış, o isə əli ilə Sərdarı itələmişdir. Sonra Sərdar onu vurmağa başlamış, söyüş söymüşdür. Sonra o, Sərdara “gəl sizin məhəllə tərəfə gedək” demiş, məhəllə tərəfdə Sərdar ona “bura adam çağıracaqsan?” demiş, o isə “heç kimi çağıran deyiləm” deyə bildirmişdir. Qorxutmaq məqsdilə evdən bıçaq götürmüş, yanına gedərək söyüşə aydınlıq gətirməsini istəmişdir. Çiyninə vurmaq üçün bıçağı fırlatmaq istəyəndə Sərdarın boğazına dəymiş, boğazından qan açıldığını görmüş, 50-100 metr qaçandan sonra bıçağı tullamış, nənəsigilə getmiş, xalasına adam bıçaqladığını demiş, polislər qapının ağzına gəlmiş, onlara Sərdarı vurduğunu etiraf etmişdir Sərdarla aralarındakı qız söhbəti əsas məsələ olmamışdır. O qızı özü əvvəlcədən tanımışdır. Sərdar ona “mən bu qızı sevirəm, o da məni sevir” demiş, o isə “ Allah xoşbəxt etsin” deyə cavablamış, söhbət bağlanmışdır. Başqa bir qonşunun həmin qızla əlaqəsi olmuş, Sərdar ondan qonşunun o qızla əlaqəsi olub-olmadığını soruşmuş, o da “qohumun nömrəsini verim, özünüz danışın, mənə problem yaratmayın” demişdir. Sadəcə qorxutmaq üçün bıçaq götürmüş, Sərdarı öldürmək niyyəti olmamışdır. Sərdarın şəxsi işlərinə qarışmamış, onun qonşu ilə problemi olmuşdur. Sərdarı gözübağlı vəziyyətdə vurmuş, ona bıçağı arxadan vurmamışdır. Orada bir qadın onların mübahisə etdiklərini görmüşdür. Sərdar yaşlı qadına “söhbət edirik, gəzirik, heç bir problem yoxdur” demişdir. Sərdarı bıçaqlayandan sonra qaçdıqda həmin qadını görmüş, həyəcanlanmış, gözləri qaralmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mexaniki Dəstə-23 yaşayış massivində atası Şahid4 məxsus fərdi yaşayış evində atası, anası Şahid5, özündən kiçik bacısı Fərqanə Mirzəyeva və qardaşı Şahid3lə birlikdə yaşamışdır. 2022-ci ildə məktəbi bitirmiş və heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs Qobu qəsəbə sakini olmuşdur. Sərdar yaşadığı evin yaxınlığında yerləşən 6 saylı orta məktəbdə təhsil almışdır. Bildiyi qədəri ilə Sərdar hazırda universitet tələbəsi imiş. Sərdar onların evlərinin yaxınlığında yerləşən 6 saylı orta məktəbdə oxuduğundan o, Sərdarı uşaqlıqdan tanımışdır. Sərdarla onun tanışlıqları olsa da, dostluqları olmamış, yalnız rastlaşdıqları vaxtlar salamlaşıb, bir-birilərindən kef-əhval soruşmuşlar. Sərdarla heç vaxt haradasa oturub söhbət etməmişdir. Uşaq yaşlarından məhəllələrində yaşayan Fidan adlı qızı sevmişdir. Lakin bu barədə Fidana heç bir söz deməmiş və sonuncunun da bundan xəbəri olmamışdır. Fidan isə Sərdarı sevmiş, bir müddət imiş ki, Fidan və Sərdarın arasında sevgi münasibəti olmuşdur. Sərdar Fidana görə onların məhəllələrinə tez-tez gəlib getmişdir. Fidan və Sərdarı bir neçə dəfə məhəllərində birlikdə söhbət edərkən görmüşdür. Sərdar həm də Fidanı hazırlığa aparıb gətirmiş, evinə ötürmüşdür. Bildiyi qədər Fidan Sərdardan əvvəl qonşuları Hüseyn adlı oğlanla da sevgili olmuşdur. Fidanın Hüseynlə əvvəllər sevgili olmasını Sərdara kimsə demişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında məhəllələrində Sərdarla rastlaşmışdır. Həmin vaxt Sərdar ondan Fidanla Hüseynin əvvəllər sevgili olub-olmadıqlarını soruşmuş və Sərdara bu barədə eşitdiyini demişdir. Sərdar ondan Hüseynin hazırda harada olduğunu və mobil nömrəsini soruşmuşdur. Sərdara Hüseyinin hazırda hərbi xidmətdə olduğunu, mobil nömrəsini bilmədiyini, xalası oğlu Emilin mobil nömrəsini bildiyini demişdir. Daha sonra Sərdar ona öz mobil nömrəsini vermiş və o, Emilin mobil nömrəsini “WhatsApp” tətbiqində Sərdara göndərmişdir. Daha sonra isə Sərdar çıxıb getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Sərdar “WhatsApp” tətbiqində ona yazmış və Fidanla Hüseynin əvvəllər sevgili olduğunu bilib bu barədə demədiyi üçün iradını bildirmişdir. Həmin gün günorta saatlarında yaşadığı evdə olmadığı vaxt X7 arasında olmuş münasibətlə bağlı onunla danışmaq üçün yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt, yaşadıqları evin həyətində giriş qapısını onun balaca qardaşı Hüseyn açmışdır. Sərdar Hüseyndən onu soruşmuş, Hüseyn isə onun evdə olmadığını bildirmişdir. X8 dediklərinə inanmayıb, onu çağırmasını israr edincə, qardaşı Hüseyn təhqiramiz söyüş söyərək, yerdən daş götürüb Sərdarı vurmaq istəmiş, Sərdar isə Hüseynin boğazında tutub sıxaraq sonuncunu itələmişdir. Hüseyn bu barədə ona, atasına və anasına məlumat vermişdir. Ona görə də, həmin gün o, “WhatsApp” tətbiqində Sərdara atası ilə anasının sonuncunu görməməsi üçün bir müddət Mexkolona (Mexaniki Dəstə – 23 yaşayış massivi) gəlməməsini demişdir. Sərdar isə bunu səhv başa düşüb sonuncuya Mexkolona gəlməyi qadağan etdiyini düşünmüşdür. Ona görə də, Sərdar “WhatsApp” tətbiqində “heç kim mənə “Mexkolona gəlməyi qadağan edə bilməz” məzmunda səsli mesaj göndərmişdir. Sərdar “WhatsApp” tətbiqində onunla görüşmək istədiyini, Mexkolona gələcəyini, gəldiyi vaxt xəbər edəcəyini də yazmışdır. Hətta Sərdar “WhatsApp” tətbiqində qardaşı Hüseyni nəzərdə tutaraq təhqiramiz söyüşlərlə səsli mesaj da göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:40-da Sərdar “WhatsApp” tətbiqində “Fərid hardasan? mən yazanda çıx çölə” məzmunlu mesaj yazmışdır. Bundan sonra Sərdara çıxacağını yazmışdır. Saat 16:00-da Sərdar “WhatsApp” tətbiqində ona mesaj yazaraq məktəbin yanında olduğunu bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra 6 saylı orta məktəbin yanında olmuşdur. Sərdarla danışa-danışa məhəllədə gəzməyə başlamışlar və məktəbdən təxminən 200-300 metr uzaqlaşmışlar. Söhbət zamanı Sərdar Fidanın əvvəllər sevgili olduğu Hüseynin, xalası oğlu Emilin onun verdiyi mobil nömrəsinə zəng çatmadığını deyib, Emilin başqa nömrəsinin olub-olmadığını soruşmuşdur. Sərdara bilmədiyini demişdir. Daha sonra isə Sərdar “qardaşıvı yığışdır, onu başa sal ki özündən böyüyü söyməsin” deyərək irad tutmuşdur. Sərdara “sən nəsə eləmisən ki, qardaşım Hüseyn səni söyüb, daşla vurmaq istəyib” dedikdə, Sərdar əli ilə onun boğazından tutub sıxmağa başlamış və təhqiramiz söyüş söymüşdür. Daha sonra Sərdar, əvvəlcə digər əli ilə onun sifətindən yumruqla zərbə vurmuş və sonra isə əlini boğazından çəkib, həmin əli ilə də, sifətindən zərbə vurmuş və yenidən təhqiramiz söyüş söymüşdür. Həmin vaxt Sərdarı vurmamış və söyməmişdir. Sərdarın onu vurması, boğazını sıxması və ünvanına dediyi sözlər çox pis təsir etmiş və yaşadığı evdən bıçaq götürüb Sərdarı ayağından bıçaqlayaraq cəzalandırmaq qərarına gəlmişdir. Ona görə də Sərdardan sakitləşməsini tələb edib “gəl gedək bizim ev tərəfə, narahat olma sənin üstüvə adam gətirmiyəcəm, sənin üstüvə adam gətirən belə-belə olsun, evə dəyib qayıdacam” demişdir. Sərdarla mübahisələri təxminən 5 dəqiqə davam etmişdir. Daha sonra Sərdarla birlikdə 6 nömrəli məktəb istiqamətində gəlmişlər. Məktəbin yanına çatdıqda Sərdar “Burada səni gözləyirəm, get evə tez qayıt” demişdir. Yaşadıqları evə gedib mətbəxdəki bıçaqlardan birini götürüb, əynindəki şalvarın arxasına salaraq orada gizlətmiş və Sərdarın yanına qayıtmışdır. Həmin vaxt Sərdar məktəblə üzbəüz, qarajların yanında dayanmışdır. O, yaxınlaşıb Sərdara “başın getməsin” demişdir. Sərdar isə ona təpik atsa da, o, arxaya doğru çəkildiyi üçün zərbə ona dəyməmişdir. Zərbənin dəymədiyini görən Sərdar yaxınlaşıb bir əli ilə əynindəki köynəyin yaxasından tutub digər əli ilə onu yumruqlamağa başlamışdır. O isə yumruq zərbələri onun üzünə dəyməsin deyə başını aşağı əymişdir. Elə bu vaxt, şalvarının arxasında gizlətdiyi bıçağı sağ əli ilə çıxardıb Sərdarı belindən vurmaq istəmişdir. O, bildiyi qədərilə vurduğu bıçaq zərbəsi Sərdarın belindən dəymişdir. Daha sonra gözlərini yumub təhqiramiz söyüş söyərək bıçaqla Sərdara daha iki dəfə zərbə vurmuşdur. Bıçaq zərbələri Sərdarın üzündən və boğazından dəymişdir. Bundan sonra əlində bıçaq “Kazbek” kafesi istiqamətində qaçmağa başlamışdır. İki-üç addım atdıqdan sonra, dönüb arxaya baxdıqda Sərdarın əli ilə boğazını tutduğunu, boğazından qan axdığını, fışqırdığını görmüşdür. Təxminən 100 metr sonra əlindəki bıçağı tullamışdır. Daha sonra yaxınlıqda yaşayan nənəsi Şövkətgilə getmişdir. Nənəsi Şövkətə və xalası Xalidəyə adam bıçaqladığını demişdir. Bir qədər sonra anası və dayısı da nənəsigilə gəlmişdir. Dayısı polislərin gəldiyini, stadion tərəfdə olduqlarını bildirmişdir. Daha sonra anası ilə birlikdə stadiona gedib oradakı polis əməkdaşlarına adam bıçaqladığını demişdir. Təqsirləndirilən şəxs ifadəsində hadisənin 22 iyul 2023-cü il tarixdə saat 16 radələrində baş verdiyini, Sərdarla mübahisələrinin təxminən 1 dəqiqə çəkdiyini bildirmişdir. Evdən bıçaq götürüb Sərdarın yanına qayıtmağı və sonuncunu bıçaqla vurmağı təxminən 1 dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı bıçaqla Sərdara üç zərbə vurduğunu hesab etmişdir. Zərbələrdən biri Sərdarın belinə, biri üzünə, biri isə boğazına dəymişdir. Sərdara zərbə vurarkən başını aşağı doğru əymiş və gözlərini yummuşdur. Ona görə də, Sərdara konkret neçə bıçaq zərbəsi vurduğunu, zərbələrin sonuncunun harasından dəyməsini tam dəqiqliyi ilə deyə bilməmişdir. Sərdarı vurduğu bıçağı evdə mətbəxdən götürmüşdür. Bıçağın dəstəyi göy rəng, tiyəsi isə gümüşü rəngli olmuşdur. Fikrincə hadisəni yalnız qonşuluqda yaşayan adını bilmədiyi bir qadın görmüşdür. Çünki Sərdarı bıçaqla vurduğu vaxt həmin qadının qışqırdığını görmüşdür. Hadisə vaxtı Sərdar onun sifətindən və gicgah nahiyəsindən yumruq zərbələri vurmuş və boğazından tutaraq sıxmışdır. Həmin vaxt yalnız boğazından xəsarət almışdır. Yaşadığı evdən bıçaq götürüb Sərdarın yanına qayıtmaqda məqsədi onu söydüyü üçün Sərdarı ayağından bıçaqlamaqla cəzalandırmaq olmuşdur. Lakin həmin vaxt Sərdarı ayağından vura bilməmişdir. Hadisə vaxtı əynində qara rəngli üç düymə köynək, qara rəngli cins şalvar, göy rəngli tuman, boz rəngli çəkələk olmuşdur. Bildiyi qədəri ilə hadisə vaxtı Sərdarın qanı paltarlarına bulaşmamışdır. Sərdarın əynində isə qara rəngli köynək və açıq rəngli şalvar olmuşdur. Hadisə vaxtı spirtli içki qəbul etməmiş, hadisəni törədərkən spirtli içkinin təsirində olmamışdır. (cild 1, iş vərəqə 73-76, cild 2, iş vərəqə 88-91) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun oğlu olmuşdur. Sərdar isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayner fakültəsinin birinci kursunu bitirmişdir. Onların heç kəslə ədavət və düşmənçilikləri olmamışdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs və ya sonuncunun valideynlərini əvvəlcədən tanımamışdır. Sərdar sakit təbiətli, namaz qılan bir uşaq olmuşdur. 22 iyul 2023-cü il tarixdə saat 17 radələrində arvadı zəng edərək bir nömrə vermiş və həmin nömrə ilə tez əlaqə saxlamağını istəmişdir. Bundan sonra həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrə Sərdarın orta məktəb müəlliminə aid olmuş və ona “Sərdarı bıçaqlayıblar, vəziyyəti pisdir, tez özünüzü Respublika Klinik Xəstəxanasına çatdırın” demişdir. Həmin vaxt evdə olmuşdur. Bundan sonra böyük oğlu Sərvan və qardaşı Asif ilə Respublika Klinik Xəstəxanasının TTY şöbəsinə getmişdir. Xəstəxanaya çatdıqdan sonra oğlunun xəstəxanaya aparılarkən yolda öldüyünü öyrənmişdir. O, Sərdarın özündən yaşca kiçiklərə əl qaldırmadığını bildirmişdir. Bu səbəbdən Fəridin Sərdar haqqında dediyini, yəni Sərdarın hadisədən bir neçə gün əvvəl Fəridin kiçik qardaşını döyərək xəsarət yetirməsini və buna görə aralarında yaranmış mübahisə zamanı Fəridin Sərdarı öldürdüyünü şər və böhtan hesab etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 20 iyul 2023-cü il tarixdə saat 13 radələrində yaşadıqları evin qapısı döyülmüş və Sərdar qapıdan Fəridi küçəyə çağırmışdır. Fərid isə Sərdara cavabında “məni evdən çıxmağa qoymurlar” demişdir. Sərdar isə “sən gəl mən səni gözləyirəm” demişdir. Bu zaman Fərid yan otağa əynini geyinməyə getmişdir. Bundan sonra səsə çölə çıxmışdır. Çünki Sərdar yenə də qapını bərk döymüşdür. Həmin vaxt evdə ondan və Fəriddən başqa heç kəs olmamışdır. Sərdara yaxınlaşaraq “qapını niyə bərk döyürsən, bəlkə evdə adam var” demişdir. Sərdar “sən uşaqsan mən qardaşınla söhbət edəcəm get qardaşın gəlsin” demişdir. Sərdara “dedi axı gəlməyəcək, sən niyə qapını döyürsən?” demişdir. Bundan sonra qapını örtmək istəsə də, Sərdar qapını tutmuşdur. Sərdarı itələyib evdən çıxarmağa çalışan zaman sonuncu boğazından tutaraq aşağı basmış və “mən sənə dedim axı get qardaşını çağır qardaşın gəlsin” demişdir. Sonra Sərdar onu yaxasından tutub qaldırmış və evin həyətinə itələmişdir. Bundan sonra Sərdarın arxasınca küçəyə çıxmış və sonuncunun arxasınca daş atmışdır. Atdığı daş qonşunun darvazasına dəymişdir. Bundan sonra evə girmiş və hirsindən ağlamışdır. Fərid ondan Sərdarın hara getdiyini soruşduqda “üzüyuxarı getdi” demişdir. Fərid daha sonra küçəyə çıxmış, bir müddətdən sonra isə geri gəlmişdir və “arxasınca getdim tapa bilmədim” demişdir. Hadisə ilə bağlı valideynlərinə məlumat vermişlər. Anası 102 xidmətinə zəng etməyi məsləhət görsə də, atası uşaqlar arasında olan məsələni bu səviyyədə böyütməyə etiraz edərək anasının 102 xidmətinə zəng etməyinə icazə verməmişdir. Bu hadisədən sonra Sərdarı görməmişdir. Saat 17 radələrində bir neçə uşaqla “playstation” oynayıb çıxmışdır. Həmin oyun yeri evlərinin yaxınlığında yerləşmişdir. Ordan çıxan vaxt kimsə ona “aşağıda bir nəfər nəfəri bıçaqlayıb” demişdir. Bundan sonra həmin uşaqlarla hadisə baş verən yerə getmişdir. Hadisə yerinə gedəndə qardaşını polislərin gətirdiyini görmüşdür. Bundan sonra Fəridin Sərdarı bıçaqlayaraq öldürdüydünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Mexaniki dəstə - 23 yaşayış massivi, Aşıq Ələsgər küçəsidir. Yaxınlıqda yaşayış evləri, 6 saylı tam orta məktəb və "xxxx" MMC-yə məxsus müəssisə yerləşir. Hadisənin baş verdiyi yerdə olan iki ədəd qanaoxşar ləkədən 02 ədəd nümunə pambıq tampon vasitəsi ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 4-9) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 103 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı boyunun aşağı 1/3-nin sağ yan səthinin 1 (bir) ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Boyunun aşağı 1/3-nin sağ yan səthinin deşilmiş-kəsilmiş yarası (2,7x0,8 sm ölçüdə). Yaranın aşağı kənarı ayaq altından 146 sm yuxarıda yerləşir, sağ ucu küt, sol ucu isə itidir. Yara sağ körpücükaltı arteriyanı yaralayaraq İ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edirsağ ağciyəri yaralayır. Yara kanalının dərinliyi 11-12 sm-dir, istiqaməti soldan-sağa, yuxarıdan-aşağıyan və öndən-arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızırəngli qansızmalıdır. Qeyd edilən xəsarət həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb – boyunun aşağl 1/3-nin sağ yan səthinin sağ döş qəfəsinə nüfuz edən sağ ağ ciyəri sağ körpücükaltı arteriyanı yaralayan sağ döş boşluğuna qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 20:30-dan) təxminən 3- 4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs Səvər oğlunun meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yara ülgücü və kifayət qədər büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətin xarakterini, lokalizasiyasını və ekpertizaya təqdim edilmiş maddi sübut olan bıçağınkonstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, meyitdə aşkar olunmuş xəsarətdən deşilmiş-kəsilmiş yaranın ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilməsi mümkündür. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. ( cild 1, iş vərəqə 243-249) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1527 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Şahid3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – boyunun aşağı 1/3-nin sağ və sol yan səthlərinin sıyrıqları – küt əşya (əşyalar) təsirindən törənmişdir; törədilmə müddəti müayinədən 5-6 gün əvvələ uyğun gəlir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əl barmaqlarının təsirindən əmələ gələ bilmələri istisna olunmur; sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. ( cild 1, iş vərəqə 237-239) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1519 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət – boyunun yuxarı 1/3-nin sol yan səthinin qançırı – küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü nil tarixdə dava-dalaş zamanı əl barmaqları təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ( cild 1, iş vərəqə 240-242) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1135 nörməli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Huawei” markalı arxa məlumat lövhəsində “MAR-LX1M” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən “Şifrələrlə” mühafizə olunan ekran kilidi tətbiq edildiyi üçün “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “ımeı” kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “ımeı” kodunu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kildini keçmək üçün “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə tədqiqat işləri aparmaq istədikdə qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kildini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tədbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmadı. ( cild 2, iş vərəqə 1-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 388/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol yan nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib-cırılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. ( cild 2, iş vərəqə 6-11) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbibioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 545/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə B(İİİ)-dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə 0(İ)-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, 02 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, alt paltarı (trusik), 01 cüt corab, 01 cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B və H antigenləri alındı. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə B/H/(İİİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (Əgər onun qanında müşayiət edici H antigeni varsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranmasını nəzərə alsaq həmin ləkələrdə AB0 sistemi üzrə B(İİİ), B/H(İİİ) və 0(İ) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə Zərərçəkmiş şəxs Səvər oğlunun və Təqsirləndirilən şəxs (əgər hadisə zamanı onun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa) qarışmış qanının olması inkar olunmur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. ( cild 2, iş vərəqə 12-20) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2784 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, hər hansı xroniki psixi xəstəlik, pxisi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, çılğınlıq, eqosentrizm, konfliktə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdipsixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. ( cild 2, iş vərəqə 47-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon Məhkəməsindən daxil olmuş 15 avqust 2023-cü il tarixli 22/01405/23-12 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində 2019-2023-cü il dövründə cinayət, mülki və inzibati işlərin olub-olmaması, həmin illər üzrə qeydiyyat kitabları əlifba qaydasında yoxlanılmış və barələrində hər hansı təqsirləndirici materialın olması müəyyən edilməmişdir. ( cild 1, iş vərəqə 161-162) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli, 3-43-6/2-947/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul çağırışına cəlb olunmuş tibbi müayinədən keçərkən “Atopik astma” xəstəliyindən əziyyət çəkdiyini bildirmiş və müayinə sənədləri təqdim etmişdir. Çağırışçı xx.xx.2023-cü il tarixli 78 saylı göndərişlə X5 müayinə olunması üçün göndəriş verilmiş, Səhiyyə müəssisəsinin xx.xx.2023-cü il tarixli 483 saylı “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən “Bronxial astma. Yüngül intermitəedici gedişli tam remisiya” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xx.xx.2008-ci il tarixli” 59 nömrəli X2 İ qrafasının 52 ”c” maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. ( cild 1, iş vərəqə 230-236) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus bel kəmər hissəsində “ARMANİ” sözü yazılmış qara rəngli cins şalvar və iç etiketində “HOSSİNİ” sözü yazılmış qara rəngli köynək; Zərərçəkmiş şəxs məxsus iç etiketində “DENİM ROTA” sözləri yazılmış, belində qara rəngli kəməri olan açıq göy rəngli cins şalvar, iç etiketində “TOBİ MEN” sözləri, sol döş hissəsində “PREMİUM QUALİTY” sözləri yazılmış qara rəngli köynək, qara rəngli alt paltarı (trusik), ağ rəngli bir cüt corab və “LONGYUNTİNG” markalı ağ rəngli idman ayaqqabısı; hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 02 ədəd nümunə; 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı, Zərərçəkmiş şəxs məxsus “HUAWEİ” markalı mobil telefonlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( cild 2, i/v. 59-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin vermiş olduğu tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışlar.(cild 1 i/v.-38-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndləyindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs uzun müddət ərazi dairəsində yaşamadığı üçün nümayəndəlik onun haqqında xasiyyətnamə vermək iqtidarında deyildir. (cild 2 i/v. 215-216) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. (cild 1 i/v. 207- 210 Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, sonuncunu çiynindən yaralamaq istəməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsindən bıçaqla 1 zərbə vurub sonuncunun boyunun aşağı 1/3-nin sağ yan səthinin sağ döş qəfəsinə nüfuz edən sağ ağ ciyəri, sağ körpücükaltı arteriyanı yaralayan sağ döş boşluğuna qanaxma ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid boyunun aşağı 1/3-nin sağ yan səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, zərərçəkmiş şəxsin xəsarətləri aldıqdan qısa müddət sonra ölməsi təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 14-31, 101-109) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan – Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar və qara rəngli köynək, Zərərçəkmiş şəxs məxsus belində qara rəngli kəməri olan açıq göy rəngli cins şalvar, qara rəngli köynək, qara rəngli alt paltarı (trusik), ağ rəngli bir cüt corab və ağ rəngli idman ayaqqabısı, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 02 ədəd nümunə, 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus “HUAWEİ” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 53 (əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar və qara rəngli köynək, Zərərçəkmiş şəxs məxsus belində qara rəngli kəməri olan açıq göy rəngli cins şalvar, qara rəngli köynək, qara rəngli alt paltarı (trusik), ağ rəngli bir cüt corab və ağ rəngli idman ayaqqabısı, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 02 ədəd nümunə, 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus “HUAWEİ” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-408/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-408/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver