Məhkəmə qərarları › İş №1(124)-408/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-408/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-408/2025 08.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynində olan ağ rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış, 02 iyun 2025-ci il tarixdə, saat 01:49 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında saxlanılmaqla orada üzərinə baxış keçirilən zaman təmiz çəkisi 2,215 qram heroin əynindəki ağ rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitədən istifadə edib, lakin bir müddət narkotik vasitədən istifadəni dayandırıb və müalicə olunub sağalmaq üçün dərmanlar qəbul etməyə başlayıb. Narkotik vasitəni tanımadığı İran vətəndaşından almaq üçün razılığa gəlib, sonradan həmin İran vətəndaşının polis əməkdaşı olduğunu bilib. O, narkotik vasitənin qoyulduğu yerə gedib çatmayıb və 02 iyun 2025-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “İbiza” restoranının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb. Sonra onu polis idarəsinə aparıblar. Həmin vaxt əlində çanta, üzərində özünə məxsus sənədlər, pul qabı, 3 ədəd telefon olub, lakin polis idarəsində aparılan videoçəkilişdə bunlar heç biri görünmür. Polis idarəsində psixoloji təzyiqlərə məruz qalıb və qorxduğu üçün onların dediyi ilə razılaşıb. Aşkar olunan narkotik vasitəni polislər qoyulan yerdən tapıb sonra da onun üzərinə qoyublar. Polis əməkdaşları əgər narkotik vasitənin ona məxsus olduğunu boynuna alsa, ona yüngül cəza veriləcəyini deyiblər. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, Vətən müharibəsinin iştirakçısıdır və medal ilə təltif olunub, Vətən müharibəsi başlayandan etibarən narkotik vasitələrdən istifadə etməyə başlayıb. Heroindən və metamfetamindən istifadə edib. Narkotik vasitəni inyeksiya yolu ilə qəbul edib. Narkotik vasitəni müxtəlif vaxtlarda tanımadığı şəxslərdən alıb. Polis əməkdaşları tərəfindən saxlanıldığı yerə, yəni Sahil küçəsinə ilk dəfə gedib. Narkotik vasitənin olduğu yerin şəklini ona İran vətəndaşı atıb. Onu saat 20-21 radələrində saxlayıblar. Polislər onu saxladıqları yerdə 4 saat sonra çəkiliş aparıblar. Həmin ərazidə olan narkotik vasitəni o, heç görməyib. Özünü ona görə qismən təqsirli bilir ki, narkotik vasitəni götürmək üçün ora gedib, lakin polis əməkdaşlarını orada görəndən sonra oraya yaxınlaşmayıb, yolunu dəyişib və təbii ehtiyacını ödəmək üçün başqa tərəfə keçib. Buna baxmayaraq polislər onu görüblər. Ona qarşı polis əməkdaşları tərəfindən təsir və ya təzyiq göstərilməyib. Qeyri-rəsmi birlikdə yaşadığı qadın narkotik vasitənin olduğu yeri ona deyib və narkotik vasitəni onun şəxsi istifadəsi üçün gedib oradan götürməyini xahiş edib. Həmin qadın da narkotik vasitə istifadəçisidir. Saxlanıldığı gün dərman qəbul edib və həmin dərmanın müəyyən qədər təsiri altında olub. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, onu sözlə qorxudublar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 01:49 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında olarkən mülki geyimli bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, qəbulu və üzərində gəzdirməkdə şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif etmişlər. O da içərisində 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin olan kraker paketini əynindəki ağ rəngli şalvarının sol yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışı keçirən polis əməkdaşlarından biri kraker paketindəki şəffaf polietilen bükümü açıb baxmış və içərisində olan qəhvəyi rəngli narkotik maddə heroini aşkar edərək, bükümün içərisindəki kütlənin nə olduğunu, haradan və nə vaxt əldə etdiyini soruşmuşdur. O, aşkar olunmuş kütlənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi üçün, bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu Məmməd adlı İran İslam Respublikası vətəndaşının hesab nömrəsinə 100 manat pul göndərməklə, ona göndərdiyi konum əsasında Sumqayıt şəhəri ərazisində yerləşən ünvandan götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərindən aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdəki narkotik maddə olan heroini bükümlə birlikdə tərəziyə qoyub çəkmiş və çəkisinin 2,57 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra o, digər iştirakçılarla birlikdə imza etmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmiş və aparılan videoçəkiliş dayandırılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Polis idarəsində onu xidməti otaqlardan birinə dəvət etmişlər və təhqiqatçı ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra bu barədə bildirişi ona vermiş və hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim etmişdir. Bundan sonra təhqiqatçı onun Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və keçirilən şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 2,57 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlənin aşkar edilib götürüldüyünü və 01 ədəd zərfə qablaşdırıldığını, bu barədə müvafiq sənədləşmə aparıldığını bildirmişdir. Bu zaman onu yaxalayan polis əməkdaşlarından biri həmin zərfi təhqiqatçıya təqdim edərək, zərfin içərisinə qablaşdırılmış şəffaf polietilen bükümdəki narkotik maddə heroinin onun əynində olan ağ rəngli şalvarının sol yan cibindən aşkar edildiyini bildirmişdir. Təhqiqatçı ondan üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin kimə məxsus olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. O, təhqiqatçıya bükümün içərisindəki kütlənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi üçün, iki-üç gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu Məmməd adlı İran İslam Respublikası vətəndaşının hesab nömrəsinə 100 manat pul göndərməklə, ona göndərdiyi konum əsasında Sumqayıt şəhəri ərazisində yerləşən ünvandan götürdüyünü bildirmişdir. Daha sonra təhqiqatçı ona üzərində şəxsi axtarış keçirəcəyini deyib, üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmadığını soruşmuş və əgər varsa, təqdim etməyi təklif etmişdir. O, əynindəki şalvarının sağ yan cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonunu çıxarıb təhqiqatçıya təqdim etmiş və üzərində əldə olunması, saxlanması və ya gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirmiş və üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı telefonun kimə məxsus olduğunu soruşanda, o mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı üzərindən aşkar olunmuş "Samsung" markalı mobil telefonu zərfə qablaşdırmış və o, eləcə də müdafiəçisi zərfin üzərində imza etmişlər. Bundan sonra müdafiəçi ondan polis əməkdaşları tərəfindən onun hər hansı fiziki zora, mənəvi və ya psixoloji təsirə məruz qalıb-qalmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olub-olmadığını soruşmuş, o polis əməkdaşları tərəfindən heç bir fiziki zor tətbiq olunmadığını, mənəvi və ya psixoloji təsirə məruz qalmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik maddə heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı videoçəkilişi dayandırmış və şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib etmiş, o, eləcə də müdafiəçisi digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nə şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olub. Daha sonra əməliyyat qrupu yaradılıb, həmin gün gecə saatlarında şəxsi Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında saxlayıblar. Şəxsə narkotik vasitəni üzərində daşımaqda şübhəli olduğunu bildiriblər və üzərində hər hansı narkotik vasitə varsa, təqdim etməsini deyiblər. Bu zaman Ceyhun üzərində olan heroinə bənzər kütləni könüllü təqdim edib. Həmin kütlə elektron tərəzidə çəklib və onun çəkisi 2 qramdan artıq olub. Daha sonra şəxsi Polis İdarəsinə gətiriblər. İdarədə təhqiqatçının və vəkilin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilib. Daha sonra şəxsi MSY-nə təhvil veriblər. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, şəxsin üzərinə saxladıqları yerdə baxış keçiriblər. Saxlanılarkən şəxs narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından 100-120 manata aldığını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Əməliyyat qrupunda o, Şahid2 və Şahid3 iştirak ediblər. Şəxsin üzərində narkotik vasitədən başqa telefon olub. Şəxs saxlanılan zaman əlində heç nə olmayıb. Saxlanılan vaxta kimi şəxsi tanımayıb. Təqsirləndirilən şəxsə qarşı təsir və ya təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2025-ci il iyun ayının əvvəllərində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 icraatına Ceyhun adlı şəxsin narkotik vasitələri əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olub. Həmin gün şəxsi Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında saxlayıblar və üzərinə videoçəkilişlə baxış keçiriblər. Bu zaman şəxsin üzərindən narkotik vasitə aşkar olunub. Aşkar olunan narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilib. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, saxlanılarkən şəxs narkotik vasitəni İran vətəndaşından 100 manata aldığını bildirib. Şəxsə qarşı təsir və ya təzyiq olmayıb. Şəxsin saxlanılmasında o, Şahid1 və Şahid3 iştirak edib. Şəxsin üzərinə videoçəkilişlə baxış keçirildikdən dərhal sonra şəxsi polis idarəsinə aparıblar. Şəxsi gecə saat 01 radələrində saxlayıblar. Əvvəllər şəxsi tanımayıb. Saxladıqları yerdə şəxsin üzərinə videoçəkilişlə baxış keçirildikdən sonra o, kənarda divarın yanında özünəməxsus çantasının olduğunu deyib. Artıq videoçəkiliş başa çatdığı üçün həmin çantanı polis idarəsinə aparıblar və təhqiqatçıya təhvil veriblər. Həmin çantadan narkotik vasitə, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmayıb. Məhkəmədə dindirilmiş digər Şahid3 digər şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların ifadələrində qeyd etdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Sumqayıt ŞPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə, saat 01:49-da Sumqayıt şəhəri, Sahil küçəsi, “İbiza” restoranının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq üzəri yoxlanılmış, əynində olan ağ rəngli şalvarın sol yan cibindən suxarı paketinin içərisində 1 ədəd şəffaf rəngli sellofanda olan 01 ədəd şəffaf rəngli sellofanda olan narkotik vasitə heroinə bənzər büküm aşkar olunaraq götürülmüş və zərfdə müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirilmiş və əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:49 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığı ilə piyada hərəkətdə olan zamanı Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildiriblər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsini bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərinə baxış keçiriləcəyi bildirilir və üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özü əynində olan ağ rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müşahidə olunur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 2,57 qram olması müəyyən edilir və zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənərək qeydlər aparılır və imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, sonuncunun əynində olan şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunur, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəki maddənin heroin olduğunu, həmin maddəni tanımadığı İran İslam Respublikasının vətəndaşının qoydurduğu yerdən şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəyə görə İran İslam Respublikası vətəndaşına 100 manat pul verdiyini bildirir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs də üzərində olan bir ədəd mobil telefonu çıxararaq təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərində qanunla qadağan olunmuş əşya aşkar olunmur. Sonra təhqiqatçı polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanıldığını və saxlanılan zaman sonuncunun üzərinə baxış keçirildiyini, onun üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar olunaraq götürülməklə qablaşdırıldığını bildirir. Sonra polis əməkdaşı Şahid1 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər maddənin olduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş mobil telefon qablaşdırılaraq götürülür. Sonda isə çəkiliş dayandırılır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair və şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı xüsusatlar, həmçinin şahidlərin ifadələri həmin əməliyyat-axtarış tədbirinin və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2025-ci il tarixli, 16/415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,215 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 2,215 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,115 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli, 4132 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Belarusiya Respublikası Oktyabrsk rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Belarusiya Respublikası Cinayət Məcəlləsinin 411-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixli hökm Azərbaycan Respublikası ərazisində tanınaraq Belarusiya Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsinin 2-ci hissəsi, 328-ci maddəsinin 3-cü hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tənzimlənərək 234.4.2-ci maddəsi ilə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ümumi təmiz çəkisi 2,215 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,115 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon işlək vəizyyətdə onun qohumuna təhvil verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmiş və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını etiraf etmiş, lakin təqsirləndirilən şəxs sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətini yüngülləşdirmək üçün məhkəmədə fərqli ifadə vermişdir. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə (narkotik vasitəni əldə etməməsinə dair hissəsində) müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, videoçəkiliş materialları və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların təhlili və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən - ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilir və əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2025ci il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 58-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə, cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,115 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 63 (altmış üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,115 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar