Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-41/2023 30.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmayan, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs evlənmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə saat 12:30da Sumqayıt şəhər avtovağzalında etibarnamə əsasında idarə etdiyi ** XD *** dövlət qeydiyyat nişanlı “X4 Mikroavtobus” markalı mikroavtobusa sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yaşadığı Şamaxı rayonuna aparacağını yalan vəd verib aldatmaqla iradəsinə zidd olaraq Quba rayonuna apararkən, St.Sumqayıt qəsəbəsi ərazisində ailə üzvləri ilə əlaqə saxlamaq istəyən Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı, “Galaxy A50” model mobil telefonu sonuncunun əlindən alıb sındıraraq yararsız vəziyyətə salmış, bundan sonra ona müqavimət göstərərək mikroavtobusun açıq olan qapısından çıxıb ordan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs tutub saxlayaraq mikroavtobusun qapısını bağladığından sağ ayağı qapı arasında qalmış zərərçəkmiş şəxsə sağ baldırın aşağı 1/3nin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib, bundan başqa Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli fiziki zor tətbiq etmək hədəsi ilə Quba rayonu Yerfi kəndi ərazisinə aparıb həmin ərazidə 31 oktyabr 2021-ci il tarixdə saat 08 radələrinədək idarə etdiyi mikroavtobusun içərisində saxlamaqla qanunsuz azadlığını məhdudlaşdırıb adam oğurluğu cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, **-XD-*** dövlət qeydiyyat nişanlı “X4 Mikroavtobus” markalı mikroavtobusla Şamaxı-Bakı-Sumqayıt şəhərləri arasında sərnişin daşımaqla məşğul olur. Şamaxı şəhər sakini Zərərçəkmiş şəxsı təxminən dörd il əvvəl tanımışdır. Giləxanım Sumqayıt Dövlət Universitetində təhsil alırdı. Təxminən üç-dörd il əvvəl Babaqədir ona zəng edərək nəvəsi Giləxanımı həftənin bazar ertəsi günü Şamaxı şəhərindən Sumqayıt şəhərinə, həftənin şənbə günü isə Sumqayıt şəhərindən Şamaxı şəhərinə aparıb gətirməyini xahiş etmişdir. Həmin vaxtdan 2021-ci il oktyabrın 30-dək Giləxanımı digər sərnişinlərlə birlikdə Şamaxı şəhərindən Sumqayıt şəhərinə, sonra isə əks istiqamətdə aparıb gətirmişdir. Sonradan Respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar universitetlər fəaliyyətini dayandırdığından, şəhərlərarası sərnişin daşımaları qadağan edildiyindən, bir müddət Giləxanımı görməmişdir. 2021-ci ilin oktyabr ayından etibarən şəhərlərarası sərnişin daşınmasına icazə verildiyi üçün Giləxanımı yenidən idarə etdiyi mikroavtobusla Şamaxı şəhərindən Sumqayıt şəhərinə, eləcədə əks istiqamətdə aparıb gətirməyə başlamışdır. O, Giləxanıma sevgisini etiraf etmiş, onunla evlənmək üçün qaçmağı təklif edəndə o, qəbul etmişdir. Sumqayıt şəhərində 30 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Giləxanımı götürmüş və Qubaya getmişlər. O, qızı qaçırması barədə ailə üzvlərinə məlumat vermiş, Giləxanım isə öz ailəsinə demək istəməmişdir. Qubaya getməyi, həmçinin telefonları qırmağı Giləxanım təklif etmişdir. Onlar Qubaya getmiş, maşının içərisində qalmışdır. Giləxanım Qubada olanda geri qayıtmaq istədiyini bildirmiş, o isə maşın palçıqda batıb qaldığı üçün səhər açılanda onu geri qaytaracağını demişdir. Giləxanımla aralarında mübahisə olmamış, ona xəsarət yetirməmişdir. Səhər açılanda polislər onların olduğu ünvana gəlib onu tutmuşlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sumqayıt Dövlət Universitetinin tələbəsidir. Sumqayıtda kirayə qalır, həftəsonu Şamaxıya qayıdırdı. Sumqayıta onu babası aparıb gətirmiş, o olmayanda isə avtobusla gedib gəlmişdir. Hadisə günü, yəni oktyabrın 30-u babası zəng edib avtobusda yer saxlatdırmış, o da avtovağzala gedib sürücünün göstərdiyi yerdə əyləşmişdir. O, maşında tək olanda orada başqa sərnişinlərin olmamasından şübhələnməmişdir. Bir nəfər şəxs əlində sellofan gətirib təqsirləndirilən şəxsə vermiş, o da həmin sellofanı maşının arxasına qoymuş, sonra isə telefonla kiməsə zəng edib “hazır olun gəlib götürəcəm sizi” demişdir. Yola çıxanda o, telefonla zəng edib babasına xəbər vermək istəyəndə Samir gəlib telefonu əlindən alıb sındırmışdır. O, qapının açıq olduğunu görüb oradan qaçmaq istəmiş, lakin Samir onun qolundan və saçından tutaraq oturacağa əyləşdirmişdir. Niyə belə etdiyini soruşanda onu təhqir edib oturacaqda əyləşməyini tələb etmişdir. Maşını sürməyə davam edəndə yolda olan işarələrdən Şamaxıya yox, Qubaya getdiyini bilmişdir. O, Samirə nişanlı olduğunu, onu geri qaytarmasını demiş, Samir isə onu sevdiyini, ailə qurmaq istədiyini, ona “hə” deməyəcəyi təqdirdə maşını aşıracağını bildirmişdir. Onlar bir gün maşında qalmışlar. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-in Qonaqkənd PB-in polis sahə rəisi, polis baş leytenantı Şahid5 2021-ci il oktyabrın 30-da ilk əvvəl Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, sonradan isə Quba RPŞ-nə şikayət ərizəsi ilə müraciət edən Şahid1 2021-ci il oktyabrın 31-də saat 07 radələrində Qonaqkənd PB-nə gəlib qızı Zərərçəkmiş şəxs Sumqayıt şəhər avtovağzalından Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “X4 Mikroavtobus” markalı mikroavtobusla Quba rayonu Qonaqkənd ərazisinə gətirildiyini, bu barədə onlara Quba-Bakı avtomagistral yolunda yerləşən X6 İdarəsinin postlarından məlumat verildiyini deyib qızının yerinin müəyyən edilməsində ona köməklik göstərməyimizi xahiş etmişdir. Xidmət yoldaşı Şahid6 ilə birlikdə “X4 Mikroavtobus” markalı mikroavtobusun hərəkət etdiyi istiqaməti müəyyənləşdirmişlər, mikroavtobusa yaxınlaşmaq istədikdə mikroavtobusun onları görən sürücüsü mikroavtobusdan düşüb həmin ərazidə yerləşən çay yatağı istiqamətində qaçmağa başlamışdır. Bu səbəbdən xidməti avtomobildən düşüb onun arxası ilə getmişdir. Sürücünü bir müddət sonra saxlamışdır. Şahid6 zəng vurub qızın qohumlarını Quba RPŞnə yola salmasını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusun yanına qaytarmışdır. Sonra mikroavtobusa minib PB-ə getmişlər. Onlar maşına çatanda qız maşının içərisində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-in Qonaqkənd PB-in polis nəfəri, polis serjantı Şahid6 ifadəsində göstərdi ki, 2021-ci il oktyabrın 31-də Qonaqkənd PB-də xidmətdə olarkən zərərçəkmiş şəxsin qohumları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin qaçırılaraq Qonaqkənd ərazisinə gətirildiyini bildirib onları tapmaq üçün kömək göstərmələrini istəmişlər. Xidmət yoldaşı Şahid5la birlikdə “X4 Mikroavtobus” markalı mikroavtobusun hərəkət etdiyi istiqaməti müəyyənləşdirib oraya getmişlər. Çatarkən sürücü qaçmağa başlamış, N. Baxışov onun ardıyca düşüb qaçmışdır. O isə zərərçəkmiş şəxsin qohumları ilə hadisə yerində qalmışdır. Qız maşının içərisindən maşının şüşələrini sındıraraq çıxarmışlar. Sonra hamısı birlikdə Qonaqkənd PB-ə gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun nəvəsidir. 2021-ci il oktyabrın 29-da Samirə zəng edib Giləxanım üçün mikroavtobusda yer saxlamasını və onu Şamaxı şəhərinə gətirməsini xahiş etmişdir. Oktyabrın 30-da Giləxanım Sumqayıt şəhəri ərazisində yerləşən avtovağzala gedib Şamaxı şəhərinə gəlmək üçün Samirin idarə etdiyi mikroavtobusa minmiş, sonra nə Giləxanımla, nədə Samirlə əlaqə saxlaya bilməmişlər. Narahat olduğu üçün oğlu Qalib və Giləxanımın nişanlısı Elgün Şamaxı avtovağzalına gedib Samirin idarə etdiyi mikroavtobusun dövlət qeydiyyat nişanını öyrənmişlər. Onlar Sumqayıt şəhərinə gəlmiş, yol boyu Samirin idarə etdiyi mikroavtobusu axtarsalar da tapa bilməmişlər. Yolda olan X6 İdarəsinin postlarından maraqlandıqda Samirin idarə etdiyi mikroavtobusun Şamaxı şəhəri istiqamətində yox, Quba rayonu istiqamətində hərəkət etdiyini dedikləri üçün Giləxanımın itkin düşməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişlər. Daha sonra onlar Giləxanımı axtarmaq üçün Quba rayonuna getmişlər. Quba RPŞ-nin Qonaqkənd PB-nin əməkdaşlarının köməyi ilə səhər saat təxminən 06 radələrində Quba rayonu Yelfinə kəndi ərazisində Samirin mikroavtobusunu görüb mikroavtobusa yaxınlaşmışlar. Onları görən Samir mikroavtobusdan düşüb qaçmağa başlamış, polis əməkdaşları onun qaçmasına mane olmuş və onu saxlamışlar. Mikroavtobusun qapıları bağlı olduğundan mikroavtobusun yan şüşəsini sındırıb Giləxanımı mikroavtobusdan çıxarıb evə qayıtmışlar. Təqsirləndirilən şəxslə düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə yerində təqsirləndirilən şəxs ondan üzr istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, **-XD-*** dövlət qeydiyyat nişanlı “X4 Mikroavtobus” markalı mikroavtobus Samirə məxsusdur. Samir həmin avtomaşınla Şamaxı-Bakı-Sumqayıt şəhərləri arasında sərnişin daşımaqla məşğul olmuşdur. 2021-ci il oktyabrın 30-da saat 15 radələrində oğlu Samirin dostu Rafiq ona zəng vurub Samirin evlənmək məqsədilə qız qaçırdığını demişdir. Oğluna zəng vursa da ona zəng çatmamışdır. Bir qədər keçdikdən sonra Qalib və bir neçə tanımadığı şəxs onlara gəlib Samirin Giləxanımı qaçırdığını demişlər. Onlara Samirlə əlaqə saxlaya bilmədiyini dedikdən sonra onlar çıxıb getmişlər. Səhəri gün Qalib zəng vurub Samir və Giləxanımı tapdıqlarını, Samirin Sumqayıt ŞPİ-nə aparıldığını demişdir. Zərərçəkmiş şəxslə heç bir düşmənçilik və ədavətləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 30-da Giləxanım Sumqayıt avtovağzalından Şamaxı şəhərinə gəlmək üçün Samirin idarə etdiyi mikroavtobusa minmiş və daha sonra ondan xəbər ala bilməmişlər. Buna görə onu axtarmağa başlamışlar. Sumqayıt şəhərinə gələndə yol boyu Samirin idarə etdiyi mikroavtobusu axtarmış, lakin tapa bilməmişlər. X6 İdarəsinin postlarından maraqlandıqda Samirin idarə etdiyi mikroavtobusun Quba rayonu istiqamətində getdiyini demişlər. Onlar da Giləxanımın itkin düşməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişlər. Daha sonra Quba rayonuna getmiş, Quba rayonu Yelfinə kəndi ərazisində Samirin mikroavtobusunu tapmışlar. Mikroavtobusa yaxınlaşanda Samir düşüb qaçmışdır. Onlar mikroavtobusun yan şüşəsini sındırıb Giləxanımı mikroavtobusdan çıxarmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Giləxanım Sumqayıt Dövlət Universitetində kimya-biologiya fakultəsinin 4-cü kursunda təhsil aldığından ünvan 2 ünvanında kirayədə yaşamış, qızı şənbə və bazar günləri universitetdə dərs olmadığı üçün Giləxanım şənbə günləri Şamaxı şəhərinə ailə üzvlərinin yaşadığı ünvana qayıtmış, bazar ertəsi isə dərslərdə iştirak etmək üçün yenidən Sumqayıt şəhərinə gəlmiş, qızı Giləxanım demək olar ki, həmişə **-XD-*** dövlət qeydiyyat nişanlı "Mersedes Sprinter" markalı avtomaşın ilə gedib gəlmiş, həmin mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs şəxsən tanımasada, onu atası Babaqədir tanımış, Samir özünə məxsus mikroavtobusla Şamaxı şəhərindən Sumqayıt şəhərinə, eləcədə əks istiqamətdə sərnişin daşımaqla məşğul olduğundan atası Samirdən qızı Giləxanımı həftənin şənbə və ya bazar günləri idarə etdiyi mikroavtobusla Şamaxı şəhərinə, bazar etəsi isə Şamaxı şəhərindən Sumqayıt şəhərinə aparıb gətirməsini xahiş etmiş, hər dəfəsində də gediş haqqını artıqlaması ilə ödəmiş, sonuncu dəfə 29 oktyabr 2021-ci il tarixdə atası yenidən Samirə zəng edərək Sumqayıt şəhərindən Şamaxı şəhərinə qayıdacaq qızı Giləxanıma idarə etdiyi mikroavtobusda yer saxlamasını, onu Şamaxı şəhərinə gətirməsini xahiş etmiş, Samirdə buna razılıq vermiş, xx.xx.2021-ci il tarixdə qızı Giləxanım Sumqayıt şəhəri ərazisində yerləşən Avtovağzala gedib Şamaxı şəhərinə gəlmək üçün Samirin idarə etdiyi mikroavtobusa əyləşmiş, bundan sonra daha nə qızım Giləxanımla, nədə mikroavtobus sürücüsü Samirlə əlaqə saxlaya bilməmişlər, bir dəfə saat təxminən 13 radələrində qızı Giləxanım atasının mobil telefonuna zəng edib, ancaq Baba sözünü deyə bilmiş, bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamış, bu barədə ailə üzvülərindən məlumat aldıqdan sonra dərhal əmisi oğlu və qızının nişanlısı Elgünlə Şamaxı şəhərində yerləşən avtovağzala gedib ordan Samirin idarə etdiyi mikroavtobusun dövlət qeydiyyat nişanını dəqiqləşdirmişlər, daha sonra Sumqayıt şəhərinə gəlmişlər, yol boyu Samirin idarə etdiyi mikroavtobusu axtarsalarda tapa bilməmişlər, yolda olan X6 İdarəsinin postlarından maraqlandıqda Samirin idarə etdiyi mikroavtobusun Şamaxı şəhəri istiqamətində yox, Quba rayonu istiqamətində hərəkət etdiyini müəyyən etmişlər, bundan sonra nəsə bir pis hadisə baş verəcəyini hiss etdiyindən zəng vurub qızı Giləxanımın itkin düşməsi, onunla əlaqə saxlaya bilməməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra isə qızını axtarmaq üçün Quba rayonuna getmiş, Elgünlə ilk əvvəl Quba rayon PŞ-nə gedib hadisə barədə məlumat vermişlər, ordan Samirin idarə etdiyi mikroavtobusun Quba rayon PŞ-nin Qonaqkənd PB-nin xidməti ərazisinə hərəkət etdiyi barədə onlara məlumat verilmiş, bundan sonra həmin istiqamətdə getmişlər, orda səhərə qədər Samirin idarə etdiyi mikroavtobusu və qızımı axtarmışlar, səhər saat təxminən 06 radələrində polis əməkdaşları ilə görüşdükdən sonra Quba rayonu Yelfinə kəndi ərazisinə getdikdə heç bir yaşayış olmayan yerdə Samirin mikroavtobusunu görüb mikroavtobusa yaxınlaşdıqda, onların mikroavtobusa yaxınlaşdığını görən Samir mikroavtobusdan düşüb qaçmağa başlamış, bu səbəbdən polis əməkdaşları onun arxası ilə getmiş, özü isə qızını mikroavtobusdan çıxartmaq istəmiş, ancaq mikroavtobusun qapıları bağlı olduğundan məcburən mikroavtobusun üç ədəd yan şüşəsini sındırıb qızını mikroavtobusun içərisindən çıxarıb yaşadıqları evə qayıtmış, qızı Giləxanım Samirin idarə etdiyi mikroavtobusa sərnişin qismində əyləşdikdən sonra Samirin onun mobil telefonunu əlindən alaraq sındırdığını və yarasız vəziyyətdə saldığını, özünü isə evlənmək məqsədilə qaçırdığını bildirdiyini, ona nişanlı olduğunu bildirərək onu qaytarıb ailə üzvlərnə təhvil verməsini tələb etdikdə isə Samirin onu öldürəcəyi ilə hədələdiyini demiş, qızı hətta mikroavtobusdan düşüb qaçmağa cəhd etdiyindən Samirin mikroavtobusun qapısını bağlayaraq onun qaçmasına imkan vermədiyini, həmin vaxt ayaq nahiyəsindən xəsarət aldığını da bildirmiş, bu səbəbdən qızı şikayət ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs etdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (Cild 1, iş vərəqləri 93-96) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibb ekspertizasının 03 noyabr 2021-ci il tarixli 1471 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: sağ baldırın aşağı 1/3-nin topuğu tutan sıyrığı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi şəraitdə, yəni avtobusun oturacaq hissəsinə dəyməklə əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 176-178) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli 9/8105 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “Galaxy A50” model mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alımaqla zədələnməmişdən əvvəlki vəziyyətdə 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 250 manat müəyyən edilir. (Cild 1, iş vərəqləri 184-186) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 04 dekabr 2021-ci il tarixli 2881 nömrəli rəyindən görünür ki, Cinayət işi materiallarından və halhazırki psixatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Araşdırma materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, inadkarlıq, davranışının ola biləcək nəticlərini proqnozlaşdırmadan hərəkət etmək, konfilikdə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqləri 187-191) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, sındırılaraq hissələrə ayrılmış 01 (bir) ədəd “Samsung” markalı “Galaxy A 50” model mobil telefon maddi sübut kimi tanınmışdır. Həmçinin 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 198-213) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 113) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə təqsirləndirilən şəxs Samir Mirzəliyevin zərərçəkmiş şəxsi oğurlamaması, onun könüllü ona qoşulub qaçması, aralarında münasibətlərinin olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 90-91) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, bir ədəd “Samsung” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilərlə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan: 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın, 01 (bir) ədəd “Samsung” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-41/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-41/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver