Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-41/2024 12.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zəngilan rayonu, Ağalı kəndində aparılan tikinti işlərində iki övladı Şahid5 və Şahid4 ilə birgə işləyərkən, 25 aprel 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs oğlu Şahid5 ilə həmin tikintidə onlarla birlikdə işləyən Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış və onlar dalaşmışlar. Daha sonra Zərərçəkmiş şəxs1 mübahisəni davam etmək məqsədi ilə bir tərəfdən qardaşı Zərərçəkmiş şəxs2 və digər tanışlarını, digər tərəfdən isə Təqsirləndirilən şəxs övladları Şahid5 və Şahid4 çağırmaqla dava-dalaşın baş verməsinin bilavasitə təşəbbüskarı olmuşdur. Övladlarını qorumaq və baş verəcək dava-dalaşın qarşısını almaq üçün həmin gün saat 20 radələrində Şahid5 Nizami oğlu da övladları ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində ərazisində mübahisə baş verən yerə getdikdə, onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş qərəzli xuliqanlıq hərəkətləri edən Zərərçəkmiş şəxs1, eləcə də sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 iştirakı ilə baş vermiş dava-dalaş zamanı təhqirə və döyülməyə məruz qalan Təqsirləndirilən şəxs alt çənə nahiyəsindən qançır, övladı Şahid5 isə sağ gözaltı nahiyəsinin qançırı və alt dodağın selikli qişasında qansızma kimi xəsarətlər almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində olan qayçı ilə əvvəlcə Zərərçəkmiş şəxs1 kürək nahiyyəsindən qəsdən iki dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin arxa divarının plevra boşluğuna keçən, soltərəfli hemopnevmotoraksla ağırlaşmış iki ədəd kəsilmiş deşilmiş yaralarla nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, sonra həmin qayçı ilə Zərərçəkmiş şəxs2 döş qəfəsinə bir zərbə vuraraq sonuncuya döş qəfəsinin ön divarının plevra boşluğuna keçən, soltərəfli hemopnevmotoraksla ağırlaşmış bir ədəd kəsilmiş deşilmiş yara ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə, iki şəxsin sağlamlığına qəsdən ağır xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, övladları Şahid4, Şahid5 və qardaşım Şahid1 ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində tikinti işlərində işləyirdilər. Zərərçəkmiş şəxs1 da Zəngilan rayonu, Ağalı kəndində onlarla birlikdə işləmiş, onunla iş yoldaşı kimi münasibətləri olmuşdur. Hadisə baş verdiyi gün səhər saatlarında işdə olan zaman oğlu Şahid5 armaturları kəsmək istəyən zaman Zərərçəkmiş şəxs1 həmin armaturları istifadə edəcəyini, onları kəsməməsini demişdir. Onlar arasında mübahisə yaranmışdır. Daha sonra Şahid5 həmin armaturları kəsdiyini görmüşdür. Zərərçəkmiş şəxs1 və Şahid5 dalaşmağa başlamışlar, Zərərçəkmiş şəxs1 Şahid5 yerə yıxaraq ona zərbələr endirmişdir. Zərərçəkmiş şəxs1 dartaraq aralaşdırmış, cavab olaraq sonuncu onun özünü də vurub yerə yıxmışdır. Zərərçəkmiş şəxs1 söyüşlər söyərək axşam gedib Horadizdə söhbət etmələrini demişdir. Oğlu Şahid4 gedib Zərərçəkmiş şəxs1 ilə barışacağını bildirmiş və getmişdir. Təxminən 10-15 dəqiqə sonra Şahid5 da götürmüş və Şahid4 ardınca getmişlər. Zərərçəkmiş şəxs1 yanına iş yerində onlara rəhbərlik edən briqadirin avtomobili ilə getmişlər. Zərərçəkmiş şəxs1 əvvəlcə barışmaq istəmirdi, o, özü onu qucaqlayaraq könlünü almağa çalışmışdır ki, mübahisə davam etməsin və yekunlaşsın. Zərərçəkmiş şəxs1 “sən öl” ifadəsini işlədərək, mübahisəni uzatmayacağı, Şahid5 üzərinə dalaşmaq üçün başqa şəxslər çağırmayacağı barədə söz vermişdir. Daha sonra Şahid1 ilə Şahid4 işləməyə getmişlər. O və Şahid5 isə yataqxanada qalmışlar. Şahid5 onun saçını kəsməli idi. Həmin vaxt Şahid4 içəri girmiş və Zərərçəkmiş şəxs1 ilə olan mübahisənin hələ də yekunlaşmadığını, Zərərçəkmiş şəxs1 dalaşmaq üçün onların üzərinə başqa şəxslər çağırdığını bildirmişdir. Az sonra Zərərçəkmiş şəxs1 qapını açaraq, Şahid4 və Şahid5 çölə çağırmış, onlar da çıxmışlar. Buna görə övladlarının ardınca getmişdir. Onlar təxminən 15 metr qarşıda qaranlıq, heç kim olmayan yerə getmişlər. Yolda gedərkən Şahid4 Hidayət Qaımova dalaşmağa lüzum olmadığını bildirirdi. Həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu sakitləşdirmək üçün üzr istəmişdir. Zərərçəkmiş şəxs1 ona yenidən yumruq vuraraq, sakit durmağını bidirmişdir. Zərərçəkmiş şəxs1 yanında tanımadığı bir neçə nəfər şəxs də olmuşdur. Qaranlıq yerə çatdıqda Zərərçəkmiş şəxs1 yanında olan şəxslər övladlarının üzərlərinə gəlməyə başlamışlar. Həmin vaxt ətrafa da xeyli inlanlar toplaşmağa başlamışdır. Zərərçəkmiş şəxs1 Şahid5 söz deyəcəyini bildirmişdir. Həmin vaxt Şahid5 əlləri arxasında olmuş və müdafiəsiz dayanmışdır. Zərərçəkmiş şəxs1 ona sərt yumruq zərbəsi vurmuşdur. Şahid4 qardaşının vurulduğunu görüb Zərərçəkmiş şəxs1 üzərinə doğru qaçanda Zərərçəkmiş şəxs1 əlində bıçaq olduğunu zənn etmişdir. Zərərçəkmiş şəxs1 oğlunu bıçaqla vuracağını düşündüyü üçün əlində olan qayçı ilə ona zərbə endirmişdir. Əlində olan qayçı az öncə oğlu Şahid5 saçımı kəsmək üçün istifadə etdiyi qayçı olmuşdur. Ona qayçı ilə vurduqdan sonra hərəkətlərində heç bir dəyişiklik olmadığı və əməllərinə davam etdiyi üçün zərbənin ona dəymədiyini düşünmüşdür, bu səbəbdən yenidən ona qayçı ilə zərbə vurmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs1 qışqırmışdır. Fürsətdən istifadə edərək, övladlarına qaçmaqlarını bildirmiş və özü də onlarla birlikdə qaçmağa cəhd etmişdir. Lakin üzünü görmədiyi bir nəfər şəxs onu arxadan tutmuş və yerə yıxmışdır. Həmin vaxt o, arxadakı şəxsin üzünü və bədəninin hansı nahiyəsinə vurduğunu görmədən onu özündən aralaşdırmaq üçün ona da qayçı ilə zərbə endirmişdir. Məhkəməyədək icraat zamanı müstəntiq dedikdən sonra həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxsi vurmaq istəməmiş, sadəcə qorxutmaq istəmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyan olaraq 3.200 manat məbləğində pul vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə Zəngilan rayonu, Ağalı kəndi ərazisində işləyərkən baş vermişdir. Təqsirləndirilən şəxs və onun övladları Şahid5 ilə Şahid4 da orada işləyirdilər. Şahid5 ilə aralarında armaturun kəsilib-kəsilməməsi səbəbindən mübahisə yaranmışdır. Daha sonra bu mübahisə sonlanmayaraq, aralarında dava baş vermişdir. Mübahisənin yaranma səbəbi kəsilməməli armaturu Nazim Etibarovun kəsməsi olmuşdur. Dava zamanı Təqsirləndirilən şəxs qayçı ilə onu vurmuşdur. Hadisə baş verdiyi vaxt Təqsirləndirilən şəxs qayçı ilə zərbə endirdiyini görməmişdir. Onun qayçı ilə zərbə vurduğunu sonradan öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Qardaşı Zərərçəkmiş şəxs2 da təqsirləndirilən şəxslə barışmışdır, onun da şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 2022ci ilin fevral ayından “Kalyon" şirkətində Cəbrayıl rayonu ərazisində körpü tikintisində dəmirçi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 qardaşıdır, Hidayət Zəngilan rayonu, Ağalı kəndində tikilən “Ağıllı kənddə" dəmirçi işləmişdir. xx.xx.2022-ci ildə saat təxminən 20 radələrində Zəngilan rayonu, Ağalı kəndinə qardaşı Hidayətin yanına getmiş, Hidayətin qaldığı kampa gedib Hidayətin harda olduğunu soruşmuş, ona Hidayətin kampda olmadığın demişlər. Hidayəti axtaran zama səs gəldiyin eşidib həmin yerə getmiş, səs gələn yerə gedən zaman Hidayətin tanımadığı sonradan adını bildiyi Nazim adlı şəxslə dalaşdığını görmüşdür. Hidayət Nazimlə dalaşan zaman sonradan tanıdığı Etibar adlı şəxs Hidayətin arxasına keçib onu vurmuş, Etibarın Hidayəti nə ilə vurduğunu görə bilməmişdir. Hidayət arxaya çönüb Etibarı itələmiş, Etibar bir qədər arxaya getmiş, daha sonra isə həmin yerdən qaçıb getmək istəmişdir. Hidayət gödəkçəsin çıxaran zaman kürəyindən deşici alətlə vurulduğunu və qan axdığını görmüşdür. Etibar Hidayəti vurduğu üçün Etibarın arxasınca gedib onu saxlamış və Etibarla dalaşmışdır. Etibar onu da vurmuş, ilk əvvəl Etibarın onu nə ilə vurduğunu görməmiş, yenidən üstünə gələn zaman görmüşdür ki, Etibarın əlində deşici alət var. Etibar onu vurduqdan sonra qardaşı Hidayətin yanına getmişdir. Hidayətin yanına gedən zaman bədənindən qan axdığını, Etibar deşici alətlə döş qəfəsindən vurduğunu görmüşdür. Hidayətin iş yoldaşları onları şirkətin avtomobili ilə Cəbrayıl rayonuna aparmış, Cəbrayıl rayonundan isə təcili tibbi yardım avtomobili ilə Füzuli RMX-na getmişlər. Hidayətin yanına tək getmiş, yanında iki dostu olmamışdır. Etibarın onu və Hidayəti nə ilə vurduğunu görməmiş, həmin alətin deşici alət olduğunu görmüş, sonradan eşitmişdir ki, Etibar onu və qardaşını qayçı ilə vurmuşdur. (Cild 1, iş vərəqləri 52-56) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs, qardaşının övladları Şahid4 və Şahid5 ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində tikinti işlərində işləyirdilər. Hadisə baş verdiyi gün onun halı pis olduğu üçün briqadirdən istirahət etmək üçün icazə almış və yatmağa getmişdir. Nahar vaxtı yeməkxanada baş vermiş mübahisə barədə eşitmişdir. Daha sonra yolda Zərərçəkmiş şəxs1 görmüş, ondan mübahisə barədə soruşmuşdur. Zərərçəkmiş şəxs1 hadisə barədə danışa-danışa mobil telefonunu cibindən çıxarmışdır. Həmin vaxt o, zəng edəcəkkən o, mane olmağa çalışmış və heç kimə zəng etməməyini xahiş etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 Şahid5 ilə dalaşmaq üçün başqa şəxsləri çağıracağını düşünürmüş və bu səbəbdən ondan heç kimə zəng etməməsini xahiş etmişdir. Daha sonra briqadir də gəlmiş və danışıqlardan sonra mübahisə yekunlaşmışdır. Həmin gün axşam təxminə saat 21:00 radələrində o, yataqxanada içəridə uzanmışdır. Bu vaxt Zərərçəkmiş şəxs1 gəlmiş və Şahid4 ilə Şahid5 çölə çağıraraq, qardaşının onlarla söhbət etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs və o da onların ardınca getmişlər. Təxminən 15 metr aralıda qaranlıq və tozlu yerdə dayanmışlar. Qaranlıq olduğu üçün hər kəs mobil telefonların işıqları ilə qarşısını görürdü. Zərərçəkmiş şəxs1 həmin mübahisə zamanı Təqsirləndirilən şəxs və Şahid5 yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digər şəxsi qayçı ilə vurduğunu görməmişdir. Mübahisə zamanı ona da zərbələr dəymişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digər şəxsi qayçı ilə vurduğunu daha sonra eşitmişdir. Zərərçəkmiş şəxslər ilə barışıq əldə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə Zəngilan rayonu, Ağalı kəndində baş vermişdir. Orada işləyən zaman əyri olan armaturu kəsmək istəyərkən Zərərçəkmiş şəxs1 buna mane olmağa çalışmış və armaturu kəsməməyini bildirmişdir. İlk olaraq, Zərərçəkmiş şəxs1 onu vurmuş və onun ayağı armatura ilişərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 onun üzərinə çıxıb onu vurmaq istədikdə, atası ona mane olmuş və onları aralamışdır. Sonra Zərərçəkmiş şəxs1 düşərgəyə getmişdir. Daha sonra atası Zərərçəkmiş şəxs1la barışıq əldə etməyə getməmələrini bildirmişdir. Onunla barışmış, birbirilərinə əl uzatmışlar. Həmin gün axşam saat 21:00-22:00 radələrində Zərərçəkmiş şəxs1 qardaşı Şahid4 onu çağırmasını, dostlarının gəldiyini və bu məsələni aydınlaşdıracaqlarını bildirmişdir. Zərərçəkmiş şəxslər söyüşlər söyürdülər. Dava vaxtı atası zərərçəkmiş şəxsləri qayçı ilə vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ilk olaraq Şahid5 ilə Zərərçəkmiş şəxs1 arasında dava baş vermişdir. Onlar Zəngilan rayonu, Ağalı kəndində tikinti işlərində çalışırdılar. İş zamanı əyri olan armatur var idi və həmin armatur kəsilməliydi. Şahid5 həmin armaturu kəsmək istəyirdi, Zərərçəkmiş şəxs1 isə buna icazə verməmişdir. Zərərçəkmiş şəxs1 nə Şahid5, nə də onların hər hansı rəhbərliyi həyata keçirən şəxs deyildi ki, onun dediyi mütləq şəkildə edilsin. Şahid5 armaturu kəsəndə Zərərçəkmiş şəxs1 onu vurmuş, Şahid5 ayağı armatura ilişərək, yerə yıxılmışdır. Daha sonra onları aralamışlar. Zərərçəkmiş şəxs1 onu təklədiyini və axşam yenidən görüşüb bu məsələni həll edəcəyini bildirmiş, düşərgəyə getmişdir. Bu ilk hadisə səhər saat 10:00 radələrində baş vermişdi. Həmin gün onlar Zərərçəkmiş şəxs1la barışıq əldə etmək üçün onun yanına getmişlər. Onunla danışmış, Zərərçəkmiş şəxs1la Şahid5 bir-birilərinə əl uzadaraq barışmışlar. Atası da, o da onlardan üzr istəyərək, məsələnin yekunlaşmasına çalışırdılar.Axşam olduqda Zərərçəkmiş şəxs1 onu və qardaşını çölə sözügedən məsələni aydınlaşdırmaq üçün çağırmış, qardaşının da gəldiyini bildirmişdir. Qardaşı Şahid5 ilə o getmiş, atası və əmisi də onlarla birlikdə gəlmişlər. Orada çoxlu adamlar var idi, lakin onları Zərərçəkmiş şəxs1 çağırıb-çağırmadığını bilmir. Yenidən dava düşmüşdür. Dava vaxtı o da Zərərçəkmiş şəxs2 vurmuşdur. Zərərçəkmiş şəxs1 Şahid5 vurmuş, Şahid5 yerə yıxılmışdı. Zərərçəkmiş şəxs1 əvvəl atası Təqsirləndirilən şəxs, sonra Şahid5 vurmuşdur. O, onu yerdən qaldırmaq istəyərkən atası 1 nəfəri vurduğunu və qaçmağını bildirmişdir. Sonradan bilmişdir ki, atası 2-ci şəxsi də vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə barədə sadəcə eşitmişdir. Eşitdiyinə görə adlarını xatırlamadığı, lakin 2 qardaş olan şəxslər zərər çəkmişlər. Davanın səbəbini bilmir. Həmin şəxsləri vuran şəxsin onları nə ilə vurduğunu dəqiq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Zəngilan rayonunda aparılan tikintidə o da işləyirdi. Bir gün səsküy eşitmiş, həmin istiqamətdə getmişdir. Yaralanmış bir nəfəri başqa şəxslərin qucaqlarında gətirdiyini görmüşdür. Sonradan eşitdiyinə görə, zərərçəkmiş şəxslər 2 nəfər idilər və onlar qardaş idilər. Lakin, onların adlarını xatırlamır. Hadisə Zəngilan rayonunda baş vermişdir. Eşitdiyinə görə, həmin şəxsləri “dəmirçi Etibar” deyə tanıdıqları şəxs vurmuşdur. Onun zərərçəkmiş şəxsləri qayçı ilə vurmasını görməmişdir. Eşitdiyinə görə, zərərçəkmiş şəxslərin birini kürək nahiyəsindən, digərini isə sinə nahiyəsindən vurmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, daimi iş yeri olmadığı üçün tikintilərdə qəlbçi və fəhlə kimi işləyir. 2021-ci ilin iyul ayından Zəngilan rayonunda Ağıllı kəndin tikintisində fəhlə kimi İşləmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 da Zəngilan rayonunda Ağıllı kəndin tikintisində onunla birlikdə işləmiş, onların heç biri ilə düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. Etibarın qardaşı Ələkbər, iki oğlu Nazim və Nicat da onlarla birlikdə işləmişdir. Ağıllı kənddə eyni kampda qalmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində kampda uzanan zaman kampdan 30-40 metr kənardan səs gədiyini, kampda olanlar həmin yerə qaçaraq getdiklərini görmüşdür. O da həmin yerə getmiş və görmüşdür ki, Hidayət ilə Nazim dalaşır. Onları sakitləşdirmək istədim, lakin Hidayət sakitləşmək istəməmiş, səs-küy salaraq Nazim ilə dalaşmaq istəmişdir. Həmin vaxt Etibar da Hidayəti sakitləşdirmək istəyib dalaşmamaların demiş, Hidayət Etibarın ağız hissəsindən vurub itələyərək demişdir ki, sənlik deyil, sən çəkil. Yenidən Hidayəti sakitləşdirmək istəmişlər, Hidayət özün sakitləşən kimi göstərmiş, lakin yenidən Nazimi vurub itələyərək yıxmışdır. Hidayət Nazimin üzərinə getmək istəyən zaman onu tutub saxlamaq istəmişdir. Həmin vaxt Hidayət qışqırıb demişdir ki, onu vurdular. Hidayətin əynində olan gödəkçəsin çıxarmağa köməklik edən zaman görmüşdür ki, Hidayətin kürəyinin sol tərəfindən qan axır. Hidayət vurulduğu üçün ona köməklik edib xəstəxanaya aparmaq istəmiş, Hidayəti aparan zaman əvvəllər tanımadığı, sonradan adının Nurlan olduğu öyrəndiyi şəxs sinə hissəsindən qan axaraq gəldiyini görmüşdür. Nurlan qışqıraraq vurulduğunu demişdir. Nurlan yıxılmaq istəyən zaman onu tutub qucağına alaraq maşınlar dayana yerə aparmışdır ki, təcili xəstəxanaya aparsınlar, işlədiyi şirkətə məxsus avtomaşınla Hidayəti və Nurlanı Füzuli rayonuna xəstəxanaya aparmışlar. Əvvəllər Nurlanı tanımamış, xəstəxanada olan zaman öyrənmişdir ki, Nurlan Hidayətin qardaşıdır. Həmin dava zamanı səs-küy olmuş, ətrafdan həmin yerə adamlar toplaşmışdır. Həmin səs-küyün yaranmasına, adamların toplaşmasına səbəb Hidayətin səs-küy salaraq Nazim ilə dalaşmaq istəməsi olmuşdur. Həmin dava zamanı Etibarın səs-küy salması və dalaşmaq istəməsini görməmiş, Etibar özü də Hidayəti sakitləşdirmək istəmişdir. (Cild 2, iş vərəqləri 65-69) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən Zəngilan rayonu, Ağalı kəndində inşa edilən “Ağıllı kəndin” tikintisini aparan "xxxx" MMCdə fəhlə işləyir. X2 bir neçə dəfə görsə də, sonuncu ilə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 tanıyır, bir evdə qalmışlar, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs2 Necəf oğlunu tanımır, əvvələr onu görməmişdir. xx.xx.2022-ci il tarixdə “Ağıllı kənddə" yeməkləri qablaşdıran zaman yeməkxanadan təxminən 300 metr kənardan səs gəldiyin eşitmişdir. İlk əvvəl gələn səslərə fikir verməmiş, səsin daha çox artdığını görüb yeməkxanadan çıxıb həminyerə getmişdir. Həmin yerə gedən zaman görmüşdür ki, əvvəllər tanımadığı Nurlanı işçilər qucaqlarında gətirirlər, Nurlanın sinəsindən qan axır, Hidayətin isə kürək hissəsindən qan axır. Həmin yerə toplaşmış şəxslərdən öyrənmişdir ki, Etibarın oğlu ilə Hidayət və Nurlanın arasında dava olmuş, həmin dava zamanı Etibar Hidayət və Nurlana qayçı ilə xəsarət yetirmişdir. (Cild 2, iş vərəqləri 56-58) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış və götürmə barədə” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bir ədəd qayçını təqdim etmişdir. (Cild 1, iş vərəqləri 12-14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X9 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli 124/22 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa divarının plevra boşluğuna keçən, soltərəfli hemopnevmotoraksla (plevra boşluğuna qan və havanın yığılması) ağırlaşmış iki ədəd kəsilmiş-deşilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qayçı ilə yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (Cild 1, iş vərəqləri 24-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X9 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli 125/22 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön divarının plevra boşluğuna keçən, soltərəfli hemopnevmotoraksla (plevra boşluğuna qan və havanın yığılması) ağırlaşmış bir ədəd kəsilmiş-deşilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qayçı ilə yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (Cild 1, iş vərəqləri 28-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X9 təqdim edilmiş 300/2022-MTKŞ nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin arxa hissəsində üç ədəd dəlib-keçən və gödəkçənin yalnız üst qatını zədələyən bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin eyni alətin və ya oxşar konstruktiv xüsusiyyətlərə malik alətlərin təsirindən, həmçinin ekspertizaya təqdim edilmiş qayçı ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alət ilə törənməsi inkar olunmur. Zədələr yetirildiyi anda zərərçəkənlə təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 oğluna məxsus gödəkçənin arxa hissəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa divarında olan iki ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin arxa hissəsində aşkar edilmiş digər deşilmiş-kəsilmiş zədələr onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız gödəkçənin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin astarındakı sol döş cibinin kənarında bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılma küt yaranma mexanizminə malikdir, gödəkçənin müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. (Cild 2, iş vərəqləri 44-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə psixoatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, özünü və yaxınlarını müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq təznimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, E.N,İbrahimov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və 22-cİ maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. (Cild 2, iş vərəqləri 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2665 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeyd edilən cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Fərdi-psixi xüsusiyyətlərindən və emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 2, iş vərəqləri 83-85) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. (Cild 2, iş vərəqləri 24-25) Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, hadisənin təşəbbüskarı zərərçəkmiş şəxs olmuş, o, təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətlər etmiş, həmçinin cinayət işi materiallarında Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən və Zərərçəkmiş şəxs1 verdiyi ifadədən göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməklə onlara vurulmuş ziyanı tam ödəmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, həmçinin zərərçəkmiş şəxslərlə barışması və onlara vurulmuş ziyanı tam ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, onun ailə başçısı olması, əməlindən peşmançılıq çəkməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir: Təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar – iş materiallarından və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs cinayətə meyilli və ictimai təhlükəli şəxs deyildir. Hazırki dövrədək o nəinki cinayət, inzibati məsuliyyətə belə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs zəhmətkeş insan olmaqla maddi vəziyyətinin ağır olması səbəbindən işləyərək ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhərindən Zəngilan rayonuna gedərək iki övladı və qardaşı ilə birlikdə tikintidə dəmirçi usta kimi işləməklə işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti və quruculuq işlərinə töhvə vermişdir. Məhz Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı amillərə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. (Cild 2, iş vərəqləri 18-21) Məhkəmə həmçinin bir daha qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud olmamış, cəzanı yüngüllşədirən hallar kimi isə təqsirləndirilən şəxsin cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, həmçinin zərərçəkmiş şəxslərlə barışması və onlara vurulmuş ziyanı tam ödəməsi, eləcə də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ailə başçısı olması və əməlindən peşmançılıq çəkməsini nəzərə almışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi – Təqsirləndirilən şəxs cinayəti xuliqanlıq niyyəti, sair qərəzli və alçaq niyyət ilə törətməmiş, əksinə Zərərçəkmiş şəxs1 tərəfindən onun özü və övladı qərəzli xuliqanlıq hərəkətlərinə məruz qalaraq döyüldükdən sonra, o, bıçaq, odlu silah və sair kəsici-deşici alətlə deyil, üzərində olan adi məişət təyinatlı qayçı ilə Zərərçəkmiş şəxs1 və dava-dalaşda iştirak edən onun qardaşı Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Cinayətin baş verməsinə səbəb olan hallar və zərərçəkmiş şəxslərin davranışları - Cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir ki, dava-dalaşın təşəbbüskarı Zərərçəkmiş şəxs1 olmuş, o, mübahisə etmək üçün Ağalı kəndinə qardaşı Zərərçəkmiş şəxs2 və müəyyən edilməmiş digər şəxsləri çağırmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və oğlu Şahid5 məhkəmə tibbi müayinələrinə dair ekspert rəylərindən də görünür ki, Təqsirləndirilən şəxs alt çənə nahiyəsindən qançır, övladı Şahid5 isə sağ gözaltı nahiyəsinin qançırı və alt dodağın selikli qişasında qansızma kimi xəsarətlər almışlar. (Cild 1, iş vərəqləri 33-37) Bundan başqa, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” ibtidai istintaq orqanının 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və övladlarının döyülməsi faktına görə zərərçəkmiş şəxslər barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqləri 104-105) Zəngilan rayon məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və oğlu Şahid5 qarşı qərəzli xuliqanlıq hərəkətləri edərək onları döyən və hadisənin təşəbbüskarı olan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, cəzanın məqsədi – məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında barışıq baş verdiyi və cinayət nəticəsində hər hansı bir bərpa oluna bilməyən ağır nəticələr baş vermədiyi bir halda, əvvəllər heç vaxt nəinki cinayət, inzibati məsuliyyətə belə cəlb edilməyən, zəhmətkeş və qanuna tabe olan 53 yaşlı ailə başçısının zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş vermiş bir cinayətə görə ən azı 6 il müddətə real olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanunun ədalət və humanizm prinsipinə zidd olmaqla yanaşı, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Belə ki, cinayətə meyilli olmayan zəhmətkeş bir ailə başçısının işləyərək öz ailəsini dolandırması, bu şəxsi uzun müddətə azadlıqdan məhrum etmə yerinə göndərməklə dövlətin onun saxlanılmasına pul xərcləməsindən, bu şəxsin ailəsinin isə maddi sarsıntılar çəkməsindən üstün tutulması, dövlətin və cəmiyyətinin maraqlarının da üstün tutulması deməkdir. Hadisənin mənəvi tərəfi – məhkəmə hesab edir ki, iş üzrə ekspertiza rəyi ilə törədilmiş cinayət əməlinə münasibətdə Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətinin olması istisna olunsa belə, azərbaycan mentalitetinə, azərbaycan kişisinin üstün tutduğu mənəvi dəyərlərə və cəmiyyətdə mövcud olan ədəb qaydalarına əsasən heç bir səbəb olmadan atanın gözü qarşısında oğullarının, oğulların gözü qarşısında isə atalarının döyülməsi yol verilməz olmaqla, bu kimi davranış ailə başçısı olan atada qarşısı alına bilməyən hirsə və aqresiya səbəb olur. Məhz məhkəmə psixoloji ekspertiza rəyində də Təqsirləndirilən şəxs psixoloji portrertinin təsviri ilə bağlı qeyd olunmuşdur ki, onda özünü və yaxınlarını müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlər müşahidə edirlir. (Cild 2, iş vərəqləri 39-43) Təhlil edilən hallara görə məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız 70-ci maddəsi institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26). Bütün yuxarıda təsvir olunan halları, eləcə də qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə isə Zəngilan Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə onun ev dustaqlığında olma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ümumilikdə təqsirləndirilən şəxs 02 il 03 ay 19 gün həbsdə və ev dustaqlığında qalmışdır. (Cild 1, iş vərəqləri 101-103, 123-124, 151-153, cild 2, iş vərəqləri 18-21) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Zəngilan RPŞ-də saxlanılan bir ədəd qayçı və bir ədəd gödəkçə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olub Zəngilan RPŞ-də saxlanılan bir ədəd qayçı və bir ədəd gödəkçə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-41/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-41/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver