Məhkəmə qərarları › İş №1(124)-41/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-41/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-41/2025 08.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, eyni məhkəmənin 30 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 21,721 qram narkotik vasitə heroin əldə edib daşıyaraq yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ev 237 ünvanında saxlamış, Sumqayıt ŞPİ-nə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı əsasında həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda ailə üzvünün iştirakı ilə axtarış istintaq hərəkəti keçirilən zaman evin otağındakı paltar dolabının üzərindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,641 qram və 14,080 qram olmaqla ümumi təmiz çəkisi 21,721 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1,061 qram olan qəhvəyi rəngli yumşaq konsistensiyalı narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ- nə daxil olan əməliyyat məlumatı əsasında 17 avqust 2023-cü il tarixdə saat 16:25-də həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri Corat qəsəbəsi ev 237 ünvanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 1,061 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heroin növündə narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları onu 17 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında, yəni qonşusunun həyətində saxlamışlar. O, polis əməkdaşları tərəfindən axtarışda olduğu üçün gizlənirdi və onlar onu qonşularının həyətində saxlamışdılar. 08 avqust 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmişdilər. O, həmin vaxt evdə olmamışdır. Təxminən saat 16:00 radələrində evdən çıxıb dəniz kənarına getmişdir. Həmin vaxt polis əməkdaşları onun yaşadığı evə daxil olmuşlar və narkotik vasitəni yaşadığı evə qoymuşlar. Daha sonra videoçəkiliş vasitəsilə həmin narkotik vasitəni guya ona məxsus imiş kimi aşkar edib götürmüşlər. Yaşadığı evdə aşkar olunan narkotik vasitə ilə üzərində aşkar olunan narkotik vasitənin tərkib komponentlərinin eyni olması barədə bilmir, narkotik vasitələri polis əməkdaşları özləri qoymuşlar. Polis əməkdaşları yaşadığı evə gələn zaman anası evdə olmuşdur. Polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmamışdır. Yaşadığı evə anasının iştirakı ilə baxış keçirilmiş, evdən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Ona qarşı irəli sürülmüş ittiham ilə polis əməkdaşları ailə üzvlərini incitməsinlər deyə razılaşmışdır. Onda ittiham aktında qeyd olunan çəkidə narkotik vasitə olmamışdır. Həmişə 0,5-1 qram çəkidə narkotik vasitə istifadə etmişdir. 25 qram narkotik vasitə almağa pulu heç olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 237-də yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonradan amnistiyaya əsasən cəzasından 06 ay azaldılmış və 22 iyun 2022-ci il tarixdə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra da narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Hal-hazırda Sumqayıt şəhər Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi vardır. Bir neçə ildir ki, narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. 06 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində dəniz qırağında olan zaman təsadüfən tanış olduğu şəxsdən 300 manat pul müqabilində 3 ədəd bükümdə 30 qram çəkidə narkotik vasitə heroin almışdır. Həmin heroini yaşadığı evə gətirib paltar dolabının üzərində gizlətmişdir. Heroindən bir ədəd bükümdə olan hissəsindən müxtəlif xırda bükümlərə bölmüşdür. Həmin bükümlərdən tanıdığı bir neçə nəfər şəxslərə çəkisindən asılı olaraq 5-10 manat pul müqabilində satmışdır. Qalan iki ədəd bükümdə olan narkotik vasitə heroinləri isə yaşadığı evdə paltar dolabının üstündə qalmışdır. 08 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində evdən çıxıb dəniz qırağına getmişdir. Həmin vaxtı anası Nisə evdə tək olmuşdur. Bir qədər dəniz qırağında olduqdan sonra evə geri qayıdan zaman məhəllə sakinlərinin deməsindən məlum olmuşdur ki, polis əməkdaşları evinə gələrək axtarış keçirir. Başa düşmüşdür ki, yaşadığı evdə narkotik vasitə olması ilə bağlı polis əməkdaşları məlumat almışdır və narkotiki aşkar etdikdən sonra onu da tutub aparacaqlar. Ona görə də evə gəlməyərək oradan çıxıb getmişdir. Bundan sonra Sumqayıt şəhərində və Bakı şəhərində müxtəlif ünvanlarda qalaraq yaşadığı evə getmişdir. 17 avqust 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri 20 Yanvar Metrostansiyasının yaxınlığında olan zaman bir nəfər şəxs təsadüfən ona yaxınlaşmışdır. Onunla söhbət zamanı narkotik vasitə satdığını bilmişdir. Bir neçə gündür narkotik qəbul etmədiyindən bədənində narkotikə tələbat varıymış. Ona görə də narkotik vasitə qəbul etmək istəyirmiş. Ona görə də həmin şəxsdən ona 1 qram çəkidə heroin (kakos) verməsini bildirmişdir. Həmin şəxs də üzərində olan bir ədəd bükümdə 10 manatlıq heroini ona vermişdir. O da ona 10 manat pul vermişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşıb getmişdir. Bundan sonra Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhərinə gəldikdən sonra yaşadığı evə gəlməyi planlaşdırmışdır. Həmin günü saat 16:25-də yaşadığı evin yaxınlığında olan zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə axtarışda olduğunu, həmçinin üzərində də narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində müstəntiq Mustafa Mustafazadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Qoşqar Abbasovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Qoşqar Abbasov müdafiəçisi kimi çağırılaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Qoşqar Abbasovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və təxminən 10-12 gün əvvəl Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Müstəntiq tərəfindən sorğu edilən zaman 08 avqust 2023-cü il tarixdə yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin də ona məxsus olduğunu, həm özü üçün istifadə etdiyini, həm də tanıdığı şəxslərə satdığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitəni də evdə olan narkotik vasitənin üzərindən götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin elekton tərəzidə çəkilmiş və 1,90 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin müstəntiq Mustafa Mustafazadə tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri özü və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni 17 avqust 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyasının ərazisində tanımadığı şəxsdən əldə etmişdir. Həmin şəxs təxminən 30-35 yaşlarında, arıq bədən quruluşlu, orta boylu, üzü saqallı şəxs olmuşdur. Mobil telefondan ümumiyyətlə istifadə etmir. Narkotik vasitə satdığı şəxslər yaşadığı evə gələrək onu çağırmışdır. O da küçəyə çıxıb həmin şəxslərə “çet” adlanan xırda bükümlərə böldüyü bükümləri vermişdir. İstər saxlanılan zaman istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. (Cild 1, iş vərəqləri 166-169, 265-267) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur. Hadisənin üzərindən xeyli vaxt keçdiyindən təfərrüatları, hansı tarixdə, günün hansı hissəsində saxladıqlarını xatırlamır. Məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, qapını onun anası açmış, oğlunun evdə olmadığını bildirmişdir. Evə baxış keçirilmiş və təxminən 2 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Lakin çəkilərini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində onun anası da iştirak etmişdi, evə daxil olmalarına etiraz etməmişdir. Evə baxış keçirilməsi üçün müstəntiq Orxan Bağırlı ilə getmişlər. Evə cəmi bir dəfə baxış keçirilmişdir. Dəqiq tarixi xatırlamasa da, 2023-cü il gündüz vaxtları olmuşdur. Nail Kəmərliylə bağlı məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Əməliyyat qrupunun rəhbəri Bəxtiyar Hacıyev olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə müstəntiq Orxan Bağırlı ilə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə xatırladığı qədərilə 08 avqust 2023-cü il tarixdə gündüz saatlarında getmişlər. Qapını Təqsirləndirilən şəxs anası açmışdır. Təqsirləndirilən şəxs həmin vaxt evdə olmamışdır. Evə baxış qərarı ilə daxil olmuşlar. Baxış keçirilmiş, təxminən 2 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə onunla birlikdə kriminalist, müstəntiq, Şahid2 və Şahid4 getmişdir. Onlar həmin gün bir neçə nəfər şəxsləri də saxlamışlar və onlardan aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs aldıqlarını bildirmişdilər. Təqsirləndirilən şəxs narkotik vasitə alınması barədə videogörüntülər "Youtube" sosial şəbəkə sistemində paylaşılmışdır və hazırda da bu videogörüntülər mövcuddur. Nail Kəmərlinin çəkilişi sonradan olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 17 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən evinin yaxınlığında saxlamış, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş əməliyyat məlumatı barədə bildirib onu polis idarəsinə dəvət etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü mərtəbəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan 1 bükümdə heroin növündə narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid6 iştirak etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KMQ-nun əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək göstərdi ki, 08 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində o və əməliyyat qrupunun digər iştirakçıları Bəxtiyar Hacıyev (əməliyyat qrupunun rəhbəri), Şahid1, Şahid2, Ramiz Zamanov, Şahid4, Orxan Bağırlı və Asəf Həbibov ünvan 5 ünvanına getmişlər. Qapını döyən zaman bir nəfər qadın çıxaraq özünü Təqsirləndirilən şəxs anası kimi təqdim etmiş və 20 dəqiqə əvvəl oğlunun evdən çıxdığını bildirmişdir. Onlara daxil olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı evə baxış keçirilməsinə dair icazə verilməsi ilə bağlı qərarın olduğunu bildirmişlər. Nisə Ağayeva etirazının olmadığını bildirmişdir. Videoçəkiliş ilə evə baxış keçirilmişdir. Bu zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs anası bükümləri əvvəlcədən görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 08 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 5 ünvanına getmişlər. Qapını döyən zaman bir nəfər qadın çıxaraq özünü Təqsirləndirilən şəxs anası kimi təqdim etmiş və 20 dəqiqə əvvəl oğlunun evdən çıxdığını bildirmişdir. Özlərini təqdim etmişlər. Onlara daxil olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı evə baxış keçirilməsinə dair icazə verilməsi ilə bağlı qərarın olduğunu bildirmişlər. Nisə Ağayeva etirazının olmadığını bildirmişdir. İçəri daxil olmuş, videoçəkiliş ilə evə baxış keçirilmişdir. Bu zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlələr olması müəyyən edilmişdir. Narkotik vasitənin çəkisini hal-hazırda xatırlamır. Təqsirləndirilən şəxs anası bükümləri əvvəlcədən görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirildikdən 1-2 gün sonra tutulub saxlanılmışdır. Baxış zamanı əməliyyat qrupunda ondan başqa Bəxtiyar Hacıyev, Şahid1, Şahid2, Ramiz Zamanov, Şahid3, Orxan Bağırlı, Asəf Həbibov iştirak etmişlər. Əməliyyat qrupuna Bəxtiyar Hacıyev rəhbərlik edirdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hadisə günü 08 avqust 2023-cü il tarixdə idi. Oğlu içəridə uzanıb yatmışdı. Sonra ayağa durmuş, siqarət çəkmək üçün çölə çıxmışdır. O çıxdıqdan sonra təxmini 10-20 dəqiqədən sonra evə polis əməkdaşları gəlmişdir. İçəri baxış keçirmişlər. Əllərində olan sənədi təqdim etmişlər ki, baxış keçirməyə gəlmişlər. O da etiraz etməmişdir. Onlar videoçəkiliş aparmışlar. Polis əməkdaşları içəri girəndə o, evdə oturmuşdur. İçəri girib Ağaminin harada olduğunu soruşmuşlar. Sonra həyətə, oradan isə çölə çıxmışlar. İlk öncə onlar çəkilişdən əvvəl həyətə girmişlər, sonra evin içinə girib qapını döymüşlər. Evin qapısından sallanan pərdəni çəkib, içəri boylanmışlar və Ağaminin harada olduğunu soruşmuşlar. Sonra o, ayağa durmuş, həyətə çıxmışlar. Ona çəkilişə gəldiklərini bildirmişlər. O da etiraz etməmişdir. İkinci dəfə içəri artıq videoçəkiliş ilə birlikdə daxil olmuşlar və evə baxış keçirmişlər. Onlar evə daxil olarkən heç bir fiziki təzyiq göstərməmişlər, o da heç bir müqavimət göstərməmişdir. Polis əməkdaşlarından Şahid4 mətbəxdə dayanmışdı. Evi töküb axtaran isə Orxan müəllim olmuşdur. Videogörüntüdə olan feni yastığın altına o qoymamışdır. Feni adətən yastığın altına deyil, yanına qoyurdu. Videogörüntüdə olan narkotik vasitəni də görməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2020-2021ci il tarixdən etibarən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair videoçəkiliş edir, öz sosial şəbəkə hesablarımda bununla bağlı paylaşımlar edib insanları maarifləndirir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı bir gün onun “İnstagram” sosial şəbəkə hesabına tanımadığı şəxsdən mesaj gəlmişdir. Məlumatın düzgünlüyünü yoxlamaq üçün Ağaminin yaşadığı əraziyə getmişlər. Ağaminin narkotik vasitə satdığını həmin ərazidə yaşayan narkomanlardan dəqiqləşdirmişdir. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat vermişdir. Bununla bağlı əməliyyat tədbiri görülmüşdür. Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilmişdir.Bu tədbir onun fəaliyyətində ilk dəfə olaraq baş tutmurdu. O, əvvəllər də buna bənzər bir çox tədbirlərdə Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə birgə fəaliyyətdə olmuşdur. Onlar polis əməkdaşları ilə birgə videoçəkilişlə Ağaminin evinə daxil olmuşlar. Lakin özü evdə olmamışdır. O, videoçəkiliş aparan zaman polis əməkdaşları və müstəntiq orada olmuşdur. Axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Onlar Ağaminin evinə günorta saatlarında, təxminən saat 14:00-17:00 radələrində getmişlər. O, hadisə yerinə polis əməkdaşlarının arxasından gəlirdi. Onlar təhlükəsizlik üçün öndə gedirdilər. Videoçəkiliş 1 dəfə eyni vaxt ərzində olmuşdur. O, montaj etdiyi üçün görüntülər bu formada olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və axtarış aparılması” haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ev 237 ünvanında axtarış aparılmışdır. Baxış keçirilməsi zamanı mənzildə olan paltar dolabının üst tərəfində iki ədəd şəffaf sellofan bükümdə kütlələr aşkar edilmişdir. Bükümlərə baxış keçirilən zaman qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir.Həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 90-92) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi” haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində“kakos” adlandırılan narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur.(Cild 1, iş vərəqləri 27-29) “Baxış keçirilməsi və axtarış aparılması” haqqında 08 avqust 2023-cü il tarixli və “Şəxsi axtarış keçirilməsi” haqqında 17 avqust 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2023-cü il tarixli 3-16-16/1-6/4244 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində :“..Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,641 qram, 14,080 qram , ümumi təmiz çəkisi 21,721 qram olan qəhvəyi rəngli madələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 96-101) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4435 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində :“.. Azərbaycan Respublikası DİN Zərflər üçün Nö 124 dairəvi möhür əksləri olan , Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə heroinə bənzər maddə, “imza”, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,061 qram olan tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 45-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6443 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 252-253) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-fiziki ekspertizasının 02 may 2025-ci il tarixli, 6/1233 rəyindən görünür ki, tədqiqat obyektləri üzərində paketin tamlığının pozulması əlaməti müəyyən edilmədi (iş üzrə, yəni vət. Təqsirləndirilən şəxs evindən və üzərindən aparılan narkotik vasitə-heroin tərkibli maddələrin eyni kimyəvi komponent tərkibinə malik olması barədə xx.xx.2024-cü il tarixli 6/1428 saylı ekspert rəyi verilmişdir). Qeyd edilən paketdə üzərində AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məxsus üzərində “Tədqiqat obyekti №67” möhür əksi, Ekspert rəyi 6/4244...9 avqust 2023-cü il...Sumqayıt ŞPİ 19-cu PB...” və s. yazılar olan kağız paketi açdıqda üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” qeydli zərfdə iki ədəd bükümdə ümumi qalıq təmiz çəkisi 21,521 qram olan qəhvəyi rəngli narkotik vasitəheroin kütlələrinin (1№-İi oby.) olması müşahidə edildi. Bu tədqiqat obyektlərinin ayrıayrılıqda və ümumilikdə ilkin təmiz çəkiləri, növləri və eyni kimyəvi komponent tərkibinə malik olmaları barədə 9 avqust 2023-cü il tarixli 3-16-16/1-6/4244 № - li ekspert rəyi verilmişdir. Həmin paketdəki üzərində AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məxsus üzərində “Tədqiqat obyekti №62” möhür əksi, Ekspert rəyi 6/4435...18 avqust 2023-cü il...Sumqayıt ŞPİ...” və s. yazılar olan digər kağız paketi açdıqda üzərində AR DİN Zərflər üçün № 124” dairəvi möhür əks, " Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” qeydli zərfdə 01 ədəd bükümdə qalıq təmiz çəkisi 0,961 qram bərkimiş vəziyyətdə tünd qəhvəyi rəngli narkotik vasitə-heroin kütləsi (2№-ii oby.) müəyyən edildi (bu tədqiqat obyektinin ilkin təmiz çəkisi və növü barədə xx.xx.2023-cü il tarixli 6/4435 saylı ekspert rəyi verilmiuşdir və ötən dövr ərzində ekspertin təsvir etdiyi maddə təbii olaraq qurumuş, bərk konsistensiyalı maddə vəziyyətinə düşmüşdür). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəməfonoskopik ekspertizasının 20 may 2025-ci il tarixli 4/435 №-li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “xx.xx.2025 Sumqayıt Polisinin ƏMƏLİYYATİ (PUSU) _ Real kadrlar” adlı videoyazının 05 dəq 34,00 san-dən başlayaraq 07 dəq 41,027-ci san-ə qədər olan hissəsindəki kadrlarda “xx.xx.2025 Evə baxış” adlı videoyazının əvvəlindən olmaqla 7 dəq 15,800-cü san-nə qədər olan hissəsində eyni vaxtda, eyni məkanda müxtəlif kameralar vasitəsi ilə müxtəlif rakurslardan qeydə alınmış eyni vizual və akustik hadisələrin hissələri qeydə alınmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş “xx.xx.2025 Sumqayıt Polisinin ƏMƏLİYYATİ (PUSU) _ Real kadrlar” adlı videoyazının 04 dəq 30 san-dən 05 dəq 30 sannə qədər olan hissəsidə qeydə alınan rəyin tədqiqi hissəsində verilmiş fraqmentlər istisna olmaqla digər hissələrdəki görüntülər videoyazının 05 dəq 30 san-dən 07 dəq 40 san-nə qədər hissəsindəki vizual hadisələrin qeydə alındığı eyni açıq və qapalı məkanlarda qeydə alınmış fərqli vizual hadisələrdir. Ekspertiza tədqiqatına təqdim edilmiş “xx.xx.2025 Sumqayıt Polisinin ƏMƏLİYYATİ (PUSU) _ Real kadrlar” adlı videoyazıda rejissor stolundan istifadə etməklə aparılmış kadrdaxili, kadrlararası və audioaxının ilkin audioaxına sintezi kimi montaj əlamətləri müəyyən olundu. Ekspertiza tədqiqatına təqdim edilmiş “xx.xx.2025 Sumqayıt Polisinin ƏMƏLİYYATİ (PUSU) _ Real kadrlar” adlı videoyazının 05 dəq 30 san-dən 07 dəq 40 sannə qədər hissəsi ilə videoyazının 04 dəq 30 san-dən 05 dəq 30 san-nə qədər hissəsinin hansının daha tez qeydə alınması vaxtını rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş “xx.xx.2025 Sumqayıt Polisinin ƏMƏLİYYATİ (PUSU) _ Real kadrlar” adlı videoyazının 04:30 dəqiqəsindən 05:30dəqiqəyədək olan hissəsi ilə, həmin video görüntülərin 05:30 dəqiqədən 07:40 dəqiqəyədək olan hissəsinin (eyni küçədə, eyni fərdin yaşayış evində çəkilən müxtəlif kadrların) günün daha tez vaxtında qeydə alınması məsələsinin həlli şəkil 12 və şəkil 23də divarda asılmış saatın göstərildiyi kadrların və şəkil 24-də üzbəüz divarın kölgəsinin göründüyü kadrların qeydə alındığı ilkin videoyazı təqdim olunduğu halda mümkündür. Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 21,621 qram heroin və üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,011 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 295-307) Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmaması, evdən heç bir qanunsuz vasitə aşkar olunmaması, ona qarşı irəli sürülmüş ittiham ilə polis əməkdaşlarının ailə üzvlərini incitməsinlər deyə razılaşması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkmə həmçinin qeyd edir ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivi müəyyən olunur. Belə ki, həmin maddənin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal hesab olunur. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qıti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 214-225, 275-285) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 14 dekabr 2023-cü il və 13 mart 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 177-179, 249-251, 335-336) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalı qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsəilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ümumi çəkisi 22,282 qram olan narkotik vasitə heroin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 480 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ümumilikdə 22,282 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 480 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar