Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-412/2025 28.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Qusar rayonunun Samur qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Qusar rayonunun Samur qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən digərləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulan əməllərin yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətləri (terror aktı) törədilməsinə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı X5, Rusiya Federasiyasının vətəndaşı X2 və digərləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 25 oktyabr 2022-ci il tarixdə, saat 17:50 dəqiqədə Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində olarkən həmin ərazidə yerləşən Dövlət Sərhəd Xidmətinin 2005 saylı Xudat sərhəd dəstəsinin Yuxarı Zeyxur zastavasına aid hərbi hissənin fotoşəklini çəkərək “WhatsApp” ani mesajlaşma tətbiqində yaradılmış “Viridünyadin Lezqiyar” (bütün dünyanın ləzgiləri) adlı qrupa göndərmiş və orada olan qrupun üzvlərinə zastavanın yerləşdiyi ərazini işarələyərək hərbi hissənin Azərbaycan Respublikasının ərazilərinin qondarma “Ləzgistan” dövlətinə birləşdirilməsi məqsədilə həmin zastavanın partladılmasına, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış törədilməsinə və Azərbaycan Respublikası ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 214-2ci maddəsi ilə qismən təqsirli, həmin məcəllənin 281.2-ci maddəsi ilə təqsirsiz bilərək ifadəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tarix-Coğrafiya” müəllimliyi ixtisası üzrə ali təhsil aldığını, universiteti bitirdikdən sonra 2023-cü ilin noyabr ayından etibarən Qusar rayonunda müqavilə əsasında müəllim işləyərək azrəbaycan dilində tarix fənnini tədris etdiyini bildirmişdir. 2022-ci ilin oktyabr ayında onun nömrəsi facebook sosial şəbəkəsindən götürülüb öz iradəsindən asılı olmayaraq “bütün dünyanın ləzgiləri” adlı qrupa üzv olaraq əlavə edilmiş, qısa müddət ərzində həmin qrupda üzv olaraq qalmışdır. 25 mart 2022-ci il tarixdə həmin qrupa Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin Yuxarı Zeyxur zastavasına aid hərbi hissəsinin şəklini ataraq zastavanın yerləşdiyi ərazini işarələmiş, şəklin aşağısına isə “gəlin, zastavanı partladaq” yazmışdır. O, qrupda ləqəb olaraq adının yanına öz kəndinin adını — Tahircal yazmışdır. Qrupun üzvlərindən biri olan Radion Seydalıyev şəkildəki yerlə maraqlandığı üçün ona cavab vermiş, başqa heç kim bu məsələ ilə maraqlanmamışdır. Facebook sosial şəbəkəsində olan şəkillərin heç biri dövlətə aid olmamışdır. Qrupun üzvlərindən olan Murad Fətiyevi isə bir dəfə qəzetin təqdimatında görmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, zastavaya aid hərbi hissənin şəklini göndərdikdən təxminən 1 ay, 1 ay yarımdan sonra qrupdan çıxmış, həmin şəkli qrupa ataraq yerini göndərməkdə konkret məqsədi olmamış, özünü göstərmək üçün belə bir addım atmış və onun Ləzgistan dövləti yaratmaq fikri olmamışdır. O, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, şəkli qrupa göndərdikdən sonra adının yanında qeyd etdiyi kəndin adına görə Radion Seydalıyev yazaraq ondan kəndin hansı ərazidə yerləşdiyini soruşmuş, o da zastavanın Yuxarı Zeyxur kəndi ərazisində olduğunu və kəndin də hansı ərazidə yerləşdiyini demişdir. Əvvəlcədən bu mövzu ilə bağlı heç kimlə razılaşması olmamış, qrupun üzvləri ilə yaxın münasibəti olmamış, onun qrupa göndərdiyi şəkli Radion Seydalıyevdən başqa görən olmamış və o, sonradan öz təşəbbüsü ilə qrupdan çıxmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq facebook sosial şəbəkəsində profil şəklində olan şəxsin Şirvan sərkərdəsi Hacı Davud olduğunu, Abuzər Aydəmirov adlı şəxsi tanımadığını, facebook sosial şəbəkəsində paylaşdığı şəkillərin ləzgi şairlərinin bədii-şeir gününə həsr olunmuş tədbirdən olduğunu, paylaşımlarını müxtəlif dillərdə etdiyini və whatsapp qrupunda ləzgi dilində yazışdıqlarını bildirmişdir. Bu hərəkəti nə üçün etdiyini özü də bilməmiş, qrupda bəzi şəxslər bu tipli paylaşımlar etmiş, lakin o, qrupla çox maraqlanmadığından yalnız bir dəfə şəkil atmışdır. O, çalışdığı məktəbdə tarix fənnini tədris edərkən şagirdlərlə belə mövzular barədə danışmadığını, Murad Fətiyevin hazırda axtarışda olduğunu, həmin facebook qrupuna öz iradəsindən kənar əlavə edilib sonradan öz təşəbbüsü ilə çıxdığını və istifadəsində bir telefonun olduğunu bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində olan “Камран Тигьиржалви” adlı hesaba baxış keçirilərkən həmin şəxs tərəfindən qondarma “Ləzgistan” dövləti ilə bağlı bir neçə paylaşıma rast gəlinmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsinə olmuş mobil telefonunda “WhatsApp” ani mesajlaşma tətbiqinə baxış keçirilərkən həmin tətbiqdə X3 yaratdığı “Viridünyadin Lezqiyar” (bütün dünyanın ləzgiləri) adlı qrupa Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin 2005 saylı Xudat sərhəd dəstəsinin Yuxarı Zeyxur zastavasına aid hərbi hissənin fotoşəklini çəkərək “Zeyxurun təpəsindən. Nə edək, zastavanı partladaq. O tərəf Məhərrəm kəndidir” məzmunlu paylaşımı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 3463 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddəllərinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-linqvistik ekspertizasının 03 aprel 2025-ci il tarixli, 4/124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “Камран Тигьиржалви” adlı hesabda Azərbaycanın ərazi bütövlüyü əleyhinə təbliğat xarakterli fikirləri əks olunmuşdur. Materiallarda paylaşımların müəllifi Azərbaycanda və sərhədin digər tərəfində yaşayan ləzgilərə separatçı respublikalar DXR və LXR-də olduğu kimi hərbi yolla Rusiyanın tərkibində qanları və canları bahasına Ləzgistan Respublikası yaratmaları üçün çağırışlar edir. Bundan əlavə o, hesabında bayraq paylaşaraq 22 oktyabr tarixinin Alpan xalqlarının (ləzgidilli xalqlar) rəsmi bayrağının qəbul edilməsi günü olduğunu bəyan edir. Təqsirləndirilən şəxs 1921-ci ilin 24 yanvar tarixinin ləzgi xalqının parçalanmasının tarixi olduğu barədə paylaşım edərək, xalqların deyil, rəhbərlərin günahkar olduğunu bildirir. Onun paylaşımlarında azadlığın mübarizə aparmadan alınmayacağı, xalqın azad olması uğrunda yüzlərin, minlərin yanmasının gərəkli olduğu barədə fikirlər səsləndirilir. “Whatsapp” mobil tətbiqindəki “Viridünyadin Lezgiyar” (bütün dünyanın ləzgiləri) adlı qrupda etdiyi yazışmalarda Təqsirləndirilən şəxs Azərbaycan tərəfində Zeyxur kəndində yerləşən zastavanı partlatmaq barədə danışıqlar apardığı əks olunmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “Камран Тигьиржалви” adlı hesabında edilmiş paylaşımlarda və “whatsapp” ani mesajlaşma tətbiqində yaradılmış “Viridünyadin Lezgiyar” (bütün dünyanın ləzgiləri) adlı qrupdakı yazışmalarda aşkar edilmiş məlumatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 30 may 2025-ci il tarixli, 5/430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi M1908C3JG” markalı mobil telefonun yaddaşında “Facebook” və “İnstagram” sosial şəbəkələrinə aid “Камран Тигьиржалви” adlı, “Teleqram” sosial şəbəkəsinə aid “**********” adlı hesabların istifadə edilməsinə dair rəqəmsal qeydlər aşkar olunmuşdur. “WhatsApp” proqram təminatında “+994 70 809 14 48” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş, “.” adlı hesabın istifadə edilməsinə dair rəqəmsal qeydlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-linqvistik ekspertizasının 25 iyul 2025-ci il tarixli, 4/1144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Viridünyadin Lezqiyar” (bütün dünyanın ləzgiləri) adlı qrupdakı paylaşımında cümlənin dəqiq məzmununda müəllifin heç bir tərəddüdsüz konkret olaraq yerini göstərdiyi məkanın partladılmasını təklif etdiyi aydın olur. Terrorçuluğun həyata keçirilən əsas törədicilik üsullarından biri ictimai və insanların kütləvi yerləşdiyi yerlərin partladılması olduğu məlumdur. Tədqiqat materiallarının məzmunundan və təyinatından Təqsirləndirilən şəxs terrorçuluq niyyəti aydın müşahidə edilir. Belə ki, bu şəxs tərəfindən qrupda yazdığı və dəqiq şəkildə məkan göstərilməklə partlayış həyata keçirmək istəyi əks olunur. Materialda qeyd edilən yazı tamlıqla eksplisist səciyyəli, açıq məzmunla ifadə edilmişdir. İstifadəçinin paylaşımında digər insanları da məqsədi ətrafında toplamaq aydın ifadə edilmişdir. Məlumatlar bildirilərkən şəbəkə istifadəçisinin yazılı nitqində hər hansı ehtimal və tərəddüd müşahidə olunmur. Əksinə müəllif fikirlərini dəqiq şəkildə diqqətə çatdırmışdır. Ümumilikdə, tədqiqat materialları leksik, sintaktik konstruksiyalar mərhələlərində aparıldı. Yazılarda müşahidə olunan informativlik leksik və sintaktik səviyyədə reallaşmışdır. Bildirilən fikirlər əminlik formasında ifadə olunmuşdur. Yazıda əks olunan məlumat mətni-anlama aspektindən yanaşıldıqda qapalılıqdan uzaq, açıq və aydın fikirlərlə bildirilmişdir. Yazı nümunəsinin məqsədi “zastava” deyilən, konkret yeri göstərilən ərazidə partlayışın təşkil edilməsi və yazıların ünvanlandığı şəxslərin bu işə cəlb edilməsi olduğu aydın olur. Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2005 saylı Xudat sərhəd dəstəsinin Yuxarı Zeyxur zastavasına aid hərbi hissənin fotoşəklini çəkərək “WhatsApp” mobil tətbiqində yaradılmış “Viridünyadin Lezgiyar” (bütün dünyanın ləzgiləri) adlı qrupa göndərərək oranın partladılmasını təklif etməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarla yanaşı terrorçuluğa açıq çağırışlar da müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar RİHB-nın Samur qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmək niyyətinin olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 214-2 və 281.2-ci maddələri ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir əlbir olmuş bir qrup şəxs halında terrorçuluğa açıq çağırış etməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlaanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 670 (altı yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizasının 30 may 2025-ci il tarixli, 5/430 nömrəli rəyindən görünür ki, həmin rəyin tədqiqat obyektləri Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi M1908C3JG” markalı mobil telefonla yanaşı, digər təqsirləndirilən şəxslər Fəxrəddin Şahmurov və Cəlal Muradovun istifadəsində olmuş “Samsung” və “Redmi” markalı mobil telefonlardır. Odur ki, qeyd olunan ekspertizanın keçirilməsinə sərf olunmuş 200 (iki yüz) manat məbləğində xərc təqsirləndirilən şəxslər arasında bərabər bölünməklə, 66,70 manat hissəsi Təqsirləndirilən şəxs aid edilməlidir. Cinayət işi üzrə məhkəmə-linqvistik ekspertizalarının keçirilməsi ilə əlaqədar məhkəmə xərcləri ilə birlikdə, Təqsirləndirilən şəxs məxsus cəmi 536,70 manat manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 214-2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 16 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 670 (altı yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-412/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-412/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver