Məhkəmə qərarları › İş №1(124)-413/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-413/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-413/2022 06.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda hazırlayaraq yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayının əvvəllərində yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən evin həyətyanı sahəsində torpaqda və 35 ədəd dibçəkdə əkərək, həmin toxumlardan cücərmiş külli miqdarda, yəni 43 (qırx üç) ədəd çətənə (kannabis) bitkisinə 03 aprel 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib əkdiyi bitkilərin yarpaqlarını toplayaraq kultivasiya etmiş, habelə topladığı çətənə bitkisinin həmin hissələrini qurudaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi 14,058 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə marixuananı hazırlayıb yaşadığı evdə saxlamış, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 aprel 2022-ci il tarixdə, saat 13 radələrində onun yaşadığı evin həyətinə baxış keçirilərkən torpaqda əkilmiş 7 (yeddi) ədəd, həyətdə saxladığı 2 (iki) ədəd dibçəkdə, birində iki ədəd olmaqla cəmi 3 (üç) ədəd, evin ikinci mərtəbəsində qonaq otağının pəncərəsinin qarşında yerləşdirdiyi 2 ədəd dibçəkdə 2 (iki) ədəd, həmin pəncərənin çöl tərəfdən qarşısında talvarın dam örtüyünün üzərində düzülmüş 31 (otuz bir) ədəd dibçəkdə 31 ədəd, onlardan 5 (beş) ədədi yaş vəziyyətdə 90,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, 38 (otuz səkkiz) ədədi yaş vəziyyətdə 10,2 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri olmaqla ümumilikdə əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda yəni 43 (qırx üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, eləcə də evin ikinci mərtəbəsindəki masanın üzərində olan kağızda 1,668 qram və bir ədəd şüşə bankanın içərisində 12,390 qram olmaqla ümumi xalis çəkisi 14,058 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək 40 ildir ki, narkotik vasitədən istifadə etdiyini, bu xəstəlikdən əziyyət çəkdiyini, aşkar olunan narkotik vasitənin toxumlarını dayanacaqdan tapdığını, daha sonra da narkotik vasitədən istifadə etmək məqsədilə onları əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, əkdiyi bitkilərin yarısından çoxunun yetişməsinə 06 aydan çox müddət olmuş və ümumillikdə 43 ədəd kol əkmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, həmin bitkiləri şəxsi istifadə üçün əkmiş və polis əməkdaşları axtarış zamanı 43 ədəd kol aşkar etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 3 aprel 2022-ci tarixdə daxil olan əməliyyat məlumatı əsasında vəkil və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs evinə getmiş, Təqsirləndirilən şəxs icazəsi ilə evinə baxış keçirilmiş və baxış zamanı onun həyətindən dibçəklərdə əkilmiş olan təxminən 40-43 kol marixuana aşkar edilmiş və onların bir hissəsi balaca dibçəklərdə, digər hissəsi isə böyük dibçəklərdə olmuşdur. Təqsirləndirilən şəxsin evindəki stolun altından da qurudulmuş marixuana aşkar edildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə 03 aprel 2022-ci il tarixdə, günorta saatlarında olmuş, əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs evinə getmişlər. Onun evindən 43 ədəd marixuana kolu aşkar edilmiş, həmin kolların on ədədi həyətdə, otuz üç ədədi isə damda olan dibçəklərdə əkilmiş, həmçinin Təqsirləndirilən şəxs evindəki stolun üzərindən və bankanın içərisindən təxminən 18,9 qram narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında 03 aprel 2022-ci il tarixdə vəkilin və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşaraq axtarışın keçirilməsi qaydaları barədə ona məlumat verilmiş, Təqsirləndirilən şəxs evində axtarış aparılmasına etirazı olmadığını bildirmiş, onun yaşadığı yerin həyətyanı sahəsindən müxtəlif yerlərdə əkilmiş olan 43 ədəd kol və evinin ikinci mərtəbəsindən bankanın içərisində və kağızın üzərində olan qurudulmuş marixuana aşkar edilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis kapitanı rütbəsindədir. Quba rayonu, Barlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumatı raportla rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, əməliyyat müvəkkilləri Şahid2 və Həzrət Şadiyevdən, polis sahə rəisi Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu müəyyən etdikdən sonra müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü təhqiqatçı Mübariz Zəkəryəyev, keçiriləcək baxışda iştirak etmək üçün dəvət edilmiş vəkil və aqronommütəxəssis ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. 03 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yaxınlaşaraq narkotik vasitələrin istifadəsi, saxlanması və əkib-becərilməsi ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini bildirmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla hüquqlarının dövlət hesabına müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən siqaret qutusunu və sağ yan cibindən alışqanı çıxarıb təqdim edərək, üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkdiyini səmimi şəkildə bildirərək şəxsi axtarış başa çatanda onları həyətinə dəvət etmişdir. Şəxsi axtarış başa çatan kimi video çəkiliş davam etdirilməklə və aqronom-mütəxəssisin də iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməyə başlanmışdır. Həyətdə yığılmış mişar daşlarının üstündə olan dibçəkdə bir ədəd və dibçək formasında olan dəmir materiallı qutuda iki ədəd, mişar daşlarının arxasında yerdə torpaqda üç ədəd, həyətdə olan ağacın dibində torpaqda bir ədəd, evin binasının dibində torpaqda isə üç ədəd olmaqla ümumilikdə həyətdə əkilmiş 10 (on) ədəd bitki aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və özü tək əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində olan dibçəklərdə də həmin bitkilərdən əkdiyini bildirdiyi üçün baxış davam etdirilərək evin ikinci mərtəbəsindəki böyük otağın pəncərəsinin içəri tərəfdən qarşısında yerləşən kənar hissəsinin üstündə olan 2 ədəd dibçəyin və pəncərənin bayır tərəfdən qarşısında yerləşən talvarın şifer örtüyünün üzərində olan 31 ədəd dibçəyin hər birində 1 (bir) ədəd olmaqla cəmi 33 (otuz üç) ədəd əkilmiş çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həyətdən və evdən aşkar edilmiş bitkilərin hamısının narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları öz şəxsi istifadəsi üçün nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə təxminən 25-30 gün əvvəl özü tək əkib qulluq göstərərək yetişdirdiyini bildirmişdir. Baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpaqda peyin və gübrə olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilibbecərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını izah etmişdir. Baxış zamanı evin ikinci mərtəbəsinin böyük otağında yerləşən masada olan kağızın üzərindən və şüşə bankanın içərisindən yaşıl rəngli bitki kütlələri aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlələrin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, əkdiyi həmin çətənə bitkilərinin yarpaqlarını qurudaraq əldə etdiyini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Elektron tərəzidə çəkilərkən kağızın üzərindəki kütlə 1,9 qram, bankanın içərisindəki kütlə boş bir kağızın üzərinə tökülüb çəkilərkən 18,9 qram təşkil etmişdir. Bu kütlələrin hər biri ayrı-ayrı ağ kağız zərflərdə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Zərflərin üzərinə o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilərək qablaşdırmanın tamlıqları təsdiq edilmişdir. Digər otaqlardan qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Bundan sonra ikinci mərtəbənin böyük otağından aşkar olunan 33 ədəd dibçəkdə əkilmiş, həyətdən aşkar olunan 2 ədəd dibçəkdə əkilmiş və həyətdə torpaqda əkilmiş bitkilərin hamısı bir-bir kökündən çıxarılaraq sayılmış və onların hamısının ümumilikdə 43 (qırx üç) ədəd olması müəyyən edilmişdir. Həmin 43 (qırx üç) ədəd bitki təhqiqatçı tərəfindən ağ rəngli sintetik kisədə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. O da daxil olmaqla bütün iştirakçılar qablaşdırmanın üzərinə imza edərək tamlığını təsdiq edilmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 aprel 2022-ci il tarixli “Təxirə salınmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, evində saxlaması, Quba rayonu Barlı kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə, yetişdirmə) etməsi barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman əynində olan qara rəngli şalvarının sol cibindən “VEGAS” markalı siqaret və şalvarın sağ cibindən bir ədəd alışqan aşkar edilmişdir. Şəxsin üzərindən qanunla qadağan edilmiş narkotik vasitə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən evin həyəti, həyətyanı torpaq sahəsi və yaşadığı evdir. Baxış zamanı Təqsirləndirilən şəxs həm həyətyanı torpaq sahəsi, həm də yaşadığı evdə əkərək qulluq göstərdiyi çətənə kollarının yerini göstərməklə təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasına dair 03 aprel 2022-ci il tarixli, 7/318 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs mənzilindən...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 12,390 qram olan yaşılımtıl-sarı rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs mənzilindən...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,668 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə fərqlidir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs mənzilindən və həyətyanı sahəsindən...” yazılan torbada 5 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 90,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir, 38 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 10,2 qram olan bitki ştilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Təqdim olunmuş aqronom rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə və ştillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Marixuananın təmiz çəkisi 12,390 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 12,340 qram. Marixuananın təmiz çəkisi 1,668 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,618 qram. Çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkisi 90,0 qram, tədqiqata sərf edildi 0,25 qram (hər obyektdən 0,05 qram götürüldü), qalıq 89,750 qram. Çətənə (kannabis) bitkisi ştillərinin ümumi çəkisi 10,20 qram, cəmi tədqiqata sərf edildi 1,9 qram, (hər obyektdən 0,05 qram götürüldü) qalıq 8,30 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 iyun 2022-ci il tarixli, 3443 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtələrinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 06 iyul 2022-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 1,668 qram və 12,390 qram olmaqla ümumi xalis çəkisi 14,058 qram narkotik vasitə qurudulmuş marixuanalar, onun həyətyanı sahəsində torpaqda və yaşadığı evdə dibçəklərdə kultivasiya etdiyi 43 (qırx üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin 06 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş, həmin narkotik vasitələrin və narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatından sonra qalıq qalmış hissələrinin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 3 (üç) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 490 və 491 nömrəli arayışlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Quba rayonu Barlı qəsəbəsində yaşamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə 07 ay vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. O, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə 02 ay 09 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarında olan 23 iyun 2022-ci il tarixli rəy ilə təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən hal olduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. O, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba RPŞ-nin Maddi sübutların saxlanma otağında 3 ədəd kağız paketdə saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 12.340 qram marixuana, 1.618 qram marixuana, 89,750 qram çətənə (kannabis) bitkisi, 8.30 qram çətənə (kannabis) bitkisi ştilləri məhv edilməli, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Quba RPŞ-nin maddi sübutların saxlanma otağında 3 ədəd kağız paketdə saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 12.340 qram marixuana, 1.618 qram marixuana, 89,750 qram çətənə( kannabis) bitkisi, 8.30 qram çətənə (kannabis) bitkisi ştilləri məhv edilsin. 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar