Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-414/2022 02.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, xx xxxxx 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi Yat 10, 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 30-cu məhəllədə kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən köşkə yaxınlaşaraq satıcı işləyən Zərərçəkmiş şəxs kassadan ona pul verməsini istəmiş, sonuncu pulun ona məxsus olmadığını bildirdikdə üzərində gəzdirdiyi, istintaqla müəyyən olunmayan bıçağı cibindən çıxararaq silah qismində nümayiş etdirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək sonuncunun istifadəsində olan kassadan 10 manat pulu açıq talayaraq, quldurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, doqquzuncu sinifdən orta məktəbdən çıxmış və ofisiant işləyərək ailəsinin maddi tələbatını ödəmişdir. X5 Sumqayıt şəhər polis İdarasənin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə saxlanıldığından onun üçün çox darıxdığı üçün xx.xx.2022-ci il tarixdə gecə saatlarında «Go» spirtli içki qəbul edib evdən götürdüyü mətbəx bıçağı ilə həmin gün saat 01 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon, Sülh küçəsində yerləşən köşkə yaxınlaşıb pul lazım olduğunu demiş və həmin şəxs pul vermədikdə, başını köşkün pencərəsindən içəriyə salıb sağ əlində olan bıçaqla onu hədələyərək kassadan ona pul verməsini tələb etmiş, o isə kassadakı pulun ona aid olmadığını demişdir. Hətta satıcının əlindəki mobil telefonu da tutub əlindən almaq istəmiş, o isə buna imkan verməmişdir. Onu bir daha bıçaqla hədələdikdə, satıcı məcbur olub kassadan ona cəmi 10 manat pul vermişdir. O da alıb köşkdən uzaqlaşmış, üzərində olan bıçağı yolda harasa tullamışdır. Əldə etdiyi 10 manat pula siqaret alaraq istifadə etmiş, həmin əməli etməkdə məqsədi tutularaq atasının yanına getmək olmuş, heç kimə xəsarət yetirmək fikrində olmamış, etdiyi əməldən səmimi peşman olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 1-ci mikrorayon, Sülh küçəsində yerləşən köşkdə satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində işlədiyi köşkdə olan zaman bir nəfər şəxs işlədiyi köşkə müştəri qismində yaxınlaşaraq ona pul verməsini istəmiş, o isə həmin şəxsə pulunun olmadığını dedikdə, həmin şəxs ona kassadan pul verməsini tələb etmişdir. O həmin şəxsə kassada olan pulun ona aid olmadığını dedikdə həmin şəxs köşkün pəncərəsindən başını içəriyə salaraq, sağ əlində saxladığı bıçaqla ona hədə qorxu gəlməyə başlayıb, ondan kassadakı pulu ona verməsini tələb etmiş, hətta əlindəki mobil telefonunu əlindən almaq istəmiş, həmin şəxsin əlində bıçaq olduğunu görüb qorxaraq ona kassadakı 10 manat pulu vermişdir. Həmin şəxs bundan sonra hadisə yerindən çıxıb getmiş, o da DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra o Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunaraq, orada ərizə yazmış və ondan izahat alınmışdır. xx.xx.2022-ci il tarixdə ona bölmədən zəng gələrək yenidən bölməyə çağırmışlar. O da bölməyə getmiş, orada olarkən ona qarşı cinayət törədən şəxsi görüb tanımış və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hadisə vaxtı Eldar ona bıçaqla heç bir xəsarət yetirməmiş, o heç bir xəsarət almamış, Eldarın hadisə vaxtı üzərinə çıxartdığı bıçağın dəstəyi və tiyəsi gümüşü rəngdə olmaqla tiyəsinin uzunluğu təxminən 20 sm olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərdi ki, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerindən götürülmüş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə 00:57-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisi, Sülh küçəsində yerləşən köşkə yaxınlaşıb, həmin köşkdə satıcı işləyən Zərərçəkmiş şəxs Elçin oğlundan pul istəyir, sonuncu ona pul vermədikdə Təqsirləndirilən şəxs köşkün pəncərəsindən başını içəriyə salıb sağ əlində saxladığı dəstəyi və tiyəsi gümüş rəngdə, tiyəsinin uzunluğu təxminən 20 sm olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan pul tələb edir, onun əlindəki mobil telefonunu əlindən almaq istəyir, Zərərçəkmiş şəxs da kassadan çıxarıb ona cəmi 10 manat pul verir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs da törətdiyi cinayəti etiraf edərək, videogörüntüdə əlində bıçaqla köşkdə işləyən satıcı Zərərçəkmiş şəxs pul tələb edib alan şəxsin özü olduğunu, əlindəki bıçağı isə oradan uzaqlaşdıqdan sonra harasa tulladığını bildirmişdir. (cild 1, iş vərəqə 68-69) Diskə baxış keçirilməsi barədə protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1666 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl və törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda psixikanın pozulması halı baş verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini tam dərk etmək və həmin hadisə zamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik, konfliktə meyillilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabilliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 1, iş vərəqə 73-76) Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 84) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 saylı MKS-ya heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 85) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü müdafiə etmək üçün heç bir dəlil və sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 25, 65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disl cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-414/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-414/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver