Məhkəmə qərarları › İş №1(124)-416/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-416/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-416/2024 05.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 05 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 2,023 qram, 22,029 qram, 18,485 qram, 2,653 qram, 0,182 qram, ümumi təmiz çəkisi 45,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 (bir) ədəd bükümdə, şəxsi istehlak miqdarında, təmiz çəkisi 0,144 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd üzərində “Methadone40” göstəriciləri olan blister kəsiyində iki ədəd “F/M 40” göstəricili təsiredici maddəsinin miqdarı 0,080 qram təşkil edən narkotik vasitə metadon həblərini əldə etmə, saxlama və daşıma məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Niyam” adlı şəxslə şəxsi istifadəsində olan “Redmi Note 10S” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə olan heroini, metadon həblərini və psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini onun istifadəsində olmuş “Redmi Note 10S” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, İİR-in vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini həmin yerdən özü üçün qanunsuz əldə etməklə daşıyaraq yaşadığı ünvan 3 ünvanında və üzərində gizlətməklə saxlamış, 14 avqust 2023-cü il tarixdə, saat 08:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən yaşadığı binanın qarşısında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla Sumqayıt ŞPİ-yə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 09:48 radələrində yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman həmin mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağındakı çarpayının yanında yerləşən boz-qəhvəyi rəngli dolabın üst bölməsindən 04 (dörd) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 22,029 qram, 18,485 qram, 2,653 qram, 0,182 qram, ümumi təmiz çəkisi 43,349 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,144 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd üzərində “Methadone40” göstəriciləri olan blister kəsiyində iki ədəd “F/M 40” göstəricili təsiredici maddəsinin miqdarı 0,080 qram təşkil edən narkotik vasitə metadon həbləri, üzərində heroin izləri olan bir ədəd şəffaf sellofan kəsiyi, iki ədəd üzərində heroin izləri olan gümüşü rəngli folqa kəsikləri və üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1 ildən çox müddətdir ki, heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddələrdən istifadə edirdi. 14 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində polis əməkdaşları Şahid2 və Şahid3 tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 2 qramdan bir qədər artıq miqdarda 1 bükümdə olan heroin növündə narkotik vasitə aşkar olunmuşdur. Ona qarşı irəli sürülmüş ittiham aktında qeyd olunan növlərdə və miqdarlarda narkotik vasitələr və psixotrop maddələr ona məxsus olmuşdur, onların qalanı yaşadığı evdən aşkar olunmuşdur, lakin həmin vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir, satış məqsədi olmamışdır. O, İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 18 qram miqdarında narkotik vasitə əldə etmək üçün ona məxsus bank kartına 425 manat məbləğində pul köçürmüşdür. Həmin şəxs ona narkotik vasitələri götürmək üçün ünvanı göndərmiş, lakin yolda olarkən ünvanın dəyişdiyini bildirmişdir. O, yeni ünvana getdikdə, sifariş verdiyindən daha artıq miqdarda narkotik vasitələr oraya qoyulmuşdur. Narkotik vasitə və psixotrop maddəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsidə göstərdi ki, evdə yatarkən qəfildən səslər eşitmiş və oyandıqda polis əməkdaşlarının yaşadıqları evdə axtarış apardığını görmüşdür. Lakin onların evdən nə tapdıqlarını görməmişdir. Daha sonra polis əməkdaşları həyat yoldaşına məxsus narkotik vasitə aşkar olunduğunu bildirmişlər. O, həyat yoldaşının narkotik vasitə istifadə etdiyini bilirdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə səhər saatlarında, təxminən saat 08:00- 09:00 radələrində saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Verilən suallara cavab olaraq, həmin narkotik vasitəni Bakı şəhərindən əldə etdiyini və yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2023-cü il avqust ayında yaşadığı evin yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Verilən suallara cavab olaraq, həmin narkotik vasitəni Bakı şəhərindən əldə etdiyini və yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan 1 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İlqar Məmədovun yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq çarpayının yanındakı dolabın yuxarı hissəsini açaraq oradan 3 ədəd şəffaf sellofan, 1 ədəd ağ rəngli kağız bükülünü, 02 ədəd həbləri, 1 ədəd gümüşü rəngli elektron tərəzini və 2 ədəd gümüşü rəngli kağız bükülünü götürərək təqdim etmişdir. 3 ədəd şəffaf sellofan bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən edilmişdir. Gümüşü rəngli kağız bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli maddənin izlərinin olduğu görünən şəffaf sellofan kəsiyinin olması, ağ rəngli kağız bükülü açıldıqda içərisində şəffaf sellofan kəsiyinin və həmin sellofan kəsiyinin içərisində isə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması, digər gümüşü rəngli kağız bükülü açıldıqda içərisində qəhvəyi rəngli maddənin olması müəyyən olunmuşdur. Blister kəsiyindəki 02 ədəd həblərə baxıldıqda üzərilərinə “M40” sözlərinin yazıldığı müəyyən edilmişdir. Bundan sonra yataq otağındakı dolaba baxış keçirilmiş və dolabdan 2 ədəd gümüşü rəngli folqa kəsikləri aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 35-37) “Şəxsi axtarışın keçirilməsi haqqında” və “Baxış keçirilməsi və götürmə haqqında” 14 avqust 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 99-100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,023 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” sözləri olan 2 №-li zərfdəki 3 ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 22,029 qr., 18,485 qr., 2,653 qr., ümumi təmiz çəkisi 43,167 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,182 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd ağ rəngli kağızın içərisində bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,144 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərində “Methadon 40” göstəriciləri olan blister kəsiyində iki ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir, bir ədəd siqaretin gümüşü rəngli kağızının içərisində üzərində qəhvəyi rəngli maddə izləri olan bir ədəd şəffaf rəngli sellofan kəsiyi, iki ədəd üzərilərində tünd-qəhvəyi rəngli maddə izləri olan gümüşü rəngli folqa kəsikləri və bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,023 qram olan narkotik vasitə heroinlə 2 №-li zərfdəki 3 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,029 qr., 18,485 qr,, 2,653 qr., ümumi təmiz çəkisi 43,167 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eyni olub ümumi təmiz çəkisi 45,190 qram təşkil edir və həmin heroinlər 2 №-li zərfdəki bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,182 qram olan narkotik vasitə heroindən kimyəvi komponent tərkibinə görə fərqlidirlər. (Cild 1, iş vərəqləri 54-59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X3 tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5408 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 135-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Redmi Note 10S” markalı olmaqla tünd boz rənglidir, arxa hissəsində zavod üsulu ilə “Redmi” və digər yazılar qeyd olunmuşdur. Mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində müxtəlif ərazilərin işarələnmiş fotoşəkilləri, elektron tərəzi üzərində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər bükümlərin fotoşəkillərinin olması, “Kontaktlar” bölməsində və “Whatsapp” tətbiqində “Niyam” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus +98-***-***-**-** saylı mobil telefon nömrəsinin olması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 101-114) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş, ekpertiza tədqiqatından sonra qalıq qalan 43,249 qram heroin, 01 ədəd metadon həbi, 0,044 qram metamfetamin, 02 ədəd folqa kəsikləri, 01 ədəd elektron tərəzi və 01 ədəd “Redmi Note 10S” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-in saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 177-194) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 45,372 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması, həmçinin bundan başqa 02 ədəd metadon həbinin, 0,144 qram metamfetaminin, o cümlədən 01 ədəd elektron tərəzinin aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2012 və 2018-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 93-94) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 43,249 qram heroin, 01 ədəd metadon həbi, 0,044 qram metamfetamin, 02 ədəd folqa kəsikləri məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı və 01 ədəd “Redmi Note 10S” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın.Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 43,249 qram narkotik vasitə heroin, 01 ədəd metadon həbi, 0,044 qram psixotrop maddə metamfetamin, 02 ədəd folqa kəsikləri məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın və 01 ədəd “Redmi Note 10S” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar