Məhkəmə qərarları › İş №1(124)-418/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-418/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-418/2022 16.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abuşova Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Müdafiəçilər: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, "Pro Bono" Vəkil Bürosunun vəkili X1, “Mirzəyev və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 14 iyul 2022-ci il tarixli qərarı əsasında baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işini məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş sonuncu əməl Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə törədilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin mövqeyinə görə Təqsirləndirilən şəxs1 qanunsuz əldə edib üzərində daşıdığı narkotik vasitə ilə polis əməkdaşları tərəfindən məhz Sumqayıt şəhəri ərazisində saxlanılaraq onun iradəsi əleyhinə Bakı şəhərinə gətirildiyi və barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyindən onun narkotik vasitə ilə əlaqədar törətdiyi cinayət Sumqayıt şəhəri ərazisində başa çatmışdır. Məhkəmədə dövlət ittihamçısı vəsatətlə müraciət edərək, cinayət işinin məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərini rəhbər tutaraq cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında daxil olmuş cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə tərkibi hesab edir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, həmin məhkəməyə göndərilməsi məsələsinə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Cinayət işinin materiallarında olan 05 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə Bakı şəhəri Nizami rayonu ərazisində - Azərbaycan Respublikası DİN-in Nizami RPİ-də həyata keçirilmiş, hadisənin törədilmə vaxtı hesab edilən narkotik vasitənin aşkar edilməsi anı Bakı şəhəri ərazisində baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi Sumqayıt şəhəri ərazisində tutulsa da onun üzərindən narkotik vasitə Bakı şəhəri ərazisində aşkar edilmişdir. Digər tərəfdən bu əmələ görə Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmiş və bu əməl az ağır cinayətlər kateqoriyasına aid olmaqla məhkəmə aidiyyatı rayon (şəhər) məhkəməsidir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu AR CM-nin 133.2.1, 133.2.3, 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlləri Bakı şəhəri ərazisində törədilməklə az ağır cinayətlər kateqoriyasına, AR CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlləri Bakı şəhəri ərazisində törədilməklə ağır cinayətlər kateqoriyasına, AR CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri Bakı şəhəri ərazisində törədilməklə ağır cinayətlər kateqoriyasına aiddir, Sumqayıt şəhəri ərazisində törədilməsi istinad edilən AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir. Yəni Təqsirləndirilən şəxs1 ittiham olunduğu və Bakı şəhəri ərazisində törədilmiş cinayətlər ağır cinayətlər kateqoriyasına, onun tərəfindən törədilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin mövqeyinə görə törədilmə yeri Sumqayıt şəhərinin ərazisi hesab edilən, AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Republikası CPM-nin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsinin mütləq tələbinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəmə hesab edir ki, cinayət işinin Bakı və ya Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan, cinayət işi Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75, 77 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə aidiyyəti ilə bağlı Bakı Ağır Cinayətlər və Sumqayıt Ağır Cinayətlər Məhkəmələri arasında fikir ayrılığı olduğundan, cinayət işi məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin, bununla bağlı dövlət ittihamçısının vəsatəti də təmin edilsin.

2. Qərar qətidir apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. H Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev

Əsli ilə düzdür X7a

S Əsli ilə düzdür X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar