Məhkəmə qərarları › İş №1(124)-42/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-42/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-42/2022 20.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X4 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Abşeron rayonu, Saray qəsəbəsi ərazi dairəsi, Saray qəsəbəsi, Koroğlu küçəsi, ev 37-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, o, 20 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşı Cəbrayıl adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əvvəlcədən razılaşdıqları Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yaxınlığındakı qoyduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 4,859 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarında ümumilikdə 1,053 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 21 aprel 2021-ci il tarixdə, saat 20:25 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə, içərisində 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,892 qram, 0,678 qram, 1,673 qram, 0,609 qram, 0,695 qram, 0,312 qram, ümumi təmiz çəkisi 4,859 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,892 qram, 0,234 qram, ümumi təmiz çəkisi 1,053 qram çəkidə olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “WHATSAPP” vasitəsi ilə tanış olduğu, lakin üzünü görmədiyi İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Cəbrayıl adlı şəxsdən onlayn sifarişi ilə 20 aprel 2021ci il tarixdə Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında olan ödəniş aparatının yanındakı gizlin yerdən iki ədəd sellofana bükülmüş psixotrop maddə metamfetamin almış, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki lazım olanda istifadə etsin. Onun üzərindən ittihamda deyildiyi qədər narkotik vasitə və tərəzi olmamışdır. Həmçinin narkotik vasitələrdən istifadəyə yeni başladığını və narkotik vasitəni almaq üçün 100 manat məbləğ ödəmişdir. Onu polis əməkdaşları Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində aptekdə saxlamışdırlar. Özünü narahat hiss etdiyi üçün narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Onun üzərində 2 büküm heroin və 1 büküm metamfetomin, heroin 3.2 qram, metamfetamin isə 1 qram olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, eyni zamanda mobil telefonun “WatsApp” proqramı vasitəsi ilə tanış olduğu, üzünü görmədiyi, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Cəbrayıl adlı şəxsin onlayn sifarişi ilə narkotik vasitələri və psixotrop maddələri müştərilərin götürməyi üçün Cəbrayılın dediyi yerlərə qoyur. Belə ki, sonuncu dəfə 20 aprel 2021-ci il tarixdə “WatsApp” proqramı vasitəsi ilə tanış olduğu, üzünü görmədiyi, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Cəbrayıl adlı şəxsdən onlayn sifariş ilə Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yaxınlığında olan ödəniş aparatının yanındakı gizlin yerdən öz istifadəsi üçün və Cəbrayılın dediyi yerlərdə müştərilər üçün gizlətməyə bir ədəd sellofana bükülmüş içərisində 06 ədəd sellofan bükümlərdə olan narkotik vasitə kokos (heroin) və 02 ədəd gümüşü rəngli siqaret kağızlarına bükülmüş psixotrop maddə şüşə (metamfetamin) alıb, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və sonra Sumqayıta yaşadığı evə qayıtmışdır. Səhəri gün, yəni 21 aprel 2021-ci il tarixdə günortadan sonra o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yaxınlığında olan zaman üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini istəmiş və o, özünü polis əməkdaşlarına təqdim edərək Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Koroğlu küçəsi, ev 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən fərdi tikili evdə kirayəşin yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, saxlanmasında və satışında şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər, bundan sonra ona hüquq və vəzifələrini izah edərək, üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüqularını müdafiə etmək üçün vəkil X3 təqdim edilmiş, vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla üzərində şəxsi axtarış aparılacağı orada təkrar izah olunmuşdur. O, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edərək, olduğu halda təqdim etməyini istəmişlər. O da bundan sonra məcbur olub əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd sellofana bükümüş, içərisində 06 (altı) ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroini və 02 (iki) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə olan psixotrop maddə metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bükülülər onun iştirakı ilə açılmışdır. Bundan sonra sorğu zamanı o, üzərindən aşkar olunmuş 06 ədəd bükümdə olan açıq qəhvəyi rəngli kütlələrin heroin, 02 ədəd bükümdə olan ağ rəngli kristal şəkilli maddələrin isə psixotrop maddə “şüşə” (metamfetamin) olduğunu söyləmiş və həmin maddələri bir gün əvvəl, yəni 20.04.2021-ci tarixdə “WatsApp” proqramı vasitəsi ilə tanış olduğu, üzünü görmədiyi, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Cəbrayıl adlı şəxsdən onlayn sifariş ilə Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yaxınlığında olan ödəniş aparatının yanındakı gizlin yerdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bükülülərdə olan maddələr tərəziyə qoyulub çəkilərək qablaşdırılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin vaxt o və digər iştirakçılar protokolu imzalamışlar. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 06 (altı) büküm heroini və 02 (iki) büküm psixotrop maddə olan metamfetamini 2021-ci ilin aprel ayının 20-də Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yaxınlığında tanımadığı, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Cəbrayıl adlı şəxsdən onlayn sifariş ilə aldığını, həmin şəxsin anket məlumatlarını və əlamətlərini bilmədiyini, narkotik vasitələri və psixotrop maddələri özü istifadə etdiyini, bir neçə dəfə isə İran İslam Respublikası vətəndaşı kimi tanımadığı Cəbrayıl adlı şəxsin sifarişi ilə aldığı narkotik vasitələrdən Cəbrayılın müştəriləri üçün müxtəlif yerlərə qoyduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 21.04.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, ev 37-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında və yayılmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis kapitanı X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Elmar” marketin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 21.04.2021-ci il tarixdə saat 20:25 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə “Elmar” marketin yaxınlığına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 1-ci PB-yə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükümüş, içərisində 06 (altı) ədəd sellofan bükümlər və 02 (iki) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə olan bükülüləri çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu soruşulduqda o, 06 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, 02 ədəd gümüşü rəngli siqaret kağızında olan bükümlərin içərisində isə psixotrop maddə olan “şüşə” (metamfetamin) olduğunu söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməsini və hansı məqsədlə üzərində gəzdirməsini soruşmuşlar, Təqsirləndirilən şəxs cavabında üzərindən aşkar olunmuş 06 (altı) büküm heroini və 02 (iki) büküm psixotrop maddə olan metamfetamini 2021-ci ilin aprel ayının 20-də Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yaxınlığında tanımadığı, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Cəbrayıl adlı şəxsdən onlayn sifariş ilə aldığını, həmin şəxsin anket məlumatlarını və əlamətlərini bilmədiyini, narkotik vasitələri və psixotrop maddələri özü istifadə etdiyini, bir neçə dəfə isə İran İslam Respublikası vətəndaşı kimi tanımadığı Cəbrayıl adlı şəxsin sifarişi ilə aldığı narkotik vasitələrdən Cəbrayılın müştəriləri üçün müxtəlif yerlərə qoyduğunu söyləmişdir. Sonra həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş, çəkildikdən sonra isə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 135-136) Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 153-155) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, ev 37-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt ŞPİ-nin NMB-nə daxil olmuş məlumatın yoxlanılması məqsədi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 21 aprel 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir (cild 1, vərəqə 53, 140-142) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə saat 20:25-də Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və polis bölməsində üzərinə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd sellofana bükülmüş vəziyyətdə, içərisində 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 892 qram, 0,678 qram, 1,673 qram, 0,609 qram, 0,312 qram, ümumi təmiz çəkisi 4,859 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq mqdarda, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 892 qram, 0,234 qram, ümumi təmiz çəkisi 1,053 qram çəkidə olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 27-28) Şəxsi axtarış keçirilməsi barədə 21.04.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 22.04.2021-ci il tarixli, 6/1583 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Vət. Təqsirləndirilən şəxs üzərində Vət....” sözləri yazılmış 02 (ki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram; 0,234 qram, ümumi təmiz çəkisi 1,053 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 06 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,892 qram; 0,678 qram; 1,673 qram; 0,609 qram; 0,695 qram; 0,312 qram, ümumi təmiz çəkisi 4,859 qram olan qəhvəti rəngli maddələr kustar üsula hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. ( cild 1, iş vərəqə 33-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 08.07.2021-ci il tarixli, 2217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opidodlərin birgə qəbulu və pxisotrop maddə olan metamfetaminindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 165- 166) Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkiləri 4,739 qram çəkidə narkotik vasitə heroin və 1,053 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin və Sumqayıt ŞPİ NMB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 49-52, 90-91) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 28.04.2015-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilənərək 03 il 06 ay müddətində azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 nömrəli “ƏFV” sərəncamına əsasən cəzanın çəkilmiş hissəsindən azad edilmiş, lakin məhkumluğu götürülməmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. (cild 1, iş vərəqə 118-119) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti KTİB-dan verilmiş 06 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əraziyə xidmət edən fərdi sektora şikayət və ya narazılıq daxil olmamışdır. (cild 1, iş vərəqə 170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin arayışında görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Sumqayıt Tibb Mərkəzi” PHŞ 2 nömrəli ailə sağlamlıq mərkəzdən daxil olmuş məktubda görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməyib, ambulator kartası yoxdur. (cild 1, iş vərəqə 171) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2- ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir.Həmçinin təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını qəsdən ağır cinayəti törətməyə görə əvvəllər məhkum olunması və təkrarən qəsdən ağır cinayət törətməsi cinayətlərin residivini yaratdığına görə Azərbaycan Republikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağrılaşdıran hal kimi müəyyən olunmuşdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 78-83) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs Azər oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azər oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opidodlərin birgə qəbulu və pxisotrop maddə olan metamfetaminindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – ekspert tədqiqatdan sonrakı qalıq 4,739 qram çəkidə narkotik vasitə heroin və 0,953 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 il (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 21 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – ekspert tədqiqatdan sonrakı qalıq 4,739 qram çəkidə narkotik vasitə heroin və 0,953 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fikrət Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Sədrlik edən Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar