Məhkəmə qərarları › İş №1(124)-42/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-42/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-42/2023 25.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Qubadlı rayonu, Xocik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Qubadlı rayonu, Xocik kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 26cı məhəllə, Şəfa sanatoriyasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə, saat 21:30 radələrində qaynatası Şahid2 yaşadığı ünvan 1 ünvanında olduğu vaxt əmisi oğlu Zərərçəkmiş şəxs binanın 1-ci mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsini zərblə döyərək onu çağırması, pəncərəni açaraq küçədə onu Zərərçəkmiş şəxs gözlədiyini görüb ona gecə vaxtı pəncərəni zərblə döyməsini irad tutması, Zərərçəkmiş şəxs ona irad tutulmasından əsəbləşib söz mübahisəsi edərək onu nalayiq söyüşlərlə söyməsi, mübahisəni davam etdirməkdən ötrü onu mənzildən küçəyə çıxmasını tələb etməsi, o, mənzildən küçəyə çıxdıqdan sonra Zərərçəkmiş şəxs onu Sumqayıt şəhəri, 20-ci məhəllədə, 21/29 saylı binanın arxa tərəfində yerləşən qarajlara doğru apararaq qarajların yanında onu nalayiq söyüşlərlə söyməsi səbəbindən, yəni aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu döyməkdən ötrü üstünə hücum edərkən, o, əynindəki gödəkçəsinin sağ cibindən soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağını çıxarıb açaraq sonuncunun sol budunun yuxarı hissəsinə qəsdən bir dəfə bıçaqla vuraraq ona S-vari bağırsağın zədələnməsi ilə müşayət olunan sol budun yuxarı 1/3-nin ön-yan səthinin qarın boşluğuna keçən 01(bir) ədəd yarası, qarnın sol yan divarının geniş ölçülü peritonarxası hematoması kimi xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əmisi oğludur, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əvvəllər müvəqqəti olaraq, bir neçə aylıq qaynatası Hüseynağanın ünvan 1 ünvanında yaşamışdır. 19 oktyabr 2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində qaynatasının ünvan 1 ünvanındakı evində olarkən həmin ev 1-ci mərtəbədə yerləşdiyindən evin pəncərəsinin yüksək səslə döyülərək kiminsə onu çağırdığını eşitmiş, pəncərəyə çıxıb görmüşdür ki, pəncərəni döyən əmisi oğlu Zərərçəkmiş şəxsdur. Pəncərədən Asifə irad tutaraq bildirmişdir ki, “gecə vaxtı pəncərəni niyə döyürsən, evin qapısı var, gəl qapını döy”, Asif də ona demişdir ki, “buradan çağıranda nə olur ki”, o, da Asifə “binada yaşayan qohum-qonşu var, gecənin bu vaxtı pəncərəni döymək ayıbdır” demişdir. Həmin vaxt Asiflə aralarında söz mübahisəsi olmuş və Asif onu nalayiq söyüşlərlə söyərək demişdir ki, “çıx gəl çölə söhbət edək”, o, da Asifə “gecə vaxtı məni işə salma, çıx get buradan” demiş, lakin Asif onu təkidlə evdən çölə çağırmış və evdən çıxmasını tələb etmişdir. O, da əsəbləşib evdə stuldan asdığı idman gödəkcəsini geyinib çölə çıxmışdır. Həmin gödəkçəsinin cibində bir ədəd açılıb-bağlanan cib bıçağını olmuşdur. Binanın blokundan küçəyə çıxmış, görmüşdür ki, Asif binadan bir qədər aralıda qaracdara gedən yolun kənarında dayanıb onu yanına çağırır. O, Asifə tərəf getdikdə, sonuncu ona “gəl sakitçilik yer olan qaracların yanına” demişdir. Asif binanın arxa tərəfində yerləşən qaraclara tərəf çatdıqda o, da Asifə yaxınlaşmış və ondan soruşmuşdur ki, nə üçün onu söymüşdür. Lakin Asif təkrar olaraq onu nalayiq söyüşlərlə söyərək üstünə hücum etməyə başlamış, o da Asifin qarşısını almaq üçün idman gödəkçəsinin sağ cibində olan açılıb-bağlanan bıçağı çıxarıb açaraq bıçağın kəsici yeri ilə bir dəfə Asifin qarının sol tərəfinə vurmuş, Asif yerə yıxılmış, sonra onun ayağa qalxıb getdiyini görmüş və özü də oradan uzaqlaşıb evinə getmişdir. Hadisə 19 oktyabr 2021-ci il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində, 21/29 nömrəli binanın arxa tərəfində qaracların yanında baş vermişdir. Hadisəni kənardan eşidən, görən və oraya yaxınlaşan olmamış, hadisə zamanı orada onunla Asifdən başqa heç kim olmamışdır. Asiflə pəncərədən aralarında söz mübahisəsi olarkən arvadı Aytən evdə yatmış, qaynatası Hüseynağa da evdə olmamışdır. Həmin vaxtı evdə Aytəndən başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi sonuncuya xəsarət yetirib özündən kənarlaşdırmaq olmuş, Asifi öldürmək məqsədi olmamış, ona bir neçə dəfə bıçaq xəsarəti yetirmək fürsəti olsa da bunu etməmiş və bir dəfə bıçaqla xəsarət yetirmişdir. Həmin bıçağı təxminən 2 il əvvəl Sumqayıt şəhərində yadında qalmayan suvenir mağazasından almışdır. (Cild 1, iş vərəqləri 193-197) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Güloğlanın qaynatasının Sumqayıt şəhəri, 20-ci məhəllədə binanın 1-ci mərtəbəsində yerləşən evində qalırdı. Mütəmadi olaraq onunla gecələr görüşüb çayxanaya gedirdilər. 2021-ci il oktyabrın 19-da saat 21 radələrində içkili vəziyyətdə olarkən Güloğlanın yaşadığı evə gedib evin pəncərəsini möhkəm döyüb uca səslə Güloğlanı çağırmışdır. Güloğlan da pəncərə çıxıb əsəbi şəkildə ona gecə vaxtı pəncərəni niyə döydüyünü soruşmuşdur. Ona demişdir ki, çölə çıxsın söhbət etsinlər. O da binada başqa insanların olduğunu, səs-küy salmamağını bildirdiyi üçün ona nalayiq ifadələrlə söymüşdür. Sonra ordan uzaqlaşıb getmişdir. Yenə 2 bakal pivə içdikdən sonra Güloğlanın evinə qayıtmışdır. Güloğlanı çağırıb söhbət etmək üçün sakit bir yerə getməyi tələb etmişdir. O da onunla gəlmişdir. Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində Güloğlanın qaynatasının yaşadığı binanın arxa tərəfində yerləşən qarajların yanında Güloğlanı nalayiq söyüşlərlə söyərək onu vurmaq üçün üstünə hücum eləmişdir. Dəfələrlə Güloğlanı söymüşdür. Güloğlan da cibindən çıxardığı bıçaqla onu bıçaqlamışdır. O, yerə yıxılmış, sonra ayağa qalxıb piyada evinə doğru getmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Şikayət və tələbi yoxdur. Hadisədən sonra xəstəxanaya özü getmişdir. Müalicə xərclərini Güloğlanın atası çəkmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa Sanatoriyasında ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs da tanıyır, Asif onun əri Təqsirləndirilən şəxs əmisi oğludur. 10 oktyabr 2021-ci il tarixdən əri Təqsirləndirilən şəxsla birlikdə atası Hüseynağanın yaşadığı ünvan 1 ünvanına getmiş, yəni orada Təqsirləndirilən şəxsla birlikdə müvəqqəti olaraq, bir neçə aylıq yaşamağa başlamışlar. Atası Hüseynağa evdə tək olduğu üçün müvəqqəti yaşamağa onun evinə getmişlər. 19 oktyabr 2021-ci il tarixdə, təxminən saat 23 radələrində evdə yatmış vəziyyətdə olarkən əri Təqsirləndirilən şəxs onu yuxudan oyadaraq əmisi oğlu Zərərçəkmiş şəxsla mübahisə etdiyini demişdir. O, Güloğlanın həyəcanlı vəziyyətdə olduğunu görüb hadisənin necə baş verdiyini soruşmuş, Güloğlan da ona demişdir ki, “Zərərçəkmiş şəxs çöldən evin pəncərəsini zərblə vuraraq məni çağırdı, mən də pəncərəni açıb ona nə üçün pəncərəni bərkdən döydüyünü soruşdum, o da məni nalayiq söyüşlərlə söyməyə başladı, buna görə aramızda mübahisə yarandı və mübahisə zamanı, binadan bir qədər kənarda, qarajların yaxınlığında Zərərçəkmiş şəxs məni nalayiq söyüşlərlə söyərək üstümə hücum etdiyinə görə ona bir dəfə bıçaqla vuraraq xəsarət yetirdim”. Güloğlan bıçağın Asifin qarnının aşağı hissəsinə dəydiyini, həyatı üçün heç bir təhlükə olmayacağını, hadisədən sonra özü ayağa qalxıb hadisə yerindən getdiyini demişdir. Hadisə vaxtı Güloğlan və Asifin yanında olmamış, hadisənin baş verdiyi saatda evdə yatdığı üçün Güloğlanla Asif arasında mübahisə yaranmasını, Asifin evin pəncərəsini döydüyünü eşitməmişdir. Güloğlan ona hadisə barədə danışarkən əlində və ya üzərində bıçaq görməmiş, sonradan bilmişdir ki, Güloğlan qohumu Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı Sumqayıt Polis İdarəsində təqdim etmişdir. (Cild 1, iş vərəqləri 82- 84) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. Zərərçəkmiş şəxs tanımış, Asif Güloğlannın əmisi oğludur. 10 oktyabr 2022-ci il tarixdən etibarən qızı Aytən Abbasova əri Təqsirləndirilən şəxsla birlikdə yaşadığı ünvan 1 ünvanına gəlmişlər, yəni onlar onun evində müvəqqəti olaraq, bir neçə aylıq yaşamağa başlamışlar. O, evdə tək olduğu üçün Güloğlan və Aytən evində müvəqqəti yaşamağa gəlmişlər. 19 oktyabr 2021-ci il tarixdə, təxminən saat 23:30 radələrində yaşadığı evə getmiş, qızı Aytən və əri Güloğlan evdə olmuşlar. Güloğlan qızı Aytənə hadisə barədə danışmış, o Güloğlandan nə baş verdiyini soruşduqda, Güloğlan ona demişdir ki, “Zərərçəkmiş şəxs çöldən evin pəncərəsini zərblə vuraraq məni çağırdı, mən də pəncərəni açıb ona nə üçün pəncərəni bərkdən döydüyünü soruşdum, o da məni nalayiq söyüşlərlə söyməyə başladı, buna görə aramızda mübahisə yarandı və mübahisə zamanı, binadan bir qədər kənarda, qarajların yaxınlığında Zərərçəkmiş şəxs məni nalayiq söyüşlərlə söyərək üstümə hücum etdiyinə görə ona bir dəfə bıçaqla vuraraq xəsarət yetirdim”. O, hadisə vaxtı Asif və Güloğlanın yanında olmamış, hadisənin baş verdiyi saatda evdə olmadığı üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə yaranmasını bilməmişdir. Güloğlan ona hadisə barədə danışarkən onun əlində və ya üzərində bıçaq görməmiş, sonradan bilmişdir ki, Güloğlan Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı Sumqayıt Polis İdarəsində təqdim etmişdir. (Cild 1, iş vərəqləri 86-88) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin bıçaq açılıb-bağlanan cib bıçağıdır, dəstəyi qara rəngli, kəsici hissəsi 6 sm uzunluğunda olan bıçaqdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əmisi oğlu Zərərçəkmiş şəxs həmin bıçaqla bir dəfə xəsarət yetirmiş, sonra həmin bıçağın üzərində olan qanı yumuşdur. (Cild 1, iş vərəqləri 15-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd tuman qara rəngli tumandır. Həmin tumanın ön səthinin sol nahiyyəsində bir ədəd kəsilmiş-deşilmiş zədə izi aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin zədə Təqsirləndirilən şəxs ona yetirdiyi bıçağın zədə izidir. (Cild 1, iş vərəqləri 74- 75) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə baş vermiş yer Sumqayıt şəhəri, 20-ci məhəllə, 21/26 saylı binanın arxa hissəsində yerləşən qarajların yanıdır. (Cild 1, iş vərəqləri 90-93) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 28/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin ksero surətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd tuman üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. Aqqlyutinlər isə alınmamışdır. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda O alfa, beta (İ) qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. ekspertizaya təqdim edilmiş bir əəd bıçaq üzərində qan aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 138-142) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 186 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində S-vari bağırsağın zədələnməsi ilə müşayət olunan sol budun yuxarı 1/3-nin ön-yan səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan divarının geniş ölçülü peritonarxası hematoması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 143-146) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-nin MPEM publik hüquqi şəxsi tərəfindən verilmiş kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, emosional qeyri-sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən olunan xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. (Cild 1, iş vərəqləri 153-156) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 21-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın ön səthinin sol nahiyyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın ön səthinin sol nahiyyəsində bir ədəd dəlib-keçən zədə onun bədəninin sol budun yuxarı 1/3-nin ön-yan səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 157-161) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 01 ədəd alt paltarı maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 198-207) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 148-150) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 08 ay 10 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 30 dekabr 2021-ci il tarixdə “Amnistiya aktının tətbiq edilməsi haqqında” qərarından görünür ki, “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş (01 il 03 ay 01 gün) hissəsi 01 (bir) il azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası ödənilməmişdir. (Cild 1, iş vərəqləri 78-80, 98-107) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 27 aprel 2021ci il tarixli hökmü ilə təyin edilmiş və amnistiya aktının tətbiq edilməsi nəticəsində çəkilməmiş qalan 03 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Məhərrəm Süleymanovun əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 76-77, 218-219) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd bıçaq və 01 ədəd alt paltarı məhv edilməldir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 11 (on bir ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan 03 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd bıçaq və 01 ədəd alt paltarı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar