Məhkəmə qərarları › İş №1(124)-421/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-421/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-421/2025 19.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran rayonu, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 15də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 2,142 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan şəxsdən əldə edib, sağ ayağında olan qara rəngli corabın içərisində saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ərazisinə daşımış, həmin tarixdə saat 21:53-də Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ərazisində saxlanılıb üzərinə keçirilmiş baxış zamanı sağ ayağında olan qara rəngli corabın içərisindən həmin külli miqdarda 01 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 2,142 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən özüm ustayam və axşamlar “Faiqoğlu” adlı avtobus şirkətinin qarajında işləyirdim. Axşamlar səhərə kimi işləyirdim, iş çox olurdu. Narkotik vasitəni aptekdən necə dərman alıb istifadə edirdilərsə, mən də o məqsədlə, işlərim çox olduğundan işləri çatdırmaq üçün istifadə edirdim. Mənim ayaqlarım işləmir, 3 aydır ki, xəstəxanadayam, şəkər xəstəsiyəm. Evdən 1360 şəkərlə çıxmışam və 3 aydır ki, xəstəxanada müalicə alıram. Mənim ayağım şəkər xəstəliyindən “qanqren edib”. Həkimlər əvvəlcə ayağımı kəsmək istəyirdilər, ancaq daha sonra sağaldı. Mən narkotik vasitəni ağrılarımın olmaması üçün deyil, iş çox olduğu üçün işimi çatdırmaq məqsədilə istifadə edirdim. Mən gündüzlər maşın düzəldirdim, axşamlar isə şirkətdə işləyirdim. Yatmamaq üçün, yuxumun olmaması üçün narkotik vasitə, psixotrop maddədən istifadə edirdim. Mənim başqa heç bir məqsədim olmayıb. Bu yaşıma çatmışam, heç pivə belə içməmişəm.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İttihamda göstərilən miqdarda psixotrop maddə metamfetamin mənim corabımın içindən aşkar olunub. İttihamda göstərilən tarix, yəni 22 aprel 2025-ci il tarixi doğrudur. İttihamda göstərilən saat və məkan da düzgündür. Mənə heç kim təzyiq göstərməyib. Mən təxminən 3-4 aydır ki, istifadəçi olmuşam. Narkotik vasitəni İran vətəndaşından əldə etmişdim. Narkotik vasitəni hadisənin baş verdiyi gün almışdım. Pulunu kart vasitəsilə göndərmişdim, ancaq narkotik vasitənin üzərindən götürüb istifadə etməmişdim. Mən Zəngilan şəhərində saxlanılmışam, narkotik vasitə üzərimdə, sağ ayağımda corabın içində idi. Mən saxlanılanda axşamüstü idi, hava qaralmışdı. Polislə bağlı heç bir şikayətim, tələbim yoxdur. Mən polis əməkdaşlarına qarşı müqavimət göstərməmişəm, əksinə məni maşınla evimə gətiriblər. Mən müharibə iştirakçısıyam. Tərtərdə müharibə zamanında ayağımdan güllə yarası almışam, amma veteranlığım yoxdur. İş yerində heç kim məni heç nəyə məcbur etmirdi. Mənim işim axşam 20:30-da başlayırdı, səhər 08:30-da bitirdi. Mən gecə növbəsində işləyirdim. Bizdə işlər adətən gecələr olurdu. Gündüzlər avtobusların hamısı xətdə olur, axşamlar qarajda olur. Üstəlik işdən çıxdıqdan sonra evə gəlib bir az yemək yeyib yatırsan. Cavan adam dözə bilir, amma yaşlı adam dözə bilmir. Mən 1300 manat maaş alırdım. Maşın ustasıyam, dəmirçi-rəngsaz kimi işləyirəm. Mənim evimin problemləri də var idi, evi təmir etdirirdim, ayağım müalicə olunmalı idi, problemlərim çox idi. Qardaşım rəhmətə getdiyi üçün onun ailəsinə də mən dəstək olmağa çalışıram. Mən qarajda işləyəndə metamfetamin barəsində eşitmişdim. Metamfetamindən istifadə etmək effekt verirdi. Metamfetamindən istifadə edəndə 3-4 gün yatmırdım. Novxanıda işləyəndə elə olurdu ki, 3-4 gün sexdən çıxmaq olmurdu, maşınları vaxtında çatdırıb təmir etmək lazım idi. Əməlimdən çox peşmanam. Mən tək yaşayıram. Ailəm yoxdur, 28 il Rusiya Federasiyasında yaşamışam.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Şahid1 xx.xx.2025-ci il tarixdə əməliyyat məlumatı daxil oldu ki, Lənkəran rayonu, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 15-də qeydiyyatda olub, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğuldur. Əməliyyat qrupu yaradıldı, biz rəhbərlik tərəfindən qabaqcadan təlimatlandırıldıq. Əməliyyat qrupuna Şahid1 rəhbərlik edirdi. O, hal-hazırda təhsillə bağlı Polis Akademiyasındadır. Əməliyyat məlumatı əsasında təxminən axşam saat 10 radələrində Abşeron rayonu, Zəngilan şəhərciyində təqsirləndirilən şəxsi saxladıq. Şəxsin sağ ayağında corabın içərisindən 1 bükümdə şüşəyə bənzər maddə, metamfetamin aşkar olundu.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxs psixotrop maddəni istifadə üçün əldə etdiyini bildirdi. Şəxs bizə qarşı heç bir müqavimət göstərmədi. Biz də şəxsə qarşı heç bir təsir-təzyiq göstərməmişik. Şəxs psixotrop maddəni konum vasitəsilə İran vətəndaşından aldığını söylədi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. ” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur (cild 01, iş vər. 119-121). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Zəngilan Rayon Polis Şöbəsinə xx.xx.1975-ci il təvəllüdlü, Lənkəran rayonu, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 15-də qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin istifadəsi və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə xx.xx.1975-ci il təvəllüdlü, Lənkəran rayonu, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 15-də qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-07). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” protokoldan görünür ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:53-də Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ərazisində saxlanılaraq üzəri yoxlanılan zaman sağ ayağında olan qara rəngli corabın içərisindən bir ədəd bükümü təqdim etmiş, həmin bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik olan kütlə olduğu müəyyən edilərək qablaşdırılıb götürülmüş və baxışın əks olunduğu video görüntü CD diskə yazılmaqla iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 11-13). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/231/2025 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,142 qram ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 46-49). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus içərisində ***-***-**-** mobil nömrə olan “Honor X6b” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı, şəxsin “L” şərti adı ilə qeyd edilmiş +**********59 nömrəsi ilə danışıqlarının olması, daha sonra “M10” tətbiqi vasitəsi ilə ***-***-**-** nömrəsinə 80 manat pul ödədiyi müəyyən olunmuş, həmin çıxarışlar fotoşəkil formasında protokola əlavə edilmişdir (cild 01, iş vər. 89-93). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli, xx/xx-4980 saylı və xx.xx.2025-ci il tarixli 3-28-29/2-4372/2025 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər “Respublika Narkoloji Mərkəzi” X11, o cümlədən “Respublika Psixiatriya Xəstəxanası” X11 qeydiyyatda yoxdur və müalicə olunmayıb (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2593 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 123-124). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli, 790 nömrəli və xx.xx.2025ci il tarixli 744 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs “Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X11, o cümlədən Lənkəran Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda yoxdur (cild 01, iş vər. 138-139). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün hazırki cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması qərara alınmışdır (cild 01, iş vər. 142-150). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Zəngilan Rayon Polis Şöbəsinə xx.xx.1975-ci il təvəllüdlü, Lənkəran rayonu, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 15-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin istifadəsi və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunaraq Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:53-də Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində saxlanılaraq üstündə yoxlama aparılmış, üzərindən 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş kütlə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə olunmuş xəstəlik tarixindən çıxarışdan və tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci tip ağır forma şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 2-ci tip ağır forma şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və səmimi peşmançılığını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır (cild 01, 105-106). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan psixotrop maddənin kütləsini nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Qətimkan tədbiri seçilməsi barədə” və “təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında”qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (cild 01, iş vər. 83-84, 86-87). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablanmalı, onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsində saxlanılan 2,042 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 63 AZN (altmış üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsində saxlanılan 2,042 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 63 AZN (altmış üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar