Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-422/2024 10.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Türkəmənistan Respublikası, Taxtabazar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 8-ci korpus yeni məhəllədə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Fərhad” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tapşırığı ilə narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində 50 manat pul müqabilində müxtəlif ünvanlara çatdıraraq satışını həyata keçirmək barədə ümumi razılığa gəldikdən sonra 17 avqust 2023-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun “Fərhad” adlı üzvü “Whatsapp” sosial şəbəkəsində istifadəsində olan +**********85 saylı mobil nömrədən onun istifadəsində olan +**********60 saylı mobil nömrəsi ilə əlaqə saxlayıb Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Novxanı yolunda yerləşən “Lukoil” YDM-nin yaxınlığında yolun kənarına qoyduğu narkotik vasitəyə işarə edən fotoşəkil göndərərək bu barədə məlumat verdikdən sonra o, həmin günü saat 21 radələrində idarə etdiyi mopedlə qeyd olunan ünvana gəlib həmin yerdə qoyulmuş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil olan üç bükümdə ayrı-ayrılıqda çəkiləri 19,824 qram, 30,411 qram və 18,437 qram olmaqla ümumilikdə 68,672 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolu ilə hərəkət edərək Bakı şəhərinə daşıyarkən həmin tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-in Mehdiabad polis bölməsinə gətirilmiş və bölmənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əlində ağ rəngli sellofan torbanın içərisində olan həmin 19,824 qram, 30,411 qram və 18,437 qram olmaqla ümumilikdə 68,672 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o əvvəllər marixuanadan cəmi bir-iki dəfə istifadə etmişdir. Mebel sexində işləmiş, həmçinin kuryer kimi fəaliyyət göstərmişdir. Hadisə günü özünü Fərhad adı ilə təqdim edən şəxs ona “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə sifariş vermiş və müqabilində 50 manat verəcəyini demiş, o da həmişəki kimi verilən sifarişin yemək olduğunu düşünərək sifariş verilən ünvana getmiş və torbanı götürmüş, həmin torbada yemək olduğunu düşünmüş, orda narkotik olduğundan xəbərsiz olmuşdur. Torbanı götürəndən sonra polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitə olduğunu bildirmiş və onu polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində qorxusundan etirafedici ifadə vermişdir. Üzərindən çıxan 2 ədəd telefondan işlək vəziyyətdə olanı iş yoldaşının olmuş, ona müvəqqəti istifadə üçün vermiş, telefondakı şəkillərdən xəbəri olmamış, ümumiyyətlə, həmin telefonun içinə baxmamışdır. O “Bolt” şirkətində kuryer işləsə də hadisə günü sifariş ona şirkət vasitəsilə deyil, işlətdiyi telefonuna gəlmişdir. Təqsirləndirilən şəxsnun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 30-cu mədən, 8-ci korpus, yeni məhəllədə kirayə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir. Övladı yoxdur. O, Binəqədi rayonunda mebel sexində rəngsaz işləyir. O, təxminən iki aya yaxındır narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə, axşam hava qaralan zaman Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolunda “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında İran İslam Respublikası vətəndaşı Fərhad adlı şəxsin onun mobil telefonuna “whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edib bildirdiyi ünvana gedərək, həmin ünvanda olan ağ rəngli sellofan torbanı götürərək Fərhadın deyəcəyi yerə aparıb çatdıracağını və bunun müqabilində ona 50 manat verəcəyini bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə axşam hava qaraldıqdan sonra içərisində narkotik vasitə olan həmin torbanı götürüb özü ilə aparmaq üçün Abşeron rayonu, Mehdiabad-Novxanı yoluna gələrək Fərhadın ona dediyi yerdən götürüb piyada hərəkətdə olarkən, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istəmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan polis əməkdaşları da hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, niyə uzaqlaşmaq istədiyini soruşmuş və bu barədə onlarda əməliyyat məlumatı olduqlarını bildirdilər. Bu barədə qərarla onu tanış etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdilər. O da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını etiraf etmişdir. Polis əməkdaşları onu saxlayıb Mehdiabad PB-nə dəvət etmişdilər. Mehdiabad polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əlindəki ağ rəngli sellofan torbada içərisindən üç büküm şəffaf rəngli sellofana bükülmüş qurudulmuş bitki formalı qəhvəyi rəngli spesfık iyə malik olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni özü könüllü sürətdə təqdim etmişdir. Həmin qurudulmuş marixuanya bənzər kütlələrin narkotik vasitə olan marixuana olduğunu, həmin kütlələri əvvəllər tanıdığı İran İslam Respublikası vətəndaşı Fərhad adlı şəxsin mobil telefonuna “whatsapp” zəngi vasitəsi ilə bildirdiyi ünvana getdiyini və həmin ünvanda olan ağ rəngli sellefan torbanı götürərək Fərhadın deyəcəyi yerə aparıb çatdıracağını və bunun müqabilində 50 manat alacağını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin kütlələr ekspertizaya göndərilməsi üçün ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldıqdan sonra zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən və bundan sonra polis idarəsində də ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verilməmişdir. O, başqa yerdə narkotik vasitə saxlamadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualı cavablandırarkən bildirdi ki, polis idarəsində ona qarşı fiziki zor göstərilməmiş, lakin ona yuxarıdakı məzmunda ifadə verməsi deyilmiş, o da ona görə etirafedici ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 17 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq daşıması və satışını həyata keçirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə öz rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və qrupun üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə yəni, Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolunda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmişdilər. Onlar Təqsirləndirilən şəxs müəyyən vaxt izlədikdən sonra Təqsirləndirilən şəxs həmin yerə gəlmiş və yerdən bir paket götürərək uzaqlaşmağa başlamış, lakin o, uzaqlaşmamış onlar həmin şəxsə özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində saxlayaraq daşımasında şübhəli olduğunu və onun üzərində baxış keçirilməli olduğunu bildirdikdə Yaqşinazar onlardan uzaqlaşmaq istəmiş, onlar Yaqşinazarı saxlamışdırlar. Daha sonra Yaqşinazar səmimi olaraq əlində olan paketin içərisində narkotik vasitə olmasını etiraf etmiş və qorxduğu üçün onlardan uzaqlaşmaq istədiyini bildirmişdir. Sonra onlar Yaqşinazarı Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirmiş və orada onun üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlində olan torbanı stolun üzərinə qoyaraq içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torba açıldıqda içərisindən 3 ədəd şəffaf rəngli büküm, həmin bükümlərin içərisində spesifik iyə malik olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin bükümlər müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən 02 ədəd mobil telefon aşkar olunmuş və həmin telefonlar da müvafiq qaydada götürülmüşdür. Yaqşinazarın üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1989-cu ildə Türkəmənistan Respublikası, Taxtabazar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 8-ci korpus yeni məhəllədə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat qrupunun yaradılması və onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-59-2/767/2023 saylı “Əmr”dən görünür ki, əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1989-cu ildə Türkəmənistan Respublikası, Taxtabazar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 8-ci korpus yeni məhəllədə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad-Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolda saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirərkən sonuncudan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, şəxsi istifadəsi üçün əldə edib, üstündə saxlayaraq daşıdığı əlindəki ağ rəngli polietilen torbanın içərisindən üç büküm şəffaf rəngli sellefona bükülmüş ümumi çəkisi 68,672 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbada içərisindən üç büküm şəffaf rəngli sellofana bükülmüş qurudulmuş bitki formalı spesifik iyə malik olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni özü könüllü surətdə təqdim etmiş, həmin qurudulmuş marixuanaya bənzər kütlələrin narkotik vasitə olan marixuana olduğunu, həmin kütlələri əvvəllər tanıdığı İran İslam Respublikası vətəndaşı Fərhad adlı şəxsin onun mobil telefonuna whatsapp zəngi vasitəsi ilə bildirdiyi ünvana getdiyini və həmin ünvanda olan ağ rəngli sellofan torbanı götürərək onun deyəcəyi yerə aparıb çatdıracağını və bunun müqabilində 50 manat alacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam hava qaraldıqdan sonra içərisində narkotik vasitə olan həmin torbanı Abşeron rayonu, Mehdiabad-Novxanı yoluna gələrək Fərhadın ona dediyi yerdən götürüb piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, baxış zamanı onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd Samsung markalı A32 modelli mobil telefonlar aşkar edilmişdir. Daha sonra aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə ifadələrində göstərdiyi xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 18 avqust 2023-cü il tarixli, 3-16-16/2-7/1182 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üç ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,824 qram, 30,411 qram, 18,437 qram, ümumi çəkisi 68,672 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 68,672 qram, tədqiqata sərf edildi – 0,06 qram, qalıq – 68,612 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli “Samsung” markalı A32 modelli mobil telefona özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mobil telefon xüsusi kodda yəni, (2323) kodlu olmuş və üzərində +99***-***-**-** saylı mobil nömrə olduğu müəyyən olundu. **********25049 və **********25046 imei kodlu mobil telefondur. Həmin mobil telefonun yaddaş qurğusunda olan “Whatsapp” sosial şəbəkəsi olduğu müəyyən edildi, həmin sosial şəbəkənin +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edildi. Təqsirləndirilən şəxs mobil telefonun yaddaş qurğusunda qeydə alınmış və “Ferhad İran” adı ilə qeyd etdiyi +**********85 saylı mobil nömrənin “Fərhad” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus olmasını və onunla “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdığını bildirdi. Həmin mobil telefonda digər mobil nömrələrə baxış zamanı həmin nömrələrin qohumlarına və tanışlarına məxsus mobil nömrələr olduğunu bildirdi. Eyni zamanda telefonun şəkillər olan bölməsində narkotik vasitənin tərəzidə çəkilmiş şəkilləri, narkotik vasitənin qoyulduğu yerlərin işarə göstərilməklə olan şəkilləri və s. vardır. Təqsirləndirilən şəxs mobil telefonun şəkillər bölməsində tərəzidə çəkilmiş halda narkotik vasitələrin və psixotrop maddələrin şəkillərinin olması onun İran İslam Respublikası vətəndaşı olan Fərhad adlı şəxslə əlbir olaraq narkotik vasitələrin satışını həyata keçirməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan digər “Samsung” markalı mobil telefona özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, mobil telefona baxış zamanı mobil telefonun sınmış vəziyyətdə və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Mobil telefonun açılması mümkün olmamışdır. Ona görə də telefon işlək vəziyyətdə olmadığına görə həmin “Samsung” markalı mobil telefona baxış keçirilməsi mümkün olmamışdır. Həmçinin məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş 02 ədəd mobil telefon Abşeron RPİ-nin xx.xx.2024-cü il tarixli, ********* saylı müşayiətedici məktubu ilə məhkəməyə təqdim edilmiş, həmin telefonlar və işlək vəziyyətdə olan telefondan surəti çıxarılmış şəkillər cinayət işi materaillarına əlavə edilmiş və məhkəmə iclasında telefonlara baxış zamanı yuxarıda protokollarda qeyd olunan xüsusatlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərhad adlı İran İslam Respublikası vətəndaşı ilə aralarında hər hansı mobil telefon əlaqəsinin olub- olmaması və sonuncunun Təqsirləndirilən şəxs ilə əlbirliyinin olubolmamasını təsdiqləmək üçün "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri ilə Fərhad adlı İran İslam Respublikasına aid mobil nömrə hər hansı telefon danışıqları müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun yaddaş qurğusunda qeydə alınmış və “Ferhad İran” adı ilə qeyd etdiyi İran İslam Respublikası vətəndaşına məxsus +**********85 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdığı üçün "xxxx" MMC-dən daxil olmuş CD diskdə hər hansı zəng və danışıqları qeydə alınmamışdır. Həmçinin, telefon danışıqlarında sms məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı hər hansı yazışma da qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi ambulator məcburi-narkoloji yoxlamanın xx.xx.2023-cü il tarixli, 5647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan və “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi materiallrından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 68,672 qram narkotik vasitə qurudulmuş marixuana ekspertiza keçirildikdən sonra qalıq qalmış 68,612 qram narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd “Samsung” markalı A32 modelli mobil telefonlar maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmənin sorğusuna əsasən 02 ədəd “Samsung” markalı A32 modelli mobil telefon Abşeron RPİ-nin xx.xx.2024-cü il tarixli, ********* saylı müşayiətedici məktubu ilə məhkəməyə təqdim edilmiş və həmin telefonlar cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi materiallrından başqa cinayət işinin ayrılması haqqında” qərara və “cinayət işinin materiallarından başqa cianyət işinin ayrılması və icraata qəbul edilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən olunması faktına görə CM-nin 234.4.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitənin ona aid olmaması, ümumiyyətlə, daşıdığı torbada narkotik vasitə olmasından xəbərsiz olması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən bu barədə heç nə deməmiş, əksinə əməlindən peşman olduğunu bildirmiş, həmçinin sonda cinayət işinin materialları ilə tanış olarkən bu barədə heç nə bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması, torbada ayrı-ayrılıqda bükülü halda olması, Fərhad adlı şəxslə məhz “WhatsApp” vasitəsilə əlaqə saxlaması, onun sifarişi ilə narkotik vasitəni əldə edərək üzərində saxlaması və onun dediyi ünvana daşıması, mövcud bazar qiymətlərinə əsasən, təqsirləndirilən şəxsin dediyi kimi 50 manat müqabilində yemək daşınmasının inandırıcı olmaması, eyni zamanda üzərindən aşkar olunmuş telefondakı şəkillər təqsirləndirilən şəxsin daşıdığı torbada narkotik vasitə olduğundan məlumatlı olduğunu və həmin narkotik vasitə - qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxladığını və daşıdığını tam sübut edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsini məhkəmə cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, telefonundan aşkar edilmiş məlumatlar və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra sonra qalıq çəkisi 68,612 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 02 ədəd mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı və iş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 68,612 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olub iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 02 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-422/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-422/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver