Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-424/2024 26.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda 1 ədəd sellofan bükümdə çəkisi 4,561 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd sellofan bükümdə çəkisi 1,010 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq 120 manat müqabilində əldə edib, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə daşımış və saxlamış, 05 avqust 2023-cü il tarixdə, saat 19:45-də Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 22:00-dan 22:20-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd 1,010 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd 4,561 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərmişdir ki, o narkotik istifadəçisidir, lakin şəxsi axtarış zamanı təqdim etdiyi narkotik ona məxsus deyildir. Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində əslən Laçından olan və "xxxx" MMC-də fəhlə işləyən, lakin adını bilmədiyi bir şəxslə mübahisə etdiyindən polis əməkdaşları onu və mübahisə etdiyi şəxsi Abşeron RPİ-nə gətirmiş, sonradan mübahisə etdiyi şəxsin polis idarəsindən getməyinə icazə versələr də, onu polis idarəsində saxlayıb bir neçə saat sonra üzərinə narkotik vasitə qoymuşdurlar. O da çəkiliş vaxtı narkotikin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun təqsirləndirilən şəxs qismində 13 may 2023-cü ildə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini 120 manata almış və həmin bükümü üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:45 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində olarkən 2 nəfər polis geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. Özünü şübhəli aparmağını bildirmişdilər, ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet olduğunu soruşmuşdular. O da həmin vaxt özünü polis əməkdaşlarına təqdim edərək üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və polislər onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişdilər. O da polislərlə birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmiş və idarənin inzibati binasında üzərində narkotik vasitə və psixotrop maddə gəzdirdiyini və istifadə etdiyini bir daha etiraf etmişdir. Ona hüquqları izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman da ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə hesab edilən heroini və 1 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini təqdim etmişdir. Həmin vaxt ona məxsus olan və təqdim etdiyi bükümlər ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Onu saxlayan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. O, həmçinin həmin psixotrop maddə olan metamfetaminidən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamadığını da bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 05 avqust 2023-cü il tarixdə PPXB-nin əməkdaşı Şahid2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində xidmət apardıqları zaman Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində bir nəfər şəxsin onları polis geyimində görməsindən qorxub özünü şübhəli apardığını görmüş, buna görə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədini onlara təqdim etməsini bildirmişdirlər. Həmin şəxs öz şəxsiyyətini onlara təqdim etməmişdir. Həmin şəxslə danışıq zamanı onun narkotik vasitənin təsiri altında olmasını hiss etmişdilər. Həmin şəxsin adının Samir olmasını öyrənib, ondan narkotik vasitə qəbul edib-etməməsini, üzərində narkotik vasitə olubolmamasını soruşmuşdurlar. Samir narkotik vasitə istifadə etdiyini və üzərində narkotik vasitə olmasını etiraf etdikdən sonra onu öz nəzarətləri altında Abşeron RPİ-nə gətirmişdirlər. Onun şəxsiyyətini müəyyən edib Təqsirləndirilən şəxs olduğunu öyrəndikdən sonra qanuna uyğun sənədləşmə işləri həyata keçirilmiş və idarənin inzibati binasında hüquq və vəzifələri izah edilməklə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ondan üzərində qanunla qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş və varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Samir əynində olan şalvarın cibindən 1 ədəd bükülünü çıxarmış, həmin bükülü açılıb baxıldıqda içərisindən sellofana bükülmüş 2 ədəd xırda büküm aşkar olunmuşdur. Samir həmin bükümlərdən 1 ədədinin narkotik vasitə heroin, 1 ədədinin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisi açılıb baxıldıqda 1 bükümün içərisində həqiqətəndə narkotik vasitə olan heroinə bənzər, 1 ədədinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümləri 120 manat pul müqabilində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, həmin bükümlərdən kiməsə pay vermədiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra aşkar olunanlar təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini müdafiə etmiş və Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 05 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Abşeron RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində müdafiəçinin də iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd büküm, həmin bir ədəd bükümün içərisində olan 2 ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümdəki kütlələrin 1 bükümün narkotik vasitə olan heroin və 1 bükümün psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bir ədəd bükümdə içərisində 1 ədəd narkotik vasitə heroinə və 1 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələr qablaşdırılmışdır. DİNnin 56 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 05 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 120 manata aldığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmənin əks olunduğu 01 ədəd disk iş protokola əlavə olunmuşdur. Qeyd edilən disk məhkəmə iclasında nümayiş etdirilib baxılarkən protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə ifadələrində göstərdiyi xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2023-cü il tarixli 6/4211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki: - 01 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,010 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 4,561 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in, İİ siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,010 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq çəkisi – 0,960 qram; metamfetaminin ümumi təmiz çəkisi – 4,561 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq çəkisi – 4,511 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6109 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan və “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,010 qram narkotik vasitə heroin ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,960 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 4,561 qram psixotrop maddə metamfetamin ekspertiza keçirildikdən sonra qalıq qalmış 4,511 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılır. 05 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 noyabr 2023-cü il tarixli tələbnamədən və Lənkəran şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Vəliyev X5 rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza CM-in 67.1 və 67.5-ci maddələrinə əsasən Lənkəran Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 17 gün azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmənin şifahi sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli, 11141854/2021-25-8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 05 avqust 2023-cü ildə hazırki cinayət əməlini törədərkən onun əvvəlki hökm üzrə çəkilməmiş cəzası qalmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə elan olunaraq tədqiq edilən doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü, xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü 03 yetkinlik yaşına çatmayan uşağı vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik maddə aludəçisi olduğunu, lakin polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını bildirsə də, cinayət işinin materiallarında təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələr tətqiq olunarkən həm şübhəli şəxs kimi verdiyi ifadəsində, həm təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həm də ilkin izahatında etirafedici ifadələr verdiyi müəyyən olunur. Həmçinin bütün ibtidai istintaq müddəti ərzində təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla əlaqədar hər hansı bir etirazını bildirdiyi müəyyən olunmur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə baxışı zamanı verdiyi ifadəsində polis idarəsinə gətirilməsinə səbəb olan mübahisədən bəhs etsə də, mübahisə etdiyi şəxsin adını konkret olaraq bildirməmişdir ki, bu da onun söylədiklərinin özünü müdafiə məqsədi daşıdığını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 05 avqust 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron RPİ-də saxlanılan ekspertiza keçirildikdən sonra qalıq çəkisi 0,960 qram narkotik vasitə heroin və ekspertiza keçirildikdən sonra qalıq çəkisi 4,511 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,960 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,511 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-424/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-424/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver