Məhkəmə qərarları › İş №1(124)-427/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-427/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-427/2025 21.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 və təqsirləndirilən şəxsin özünün iştirakları ilə, xx.xx.2008-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, bina 61, mənzil 21-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi yaxınlığında yerləşən fərdi yaşayış evinin qarşısındakı küçədə Zərərçəkmiş şəxs “Tik-Tok” sosial şəbəkəsində onun bacısı Rövşanə Məmmədli ilə danışmasınından hiddətlənərək sonuncunu cəzalandırmaq məqsədi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, üzərində götürdüyü məişət təyinatlı və soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə dörd dəfə ardıcıl zərbələr endirərək, döş qəfəsinin sol yarısının 2 (iki) ədəd döş boşluğuna nüfuz edən ağciyəri yaralayan, daxilə qanaxma törədən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər, döş qəfəsinin sol yarısının arxa səthinin 2 (iki) ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, o, idmandan evə gəlmiş, “Tik-tok” sosial şəbəkəsinə daxil olmuş, canlılara baxanda Həsənin də canlı açdığını görmüşdür. Bacısının otağına keçmiş və onun da telefonunda Həsənin canlısının səsini eşitmişdir. Həsəni tanıyıb-tanımadığını soruşmuşdur. O da tanımadığını demişdir. Bir neçə gün öncə də Həsən onun bacısına “Tik-tok” sosial şəbəkəsi vasitəsilə salam yazmış, o da əsəbləşmişdir. Həsənin nömrəsinə zəng vurub görüşmək istədiyini bildirmişdir. Həsən də soyuq olduğunu, əgər görüşmək istəyirsə yaşadığı ünvanda onunla görüşə biləcəyini bildirmişdir. O da məhəllələrinə getmiş, qardaşı ilə rastlaşmış, ondan Həsən adlı oğlanı tanıyıb-tanımadığını soruşmuş, o da Həsənin qardaşı olduğunu bildirib onu evləri yerləşən küçəyə aparmışdır. Həsən çölə çıxmışdır. Yanlarında dostu Amin də olmuşdur. Hadisə vaxtı məhəllədə ondan bacısını tanıyıb-tanımaması barədə soruşmuş, o isə suala cavab verməyib üzünü dostuna tərəf çevirirmişdir. Onlar danışmış, qısa mübahisələri olmuş, sonra da o, bıçaqla Həsəni vurmuşdur. 1 zərbə vurduğunu xatırlamışdır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, o, evdə oturub “Tik-tok” sosial şəbəkəsində canlı açmışdır. Təqsirləndirilən şəxsin bacısı onun canlısına daxil olmuş və qoşulmaq üçün dəvət göndərmiş, o da qəbul etmişdir. Sonra Təqsirləndirilən şəxs də canlıya girmiş, bacısı da qardaşının canlıda olduğunu yazmışdır. Canlıdan sonra ona bir nömrədən zəng gəlmiş, Təqsirləndirilən şəxs ona zəng vurub görüşmək istədiyini bildirmişdir. O, Nailin bacısına görə görüşmək istədiyini başa düşmüş, havanın soyuq olduğunu bildirmiş, görüşmək istəyirsə yaşadığı ünvana gələ biləcəyini bildirmiş və ünvanı demişdir. Nail onun yaşadığı məhəlləyə gəlmiş, ilk öncə onun qardaşı ilə rastlaşmış, qardaşından onu soruşmuşdur. Qardaşı da Nailə evin ünvanını göstərərək, axtardığı şəxsin qardaşı olduğunu demişdir. O, fevralın 7-si saat 10- 11 radələrində Naillə “Yeni Bakı” adlanan ərazidə həyət evləri yerləşən ünvanda salamlaşıb görüşmüşdür. Yanlarında Amin adlı dostu olmuşdur. Təqsirləndirilən şəxslə söhbət etmişlər, bir neçə saniyə mübahisə etmiş, söhbət əsnasında Nail qışqıraraq bıçaqla ona zərbə endirmişdir. O, iki bıçaq zərbəsini hiss etmişdir. Onu vurandan sonra o, arxa-arxaya çəkilib oturmuşdur. Nail də daş atıb qaçıb getmişdir. Heç bir şikayəti yoxdur, barışıq vardır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən fərdi evin qarşısında baş vermişdir. (Cild 1, iş vərəqləri 8-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “məhkəmə-tibbi ekspertiza X3” X6 Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 440 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının 2 (iki) ədəd döş boşluğuna nüfuz edən ağciyəri yaralayan, daxilə qanaxma törədən deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin sol yarısının arxa səthinin 2 (iki) ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, üzün sol yarısının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası-iti deşici-kəsici alətin (lərin) təsirindən törənmişdir; törədilmə müddəti qərarda qeyd olunan vaxta yəni, xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının 2 (iki) ədəd döş boşluğuna nüfuz edən ağciyəri yaralayan, daxilə qanaxma törədən deşilmiş-kəsilmiş yaraları-ayrı-ayrılıqda eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər.Döş qəfəsinin sol yarısının arxa səthinin 2 (iki) ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, üzün sol yarısının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə ayrı-ayrılıqda eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqləri 174-176) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 112/2025-TBŞ saylı rəyində göstərilmişdir ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/İİİ/ /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, 2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, jaket, papaqlı idman gödəkçəsi, şalvar, 01 cüt ayaqqabı və 01 ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa /İİİ/qrupu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus 01 cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (Cild 1, iş vərəqləri 177-181) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 19 mart 2025-ci il tarixli 69/2025- MTKŞ saylı rəyində göstərilmişdir ki, 1. Ekspertizaya təqdim edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin arxa səthinin sol nahiyyəsində bir ədəd, sviterin arxa səthinin sol nahiyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmişkəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. İdman gödəkçə, sviter və mayka üzərində aşkar edilmiş zədə bir alətin təsirindən yaranmışdır. 2.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs geyim əşyalarının (idman gödəkçə, sviter və mayka) üzərində aşkar edilmiş zədə təqdim edilmiş dəstəyi qırılmış bıçaq ilə, eksperiment aparılmadığı üçün, yetirilib-yetirilməməsi sualına cavab vermək mümkün deyil.3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində olan cibin sol yan kənarı yuxarıdan başlayaraq natamam sökülmüşdür, bu da, sviterin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. 4.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, corab və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İİ. 1 .Ekspertizaya ayrı-ayrılıqda təqdim olunmuş bıçaq tiyəsi və dəstəyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəxt bıçağına aiddir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan təynatının dəyişdirilməsi üçün heç bir əlavə dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 182-188) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1605 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxsin hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri - sabitlik, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakı 1 ardan hörmət tələb etmək, öz üstünlüyünü nümayiş etdirməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqləri 236-238) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd jaket, 01 ədə idman gödəkçəsi, 01 cüt ayaqqabı və 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Abşeron RPİnin madd sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 255-264) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 153-154) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verdiyi ittihama əsasən o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Bu zaman irəli sürülmüş ittihamda motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı kimi olması qabardılmışdır. Halbuki şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması işin faktiki halları ilə öz təqsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, hadisə zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində yaranmış münaqişə səbəbi ilə görüşmüş, görüşdükdən sonra tərəflər arasında əvvəlcədən mövcud olan şəxsi ədavət və yaranmış mübahisə nəticəsində bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Hadisə sadəcə olaraq iki nəfər arasında yaranmış şəxsi konfliktin kəskinləşməsi nəticəsində baş vermişdir. Baş vermiş hadisə qarşı tərəfin davranışına emosional reaksiyanın nəticəsi olmuşdur. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə2 tərəfindən verilmiş, notarial qaydada təsdiqlənmiş sənədin surətindən görünür ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1 tərəfindən zərərçəkmiş tərəfə dəymiş zərər tam şəkildə ödənilmişdir. (Cild 1, iş vərəq 273) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin yuxarıda sadalanan halları, eləcə də cinayət qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs onun ittiham olunduğu cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddəndə az azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etməklə də, ona təyin edilmiş cəzanın məqsədinə nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini nəzərə alaraq, habelə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 08 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 23 may 2025-ci il, 26 iyun 2025-ci il və 21 avqust 2025-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq, köynək, jaket, idman gödəkçəsi, şalvar, 01 cüt corab, 01 cüt ayaqqabı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq, köynək, jaket, idman gödəkçəsi, şalvar, 01 cüt corab və 01 cüt ayaqqabı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar