Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-428/2025 30.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1976-cı il tarixdə Ermənistan Respublikası Stepanavan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Digah qəsəbəsi Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində icarə əsasında işlətdiyi Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində inşa edilmiş iki mərtəbəli tikilinin ikinci mərtəbəsində fəaliyyət göstərən kafedə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə sonuncunun hesabı ödəməkdən boyun qaçırtması səbəbindən mübahisə etməyə başlamış, qeyd edilən tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən mağazada təsərrüfat mallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs səs-küyü eşidib kafeyə daxil olmuş, Təqsirləndirilən şəxs bir nəfər şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşaraq aralamaq istəsədə, sonuncu Zərərçəkmiş şəxs hərəkətini də mübahisə mövzusuna çevirib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə kafedə masadan götürdüyü iti deşici-kəsici xassəyə malik olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq, ona qarının ön divarının sol iç hissəsinin 1 (bir) ədəd qarın boşluğuna keçərək nazik bağırsağı və aşağı epiqastral arteryanı zədələyərək daxili və xarici qanaxmaya səbəb olmuş kəsilmiş deşilmiş yarası ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində fəhlə işlədiyini və atası vəfat etdikdən sonra isə ailəsinə kömək məqsədi ilə kafeni icarəyə götürərək işlətdiyini bildirmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla heç bir ədavəti və düşmənliyi olmamış, münasibətləri normal olmuşdur. O, heç vaxt üzərində bıçaq gəzdirmədiyini, hadisə günü içkili olduğunu, hadisənin necə və hansı səbəbdən baş verdiyini xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq hadisə vaxtı belində bıçaq olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlamadığını və təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq qardaşı Nurəddin Orucovun hadisə vaxtı kafedə olduğunu, lakin onun hadisənin şahidi olub-olmadığını dəqiq bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayından etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən iki mərtəbəli tikilinin ikinci mərtəbəsində kafeni icarə əsasında işlədir. Həmin vaxtdan kafenin birinci mərtəbəsində təsərüffat malları satan Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında heç bir düşmənlikləri və ədavətləri olmamışdır. Ruslan ara-sıra işlətdiyi kafeyə gəlib yemək yemişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində işlətdiyi kafedə üzdən tanıdığı adını bilmədiyi müştəri yeyibiçdikdən sonra hesabını ödəmədiyi üçün aralarında münaqişə yaranmışdır. Həmin şəxsdən pulu ödəməsini tələb etsə də, onunla yüksək tonla danışdığı üçün özü də içkili olduğundan həmin şəxsin davranışı xoşuna gəlməmiş, aralarında mübahisə yaranmışdır. Həmin şəxsi qorxutmaq üçün masanın üzərindən mətbəx bıçağı götürmüşdür. Bu zaman Ruslan və digər müştərilər aralamaq üçün yaxınlaşmışlar. Hesabı ödəməyən müştəriyə qarşı çox əsəbi olduğuna görə heç kəsi gözü görməmişdir. Bu ərəfədə Ruslanın israrlı şəkildə aralamağa çalışması qəzəbinə səbəb olmuşdur. Ondan getməsini tələb etsə də, qulaq asmamış, o da özündən asılı olmayaraq bıçaqla Ruslanın qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbənin o qədər də ağır olacağını düşünməmişdir, fikirləşmişdir ki, yüngül cızar. Sonradan Ruslanın əlini qarnına tutub qaçmasından başa düşmüşdür ki, xəsarət ağır olub. Ruslanı vuran kimi mübahisə etdiyi şəxs qaçıb getmişdir. Əslində Ruslan ilə aralarında heç bir ciddi bir şey olmamışdır. Sadəcə olaraq onu israrla aralamasından əsəbləşib, özündən asılı olmayaraq onun istiqamətinə bıçaq atmışdır ki, çıxıb gedər. Sonra isə 102 xidmətinə zəng edərək bıçaqla adam vurduğunu bildirmiş, qardaşı gələndən sonra isə Mehdiabad PB-nə gəlmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, Ruslana qarşı törətdiyi əməldən peşmandır. O, Ruslan sadəcə olaraq aralamaq istəmiş, lakin spirtli içkinin təsirindən əsəbləşib onu bıçaqlamışdır. Ona ağır xəsarət yetirmək istəməmiş, sadəcə yüngül cızmaq istəmiş, lakin atdığı bıçaq dərin getmişdir. 03 dekabr 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 22 noyabr 2024-cü il tarixdə Ələddinin işlətdiyi kafeyə getdikdə oradan səs-küy eşitmiş və Ələddinin kafedə bir nəfər içkili müştəri ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Ələddini sakitləşdirmək üçün müştərini yola verməsini, mübahisə etməməsini bildirmiş, Ələddin isə işlətdiyi kafedə ona “ağalıq” etdiyini bildirərək belindən bıçaq çıxarmış və ona xəsarət yetirmişdir. Hadisə vaxtı Ələddinə qarşı hər hansı nalayiq söz, ifadə işlətməmiş, həmin vaxt Ələddinin qardaşı da kafedə olmuşdur. Bundan sonra isə o, öz maşını ilə xəstəxanaya getmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq xəstəxanaya öz şəxsi maşını ilə getdiyini, təqsirləndirilən şəxs Ələddinlə barışdığını, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq təqsirləndirilən şəxsi baş vermiş hadisədən əvvəl tanıdığını, Ələddinin işlətdiyi kafenin aşağı mərtəbəsində inşaat mallarının təmiri ilə məşğul olduğunu və təqsirləndirilən şəxslə aralarında düşmənlik və ədavət olmadığını bildirmişdir. Ələddinin ona qarşı qəsdən xəsarət yetirmək niyyəti olmamışdır. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq hadisə vaxtı təqsirləndirilən şəxsin içkili olsa da onu tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, hadisə günü kafedə olmuş, o, borc dəftərinə baxarkən qardaşı Ələddin başqa masada bir nəfərlə əyləşib içki içmişdir. Bir müddətdən sonra isə Ələddinlə kafedə olan bir nəfər müştəri arasında mübahisə yaranmağa başlamışdır. Bu zaman Ələddinin əlində heç bir əşya görməmiş, onları bir-birindən ayırmış və Ələddini başqa masada əyləşdirmişdir. Həmin gün Ələddin çox içki içdiyi üçün özündə olmamış, sonradan borc dəftərinə baxmağa başı qarışdıqda qardaşının yenidən mübahisə etdiyi şəxsə yaxınlaşdığını görmüş, bu zaman iş üzrə zərər çəkmiş şəxs Ruslan da kafeyə gəlmiş və Ələddinin mübahisə etdiyini görərək onu sakitləşdirmək istəmişdir. Ələddin isə əlindəki bıçaqla istəmədən Ruslanı vurmuşdur. O, qardaşının əlindən bıçağı alaraq baş vermiş hadisənin qarşısını almağa cəhd etmiş, lakin bacara bilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin kafenin aşağı mərtəbəsində inşaat mallarının təmiri ilə məşğul olmuş, qardaşı ilə Ruslanın münasibətləri normal olmuş, onların aralarında düşmənlik və ədavət olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 102 xidmətinə zəng vuraraq tanımadığı şəxsi bıçaqlaması barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs 22 noyabr 2024-cü il tarixdə gecə radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində bıçaqlanaraq xəsarət alması barədə Abşeron RPİə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Abşeron rayonu Mehdiabad qəsəbəsində fəaliyyət göstərən kafedir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 2/64802 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna görə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 26 iyul 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş disk və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini əyani olaraq hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi müayinəsinin 27 dekabr 2024-cü il tarixli, 2829 saylı aktı və məhkəmə-tibbi ekspertizasının 29 iyul 2025-ci il tarixli, 31 nömrəli rəyindan görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-qarının ön divarının sol iç hissəsinin 1 (bir) ədəd qarın boşluğuna keçərək nazik bağırsağı və aşağı epiqastral kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 22.11,2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 11 aprel 2025-ci il tarixli 3/310 nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş, təqdidata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 iyul 2025-ci il tarixli 2331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin edilməsinə ehtiyyac yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutlar otağında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin zərərli nəticələrə səbəb ola biləcək hərəkətlərinin qarşısını almağa çalışan zərər çəkmiş şəxsə qarşı davranışı ictimai-faydalı hərəkətə qarşı yönəlmiş davranış aktı olmaqla, təqsirkar tərəfindən ümumqəbuledilmiş (cəmiyyətin təqdir etdiyi) davranış modelinin və belə davranış nümayiş etdirən şəxsin aşağılanması, özünün (hətta, cinayət törətməsi kimi ictimai-zərərli fəaliyyətdən irəli gələn) şəxsi mənafeyini isə hər şeydən (konkret zərərçəkmiş şəxsin və bütövlükdə cəmiyyətin mənafelərindən) öndə tutması əməlin xuliqanlıq niyyəti ilə törədildiyinə birbaşa dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə etməsi və həmin məcəllənin 59.1.14-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş 01 ədəd bıçaq məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron RPİ-nin maddi sübutlar otağında saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-428/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-428/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver