Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-43/2022 13.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 31, mənzil 18-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları ərazisində olan nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda 1 ədəd şəffaf rəngli plastik qutunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 40,272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib və səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd 6x12 sm ölçüdə markası olmayan gümüşü rəngli elektron tərəzini daşıyaraq üzərində saxlamış, 01 may 2021-ci il tarixdə saat 11:10-da Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Corat bağları ərazisində yaşadığı ünvanın yaxınlığında saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd 6x12 sm ölçüdə markası olmayan gümüşü rəngli elektron tərəzi və idman gödəkçəsinin üstündən geyindiyi göy rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə 1 ədəd şəffaf rəngli plastik qutunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 40,272 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 01 may 2021-ci il tarixdə gecə saat 02 radələrində polis əməkdaşları hasardan aşaraq onun evinə daxil olmuşlar və onu tutaraq 4-cü polis bölməsinə aparmışlar. Ona qarşı təzyiq edildiyi üçün üzərində narkotik vasitənin olması ilə bağlı etirafedici ifadə vermiş, əslində isə onda 40 qr. deyil cüzi miqdarda narkotik vasitə heroin olmuş, çünki o, narkotik vasitə istifadəçisi olmuşdur. Həmin cüzi miqdarda narkotik vasitəni isə internet vasitəsi ilə əldə etmiş, ittihamda qeyd edilən çəkidə narkotik vasitə onda olmamış və narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə edir. Tutulmamışdan təxminən 1 ay əvvəl, 2021-ci ilin mart ayının sonlarında o, Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu Rüstəm adlı soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 500 manat pul ödəməklə 50 qram narkotik vasitə olan heroin almışdır ki, uzun müddət öz tələbatını ödəsin. Aldığı heroindən gündəlik istifadə etmiş, həmçinin dostları, tanışları ondan narkotik vasitə istədikdə onlara da pay vermişdir. Qalan heroini isə üzərində gəzdirmişdir ki, heç kəsin bundan xəbəri olmasın. Həmçinin o, Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin həyətindən elektron tərəzi tapmış, həmin tərəzi ilə də o, istifadə etdiyi narkotik vasitəni ölçmüşdür ki, artıq istifadə etməsin. 01 may 2021-ci il tarixdə saat 11:10-də Sumqayıt şəhəri Corat bağları ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmiş, o, da tabe olmuşdur. Həmin vaxt onun üzərində Rüstəm adlı şəxsdən aldığı heroinin qalan hissəsi və elektron tərəzi olmuş, polis bölməsində onun hüquq və vəzifələri izah edilərək vəkil dəvət edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində olan qadağan edilmiş əşyaları təqdim etmək təklifindən sonra o, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində narkotik vasitə çəkmək üçün saxladığı 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini, idman gödəkçəsinin üzərindən geyindiyi göy rəngli digər gödəkçənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açılmış, içərisində qutuda 1 ədəd şəffaf rəngli sellofan büküm olmuşdur. Həmin büküm də açılan zaman sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Sorğu zamanı o bildirmişdir ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan "kakos"dur, aşkar olunmuş həmin maddəni təxminən 1 ay bundan əvvəl Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, Rüstəm adlı şəxsdən 500 manat pul ödəməklə almış, şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş tərəzini isə Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin həyətindən tapmış, onu evinə aparıb orada aldığı narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərində gəzdirmişdir. Həmin vaxt üzərində aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin isə 44,30 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddə və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, qeyd etmişdir ki, onun istifadəsində ***-***-**-**, ***-***- **-** və ***-***-**-** nömrələri olmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş və o, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. (Cild 1, iş vərəqləri 64-66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 01 may 2021-ci il tarixdə Sumqayıt şəhər sakini Ramil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupunun üzvləri tərəfindən həmin gün saat 11 radələrində anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat bağları ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət edildi. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı ona üzərində olan qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməsi təklif edildikdən sonra o, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində 1 ədəd elektron tərəzini və həmin gödəkcənin üzərindən geyindiyi göy rəngli digər gödəkcənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açılaraq içərisinə baxıldıqda 1 ədəd şəffaf rəngli sellofan büküm olmuş və onun içərisində sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni təxminən 1 ay əvvəl Bakı şəhəri ərazisində tanımadığı Rüstəm adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitənin çəkisi təxminən 44 qram olmuşdur. Aşkar edilən maddi sübutlar qablaşdırılaraq götürülmüş və bununla bağlı tərtib edilmiş protokol iştirakşılar tərəfindən imzalanmışdır. O, həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs özü ifadəsində göstərdiyi kimi gecə vaxtı evində deyil, gündüz vaxtə küçədə saxlanılmış, saxlanılarkən o, tək olmuş, bu zaman ona qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri X6, Şahid3 və kiçik əməliyyat müvəkkilləri Şahid5 və X2 Qasımovla oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində saxlanılaraq 4-cü polis bölməsinə gətirilməsini, üzərində şəxsi axtarış aparılarkən bir ədəd eıektron tərəzinin və 44 qram çəkidə narkotik vasitə heroinin aşkar edildiyini bir daha təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:10-da Sumqayıt şəhəri, Corat bağları ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə gətirilmiş və üzərində xidməti otaqların birində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Onun hüquq və vəzifləri izah olunub müvafiq bildiriş verilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibində narkotik vasitənin çəkisini müəyyən etmək üçün saxladığı 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini, idman gödəkçəsinin üzərindən geyindiyi göy rəngli digər gödəkçənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açıldıqda içərisində qutuda 1 ədəd şəffaf rəngli sellofan büküm olmuşdur. Həmin büküm də açılan zaman sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə kütləsi narkotik vasitə olan “kakosdur”, aşkar olunmuş həmin maddəni təxminən 1 ay əvvəl Bakı şəhəri ərazisində 500 manat pul ödəməklə Rüstəm adlı şəxsdən almış, üzərindən aşkar edilmiş tərəzini isə Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin həyətindən tapmışdır. Aşkar olunmuş heroinə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin isə 44,30 qram olduğu müəyyən edilmiş, sonra tərəzi və narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı 02 ədəd «Keno» markalı siqaretlər, 01 ədəd alışqan, şəxsiyyət vəsiqəsi, 13 manat pul, 02 ədəd «Samsung» markalı, 01 ədəd «Mi» markalı mobil telefonlar da aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 27-28) “Şəxsi axtarış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 10 may 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 85-87) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 may 2021-ci il tarixli, 6/1753 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd plastik qutuda 01 ədəd bükümdə təmiz çəkisi 40,272 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd 6x12 sm ölçüdə gümüşü rəngli elektron tərəzini səthində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqləri 35-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 may 2021-ci il tarixli, 1619 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 137-138) Cinayət işinin materiallarında olan “Əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” 05 iyul 2021-ci il tarixli, “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 iyul 2021-ci il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 40,222 qram narkotik vasitə olan heroinin və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 151-152, 221-232) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 235-236) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin az olması, ittihamda göstərilən həcmdə narkotik vasitənin onda olmaması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması, ittihamda göstərilən yerdə və vaxtda deyil gecə vaxtdı evinində tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 40,272 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 268,5 dəfə, külli miqdardan isə təxminən 20,1 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli və Qubadlı qarnizonu hərbi tribunalının 06 aprel 1998-ci il tarixli hökmü ilə 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 243-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya qərarının 2-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 5 ilə endirilərək, həmin qərarın icrası döyüş şəraiti qurtaranadək təxirə salınmışdır. (Cild 1, iş vərəqləri 134-135, 191-197) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80 və 83-cü maddələrinə əsasən, xüsusilə də Cinayət Məcəlləsinin 83.6 “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 02 may 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 40,222 qram olan narkotik vasitə heroin hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılan ********* nömrəli cinayət işində saxlanılmalı, iş materiallarında olan maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan: 40,222 qram çəkidə narkotik vasitə - heroin hazırki cinayət işindən ayrılan ********* nömrəli cinayət işində saxlanılsın, 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-43/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-43/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver