Məhkəmə qərarları › İş №1(124)-43/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-43/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-43/2023 27.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 15 avqust 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkiləri 8,439 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellefon bağlamada və 02 ədəd ayrı bükümlərdə ümumi təmiz çəkiləri 51,778 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 19:50-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Bəyaz Saray” şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellefan bağlamada təmiz çəkisi 51,383 qram, 02 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkiləri 0, 232 qram və 0,163 qram, ümumi təmiz çəkiləri 51,778 qram olan eyni tərkibli narkotik təbiətli çətənə bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkiləri 0, 898 qram, 1,794 qram, 0,803 qram və 4,944 qram, ümumi təmiz çəkisi 8,439 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthlərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyətilə məşğul olur, gündə 5-10 manat pul qazanırdı. Özü narkotik vasitə marixuana istifadəçisi olmuşdur. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Onu 2021-ci ilin noyabr ayının 6-da saat 17-18 radələrində Sumqayıt şəhəri 10-cu mkr ərazisində Bəyaz Sarayın yaxınlığında maşında olarkən YPX əməkdaşları onu saxlamışlar. Daha sonra əməliyyat müvəkkilləri onu polis idarəsinə aparmışlar. Üzərində şəxsi axtarış aparılmış, onu evinə də narkotik maddə qoymaqla hədələdikləri üçün polislərin dediyini qəbul etmişdir. Şəxsi axtarışda üzərindən narkotik vasitə aşkar edilməmişdir. Onun üzərində dəmir falqada əridilmiş heroin olmuş, lakin saxlanılanda üzərində marixuana olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə, təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Bəyaz Saray» şadlıq evinin yaxınlığında tanışları Elxan, Xasməmməd və Gülməmmədlə birlikdə yolun kənarında olduqları zaman, polis əməkdaşları yaxınlaşaraq özlərini onlara təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib Polis İdarəsinə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədikləri bildirilmiş, o, buna etiraz etməmiş və ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt o, əynində olan qara rəngli dəri gödəkcənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı, 01 ədəd alışqanı, bir ovuc günəbaxan tumunu, 06 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş 06 bükümü və bir ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlama açıldıqda içərsində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli ot kütləsinin olduğu, 06 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş bükümlər ayrı-ayrılıqda açıldıqda onlardan iki bükümünün hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsinin olduğu, dörd bükümün hər birinin içərsində isə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur.Sorğu zamanı bildirmişdir ki, ondan aşkar olunan maddələr narkotik vasitələrdir, həmin maddələri üç gün bundan əvvəl tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə telefonla danışaraq həmin şəxsin pul kartına 90 manat pul yükləməklə sifariş əsasında Bakı şəhəri, Suraxanı rayonu ərazisindən şəxsi istifadəsi üçün gedib götürmüş və üzərində saxlamışdır. Ondan aşkar edilmiş bir ədəd elektron tərəzini isə aldığı narkotik vasitələri çəkmək məqsədilə iki gün bundan əvvəl aldığını və özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, narkotik vasitələrin istifadəçisidir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlama içərisindəki ot kütləsi ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bağlamının içərsindəki maddə ilə birlikdə çəkisinin 55 qram olduğu, 06 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş 06 büküm hər biri ayrı-ayrılıqda içərisindəki maddələrlə birlikdə tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümün çəksinin 0,35 qarm, 2-ci bükümün 0,44 qram, 3-cü bükümün çəkisinin 1.97 qram, 4-cü bükümün çəkisinin 5,08 qram, 5-ci bükümün çəkisinin 0,85 qram və 6-cı bükümün çəkisinin 1,06 qram olduğu müəyyən edilmişdir. Ondan aşkar olunmuş bir ədəd bağlama, 06 ədəd bükümlər içərsindəki maddələrlə ilə birlikdə və bir ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən özünə məxsus olan və istifadə etdiyi bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon və bir ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş «Samsung» markalı mobil telefon xüsusi qaydada qablaşdırılmış, bir ədəd alışqan isə geri qaytarılmışdır. Bundan sonra üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Eləcə də, o, ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəni satmaq fikrinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada təzyiq göstərilmədiyini və fiziki qüvvə tətbiq edilmədiyini göstərmişdir. (Cild 1, iş vərəqləri 78-80) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının 6-da Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, satması, gəzdirməsi və istifadə etməsi barədə daxil olan məlumat əsasında həmin gün saat 20 radələrində Sumqayıt şəhərində Bəyaz Sarayın yaxınlığında onu saxlamışlar. Saxladıqdan sonra polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılmış, üzərindən marixuana, heroin və elektron tərəzi aşkar edilmişdir. Ona polislər tərəfindən hədə-qorxu və təzyiq olunmamışdır. Saxlanılanda təqsirləndirilən şəxsin yanında başqa adamlar da olmuş, lakin onların üzərindən narkoik vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının 6da axşam saat 20-21 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, satması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün axşam saatlarında Sumqayıt şəhərində Bəyaz Sarayın yaxınlığında onu saxlayıb polis bölməsinə aparmışlar. PB-də onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən marixuana, heroin və elektron tərəzi aşkar edilmişdir. O, narkotik vasitələri İranlı şəxsdən əldə etmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının 6-da Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, satması, gəzdirməsi və istifadə etməsi barədə daxil olan məlumat əsasında həmin gün saat 20 radələrində Sumqayıt şəhərində Bəyaz Sarayın yaxınlığında onu saxlamışlar. Saxladıqdan sonra polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən marixuana, heroin və elektron tərəzi aşkar edilmişdir. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün əməliyyat tədbirinin təfərrüatları tam yadımda deyil. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində Şahid1 və digər şahidlərin ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 122-125) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə istifadə etmiş, Fariz də istifadə etmişdir. Tutularkən maşında onunla birlikdə Fariz və sürücü olmuşdur. Onları 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Sumqayıtdan Masazıra gedən yolda YPX əməkdaşları saxlamışlar. Onun iştirakı ilə Farizin üzərinə baxış keçirilməmiş, Farizin üzərindən nə aşkar edildiyini bilməmiş, polislər ona narkotik vasitə aşkar olunduğunu demişlər. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 6 noyabr 2021-ci il tarixdə, təxminən saat 19:50 radələrində Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz Saray” şadlıq evinin yaxınlığında tanışları Fariz, Elxan və Xasməmmədlə birlikdə olduqları zaman, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və Farizlə Elxanın narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxlandıqlarını bildirib onları Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt həm Fariz, həm də Elxan hər ikisi bildirmişlər ki, onlar narkotik vasitə istifadəçisidirlər və hal-hazırda üzərlərində narkotik vasitə vardır. Onlar Polis İdarəsində olan zaman məlumatına görə həm Farizin, həm də Elxanın üzərlərinə baxış keçirilmiş və hər ikisinin üzərlərindən narkotik vasitə aşkar edilkmişdir. O özü narkotik vasitə istifadə etmir, onun Elxan və Farizin həmin vaxt üzərlərində narkotik vasitə gəzdirmələrindən məlumatı olmamışdır.(Cild 1, iş vərəqləri 98-100) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan qara rəngli dəri gödəkcənin sol yan cibindən içrilərində narkotik vasitə heroinə və marixuanaya bənzər maddə olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı və 06 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş 06 bükümü, bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. (Cild 1, iş vərəqləri 26-27) “Şəxsi axtarışın keçirilməsi barədə” 06 noyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 07 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 59-61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/1150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində” “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” sözləri yazılmış kağız paketdə 03(üç)ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1)51,383qram, 2)0,232qram, 3)0,163 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr olan qurudulmuş marixuanadır.Ümumi çəkisi-51,778 qramdır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd şəffaf sellofan bükülüdə olan marixuanalar tərkiblkərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4940 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzəindən aşkar edilmiş...” sözləri, ad, soyaq və imzalar qeyd edilmiş kağız paketdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,898 qram, 1,794 qram, 0,803 qram, 4,944 qram ümumi təmiz çəkisi 8,439 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyavi tərkib komponentlərinə görə eyni olub, ksutar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”in İ siyahısına daxildir. (Cild 1, iş vərəqləri 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədəd “Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyəyn narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərər məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (Cild 1, iş vərəqləri 160-161) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 120-121) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 51,628 qram narkotik vasitə marixuana; 8,239 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd sisk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 172-182) Cinayət işinin materiallarında olan “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 185-186) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən hədələnməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 51,778 qram marixuana yəni külli miqdarda narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından təxminən 5 dəfə, 8,439 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 56 dəfə, külli miqdardan isə təxminən 4 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 92-93) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 51,628 qram marixuana, 8,239 qram heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalı, 01 (bir) ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 51,628 qram narkotik vasitə qurudulmuş marixuana, 8,239 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar