Məhkəmə qərarları › İş №1(124)-430/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-430/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-430/2024 30.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 71.5 maddəsinin müddəaları hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsi tətbiq edilmiş və Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən onun üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Qoyunbinəsi ərazi dairəsi, Qoyunbinəsi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 10,691 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 2,391 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış və üzərində saxlamış, 07 iyun 2023-cü il tarixdə saat 07:50 radələrində Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində özünü şübhəli apardığına görə həmin küçədə yerləşən “Rich” aptekin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib xidməti otaqların birində həmin gün saat 09:31-dən saat 09:42-yə kimi üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı, həmin 01 ədəd şəffaf sellofan bükümdə 10,691 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə 2,391 qram çəkidə külli miqdarda kuslar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Nəvai ilə Masazır qəsəbəsinə qonaq getmişlər. Masazır qəsəbəsinə çatan zaman onları qonaq çağıran şəxs telefona cavab vermədiyi üçün taksiyə minərək getmək istəyən zaman Post Patrul Xidməti avtomobili onlara yaxınlaşmış və polis əməkdaşı əlində olan bir büküm narkotik vasitəni göstərərək onlara məxsus olduğunu bildirmiş və şübhəli şəxs kimi saxlayaraq onları polis idarəsinə gətirmişlər. Polis idarəsində olan zaman ona təzyiq göstərərək narkotik vasitəni boynuna qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, tutulduğu günə kimi narkotik vasitə istifadə etmiş, metamfetamin istifadə etməmiş, saxlanıldığı gün üzərində narkotik vasitə olmamış, hadisə günü 6-7 radələrində Yevlaxdan çıxıb Bakıya bir qadının evinə qonaq gəlmiş, qadın telefona cavab vermədiyi üçün Nəvayi ilə sağollaşaraq yeznəsigilə gedəcəyini söyləmiş və taksiyə əyləşmək istəyən zaman polis əməkdaşlarından biri Nəvayinin, biri də onun yanına yaxınlaşmış, bir polis əməkdaşı yerdən narkotik vasitə tapdığını və onlara məxsus olduğunu söyləmiş, onu gecə 11-12 radələrində tutaraq Abşeron Rayon Polis İdarəsinə gətirmişlər, səhərə kimi ona təzyiq göstərərək səhər çəkilişlə üzərinə baxış keçirilmiş, üzərində özünə məxsus ********** nömrəli mobil telefon olmuş, üzərində xəsarət izi qalmamış, istintaq təcridxanasına gedən zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməmiş, barəsində qətimkan tədbiri seçilən zaman hakimə də döyüldüyünü deməmiş, polis idarəsində çəkiliş zamanı vəkilə olanları söyləmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünü ona elan olunan ittiham üzrə təqsirli bilməmiş və saxlanılma şəraiti və sonrası barədə fəqrli ifadə verərək göstərmişdir ki, ... o, Nəvai ilə sağollaşaraq yolu əks tərəfə keçərkən həmin yol ilə hərəkətdə olan Post Patrul Xidməti avtomobilinin Nəvai ilə dayanıb söhbət etdikləri yeri bir qədər keçərək dayandığını görmüşdür. Bu zaman həmin xidməti avtomobildə əyləşən polis əməkdaşlarından biri avtomobildən yerə düşüb Nəvai ilə söhbət etdikləri yerə yaxınlaşmışdır. O, həmin vaxt taksiyə əyləşib getmək istəyərkən xidməti avtomobildə əyləşən o, biri polis əməkdaşı onu həmin yerə çağırdığı üçün o, yolu əks tərəfə keçib onlara yaxınlaşmışdır. Bu zaman həmin polis əməkdaşlarından biri Nəvai ilə onun dayanıb söhbət etdikləri yerdən bir büküm tapdığını, həmin bükümün içərisində də narkotik vasitə olduğundan şübhələndiyini bildirmişdir. Bundan sonra polis əməkdaşıları həmin bükümün kimə məxsus olduğunu soruşarkən Nəvai və o, həmin bükümlərin onlara məxsus olmadığını demişlər. Sonra isə polis əməkdaşları aydınlaşdırılmasından ötrü onları Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Abşeron Rayon Polis İdarəsində polis əməkdaşları bildirmişlər ki, həmin bir ədəd bükümdəki narkotik vasitəni bir böləcəklər və yarısı onun, yarısı da Nəvainin olacaq. Bundan sonra Nəvai ilə o, razılaşmışdır, ki, həmin bükümdəki narkotik vasitənin onun olmasını etiraf edəcək. Nəvai də ona söz vermişdir ki, 48 saat müddətində onu sərbəst buraxdıracaq (cild 01, iş vər. 200-202). Məhkəmə istintaqının sonunda Təqsirləndirilən şəxs onun üzərində 1 qrama yaxın narkotik vasitə olduğunu, polis əməkdaşları tərəfindən narkotik vasitənin çəkisinin artırıldığını bildirmiş, məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yevlaxdan Bakıya gəldikləri avtobus Masazır qəsəbəsinə gəlmiş, Masazır qəsəbəsinə çatan zaman avtobusda Təqsirləndirilən şəxslə qarşılaşmış, salamlaşdıqdan sonra birlikdə avtobusdan enmişlər. 5 dəqiqə söhbət etdikdən sonra ayrılmaq isyətən zaman polis əməkdaşları onlara yaxınlaşmış və ad, soyadlarını soruşduqdan sonra polis idarəsinə aparmışlar. Polis idarəsində olan zaman onları ayrı otaqlara aparmışlar və polis əməkdaşı ondan Rəşadın üzərində olan narkotik vasitədən xəbərinin olub-olmadığını soruşmuşlar, o isə xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, əvvəllər Rəşadın narkotik vasitə istifadə etdiyini eşitmiş, o özü də əvvəllər narkotik vasitə istifadə etmiş, əvvəllər məhkumluğu olmuş, Rəşadın hardansa narkotik götürdüyünü eşitməmiş, Rəşadın narkotik vasitələr satmasından məlumatı olmamış, polis əməkdaşları onları Masazır qəsəbəsində, mağazaların qarşısında saxlamış, polis əməkdaşları onlara yaxınlaşaraq ad, soyadlarını soruşub şübhəli şəxs qismində polis idarəsinə aparmışlar, polis əməkdaşları ona heç bir təzyiq göstərməmiş, o, Yevlaxdan gecə 3-4 radələri çıxmış, səhər 7 radələrində Masazır qəsəbəsinə çatmış, Rəşadın yerə nə isə atdığının və onunla sağollaşıb aralaşdığının və polis əməkdaşlarından qaçmağa çalışdığının şahidi olmamış, polis əməkdaşlarından polis idarəsinə nə üçün getdiklərini soruşduqda idarədə aydınlaşdıracaqlarını bildirmiş, ibtidai istintaq zamanı da eyni formada ifadə vermişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında bəzi ziddiyyətlər olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu, Malbinəsi ərazi dairəsi, Malbinəsi kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə verdiyi ifadəsi ona aydındır. Qeyd edir ki, o, Rəşadı həmyerlisi olması səbəbindən tanıyır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan tanışıgilə gəlmək üçün Yevlax rayon avtovağzalında sərnişin avtobusuna minərkən Rəşadın da həmin marşrut avtobusunda olduğunu görmüşdür. Söhbət əsnasında Rəşad Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan yeznəsigilə getdiyini bildirmiş və o, da Rəşada bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər qadın tanışı gilə gedir. Bundan sonra Rəşad ondan xahiş etdiyinə görə sonuncunun da onunla birlikdə həmin tanışının evinə getməsinə razılıq vermişdir. xx.xx.2023-cü il tarixə, səhərə yaxın onlar Abşeron rayonu, Masazır qəsəbəsinə çatmışlar və o, həmin vaxt nə qədər zəng etsə də həmin tanışının mobil telefonuna zəng çatmamışdır. Bundan sonra onlar Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Rich” aptekin qarşısında, yol kənarında dayanaraq söhbət edərkən Rəşad həmin yol ilə hərəkət edən Post Patrul Xidməti avtomobilinin onların dayandıqları yerə yaxınlaşdığını görüb heç bir söz demədən yolu əks tərəfə keçmişdir. Bu zaman isə Rəşadla dayanıb söhbət etdiyi yerdə Post Patrul Xidməti avtomobili saxlamış və avtomobildən düşən polis əməkdaşları Rəşadın onları görən kimi yolu əks tərəfə keçdiyindən şübhələnərək onu yanlarına çağırmışlar. Polis əməkdaşları Rəşaddan və ondan anket məlumatlarını soruşarkən Rəşad özünü şübhəli aparmağa başlamışdır. Bu zaman polis əməkdaşları Rəşada narkotik vasitə istifadəçisi olduğundan və üzrəində də narkotik vasitə olmasından şübhələndiklərini bildirib Rəşadı və onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmişlər. Abşeron Rayon Polis İdarəsində onlar ayrı-ayrılıqda sorğu-sual olunduqdan sonra ona məlum olmuşdur ki, Rəşad üzərində narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmiş, onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmçinin o, da bununla bağlı sorğu-sual olunsa da, üzərində hər hansı bir narkotik vasitənin və psixotrop maddənin olmadığını bildirmişdir. Təhqiqat şöbəsində də bununla bağlı izahat verərək üzərində hər hansı bir narkotik vasitənin və psixotrop maddənin olmadığını, eləcə də Rəşadın üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbərinin olmadığını bildirmişdir. Bildirir ki, Rəşadın ifadəsində göstərdikləri doğru deyil. Belə ki, onlar polis əməkdaşları tərəfindən saxlanıldıqları zaman polis əməkdaşlarının həmin yerdən içərisində narkotik vasitə olan hansısa bükümü tapdıqlarını görməmişdir. Həmçinin onlar polis idarəsinə gətirildikdən sonra o, Rəşada bu işdə hansısa köməklik göstərəcəyinə söz verməmişdir. Düşünür ki, Rəşad özünü müdafiə etmədiyinə və bu işdə ona heç bir köməklik göstərməyə təşəbbüs göstərmədiyinə görə ifadəsində bu cür yalan xüsusatlar göstərmişdir. Bildirir ki, xx.xx.2023-cü ildə o, Təqsirləndirilən şəxslə birlikdə Yevlax rayonundan Masazır qəsəbəsinə gəldikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqları vaxtadək Rəşad hər hansı bir şəxslə görüşməmişdir. Ona görə də Rəşadın üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitəni və psixotrop maddəni Yevlax rayonundan gələrkən özü ilə gətirdiyini düşünür (cild 01, iş vər. 158-159). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə səhər saatlarında Şahid2lə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində xidməti avtopartulla xidmətdə olmuş, “Rich” adlı aptekin qarşısında, yol kənarında dayanıb söhbət edən 2 nəfər şəxs görmüşlər. Şəxslərdən biri onları görən kimi özünü şübhəli apararaq dərhal yolun əks tərəfinə keçmişdir. Həmin şəxsin hərəkətləri onlarda şübhə doğurduğuna görə onlar avtomobili saxlamışlar və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ondan kimliyini soruşub şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini istəmişlər. Bu zaman həmin şəxs heç bir sənədinin olmadığını bildirmişdir. Daha sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İlk başdan hər iki şəxs onlarda şübhə doğurduğu üçün onları Abşeron Rayon Polis İdarəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Təhqiqatçı tərəfindən şəxslərdən birinin izahatı alınaraq buraxılmış, digər şəxsin təhqiqatçı və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, Masazır qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 150 manata aldığını bildirmiş, şəxs saxlanılan zaman ona heç bir təzyiq göstərilməmiş, həmçinin, təqsirləndirilən şəxs də onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə 4765 çağrışlı avtopatrulla Abşeron rayonu, Masazır qəsəbəsində xidmətdə olduqları zaman saat 07:40 radələrində Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yol kənarında dayanmış 2 nəfər şəxslərdən birinin özünü şübhəli apardığını görmüş, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra özünü şübhəli aparan şəxsdən kimliyini təsdiq edən sənəd istədikdə o, heç bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs vizual görünüşdən narkotik vasitə istifadəçisinə oxşadığı üçün onu üzərində şəxsi axtarış aparılması üçün və yanındakı şəxsin də izahatının alınması məqsədi ilə rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxsləri Abşeron Rayon Polis İdarəsinə gətirdikdən sonra özünü şübhəli aparan şəxsin xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və yanındakı şəxsin də xx.xx.1987ci il təvəllüdlü Şahid3 olduqları məlum olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə və həmin bükümün içərisində 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş, müvafiq axtarış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 21-23). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli 6/3243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,691 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə təmiz çəkisi 2,391 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 43-47). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2023-cü il tarixli 1143 nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xəsarət və onun izi aşkar edilməmişdir (cild 01, iş vər. 94). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4859 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 01, iş vər. 121-122). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 179-188). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində onun üzərindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 10,691 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinə və həmin bükümün içərisində 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 2,391 qram çəkidə, külli miqdarda kuslar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı narkotik vasitənin və psixotrop maddənin onun üzərindən aşkar olunmaması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq onları müdafiə xarakterli ifadə kimi qəbul edir və onlarla razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün yalan ifadə verdiyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqının müxtəlif dövrlərində fərqli ifadə vermiş, məhkəmə istintaqının ilkin dövründə ümumiyyətlə özünü təqsirli bilməmiş, məhkəmə istintaqının yekun mərhələsində isə həmin narkotik vasitənin bir qramının ona məxsus olduğunu bildirmişdir ki, bu halın özü də onun səmimiyyətinə dair məhkəmə kollegiyasında şübhələr yaratmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ümumilikdə (həm ibitidai, həm də məhkəmə istintaqı zamanı) verdiyi ifadələrinə tənqidi yanaşaraq onları əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşadığı müddət ərzində onun barəsində Yevlax rayonu, Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 150) İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza müddəti 03 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020ci ildə qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 71.5 maddəsinin müddəaları hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsi tətbiq edilmiş və Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci İl tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 145). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.1 -ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; cinayətlərin təhlükəli residivi yaranmış olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi hər iki cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonuncu dəfə hökmlərin məcmusu ilə məhkum olunduğu üçün əvvəlki cinayətlərinin hər birinə görə məhkumluğun ödənilməsi müddəti sonuncu dəfə azadlığa çıxdığı vaxtdan hesablanmağa başlamış, əvvəllər törətdiyi cinayət əməlləri az ağır cinayət olduğundan, CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra iki il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə hər iki cinayətə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan həmin müddət keçmədən qəsdən bu dəfə ağır cinayət əməli (CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli) törətdiyindən, onun əməlində cinayətlərin təklükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl bir neçə dəfə cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 27, 85-89). Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 10,691 qram narkotik vasitə heroin və 2,391 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 10,691 qram narkotik vasitə heroin və 2,391 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar