Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-431/2024 06.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə şəxsiyyəti istintaqla müəyən edilməyən “Bayram” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Gold Palace” şadlıq sarayının yaxınlığında gizlətdikləri şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” ticarət mərkəzinin yaxınlığına aparması müqabilində 1 qram çəkidə narkotik vasitə heroin əldə edəcəyi barədə şərtləşib razılığa gəldikdən sonra “Bayram” adlı İran İslam Respublikası vətəndaşının ona məxsus mobil telefona “Whatsap” ani mesajlaşma mobil tətbiqi vasitəsilə göndərdiyi narkotik vasitənin gizlədildiyi yerin məkanı (konum) əsasında həmin ünvana gedib “Gold Palace” restoranın yaxınlığından 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,283 qram, 0,291 qram, 0,288 qram, 0,292 qram olmaqla ümumi təmiz çəkisi 1,434 qram olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini və üzərində narkotik vasitə - heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində, həmin tarixdə saat 18:30-da Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, “Gold Palace” şadlıq evinin qarşısında saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən sellofanın içərisində, siqaret kağızına bükülmüş halda, 5 ədəd bükümdə görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,283 qram, 0,291 qram, 0,288 qram, 0,292 qram olmaqla ümumi təmiz çəkisi 1,434 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və üzərində narkotik vasitə - heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və İran İslam Respublikası vətəndaşı Bayram adlı şəxsdən 25 manat müqabilində 1 qram narkotik vasitə almaq məqsədi ilə onun söylədiyi yerə getmişdir. Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, “Gold Palace” şadlıq sarayının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs qismində polis bölməsinə aparmışlar və polis bölməsində ona fiziki təsir göstərib narkotik vasitəni iranlı şəxsdən aldığını və onun söyləyəcəyi yerlərə qoyacağı barədə ifadə verməyə məcbur etmişlər. Onun üzərində işgəncə ilə bağlı xəsarət izləri qalmışdır. O, iranlı şəxsə 25 manat pul verib narkotik vasitə almış, onun üzərində tərəzi olmamış, narkotik vasitəni öz şəxsi istifadə üçün almış, harasa qoymaq niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, iranlı şəxslə öz istifadəsində olan telefon vasitəsi ilə danışmış, həmin narkotik vasitəni öz istifadəsi üçün sifariş etmiş, iranlı şəxsin həmin narkotik vasitəni 5 ədəd bükümdə göndərməsinin səbəbini bilməmiş, əvvəllər həmin şəxsin göndərdiyi narkotik vasitədən heç kimə satmamış, narkotik vasitə və tərəzini götürmək üçün yaxınlaşan zaman polis əməkdaşları onu tutmuşlar. İbtidai istintaq zamanı ifadə verərkən təsir altında qalmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitəni əldə etməklə bağlı fərqli ifadə vermiş və həmin ifadəsində göstərmişdir ki, ... İran vətəndaşı ona zəng edərək həmin bağlamanı qoyulduğu yerdən götürüb başqa bir yerə, yəni Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” adlı marketin yaxınlığına aparmasını tapşırmış, “tapşırığı” yerinə yetirdikdən sonra ona öz istifadəsi üçün 1 qram narkotik vasitə “kakos”, yəni heroin göndərəcəyini bildirmişdir (cild 01, iş vər. 141-144). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, dövriyyəsi və üzərində gəzdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuşdur. Şəxsin Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində olduğu müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etməklə onu polis bölməsinə dəvət etmişlər və şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olan zaman inzibati otaqların birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 büküm şəffaf sellofan və 01 ədəd mobil telefonu çıxararaq təqdim etmişdir. Həmin büküm açılan zaman içərisindən 05 büküm narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxsi Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində “Gold Palace” şadlıq sarayının yaxınlığında saxlamışılar. Şəxsin üzərində narkotik vasitə olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Şəxs saxlanılan zaman üzərinə baxış keçirilməmiş, təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olunmamış, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, şəxsin barəsində əvvəllər onda əməliyyat məlumatı olmamış və şəxs barəsində təxirə salınmaz əməliyyat tədbiri keçirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası, Abşeron rayonu Saray qəsəbəsində anadan olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və satması ilə bağlı bır sıra əməliyyat məlumatları daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 1ci polis bölməsinin əməliyyat aparatına narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olan xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası, Abşeron rayonu Saray qəsəbəsində anadan olan, subay, orta təhsilli əvvəllər məhkum olunmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 1830 radələrində narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və satmasında şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində "Gold Palace" şadlıq evinin qarşısında saxlanılaraq həmin tarixdə saat 18:45 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellefona sarınmış büküm aşkar edilmiş, həmin bükülü açılan zaman içərisində 01 ədəd elektron tərəzi və 05 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 23-24). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/5106 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksləri, “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan bir ədəd zərfdə 05(beş) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,283 qram, 0,291 qram, 0,288 qram, 0,292 qram ümumi təmiz çəkiləri 1,434 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə-heroin izləri vardır, heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir (cild 01, iş vər. 35-39). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefon korpusu göy rəngli, sensor ekranlı, “Samsung” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərəsinə daxil olduqda içərəsində ayrı-ayrı telefon nömrələri ilə zəng siyahısının həmçinin, “WhatsApp” tətbiqi vasitəsi ilə iş üçün əhəmiyyət kəsb edə biləcək yazışmaların, səs qeyidlərinin və şəkillərin olması müəyyən edilmişdir.“WhatsApp” tətbiqi vasitəsi ilə yazışmalara baxış nəticəsində Təqsirləndirilən şəxs “Peyser” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********82 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı məzmunda yazılı və səsli mesajlaşmalar, foto şəkillər aşkar edilmişdir.“Peysər”—narkotik vasitə bükümü gizlədilən ərazinin foto şəkillərini və yerini göndərdikdən sonra “Qold plase restaranma catmamis ara var 50 metr gedəndən sonra demirin aitında qara salafanda 5qiram kakos götürsün getsin allah xeyrini versin” yazışmasını və bağlamanı götürməsini soruşması barədə səz yazısı göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs sözügedən bağlamanı götürməsi barədə səz yazısı göndərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək “Peysər” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********82 mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən yazılı mesajlaşmalar və eləcə də, səz yazılan 1 ədəd diskə köçürülüb protokola əlavə edilmişdir (cild 01, iş vər. 85-89). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 7024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 103-104). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətdə iştirak edən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün hazırki cinayət işindən CM-in 234.4.1-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir (cild 01, iş vər. 152-163). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası, Abşeron rayonu Saray qəsəbəsində anadan olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və satması ilə bağlı bır sıra əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən ağ rəngli sellefona sarınmış büküm aşkar edilmiş, həmin bükülü açılan zaman içərisində 01 ədəd elektron tərəzi və 05 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilən zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını bildirsə də məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, onun polis əməkdaşları tərəfindən döyülməsi barədə qeyd etdiyi xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin onun üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bilməsi ilə bağlı qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar (şahid ifadələri, şəxsə məxsus mobil telefondan aşkar olunan SMS yazışmaları, foto şəkillər və.s) iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün bu məzmunda ifadə verdiyini təsdiq edir. Odur ki, məhkəmə kollegiyası onun məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır və şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayaraq ona elan olunan ittihamın əsasında məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarxli hökmünə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (cild 01, iş vər. 95-97). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "Amnistiya" qərarına əsasən cəzadan azad edilsə də, sözügedən qərarda onun məhkumluğunun üzərindən götürülməsi qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmayan şəxs olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun daha əvvəl də eyni cinsli cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, bundan nəticə çıxarmayaraq yenidən ağır cinayət əməli törətməsini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 16, 69-73). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 1.248 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 DVD ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 1.248 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-431/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-431/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver