Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-431/2025 07.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlunun və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 3 ay 21 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işsiz, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 7,007 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 mart 2025-ci il tarixdə saat 19:45-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin tarixdə saat 21:38-dən etibarən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 7,007 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq etməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etməmişdir. Daimi iş yeri yoxdur, ev ustası olan atasının yanında işləmişdir. Bir qardaşı işləmiş, digəri isə universitetdə oxumuşdur. Qardaşları ilə bir yerdə yaşamamışdır. 2015-ci ildə ailə qurmuş, 34 yaşı vardır. Birinci dəfə tutulub çıxandan sonra heç bir işlə məşğul olmamışdır. 13 mart tarixində övladını məktəbdən götürməyə getmiş, məktəbə gedəndə sonradan onu saxlayan polis əməliyyatçılarından birini orada görmüdür. Övladını məktəbdən götürüb xalasıgilə aparmışdır. Xalasıgildən çıxıb marketə getmişdir. Maşınını marketdən biraz aralıda saxlamışdır. Kirayə yaşadığı evin yaxınlığında yerləşən marketdən çıxanda əməliyyatçılar hər tərəfdən üstünə gəlmiş, əlini-qolunu tutub, üstünü axtarmış, üzərindən maşın açarı çıxmışdır. Onu maşına mindirmiş və maşında BMCMİ-nin əməkdaşları olduqlarını söyləmişdirlər. Onu idarəyə başqa maşınla aparmışdırlar. Orada narkotiki üstünə götürməli olduğunu demişdirlər. O da razılaşmasa nə olacağını soruşmuş, əməkdaşlar da onda balaca qardaşına yükləyəcəyini söyləmişdirlər. Ona hədə-qorxu gələn əməkdaşlardan birinə Əjdər deyirdilər, qalanların adlarını bilməmişdir. Ondan sonrada əməkdaşlardan biri onun sinəsinə yumruq vurmuşdur. Sonra ona çəkiliş olacağını orada etiraf etməli olduğunu bildirmişdirlər. Videoçəkiliş olmuş, daha sonra maşına baxışa gedilmiş, orada da videoçəkiliş aparılmışdır. Çəkilişdə 3 nəfər iştirak etmiş, amma onu saxlayanda çox olmuşdurlar. Maşını marketdən bir az aralıda saxlamış, telefonu da maşında olmuşdur, amma çəkiliş edəndə telefonunu üzərindən çıxmış kimi götürmüşdürlər. Sonra müstəntiq gəlib ifadəsini almışdır. Daha yüngül maddə ilə ittiham etmək üçün mənə hörmət etməyini istəmişlər, amma razılaşmamışdır. Narkoloji ekspertizaya tutulandan təqribən bir gün sonra aparılmışdır. Ekspertizaya gedəndə ona narkotik vasitə istifadəçisi olduğunu bildirməyini demişlər, o da elə bildirmişdir. Onu barəsində sanksiya seçilməsi üçün məhkəməyə aparmışdırlar. O, məhkəmədə narkotik vasitənin miqdarını soruşduqda ona 7 qram olduğunu bildirilmiş, o, ittihamda göstərilən miqdarın istifadəçi üçün olduğunu soruşanda, ona külli miqdar olduğu deyilmişdir. Ona məhkəmədə istifadəçi olduğunu bildirməli olduğunu demiş və onu aldatmışdırlar. Dostu marketə gedib kamera görüntülərini götürmək istəyəndə market sahibi polis əməkdaşlarının əvvəlcə gəldiklərini və getdikdən sonra görüntülərin sildiyini bildirib. Ona çıxandan sonra niyə gəlib onlarla görüşmədiyini soruşmuşlar, o da niyə görüşməli olduğunu soruşmuşdur. İlk məhkəmədə yox amma sanksiyanın artırılmasında şikayət etmiş, onda hakim müstəntiqə onun barəsində Baş Prokurorluğa şikayət ünvanlıyacağını bildirmişdir. Hakim ondan niyə həbs qətimkan tədbirinin seçilməsi zamanı şikayət etmədiyini soruşmuşdur. Orada şikayət etsə, gedəndə yenə işgəncə verəcəkləri üçün şikayət etməmişdir. Birinci dəfə silahla tutulandan sonra BMCMİ-nin nəzarətinə düşmüş, ona görə belə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini göstərərək ifadəsində qeyd etmişdir ki, heç bir xəstəliyi, eləcə də, psixi xəstəliyi yoxdur. Orta təhsillidir. Təxminən 01 il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. 13 mart 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Xırdalan şəhəri ərazisində adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 70 manata “patı” almış və gələcəkdə istifadə etmək üçün cibinə qoyduşdur. 13 mart 2025-ci il tarixdə, saat 19-20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsində yerləşən “Sənan” marketin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin polis əməkdaşı tərəfindən videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə “patı” olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin gödəkcəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd bank kartını, əynində olan şalvarının sağ yan cibindən avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm onun və iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən götürülüb 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni yaşadığı Xırdalan şəhəri ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata aldığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı telefonun özünə məxsus olduğunu və üzərində ***-***- **-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Həmin mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis tərəfindən götürülmüş, 01 ədəd avtomobil açarı isə ona geri qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi “Runna” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməzdən əvvəl avtomobilə baxış keçirilməsinə etirazının olmamasına dair ərizə yazmışdır. Baxış onun özünün razılığı və iştirakı ilə həyata keçirilmişdir. Avtomobilə baxış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi maddələri Xırdalan şəhərində tanımadığı müxtəlif şəxslərdən almışdır. Üzərindən aşkar edilmiş maddəni aldığı şəxsin, eləcə də əvvəllər istifadə etdiyi maddələri aldığı şəxslərin heç birini tanımır. Buna görə də, anket məlumatlarını bilmir. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış, nə də idarə etdiyi avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. 12 mart 2025-ci il tarixdə xalq təbabəti üsulu ilə “hicam” olunduğu üçün bel nahiyəsində çoxlu sayda yara izləri vardır. (Cild 1, iş vərəqləri 84-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, 13 mart 2025-ci il tarixində onlara təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğuna dair mötəbər məənbələrdən məlumat daxil olmuşdur. Onun narkotik vasitələrin satışı ilə bağlı məlumat öz təsdiqini tapmışdır. Belə ki, rəhbərliyə məlumat verilmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona tapşırılmışdır. Əməliyyat qrupunda o, Mirzəzadə Fərhad, Əzimli Samir daxil idi. Şəxsin yeri müəyyən edilərək onlar tərəfindən saxlanılmışdır. Şəxs saxlanılarkən maşının yanında idi. Babəki saxladıqdan sonra maşını ilə birlikdə idarəyə gətirmişdirlər. Əməliyyata qədər təqsirləndirilən şəxsi tanımamışdır. Şəxsin birinci dəfə silahla tutulması ilə bağlı məlumatı olmamışdır. Saxlanılarkən heç bir fiziki qüvvə və ya təzyiq göstərilməmişdir. Özünü Əjdər kimi təqdim etməmişdir. Şəxs saxlanıldıqdan sonra vəkil və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq narkotik vasitəni təhvil vermişdir. Daha sonra öz razılığı ilə idarə etdiyi maşına baxış keçirilmiş və maşında heç nə aşkarlanmamışdır. Narkotik vasitələri satdığı adamları tanımamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan gödəkcəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd şəffaf sellofan bükümü, həmin gödəkcənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd bank kartını, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını təqdim etmişdir. (Cild 1, iş vərəqləri 27-29) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı “DVD” formatlı disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və əşyaya baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 daxil olmuş məhkəmətibbi ekspertizasının 14 aprel 2025-ci il tarixli 147/MEŞ nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 13xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş alın nahiyəsinin, sol saidin və qarın nahiyəsinin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs hər iki çiyin nahiyəsində, döş qəfəsinin arxa səthində və bel nahiyəsində aşkar edilmiş ovalvari formalı, ətraf dəri ötrüyündən fərqlənən bir qədər tündləşmiş sahələr və həmin sahələrin fonunda bir-birinə paralel yerləşmiş çoxsaylı xırda ölçülü cızıqlar “hicamət” adlanan təbabət prosedurandan sonrakı vəziyyətə xarakterik olub, sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmır. (Cild 1, iş vərəqləri 168-171) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 daxil olmuş məhkəməkimyəvi ekspertizasının 10 aprel 2025-ci il tarixli 1197/K nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində preqabalin (lirika) və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edildi.(Cild 1, iş vərəqləri 164-167) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X3 daxil olmuş məhkəmənarkoloji ekspertizasının 14 mart 2025-ci il tarixli 1576 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi müayinə zamanı 1 ildir ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə, həmçinin 3 ildir ki, güclü təsiredici dərman preparatı olan preqabalin istifadə etdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 162-163) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 14 mart 2025-ci il tarixli 6/1096 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmüş...” və s. soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,007 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Cild 1, iş vərəqləri 48-52) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2025-ci il və 12 avqust 2025-ci il tarixli qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,907 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 182- 197, 248-250) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əldə etdiyi külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsdə külli miqdarda psixotrop maddənin aşkar edilməsi onun məqsədinin satışla bağlı olmasından dəlalət edir və bu əlaməti “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi qəbul etmişdir. Buna rəğmən, satış məqsədi olmadan da şəxsi istehlak üçün məhz külli miqdarda psixotop maddənin əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini cinayət qanununa əlavə etmişdir. Halbuki, Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarının 9-cu bəndində aydın şəkildə izah verilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Başqa sözlə, satma məqsədi müəyyən edilərkən göstərilən halların yalnız biri deyil, bir neçəsi məcmu şəkilində mövcud olmalı və biri-digərini tamamlamalıdır. Təkcə külli miqdarda psixotrop maddənin aşkar olunması isə özü-özlüyündə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin əməlində satış məqsədindən dəlalət edə bilməz. İş materiallarından göründüyü kimi isə istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddəni məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut əldə edə bilməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə psixotrop maddə, eyni zamanda narkotik vasitələrdə aşkar oluna bilərdi. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə hökmünün surətinən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının üç ay iyirmi gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1, iş vərəqləri 111-132) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74-75, 97-100) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Elburu oğlu barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-nin BMCMİdə saxlanılan 6,907 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-də saxlanılan 6,907 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-431/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-431/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver