Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-435/2022 31.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (CİNAYƏT İŞİNİN BAXİLMASİNA XİTAM VERİLMƏSİ VƏ ONUN İBTİDAİ ARAŞDİRMAYA PROSESSUAL RƏHBƏRLİYİ HƏYATA KEÇİRƏN PROKURORA QAYTARİLMASİ HAQQİNDA) Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Müdafiəçilər: “Şimal” Vəkil Bürosunun vəkilləri X7 və X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 CM-nin 126.3 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi 25 yanvar 2022-ci il tarixdə faktı üzrə CM-nin 126.1-ci maddəsi ilə Abşeron RPİ İŞ-də başlanmış, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri, 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi 28 may 2022-ci il tarixdə CM-nin 126.3 və 221.3-cü maddələrinə tövsif edilərək istintaq aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilmiş və iş üzrə ibtidai istintaqı davam etdirən prokurorluğun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 26 iyul 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 CM-nin 126.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunda ittihamlar irəli sürülmüşdür. İş üzrə tərtib olunmuş ittiham aktı 04 avqust 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikirlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işi baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamlar təhlil edilərkən müəyyən olunur ki, bu ittihamlarda təqsirləndirilən şəxslərlə bir qrup şəxsin tərkibində olan hadisənin digər iştirakçısı istintaqa məlum olmayan “Şəmi” adlı şəxs kimi qeyd edilsə də, ibtidai istintaq zamanı bu şəxsin müəyyən edilməsi və şəxsiyyətinin dəqiqləşdirilməsi üçün zəruri tədbirlər görülməmiş, hətta bununla bağlı təqsirləndirin şəxslərin özləri belə ətraflı dindirilməmişdir. Çünki, Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan ifadəsində “Şəmi” adlı şəxsin soyadının Bədəlov olmasını qeyd etsə də, bununla bağlı ona əlavə suallar verilməmiş, “Şəmi” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsinə xidmət edən hər hansı bir hərəkət edilməmişdir. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı isə Təqsirləndirilən şəxs2 “Şəmi” adlı şəxs barədə ətraflı məlumat verərək, bu şəxsi dəqiq tanıdığını, onunla eyni vaxtda Lənkəran şəhər 2 saylı orta məktəbdə təhsil aldığını, ata adının Rahim olduğunu bildirmişdir. Qeyd olunan məlumatlar məhkəmə tərəfindən “Elektron məhkəmə sistemi”nə daxil edildikdə “Şəmi” adlı şəxsin xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X8 olduğu müəyyən edilmişdir. Göründüyü kimi barəsində CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış X4 şəxsiyyəti və olduğu yer məlum olduğu halda zərurət olmadan onun barəsində cinayət işi ayrıca icraata ayrılmışdır ki, bu da digər təqsirləndirilən şəxslərin maraqlarına toxunmaqla gələcəkdə məhkəmə baxışı zamanı obyektiv həqiqətin müəyyən edilməsini çətinləşdirə bilər. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci iltarixli qərarına əsasən Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi müstəntiqə, prokurora, hakimə cinayət təqibi üzrə icraatı ayırmaq hüququ verməklə yanaşı, bu cür ayırmanın mümkün olduğu şərtləri də müəyyənləşdirir. Qeyd olunan maddədə nəzərdə tutulmuş qaydanın müəyyən edilməsi prosessual qənaət məqsədi güdsə də, mütləq şərt kimi cinayət işləri üzrə ayrıca icraatların cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə maneə olmamasını da nəzərdə tutur. Həmçinin Cinayət-Prosessual Məcəllənin 211-ci maddəsi cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəllənin 211.3-cü maddəsinə əsasən, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 50.3-cü maddəsi həmin Məcəllənin 9.1.3 və 211-ci maddələri ilə əlaqəli şəkildə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edərkən müstəntiq, prokuror və hakimin üzərinə müvafiq hüquqi və faktiki əsasların göstərilməsi vəzifəsini qoyur. Cinayət işinin ədalətli həlli üçün bu cür qərar onun qəbul olunmasının vacibliyini təsdiq edən və iş materiallarında öz əksini tapmış konkret hallara, həmçinin maddi və prosessual hüquq normalarına əsaslanmaqla qəbul edilməlidir. Eyni zamanda, Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. (2016-cı il 23 fevral tarixli Qərar, 46632/13 və 28671/14, §104- 105) Bununla yanaşı, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri, digər Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə verilmiş ittihamın təsvirindən aydın olur ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin obyektiv cəhətini təşkil edən hərəkətlər formal olaraq sadalanmış - “ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafda olan başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma”nın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı hərəkətlərində ifadə edilməsi dəqiqləşdirilməmiş, təqsirləndirilən şəxslər tərəfindən törədilən konkret hansı hərəkətin “birgəyaşayış qaydalarını pozmaqla ictimai qaydanı pozduğu”, “cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizliyin” ictimai yerdə (başqalarının gözü qarşısında) törədildiyi halda müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslə) məhdudlaşmış, o cümlədən hansı bədən xəsarətləri ilə nəticələnməsi qeyd olunmamış, yalnız CM-nin müvafiq maddələrinin dispozisiyası və xuliqanlıq cinayətinin tərkib əlamətləri sadalanaraq, habelə hadisə iştirakçılarının hərəkətləri fərdiləşdirilmədən, ümumi hərəkətlərini qeyd etməklə xuliqanlıq hərəkətlərinə yol verdikləri göstərilmişdir. Bu hallar təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamların aydın olmadığını göstərir ki, bu da, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 223-cü maddəsinin və X13 Konvensiyasının “A” bəndinin və bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması kimi qiymətləndirilir. Belə ki, tanıdıqları və şəxsiyyəti barədə minimal məlumatları istintaqa verdikləri şəxsin onlara qarşı irəli sürülmüş ittihamda naməlum şəxs kimi göstərilməsi, habelə onlara qarşı irəli sürülmüş ittihamlarda məhz konkret hansı hərəkətlərinin xuliqanlıq kimi qiymətləndirilməsi öz əksini tapmadığı ittihamın aydın olması, yəni təqsirləndirilən şəxslərə nədə ittiham olunduqlarının tam aydın olması qənaətinə gəlməyi istisna edir. Məhkəmə bu qərara gələrkən həmçinin nəzərə alır ki, hüquqi biliklərə malik olmayan təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürlümüş ittihamların məzmunu əsasında konkret hansı hərəkətə görə Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irli sürüldüyü halda C.Qəmbərova daha ağır olan CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsini anlamaları mümkün deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, buna imkanı olduğu halda ibtidai istintaq orqanının hadisənin iştirakçılarını tam müəyyən etməyib onların əməllərinə hüquqi qiymət verməməsi, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılmadığına dəlalət edir ki, belə olan halda da, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin olunduğu qənatinə gəlmək mümkün deyildir və eyni zamanda bu hallar CPM-nin 11-ci maddəsində öz əksini tapmış hər kəsin qanun və məhkəmə qarısışında hüquq bərabərliyi prinsipinin pozulduğunu göstərir. Belə ki, ibtidai istintaq orqanı hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərlə bir qrup şəxs halında Şəmi adlı şəxsin də, cinayətdə iştirak etməsi qənaətinə gəlsə də, bu şəxsin şəxsiyyətinin müyyən olunması istiqamətində heç bir zəruri hərkətləri həyata keçirməməsi və bunun nəticəsində həmin şəxsin əməlinə hüquqi qiymət verilməməsi hər kəsin qanun və məhkəmə qarısışında hüquq bərabərliyi prinsinə riayət edilmədiyini göstərir. Sadalananlardan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ibtida istintaq dövründə zərər çəkmiş şəxslə bağlı məhkəmə-tibbi ekspertizalar keçirilsə də, ekspert rəyində zərər çəkmiş şəxsin məhz bilavasitə yetirilmiş xəsarət və ya düzgün və vaxtında həyata keçirilməmiş müalicə nəticəsində ölməsi aydın şəkildə müəyyən olunmadığı halda, ibtidai istintaq orqanı rəydə mövcud olan bu ziddiyyətləri aradan qaldırmadan, rəyin nəticəvi hissəində göstərilənləri Təqsirləndirilən şəxs1 irəli sürülmüş yekun ittihamda olduğu kimi göstərməklə faktiki olaraq, aydın olmayan ittihamlar irəli sürmüşdür. Belə ki, məhkəmə-tibbi ekspertizasının 29 mart 2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb – qaraciyərin piy və parenxitamoz zülal distrofiyası, ürək əzələsinin və böyrəklərin parenximatoz zülal distrofiyası, sol böyrəyin atrofiyası, Hepatit C, bel-oma və daban nahiyələrinin yataq yaraları ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qalxan çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar aparılmış əməliyyatdan sonra inkişaf edən yayılmış irinli peritonit nəticəsində törəyən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə yetirilən ağır xəsarətlə ölümdən ibarət nəticənin baş verməsi arasında səbəbli əlaqənin olmasına münasibətdə məhkəmə-tibb ekspertinin rəyi birmənalı olmamış, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həmin rəylə tanış olub rəylə razı olmadığını bildirsə də həmin xüsusat üzrə obyektiv nəticəyə gəlmək üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilməmişdir. Məhkəmə, cinayət mühakimə icraatının əsas vəzifəsinin obyektiv həqiqətin müəyyən edilməsi olduğunu vurğulayaraq, Zərərçəkmiş şəxs müvafiq əməliyyatdan sonrakı müalicə və qulluğunun vaxtında və düzgün aparılması, buna baxmayaraq ölümdən ibarət nəticənin baş verməsi və ölümün törədilmiş cinayət hadisəsi ilə səbəbli əlaqəsinin müəyyən edilməsi üçün komisyon məhkəmə-tibb ekspertizasının təyin edilməsinin vacibliyi aşkar olduğu halda qeyd edilən ekspertiza təyin edilməmiş, bununla da obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Bu isə bir daha ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntusuna yol verildiyini təzahür edir. Bundan başqa ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsində 5 (beş) müxtəlif yerdə Təqsirləndirilən şəxs1 soyadı səhv olaraq “Qurbanov” kimi göstərilmişdir ki, bununla da CPM-in 303.3.6-cı maddəsində qeyd olunan kobud pozuntuya yol verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər ibtidai istintaqın və ibtidai istintaqa prosessual rəhbərliyin kobud qanun pozuntuları ilə həyata keçirildiyi göstərir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, CPM-in 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. O cümlədən, ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində Təqsirləndirilən şəxs1 soyadının doğru göstərilməməsi ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməklə CPM-in 303.3.6-cı maddəsində qeyd olunan kobud pozuntuya yol verildiyinə dəlalət edir. Qeyd olunan bu və digər pozuntular CPM-in 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Bundan başqa, CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyinin həmin imperativ normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılması zəruridir. Bundan əlavə, CPM-in 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 30 noyabr 2022-ci il tarixədək uzadılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 30 noyabr 2022-ci il tarixədək uzadılsın.
3. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
4. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
5. Qərarın surəti Təqsirləndirilən şəxs1 barəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Təqsirləndirilən şəxs2 barəsində isə icra edilməsi üçün Abşeron RPİ-nə göndərilsin.
6. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev
Əsli ilə düzdür Hakim Aynur Rzayeva