Məhkəmə qərarları › İş №1(124)-435/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-435/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-435/2023 27.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 18,543 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, ev 56 ünvanının yaxınlığında saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 18,543 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, yaşadığı evdən çıxıb marketə daxil olaraq kontur yükləmişdir, çıxanda polis əməkdaşları ona yaxınlaşmış birlikdə getməli olduqlarını ona demişlər, o, hara getdiklərini soruşduqda bu barədə ona heç nə deməmişlər. Maşına minən kimi onu döyməyə başlamışlar. Bəylər adlı polis əməkdaşı niyə saxlanıldığını ona deyəcəklərini söyləmişdir. Daha sonra Bakı-Sumayıt yoluna getmişlər. Onu bölməyə aparmışlar. Orada bir büküm ortaya qoyaraq onu götürməyini tələb etmişlər. Daha sonra 10 min verə biləcəyi təqdirdə işini həll edə biləcəklərini söyləmişlər. Daha sonra çəkiliş olacağını ona demişlər, çəkilişdə narkotikdən özünün istifadə etdiyini deməyi ona bildirmişlər. Daha sonra zəng edərək vəkil çağırmışlar. Vəkilə yükləndiyini dedikdə o, narahat olmamasını ona demişdir. Çəkilişdə polis əməkdaşlarının dediklərini söyləmişdir. Daha sonra Narkotiklərlə Mübarizə idarəsinə onu aparmışlar. Müstəntiq onu məhkəməyə çıxartmış, 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Onu qanunsuz tutan polis əməkdaşları Babək, Bəylər, Samir maşını sürən Camal olmuşdur. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, narkotik vasitələrdən istifadə etməmiş, özü Səbail RPİ-nin 39-cu PB-də operator işləmişdir. Onu gecə saat 1-2 radələrində götürmüşlər. İttihamda göstərilən narkotik maddə ona aid deyildir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, hərdənbir narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. O, tutulmamışdan bir-iki gün əvvəl yaşadığı evin yaxınlığından 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin tapıb üzərində gəzdirməyə başlamışdır. 29 sentyabr 2022-ci il tarixdə saat 13:40 radələrində Abşeron rayonunda piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs zaman ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilən əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişir. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini masnın üzərinə qoymaqla təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 23 manat pul, ona məxsus olan şəxsiyyət vəsiqəsi və 1 ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, pul vəsaiti iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, narkotik vasitəni tapdığını bildirmi.dir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 67-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 13:40 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, ev 56 ünvanının yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. RPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o vəkilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, tərəfimdən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürüldü pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Abşeron rayonu ərazisində yaşadığı binanın yaxınlığında yerdən taparaq əldə edib üzərində saxladığını, qurudulmuş marixuanadan istifadə etdiyini, başqa hardasa narkotik maddə saxlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə oğlu Ağaya zəng etmiş, əvvəlcə cavab verməmiş,daha sonra yığmış zəng çatmamışdır. 8 dostu və mən gecə səhərə qədər Ağanı axtarmışlar lakin tapmamışlar. Günün ikinci yarısı Abşeron polisinə getmiş və oğlunun itməsi ilə bağlı ərizə vermişdir. 4 gün sonra polis idarəsinə getmiş, oğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu ona demişlər. Narkotiklə tutulduğunu öyrənmişdir. Bakı İstintaq Təcridxanasında Ağa ilə görüşmüş Ağanın döyülməkdən qap-qara olduğunu görmüşdür. Oğlunun tutulması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ağagillə qonşudurlar. Nəvəsini məktəbə aparıb, qayıdanda görmüşdür, bir uşağı 3-4 nəfər zorla maşına basırlar. Səhəri gün axşam demişlər ki, bəs Seyidin oğlun aparıblar, ondan sonra ona məlum olmuşdur ki, aparılan oğlan Seyidin oğlu olmuşdur. Ağanı aparan şəxslərdən 3 nəfər çöldə görmüş, bir nəfərdə içəridə olmuşdur. Ağanın üzü ona tərəf olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ağanı bazara gəlib gedən adam kimi tanımış. Sentyabr ayının 29-u bazarın qabağında maşın dayanmış, uşağı Vito markalı nömrəsinin axırı 205 olan maşının içinə zorla qoyub, aparmışlar. Üstündən 1-2 gün keçdi, Ağanın atası Seyidi görmüş, ona demişdir ki, bir nəfərin maşına qayub aparıldığını gördüyünü demiş, Seyid həmin şəxsin oğlu Ağa oğlduğunu ona söyləmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 29 sentyabr 2022-ci İl tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat- axtarış tədbirləri həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qəran İlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 29 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanunauyğun hesab edilmişdir. (cild 1, iş vərəqə 7-8, 109-113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd bükümdə 18,543 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 31-34) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 6/5614 nömrəli rəyində göstərilir ki,tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 18,543 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (cild 1, iş vərəqə 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburinarkoloji tibbi yoxlamasının 07 noyabr 2022-ci il tarixli 6665 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı arabir narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. (cild 1, iş vərəqə 176-177) Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 18,543 qram narkotik vasitə heroin maddi sübut hesab edilməklə tədqiqatdan sonra qalıq qalan bir ədəd kağız paketdə qablaşdırılan 18,493 qram narkotik vasitə heroin Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 94, 211-218) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 101) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 dekabr 2022- ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki və psixi təzyiqlərə məruz qalması, eləcə də sərbəst buraxılması müqabilində 10000 manat məbləğində pul tələb edilməsi barədə göstərdikləri öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 207-210) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Həmin qanun 20 may 2022-ci il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuş və həmin gündən qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs isə ittiham olunduğu cinayət əməlini 29 sentyabr 2022-ci il tarixdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin, əlavə şahid qismində dindirilmiş X2, X3 və X4 məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, qeyd olunan əlavə şahidlərin təqsirləndirilən şəxslə qohumluq və qonşuluq münasibətləri vardır, buna görə də onlar həmin məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmasına çalışmışlar. Bu səbəbdən məhkəmə onların verdiyi ifadələri sübut kimi qiymətləndirmir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 22, 60-61) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı arabir narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, işi üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 18,493 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 18,493 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar