Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-435/2025 26.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 3,252 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 12 iyun 2025-ci il tarixdə saat 22:30 radələrində Xaçmaz şəhəri, Bakı prospektində Xaçmaz şəhərindən Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən “027 Avtomobil Aksesuarı” adlı avtomobil aksessuar və ehtiyat hissələrinin satıldığı mağazanın arxa hissəsində saxlanılıb həmin tarixdə saat 22:30-dan saat 22:43-dək olan müddət ərzində üstünün yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə 3,252 qram çəkidə narkotik vasitə heroin aşkar edilib müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Narkotik vasitə mənim üzərimə qoyulub. Mən narkotik vasitə istifadəçisi olmamışam. Narkotik vasitəni birinci dəfə polis əməkdaşlarının əlində görmüşəm. Bu vaxta qədər narkotik vasitə görməmişəm. Mən səhər saat 7-də evdən çıxdım və bağa gilas yığmağa getdim. Gilası yığdıqdan sonra axşam qayıdıb gəldim. Bir gün fermada toyuq kəsirəm, bir gün də gilas sezonu olduğu üçün növbə ilə gilas yığıram. Tutulduğum gün də gilas yığmağa getmişdim, gilası yığıb geriyə qayıtdım. Axşam evə çatıb yuyundum, daha sonra qonşumgilə getdim və ondan birlikdə ətir almağı xahiş etdim. Qonşumun güclü “Revmatizm” xəstəliyi olduğu üçün evdə yatırdı. Mən də elə alındı ki, geri qayıtdım. Qayıdanda həmin əməliyyatçılar qonşumun qapısının ağzında durmuşdular. Axşam saat 7-8 arası evə gəlmişəm. Evə gəlib çatandan sonra yuyundum, daha sonra qonşuya getdim. Qonşunun qapısının ağzında polis əməkdaşlarının maşınının dayandığını gördüm. Polis əməkdaşları mənlə üzbəüz gəldilər, mənim daxil olacağım məhəlləyə döndülər və orada durdular. Qonşuda məclis olduğu üçün qonşularım həmin maşını görüblər. Daha sonra geri qayıtdım və gəlib namaz qıldım, axşam namazının vaxtı idi. Namazı qıldım və digər qonşuma zəng vurdum ki, əgər idman zalına məşqə gedəcəksə, məni də Xaçmazda “Miray Parfume” deyilən ətir dükanının qarşısında düşürsün, qonşum razılaşdı. Mən namazı qılıb evdən çıxdım. Mənim ata bir, ana ayrı qardaşım var idi və o xəstə idi, onun anası qapının ağzında dayanmışdı. Mən ondan qardaşımın vəziyyətini soruşdum. O, mənə qardaşımın xəstə olduğunu dedi. Mən onun yanından ayrılıb küçənin başına çıxdıqdan sonra əməliyyatçılar mənə yaxınlaşdılar və məni oradan götürdülər. Mənə polis şöbəsinə yaxınlaşmalı olduğumu söylədilər. Mənim evim Yusif Müşküri küçəsinə girən kimi məhəllənin başında sağ tərəfdədir. Mənim evimlə saxlanıldığım yer arasında 15 metr məsafə var. Mən saxlanılanda saat 9-un yarısı olardı. Axşam 7-8 radələrində işdən gəlmişəm, evdən çıxanda isə axşam saat 9-a işləmiş, 9-un yarısı olardı. Mənim üzərimdə 2 mobil telefon var idi, telefonları təqdim etdim. Telefonun birini söndürdülər, biri qaldı. Smartfon telefonda nömrə yox idi, adi telefonda nömrə var idi. Smartfon telefonu internetlə işlədirdim, qonşunun oğluna “Telegram”da yazmışdım ki, məni də ətir almağa gedəndə götürər. Mən telefonları təqdim etdikdən sonra məni Xaçmaz Rayon Polis Şöbəsinə gətirdilər. Yolda kiminləsə əlaqə saxlayırdılar, oradan onlara nəsə deyirdilər. Telefonları söndürüb-söndürmədiklərini soruşurdular. Deyəsən telefonların birini söndürmədikləri üçün təkrar şöbənin qarşısından geri qayıdıb məni haradan götürmüşdülərsə, oraya gətirdilər. Orada telefonların ikisini də söndürdülər. Bundan sonra biz Xaçmaz Rayon Polis Şöbəsinə getdik. Daha sonra Cinayət-Axtarış Bölməsinin rəisinin otağına qalxdıq. Mənim əlimdə qandal yox idi. Rəis niyə qandalsız gətirildiyimi deyib məni otaqdan çıxardı və qandal taxılmağını söylədi. Məni çölə çıxarıb qandal taxdılar, daha sonra içəri saldılar. Cinayət- Axtarış Bölməsinin rəisi mənə öz şəklimi göstərdi və mən olub-olmadığımı soruşdu. Mən də mənim şəklim olduğunu dedim. Mənə tutulmalı olduğumu söylədilər, bunun səbəbini soruşdum. Mənə səbəbin olmadığını və tutulmalı olduğumu bildirdilər. Daha sonra mənə siqaret qutusunda narkotik vasitə verdilər və hər bir halda tutulacağımı söylədilər. Məni bir az təhdid etdilər. Mən bilirdim ki, əgər onlar deyibsə, gec-tez tutulacağam. Siqaret qutusunu mənim cibimə qoydular. Bu yaşıma qədər heç vaxt narkotik vasitə istifadə etməmişəm. Daha sonra siqaret qutusunu götürdülər. Mən onların mənim üzərimə cinayət işində nəzərdə tutulan miqdarda narkotik vasitə qoyacaqlarını bilmirdim. Daha sonra Xaçmazda “027” adlı avtomobil ehtiyat hissələri satılan dükanın arxasına getdik və mənə həmin bükümü verdilər. Mən kağızdan oxuyanda həmin bükümlərin “kakos” olduğunu bildim, mən indiyənə qədər “kakos” görməmişəm. Bükümü mənə verdikdən sonra videoçəkiliş edib şöbəyə geri gətirdilər və rəsmiləşdirdilər.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən nə üçün tutulduğumu soruşmuşam, maraqlanmışam, mənə tutulmağım üçün heç bir səbəbin olmadığını söyləyiblər. Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisinin otağında olanda da nə səbəbə tutulduğumu soruşdum, mənə heç bir səbəb olmadığını dedilər. Videoçəkilişdə etirafedici ifadə verdim. Mən prosesi bilmədiyim üçün ibtidai istintaqda da etirafdici ifadə verməli oldum. Əvvəllər tutulmadığım üçün prosesin necə olduğunu bilmirdim. Ümumiyyətlə heç vaxt polis şöbəsinə getməmişəm, işimlə əlaqədar polis şöbəsinə düşməmişəm. Polis şöbəsinə düşmək üçün hər hansı bir mübahisəm də olmayıb. Həbs qətimkan tədbiri seçilən zaman məhkəmə qarşısına çıxarılanda da narkotik vasitənin mənə aid olmadığını demədim. Prosesi bilmədiyim üçün demədim. Daha sonra mənə dedilər ki, hər şeyi həmin məhkəmədə deməli idim. Ancaq o zaman gec idi. Mənim 39 yaşım var. Mən avam olduğum üçün üzərimə qoyulan narkotiki qəbul etdim. Mənə həmçinin sifarişə düşdüyümü söylədikləri üçün artıq çabalamanın bir mənası olmadığını düşündüm. Mən nə üçün sifarişə düşdüyümü bilmirəm. “027” adlı avtomobil hissələri satılan dükanla evimiz arasında ən uzağı 18-50 metr məsafə olar. Mən 17 ildir ki, namaz qılıram, əhli-sünni namazı qılıram. Məni bir dəfə polis şöbəsinin qarşısına gətirdilər, şöbəyə daxil olmadan saxladıqları yerə geri gətirib, orada mobil telefonlarımın ikisini də söndürdülər. Təhqiqatda içərisində nömrə olan mobil telefonumun nömrəsini müəyyən etdilər. Mobil nömrəm **********-dir. Məni 3-cü dəfə şöbəyə gətirəndə rəsmiləşdirdilər. Məni birinci dəfə şöbəyə gətirdikləri zaman axşam saat 9-a qalmış olardı. İkinci dəfə şöbəyə gətirdikləri zaman şöbənin qapısının ağzından fırlanıb gəldiyimiz üçün 15 dəqiqə vaxt çəkərdi, təxminən axşam saat 9-10 arası olardı. Üçüncü dəfə məni axşam saat 10-11 arası şöbəyə gətirdilər. Mənə qarşı hər hansı fiziki təsir-təzyiq olmayıb. Mənə dedilər ki, onsuzda bu işi boynuma götürməliyəm. Mən hər hansı cəmiyyətə, təriqətə qoşulmamışam. Nə üçün sifarişə düşdüyümlə bağlı maraqlanmamışam. Bu yaşıma qədər heç bir polis əməkdaşı mənə sifarişə düşdüyümü deməyib. Heç bir polis əməkdaşı nə üçün namaz qıldığımı soruşmayıb. Mən əvvəldən Xaçmazda yaşamışam, 17 ildir ki, namaz qılıram. Nə üçün polis əməkdaşlarının mənim üzərimə narkotik vasitə qoyduğunu bilmirəm. Mən sakit insan olmuşam, mənə qarşı hörmətsizliyin olunmasını xoşlamamışam. Bilirdim ki, mənə qarşı hörmətsizlik olunacaqdı, mənə əl-qol atılacaqdı. Mən hər hansısa bir hüquq-mühafizə orqanına və ya quruma müraciət etməmişəm. Qardaşım müraciət edirdi. İstintaq təcridaxanasına gətiriləndə narkotik vasitənin mənim olmadığını demişəm. Məni xəstəxanaya yoxlamağa aparanda da narkotik vasitənin mənim olmadığını demişəm. Əgər mənim tutulmağıma səbəb olacaq nə isə olduğunu bilsəydim, sakit durardım və narkotik vasitənin üzərimə qoyulduğunu söyləməzdim. Narkotik vasitəni üzərimə qoyublar, mən də bir şey söyləmədən qəbul etmişəm.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 12 iyun 2025-ci il tarixdə səhər saatlarında təkbaşına Xaçmaz rayonu, Mürşüdoba kəndində gəzən zaman yerdən bir ədəd sellofan büküm tapmış, həmin bükümü götürüb içərisinə baxdıqda narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin kütlənin heroin olduğunu anladıqdan sonra həmin bükümü istifadə edər deyə götürmüşdür. Buna görə də həmin bükümü götürərək əynindəki cins şalvarın sağ yan cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin günü axşam saatlarında saat 22:30-da Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “027 Avtomobil Aksesuarı” yazılı avtomobil aksesuar və ehtiyat hissələrinin satıldığı mağazanın arxa hissəsində piyada şəkildə hərəkət edən zaman dörd nəfər mülki geyimli şəxs yaxınlaşaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları olmalarını qeyd etmiş və narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinmişdir. Həmin şəxslər özlərini təqdim etmiş və üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, bu zaman əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı bükümün nə olduğunu soruşduqda narkotik vasitə heroin olduğunu və Xaçmaz rayonu, Mürşüdoba kəndində tapdığını söyləmişdir. Ardınca isə polis əməkdaşı tərəfindən hüquqları izah olunmuş, polis əməkdaşı tərəfindən həmin 01 ədəd büküm elektron tərəzidə çəkilərək çəkisinin 3,57 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin 01 ədəd büküm ağ rəngli zərfə qoyularaq möhürlənməklə qablaşdırılmış və üzəri imzalanmışdır. Ardınca isə polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və əynindəki cins şalvarın sol yan cibində 01 ədəd özünə məxsus mobil telefon aşkar edilərək götürülmüşdür. Yaxalanan zaman bütün proses mobil telefon vasitəsilə video görüntüyə qeyd olunmuşdur. Ardınca isə polis əməkdaşları Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsinə gətirildikdən sonra müstəntiq tərəfindən tərəflərin iştirakı ilə içərisində üzərindən aşkar edilərək götürülmüş büküm olan qablaşdırılmış zərf açılmış və üzərindən aşkar edilmiş bükümə baxış keçirilmişdir. Həmin büküm yenidən elektron tərəziyə qoyulduqda çəkisinin 3,57 qram olması müəyyən edilmişdir. Müstəntiq həmin bükümü haradan əldə etdiyini soruşduqda bükümü tapdığını söyləmişdir. Daha sonra isə müstəntiq tərəfindən həmin 01 ədəd sellafon bükümə baxış keçirildikdən sonra təkrar olaraq büküm möhürlənərək qablaşdırıb götürülmüş və üzəri imzalanmışdır. Bundan əlavə müstəntiq tərəfindən yaxalanan zaman qeydə alınan video görüntüyə baxış keçirilmiş, həmin görüntünün fasiləsiz olaraq qeydə alındığı müəyyən edilmişdir. Ardınca isə müstəntiq tərəfindən hüquqları izah olunmaqla müdafiəçi təqdim olunmuş və şübhəli şəxs kimi tutulmuşdur. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur (cild 01, iş vər. 56-58). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim bu ifadədən xəbərim olmayıb, ancaq imza çəkmişəm. Bu ifadəni verməmişəm. İbtidai istintaqda deyil, məhkəmədə verdiyim ifadəni təsdiq edirəm. Mən saxlanılanda küçədə qardaşıma bir maşının gəlib, məni götürüb apardığını söyləyiblər. Mən polis əməkdaşları ilə danışanda kənardan kiminsə məni görüb-görmədiyini bilmədim, çünki məhəlləmiz sıxlıq bir yerdir.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil oldu. Mən rəhbərliyə məruzə etdim və bununla bağlı 4 nəfərdən ibarət əməliyyat qrupu yaradıldı. Biz həmin şəxsin yerini axşam saat 22:30 radələrində müəyyən etdik. Şəxsə öz evinin yaxınlığında, avto-ehtiyat hissələri olan yolun sağ tərəfində 4 nəfərlə videoçəkilişlə yaxınlaşdıq. Şəxsi nə üçün saxladığımızı bildirdik və öz hüquqlarını izah etdikdən sonra üzərinə baxış keçirilməsinə etiraz etmədiyi üçün üzərinə videoçəkiliş altında baxış keçirdik. Şəxs könüllü olaraq cins şalvarından 1 bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Həmin kütlə tərəfimizdən çəkildi və 3,5-3,6 qram çəkidə olması müəyyən edildi. Bundan sonra narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırıldı və sənədləşdirmə aparıldı. Şəxs narkotik vasitəyə bənzər maddəni Xaçmaz rayonu, Mürşüdoba kəndindən tapdığını bildirdi. Sonradan şəxsin üzərinə baxış keçirən zaman üzərindən mobil telefon aşkar olundu. Mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün araşdırılması üçün götürüldü. Həmçinin, şəxsin üzərində bir ədəd sadə mobil telefon da var idi, ancaq həmin telefon daha sonra şəxsin özünə qaytarıldı.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat məlumatı mənə daxil olmuşdu. Şəxs barəsində əvvəllər narkotik maddələrin istifadəsi ilə bağlı məndə məlumat olmayıb. Şəxsi ümumiyyətlə tanımamışam, onun qardaşını da tanımamışam. Qardaşının da vaxtı ilə narkotiklə bağlı problemi olub. Mən onu sakin kimi tanımışam. Şəxsin qardaşı barədə məlumatım olub, ancaq məhkumluğu barədə məlumatım olmayıb. Əvvəllər şəxsin qardaşı barəsində də məlumat gəlmişdi. O, yolun kənarında hər axşam maşında dayanırdı, satışla məşğul olması barədə məlumat daxil olmuşdu. Daha sonra aydınlıq gətirildi və ciddi bir şey aşkar olunmadı. İyunun 12-i məlumat rəsmi qaydada rəhbərliyə məruzə edilib. Məlumat çoxdan daxil olmuşdu. Məlumat 1 həftə öncədən daxil olmuşdu, ancaq biz onu öncədən analiz edirik, şəxsin kim olduğuna aydınlıq gətiririk. Çünki mən şəxsi öncədən tanımıram. Biz ehtimalla hərəkət etmirik, məlumat barədə qəti tədbir görülməsi üçün lazım olan vaxtı müəyyən etdikdən sonra mən onu məruzə edirəm. Şəxsin qardaşı barədə əvvəl məlumat daxil olmuşdu, biz araşdırma apardıq ancaq heç bir nəticə əldə olmadı. Biz hər bir halda şifahi məruzə edirik. Ancaq tədbirin keçirilməsi, əməliyyat qrupunun yaradılması ilə bağlı rəsmi məruzə edilmir. Şəxsə axşam saat 22:30-da yaxınlaşdıq. Bundan əvvəl şəxs barəsində izləmə olmayıb. Şəxs bildiyim qədərilə evdə olmayıb, işdə olub. Biz şəxsin axşam saat 22:30-da yerini müəyyən etdikdən sonra ona yaxınlaşdıq. Şəxs axşam saat 22:30-dan öncə polis şöbəsində olmayıb. Şəxs bir neçə saat əvvəlcədən tutulmayıb. Çəkiliş bir neçə dəfə təkrar olunmayıb. Şəxs saxlanılan gün onun 2 dəfə polis şöbəsinə gətirilib, 2 dəfə geri qaytarılması kimi bir hal olmayıb. Şəxsin mobil telefonu götürülüb araşdırılıb və onun bağlı bir nəticə olmayıb. Həm şəxsin öz dediyinə, həm videoçəkilişə, həm də izahatına görə narkotik vasitəni Mürşüdoba kəndindən tapıb. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Bu şəxs barəsində əvvəllər bizdə məlumat olmayıb. Biz şəxsə qarşı hər hansı bir fiziki zor tətbiq etməmişik.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Abas oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir: “Hadisənin baş verdiyi gün “Dost Mərkəzi”ndə süpürgəçi işlədiyim üçün axşamüstü işə çıxmışdım. Mən öz küçəmizin ərazisi olduğu üçün oranı süpürürdüm. Hər gün Təqsirləndirilən şəxs görürdüm. Orxan ən yaxşı uşaqlardan biridir. Mən bir qara maşının dayandığını və 4 nəfər şəxsin Orxanı tutub maşına əyləşdirdiklərini gördüm. Orxanı nə üçün tutduqlarını soruşdum, ancaq onun nə üçün tutulduğunu öyrənə bilmədim. Küçədə narkotik vasitə istifadə edən çoxdur. Ancaq Orxan narkotik vasitə istifadə edən olmayıb. Mən məhkəməyə gələndə onun narkotik vasitə istifadəçisi olduğu üçün tutulduğunu bilmişəm. Daha sonra olanları gedib Orxanın anasına xəbər verdim. Həmçinin hər kəslə məlumat almaq üçün xəbərləşdik.” Əlavə şahid Təranə Rəhmanova məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Orxan saxlanılanda axşamüstü saat 8-9-a işləmiş olardı. Çünki mən 8-in yarısı işə gəlirəm. Hadisə baş verdiyi vaxt orada olmuşam. Orxan işdən gəlib çöldə dayanmışdı. Orxan hərdən bizə mağazadan su alıb verirdi ki, işləyib yorulmuşuq, su içək. Hadisənin olduğu gün 12 iyun tarixi idi, yay vaxtı idi. Saat olaraq da axşamüstü idi, mən işə çıxmışdım. Bizim küçə 29-cu qəsəbə, Yusif Müşküri küçəsidir. Həmin küçə Bakı prospekti sayılır. Mənə ifadə vermək üçün heç kim təsir etməyib. Mən Orxanı tanıyıram. Onun tutulub maşına salındığını gördüm, döyüldüyünü görmədim. Mən onun zorla maşına mindirildiyini gördüm. Orxanı saxlayan şəxslər 4 nəfər idi. Maşın qara rəng, xarici maşın idi. Maşının sovet maşını olub-olmadığını bilmirəm. Maşının nömrəsi yadımda deyil.” Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir: “Mən həmişə evimin qarşısında yerləşən “Buta” şadlıq sarayına nəzarət edirəm. Şadlıq sarayı Bakı-Xaçmaz yolunun üzərində yerləşir. 12 iyun axşam saat 8-9 radələrində yoldan keçəndə bir qara maşının aşağıda dayandığını gördüm. Maşınlar orada çox dayanır. Yolun kənarında da bir ağ maşın dayanmışdı. Mən Orxanın tutulduğunu eşitdim, ancaq o, tutulanda görməmişəm. Orxanı uşaqlıqdan bəri tanıyıram, onun üzərində qanunsuz heç bir şey ola bilməz.” Əlavə şahid Tofik Məmmədov məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən qara maşına Orxanın mindirildiyini görmədim. Qonşulardan eşitdim ki, Orxanı evdən çıxanda 3 nəfər mülki geyimdə şəxs qara maşına əyləşdirib. Orxan tutulmamışdan əvvəl həmin qara maşını görmüşəm. Maşının nömrəsi yadımda deyil. Bizim yaxınlığımızda avto-ehtiyat hissələri satılan mağaza var. Mənim işlədiyim yerlə mağaza arasında təxminən 20-25 metr məsafə var. Mənim işlədiyim yer yolun kənarındadır. Həmin mağaza və “Buta” şadlıq sarayı qarşı-qarşıyadır və aralarında 7-8 metr məsafə var.” Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə xx.xx.1987-ci il təvəllüdlü Xaçmaz şəhəri, Y.Müşküri, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə vətəndaşların sorğusu və soraqlaşma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 iyun 2025-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində Xaçmaz şəhərindən Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən “027 Avtomobil Aksesuarı” adlı avtomobil aksessuar və ehtiyat hissələrinin satıldığı mağazanın arxa hissəsində saxlanılaraq saat 22:30-dan 22:43-ə qədər müddətdə üstü yoxlanılan zaman üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmiş və Xaçmaz rayonu, Mürşüd-oba kəndinin ərazisində tapdığını bildirmişdir. Həmin sellofan bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3,57 qram olması müəyyən olunmuşdur. Sözügedən kütlə qablaşdırılaraq götürülmüş və çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 08-10). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 20/476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 156” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ Şahid4; 3) /imza/ Şahid3; 4) /imza/ Şahid1; 5) /imza/ Şahid2; Müstəntiq: /imza/. T.Ağayev” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 3,252 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 38-39). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli, 18-1-43/2-905/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X19 həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3942 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 102-103) Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(067)-140/2025 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 121-122). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən olunması üçün hazırki cinayət işindən başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 01, iş vər. 123-129). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə xx.xx.1987-ci il təvəllüdlü Xaçmaz şəhəri, Y.Müşküri, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunaraq Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 iyun 2025-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində Xaçmaz şəhərindən Bakı şəhəri istiqamətində yolun sağ kənarında yerləşən “027 Avtomobil Aksesuarı” adlı avtomobil aksessuar və ehtiyat hissələrinin satıldığı mağazanın arxa hissəsində saxlanılaraq üstündə yoxlama aparılmış, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş kütlə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və bununla bağlı bildirdiklərinə (üzərindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması, əslində ittihamda göstərilən saatdan əvvəl tutulması, bir neçə dəfə polis şöbəsinə gətirilib-qaytarılması, polis əməkdaşlarının psixoloji təsiri nəticəsində məcbur qalıb aşkar olunan kütləni boynuna alması) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması, əslində ittihamda göstərilən saatdan əvvəl tutulması, bir neçə dəfə polis şöbəsinə gətirilib-qaytarılması, polis əməkdaşlarının psixoloji təsiri nəticəsində məcbur qalıb aşkar olunan kütləni boynuna alması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə əməlindən peşman olduğunu qeyd edərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmiş, yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən şəxslərin verdiyi ifadələrə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin şəxslər təqsirləndirilən şəxsə yaxınlığı olan şəxslərdir. Belə olan halda, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Digər tərəfdən, şahid Tofik Məmmədov ümumiyyətlə təqsirləndirilən şəxsin nə vaxt və hansı şəraitdə saxlanılmasını bilavasitə görməmiş, yalnız kimdənsə eşitdiklərini məhkəmədə bildirmişdir. Habelə, həmin şəxslərin ayrı-ayrılıqda şahid qismində dindirilərkən qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunan digər sübutlar vasitəsi ilə də öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası sözügedən əlavə şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrə də tənqidi yanaşır və onları əsaslı sübut növü olaraq qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış, elektron məhkəmə-informasiya sistemindən çıxarış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 83). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsini nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(067)- 96/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 29, 64-69). Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,152 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,152 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-435/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-435/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver