Məhkəmə qərarları › İş №1(124)-436/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-436/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-436/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Quba rayonu, Barlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Quba rayonu, Barlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 02 sentyabr 2023-cü il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı Quba rayonu, Barlı qəsəbəsində yerləşən özünə məxsus bağ sahəsində torpaqda əkərək, həmin toxumlardan cücərmiş külli miqdarda, yəni 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkisinə 31 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib kultivasiya etmiş, 31 avqust 2023cü il tarixdə, saat 12 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin bağ sahəsinə baxış keçirilərkən nəm vəziyyətdə ümumilikdə külli miqdarda, yəni 20 (iyirmi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri, həmçinin qeyd olunan torpaq sahəsindən yaş vəziyyətdə olmaqla 43 (qırx üç) ədəd həmin çətənə bitkilərinin hissələri (budaqları) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, həyətyanı sahədəki heç nə ona aid deyildir. Baxış keçirlən yer boş sahə olmuşdur və başqa kimsə orada həmin kolları əkmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdi ki, onun alma və gilas bağları vardır və o həmin bağ sahələri ilə məşğul olur. Həmin bitkilərin aşkar olunduğu bağ sahəsi ona məxsus olsada həmin bağ sahəsinə gəlib getməmişdir. Həmin bağ sahəsində meyvə ağacları belə olmamışdır. Təqsirləndirilən şəxs marixuanadan istifadə etdiyini lakin bağ sahəsində həmin bitkini əkmədiyini və özünə lazım olanda tanımadığı şəxslərdən marixuananı alıb istifadə etdiyini göstərdi. İbtidai istintaq zamanı oan ailəsi ilə təzyiq təsir edildiyinə görə etirafedici ifadə verdiyini bildirdi. Məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs oan elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Quba rayonu, Barlı kəndində həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır. Uzun müddətdir ki, nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2022-ci ilin yay aylarında Quba- Xaçmaz avtomobil yolunun yaşadığı kəndin ərazisindən keçən hissəsində, yolun kənarında kibrit qutusunda çətənə bitkisinin toxumlarını tapmış və narkotik istifadəçisi olduğu üçün həmin toxumları gələcəkdə istifadə etmək məqsədi ilə özündə saxlamışdır. Öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı kənddə yerləşən özünə məxsus pay bağ sahəsində həmin toxumları şumlanmış torpağa səpərək əkmişdir. Əkdiyi toxumlara ara-sıra baş çəkirmiş və böyüməsinə baxaraq nəzarət edirmiş. Bağ sahəsində olan meyvə ağacları ilə birlikdə əkdiyi çətənə bitkisinin toxumlarından əmələ gəlmiş bitkiləri arx suyu qoşaraq suvarırmış. 31 avqust 2023-cü il tarixdə, saat 12 radələrində çətənə bitkilərini əkdiyi bağ sahəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış. Özünü Quba RPŞ-nin təhqiqatçısı Cəlal Sultanov kimi təqdim edən polis əməkdaşı ona birlikdə gəldiyi Quba RPŞ-nin polis əməkdaşlarını və dəvət edilmiş vəkili təqdim etmiş, narkotiklərin istifadəsi, saxlanması və əkilməsi ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini izah etmişdir. Təhqiqatçı ona şübhəli şəxs qismində tutulmaqla hüquqlarının dövlət hesabına müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə əvvəlcə üzərində şəxsi axtarış aparılacağını, sonra isə bağ sahəmə baxış keçiriləcəyini izah etmişdir. O, şəxsi axtarışın və baxışın keçirilməsinə etiraz etməyib. Şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyimi təklif etmişdir. O, üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet və sair olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılarkən qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Video çəkiliş davam etdirilərək dəvət edilmiş aqronom-mütəxəssisin də iştirakı olmaqla bağ sahəsinə baxış keçirilmişdir, Baxış zamanı bağ sahəsində əkilmiş iyirmi ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. O, həmin bitkilərin çətənə bitkilərinin olduğunu, özü istifadə üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə özündə olan çətənə toxumlarını tək əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, aqrotexniki qaydada qulluq olunmuşdur. Aşkar edilmiş həmin çətənə bitkiləri bir-bir köklərindən çıxardılaraq uzunluqları ölçülmüşdür. Bağ sahəsindən həmçinin həmin bitkilərin qırılmış budaqları aşkar edilmiş və onlar sayılarkən 43 (qırx üç) ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş bitkilərin iyirmi ədəd bitki 43 ədəd bitki budaqları qablaşdırılmışdır. O da daxil olmaqla bütün iştirakçılar qablaşdırmanın üzərinə imza edərək tamlığını təsdiq etmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, həmin çətənə bitkilərini tutulmamışdan əvvəl 2023-cü ilin iyun ayında öz istifadəsi üçün nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə əkmişdir. Həmin bitkiləri əkməyi barədə ailə üzvlərinin xəbəri olmamışdır. Həmçinin bu barədə digər şəxslərin də məlumatı olmamışdır. Heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamış, narkotik vasitə satan şəxsləri tanımır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsini etiraf etməsədə məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla onun təqsirləndirildiyi cinayət əməli təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə polis leytenantı rütbəsindədir. Quba rayon, Barlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması, öznə məxsus bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsİ ilə barədə daxil olmuş məlumatının yoxlanılaraq qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, CAB-nin əməliyyat müvəkkili Şahid2, NMQ-nun əməliyyat müvəkkili Şahid4, özündən və əməliyyat rabitə qrupunun kiçik inspektoru Eynaz Sultanovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndi ərazisində yerləşən bağ sahəsində olmasını müəyyən edərək və 31 avqust 2023-cü il tarixdə, saat 12 radələrində onlar Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndi ərazisində görüb və Rafiqə yaxınlaşıb narkotik vasitələrin istifadəsi, saxlanması və əkib-becərilməsi ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini bildirmişdir. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi onlar Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışdır ki, əgər üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin, aqronom-mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı və bağ sahəsinə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın və baxışın keçirilməsinə etiraz etməyərək bağ sahəsində özü üçün narkotik tərkibli çətənə bitkiləri əkdiyi bildirmişdir. Şəxsi axtarış keçriliməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatan kimi video çəkiliş davam etdirilməklə və aqronom-mütəxəssisin də iştirakı ilə Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirərək meyvə bağında ağacların yanında ümumilikdə 20 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin ştilləri, həmçinin 43 ədəd yaş vəziyyətdə olan həmin çətənə bitkilərinin hissələri (budaqları) aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin ştilləri və hissələri elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürləndiyini. O da daxil olmaqla bütün iştirakçılar maddi sübut kimi götürülmüş narkotik tərkibli çətənə bitkisinin ştilləri və hissələri olan qablaşdırmaları imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etdiklərini. Bunlardan başqa Təqsirləndirilən şəxs bağ sahəsindən qanunla qadağan olunan heç nə aşkar edilmədiyini. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol və bağ sahəsinə baxış keçirilməsi barədə protokol tərtib edildiyini. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etdiklərini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 da şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələrində göstərdikləri xüsusatları bildirməklə onlara uyğun ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Quba Rayon Polis Şöbəsinə xx.xx.1971ci ildə Quba rayonu Barlı kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, evli əvvəllər məhkum olnumamış, Quba rayonu Barlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, ona məxsus bağ sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə, yetişdirmə) etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə haqqında” qərardan görünür ki, Quba rayonu Barlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs evinin həyətinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahəsinə daxil olma və baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Quba rayonu Barlı kəndində yaşayan Təqsirləndirilən şəxs həmin kənd ərazisində yerləşən bağ sahəsindən cəmi 20 ədəd köküstə yaş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar və çətənə bitkisinin kəsilmiş budaqları aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizası keçirilməsinə dair 01 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-7/1230 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar olunmuş çətənə bitkisinə oxşar 03 ədəd kol" yazı və imzalar olan zərfdə ümumi sayı 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 6,780 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar olunmuş” yazı və imzalar olan 05 (beş) ədəd torbanı açdıqda içərisində ümumi sayı 17 (on yeddi) ədəd yaş vəziyyətdə bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkilərinin ümumi sayı 20 (iyirmi) ədədir. Təqdim edilmiş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmişdir. ‘‘Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburinarkoloji tibbi yoxlamasının 21 oktyabr 2023-cü il tarixli, 6913 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs X6 ilə xx.xx.1998-ci ildə nikaha daxil olmuşdur. Xəstəlik tarixindən çıxarışdan müəyyən olunur ki, X6 uşaqlıq boynu xərçəngi xəstəliyindən əziyyət çəkir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən barəsində AR CM-nın 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs 2 il şərti cəza təyin edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X13 Mərkəzinin bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılov tərəfindən tərtib edilmiş rəydən müəyyən olunur ki, aşkar edilmiş 20 ədəd çətənə kollarına və 43 ədəd çətənə bitkisinin hissəllərinə aqrotexniki qulluq (kultivasiya) edilmişdir. İş materiallarından görünür ki, 31.08.23-cü il tarixdə Quba Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs bağ sahəsində narkotik vasitə olan çətənə bitkisi əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Baxış keçirilməsi barədə” qərar qəbul olunmuş, Quba rayonu Barlı kəndində yaşayan Təqsirləndirilən şəxs bağ sahəsinə polis əməkdaşları, vəkil və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən 20 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitki və 43 ədəd çətənə bitkisinin hissəlləri aşkar edilərək götürülmüşdür. bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bağ sahəsinə video çəkilişlə baxış keçirilməsi barədə müdafiəçinin iştirakı ilə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar mövqeyinə münasibət bildriməyi zəruri hesab edir. Belə ki, baxış protokolunun video görüntüsü məhkəmə tərəfindən araşdırılarkən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin onun tərəfindən əkilmədiyini bildirsədə, o video görüntüdə çətənə bitkilərinin yerini özü göstərir. Həmçinin vəkilində iştirak etdiyi istintaq hərəkətindən sərbəst şəkildə ifadə verərək həmin çətənə bitkisini şəxsi istifadəsi üçün əkdiyini qeyd edir. Bundan başqa Təqsirləndirilən şəxs ona məxsus bağ sahəsində heç bir meyvə ağacının olmadığını bildirsədə video görüntüdə bağ sahəsində meyvə ağaclarının olması və bəzi çətənə kollarının həmin həmin meyvə ağaclarının kökünə yaxın əkildiyi müəyyən edilir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ailəsi ilə təsir və təzyiqə məruz qaldığını bildirsədə məhkəmə tərəfindən aparılmış istintaq zamanı belə bir hall müəyyən edilməmiş, həmçinin iş materiallarındakı sənədlərdə belə bir halın olması dəlalət edən hər hansı bir sübut yaxud şübhə müəyyən edilməmişdir. Müdafiə tərəfi isə bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai araşdırma zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs arvadının ankoloji xəstə olmasını (CM-nin 59.2), cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sübhəli şəxsin tutulmadan azad olunması haqqında qərardan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nın MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmalı, onun 31 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Quba Rayon Polis Şöbəsində maddi sübutların saxlanc anbarında saxlanılan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri və çətənə bitkisinin hissələri (budaqları) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Quba Rayon Polis Şöbəsində maddi sübutların saxlanc anbarında saxlanılan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri və çətənə bitkisinin hissələri (budaqları) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar