Məhkəmə qərarları › İş №1(124)-438/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-438/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-438/2025 22.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət təqibinə xitam verilməsi haqqında) X4 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X14 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxsin hüquqi varisi - X8, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2025-ci il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Penitensiar Xidmətin X2 vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 08 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə hüquqa zidd, əvəzsiz ələ keçirmək məqsədi ilə ortaq tanışları olan Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs özünü sürücü kimi göstərib, ona məxsus avtomobillə ona etibar edilmiş yükü aidiyyəti ünvana çatdıracağını vədini verib, 18 avqust 2024-cü il tarixdə “X15 1844 LS” yəhərli dartıcı markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşını və «SCHMİTZ» markalı, **-ZB-*** dövlət qeydiyyat nömrə nişanlı yarım qoşquya nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə aldıqdan sonra, xx.xx.2024-cü il tarixdə ümumi dəyəri 85000 manat olmaqla sonuncuya məxsus 62500 manat dəyərində “X15 1844 LS” yəhərli dartıcı markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşınını və 22500 manat dəyərində «SCHMİTZ» markalı, **-ZB-*** dövlət qeydiyyat nömrə nişanlı yarım qoşqunu Abşeron rayonu Masazır qəsəbəsi, 4 nömrəli məktəbin qarşısından Rusiya Federasiyasının Moskva şəhərinə yük aparmaq üçün idarə edərək yola çıxmış, Moskva şəhərində yükü boşaltdıqdan sonra təyinatı üzrə Azərbaycan Respublikasına qayıtmalı və nəqliyyat vasitəsini sahibinə təhvil verməli olduğu halda bunu etməyərək, “X15 1844 LS” yəhərli dartıcı markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşınını və «SCHMİTZ» markalı, **-ZB-*** dövlət qeydiyyat nömrə nişanlı yarım qoşqunu istintaqa məlum olmayan şəxsə və istintaq məlum olmayan məbləğə satmaqla dələduzluq yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs 85000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilməklə iş məhkəmə baxışına verilmiş, sonrakı müddətdə iş üzrə məhkəmə baxışı keçirilmiş, məhkəmə istintaqı müddətində təqsirləndirilən şəxs, o cümlədən zərərçəkmiş şəxs və şahidlər dindirilməklə məhkəmə iclası 08 dekabr 2025-ci il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Penitensiar Xidmətin X1 02 dekabr 2025ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025 tarixli, 3-16-17/36/2-2185/2025 saylı məktubda Təqsirləndirilən şəxs ağ ciyər vərəmi xəstəliyindən xx.xx.2025-ci il tarixdə müalicə aldığı müəssisədə vəfat etdiyi göstərilmişdir. Belə olan halda, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında vəfat etmiş Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Republikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələbləri izah edilməklə bildirişin göndərilməsi qərara alınmış və məhkəmə iclası cinayət prosessual qanunvericiliyin müəyyən etdiyi müddətdən az olmamaqla təxirə salınmışdır. Məhkəmənin qeyd olunan bildirişinə əsasən vəfat etmiş Təqsirləndirilən şəxs yaxın qohumu olan anası X8 xx.xx.2026-cı il tarixdə rəsmi ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlunun hüquqi varisi qismində tanınmaq istədiyini bildirmiş, o cümlədən cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsində göstərilmişdir ki, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin məcəllənin 106-1.3-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Qeyd olunanlar nəzərə alınmaqla xx.xx.2026-cı il tairxdə keçirilən məhkəmə iclasında Azərbaycan Republikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələblərinə əsasən X8 vəfat etmiş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsindən verilmiş ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə dəqiqləşdirilməmiş qaraciyər sirrozu nəticəsində ölmüşdür. Ölüm xx.xx.2025-ci il tarixli AZ-İİ seriyalı 542145 saylı şəhadətnaməyə əsasən qeydə alınmışdır. Məhkəmənin baxış iclasında ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış X8 məhkəməyə təqdim etdiyi ərizəni müdafiə etdiyini, hazırda oğlunun vəfat etdiyini bildirmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin, Müdafiəçi2 da təqsirləndirilən şəxsin hüquqi varisinin mövqeyi ilə razı olduğunu bildirmiş və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmiş, zərərçəkmiş şəxs isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.3-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə onun hüquqi varisi X6 məhkəməyə təqdim etdiyi ərizə təmin edilməli, hazırki iş üzrə cinayət təqibini istisna edən hal yarandığından, cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələbləri nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 175.5 və 384-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ölməsi ilə bağlı xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar