Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-44/2023 19.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X1, xx.xx.1994-cü ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Astara rayon, Şahağacı ərazi dairəsi, Şahağacı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 4 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-təmiz çəkisi 11,665 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 19.55 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospekti, 22\54 saylı yaşayış binasının yaxınlığında yerləşən “Mübariz” şadlıq sarayının qarşısında yolda saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan 11,665 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni qoyulduğu yerdən götürən zaman saxlanılmışdır. Bir ilə yaxındır ki, narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni çəkmək yolu ilə qəbul etmişdir. Həmin gün deyilən yerdən 10 qram narkotik vasitə götürməli olmuşdur. Həmin şəxsdən birinci dəfə idi ki narkotik vasitə almışdır. Pulu narkotik vasitəni götürdükdən sonra karta göndərməli imiş. Həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Narkotiki həmin yerdən şəxsi istifadəsi üçün götürmüşdür. Narkotik vasitəni götürdükdən sonra saxlanılmışdır. İttihamda göstərilən narkotik vasitə ondan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Astara rayon, Şahağacı kəndində qeydiyyatdadır, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 maddələri ilə məhkum olunmuş. Sonuncu dəfə Astara rayon məhkəməsinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 maddələri ilə xx.xx.2017-ci il tarixli hökmü ilə 1500 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni də tam şəkildə ödəmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 19.45 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospekti, 22\54 saylı yaşayış binasının yaxınlığında yerləşən “Mübariz” şadlıq sarayının qarşısında yolda olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmənin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılmağı izah edilməklə yanaşı hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili Müdafiəçi təqdim etmişlər.Təqdim edilmiş vəkilə etiraz etmədən videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaların olub olmaması əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan göy rəngli gödəkçəmin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan büküm açılmış, bükümdə spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, aşkar edilən qəhvəyi rəngli maddə kakosdur, həmin maddəni xx.xx.2021-ci il tarixdə internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu tanımadığı İran vətəndaşından nisyə olaraq 100 manata razılaşıb almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəziyə qoyulub çəkilmiş, sonra isə həmin maddə xüsusi qaydada qablaşdırılmış və möhürlənmişdir. Həmçinin üzərindən bir neçə şəxsi əşyaları və bir ədəd özünə məxsus Samsunq Galaxs markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon özünə məxsusdur, mobil telefonda özünə məxsus ***-***-**-** saylı mobil nömrə olmuşdur. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə olan kakosdan çəkməklə istifadə edir. Demək olar ki, hər gün istifadə edir. Narkotiki tanımadığı şəxslərdən müxtəlif yerlərdən alıb özü istifadə edir. Narkotik istifadə etdiyini etiraf edir, onun həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuş, narkotik satmaq niyyəti olmamışdır. Belə ki, iki gün əvvəl yəni xx.xx.2021-ci il tarixdə instaqramdan həmin İran vətəndaşının mobil nömrəsini götürüb özünə məxsus ***-***-**-** saylı mobil nömrədən həmin mobil nömrəyə zəng etmiş, həmin mobil nömrəni dəqiq yadında saxlamamış, telefonda İran vətəndaşı ona görüşəcəkləri yeri, vaxtı demişdir. Narkotik aldığı şəxs barədə heç bir məlumatı yoxdur. (cild 1, iş vərəqə 54-55) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2021-ci il tarixdə saat 19.55 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospekti, 22\54 saylı yaşayış binasının yaxınlığında yerləşən “Mübariz” şadlıq sarayının qarşısında yolda saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili Müdafiəçi dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan büküm açılmış, bükümdə spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, aşkar edilən qəhvəyi rəngli maddə kakosdur, həmin maddəni xx.xx.2021-ci il tarixdə internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu tanımadığı İran vətəndaşından nisyə olaraq 100 manata razılaşıb almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəziyə qoyularaq çəkisi ölçülmüşdür. Şahid ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru polis baş serjantı Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 noyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair ” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, gəzdirilməsi, üzərində narkotik vasitə saxlaması və satışına dair məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış və şəxsi axtarış keçirilməsi barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid1, Şahid2, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Fərid Nəsimiyevin və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhəri Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt ŞPİ-nin 3-cü PBnin təhqiqatçısı, polis mayoru X2 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan büküm açılmış, bükümdə spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, aşkar edilən qəhvəyi rəngli maddə kakosdur, həmin maddəni xx.xx.2021-ci il tarixdə internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu tanımadığı İran vətəndaşından nisyə olaraq 100 manata razılaşıb almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə üzərindəki şəffaf sellofan ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 11,89 qram olması müəyyən edilmişdir. Sonra isə aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN MEM-nə göndırilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, imzalanmışdır. Həmçinin üzərindən bir neçə şəxsi əşyaları və bir ədəd Samsunq Galaxs markalı mobil telefon aşkar edilmiş, əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş “Panasonic” markalı kamera ilə Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis baş leytenantı X6 tərəfindən aparılmışdır. Video çəkiliş xx.xx.2021-ci il tarixdə saat 20.50 radələrindən 21.00 radələrinə qədər davam etmişdir. (cild 1, iş vərəqə 59) Diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6\4965 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,665 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 32-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5043 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 93-94) Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində olan SMS-lərin siyahısına baxarkən iş üzrə Təqsirləndirilən şəxs Fizuli oğlunun özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən "Qardawim temani goturmuwem mendedi tema olmagina narahat olmuyun ozumde yaxindayam cixirn burdan yigiram sizi” məzmunlu, yenə eyni nömrədən "Qardawim senin canivi yeyim qurban olum bu deq yoxdu vallah olan kimi men ozum yigacam seni” məzmunlu, “Sen vzf atirsan ama qardawim knt yoxdu alindiranda temani yigacam bu nomreyede o biri vizit atdigin nomreyede” məzmunlu, yenə eyni nömrədən “Qaqaw beyagki opwitelin blokuna girende duz qabağa gelende 2dene wkaf var" məzmunlu, yenə eyni nömrədən “Balaca wkafin usdune qoymuwam supurgenin yaninda” məzmunlu, yenə eyni nömrədən “Knt yoxdu yigamaga watcapda yazdigin weyi qaqa alindira bilmirem nisye yaxin durmur” məzmunlu, Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus yuxarıda qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 055- ***-**-** saylı mobil telefon nömrəsinə “Sazum var brat patynan kola barter elemek olar cavab verde he yox” məzmunlu SMS-lərin yazıldığı müəyyən edildi. (cild 1, iş vərəqə 119) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 11,565 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 72-73, 143-150, ) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 3 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 78-80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Asatara rayon icra hakimiyyət başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayənədəlikdən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəlitinə onun barədə son üç ay ərzində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik külli miqdarda olması, narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 11,565 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış 11,565 qram narkotik vasitə heroin məhv edilsin, 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-44/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-44/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver