Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-441/2024 23.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi– Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə saat 06:00 radələrində Siyəzən RPŞ-nin və BDYPİ-nin YPXA-nın 1-ci tağımının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli bilinib “Ford Transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avomobillə birlikdə Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən X12 postunda saxlanılmış, postun ərazisində üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin yük yerinin arxa sol təkərin üst hissəsində boş yeşiklərin yanında gizlətdiyi bir ədəd boz rəngli “Magna" markalı siqaret qutusunun içərisində 01 ədəd qara rəngli polietilen sellofan bükümün və 01 ədəd ağ rəngli sellofana bükülmüş qara rəngli polietilen sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 5,507 qram və 9,355 qram olmaqla ümumi təmiz çəkisi 14,862 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edirdi. Etibarnamə əsasında idarə etdiyi "Ford Transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yeşiklərlə toyuq aparıb Bakı şəhərinə müxtəlif ünvanlara çatdırıb ailəsini dolandırırdı. Özü əlil olduğuna görə həmin yeşiklərin yüklənməsi və boşaldılması üçün günəmuzd fəhlə kimi çalışan Şahid4 köməyə çağırırdı. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şahid4 çağırmış və o, avtomobilə Siyəzən rayonu, Qara Siyəzən kəndində toyuqları yükləmiş və onlar həmin toyuqları Bakı şəhəri, Hövsan qəsəbəsinə aparmış və orada Şahid4 toyuqları boşaltmışdır. Daha sonra Siyəzən rayonuna geri qayıtmağa başlamışlar. O, gecə saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçərkən Masazır dairəsinin yaxınlığında təbii ehtiyaclarını ödəmək üçün avtomobilini yol kənarında saxlayıb yerə düşmüş, həmin yerdə 01 ədəd boz rəngli "Magna” markalı siqaret qutusu görmüş, həmin siqaret qutusu onun diqqətini cəlb etmiş, onu götürüb açmış və içərisində 2 ədəd heroinə bənzər büküm görmüşdür. Həmin bükümləri siqaret qutusu ilə birlikdə avtomobilin arxa yük tərəfində arxa təkərin üst hissəsində boş yeşiklərin yanında gizlətmişdir. Sonra avtomobilə əyləşib Siyəzən rayonuna geri qayıtmağa başlamışdır. O, tapdığı narkotik vasitə heroinə bənzər kütlə barədə Şahid4 heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisindən üzü Siyəzən şəhəri istiqamətində gedərkən Zarat postunda avtomobili saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Onlar etirazlarının olmadığını bildirmişlər. Ona müdafiəçi verilmişdir. Polislər onun üzərindən heç nə tapmamış, idarə etdiyi “Ford Transit” markalı, yük avtomobilinə baxış keçirilərkən isə gizlətdiyi 01 ədəd boz rəngli "Magna" markalı siqaret qutusunu özü təqdim etmişdir. Həmin qutuya baxış keçirilərkən içərisindəki narkotik vasitə heroin aşkar olunmuşdur. O, həmin maddənin “kola” kimi adlandırılan narkotik vasitə heroin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir, hamı protokolu imzalamışdır. Həbsdə olduğu vaxt bir uşağı doğulmuşdur. Əməlindən peşimandır, 3-cü qrup əlilliyinin və himayəsində 01 azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və Şahid4 adlı şəxslərin narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olduğundan polis əməkdaşları xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində Zarat kəndi yaxınlığında onları saxlamışlar. Vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı maşına baxış keçirilərkən Təqsirləndirilən şəxs maşının yük yeridə saxladığı siqaret qutusunun içərisindəki 2 ədəd içərisində heroin olan bükümləri təqdim etmişdir. Bütün bunlar müstəntia tərəfindən rəsmiləşdirilmişdir. Lakin Şahid4 üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaqdakı ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər-Şahid3 və Şahid4 da ifadələrində məhkəmədə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə Siyəzən rayonu, Zarat kəndində yerləşən X12 postunda üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs idarə etdiyi Ford Transit markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinin arxa sol təkərin üst hissəsində boş yeşiklərin yanında gizlətdiyi 01 ədəd boz rəngli “Magna" markalı siqaret qutusunun içərisində 01 ədəd qara rəngli polietilen sellofan bükümün və 01 ədəd ağ rəngli sellofana bükülmüş qara rəngli polietilen sellofan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunuşdur. Cinayət işi üzrə Siyəzən rayonu, Zarat kəndində yerləşən X12 postunda Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edümişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 İB-nin müstəntiqi, polis kapitanı Murad Məmmədli tərəfindən üzərlərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs idarə etdiyi “Ford- Transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirildiyi görünür. Şəxsi axtarış müstəntiq Murad Məmmədlinin çıxışı ilə başlayır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və Şahid4 AR CPM-nin- 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olundu. Həmin bildiriş Təqsirləndirilən şəxs və Şahid4 tərəfindən imzalanmaqla götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq axtarış zamanı müdafiəçi X4 iştirakının təmin edilməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X4 iştirak etməsini istədiyini bildirdi. Şahid4 isə müdafiəçi istəmədiyini bildirdi. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsinə başlanıldı. Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit" markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdi və ərizəsini təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan edilmiş əşya və predmetlər varsa təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs avtomobilin yük yerinin arxa sol təkərin üst hissəsində boş yeşiklərin yanında gizlətdiyi 01 (bir) ədəd boz rəngli “Magna" markalı siqaret qutusunun içərisində qara rəngli polietilen sellofan bükümün içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və həmin siqaret qutusnun içərisində ağ rəngli polietilen sellofanın içərisində olan və qara rəngli polietilen sellofanın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddənin “kola" kimi adlandırılan narkotik vasitə heroin olduğunu bildirdi. Həmin maddələr yenidən sellofana bükülərək siqaret qutusuna qoyulmaqla 01 (bir) ədəd ağ rəngli boş zərfə qablaşdırldı, Siyəzən RPŞ-nin 96 nömrəli möhürlə möhürləndi, Təqsirləndirilən şəxs, Şahid4 və digər iştirakçılar tərəfindən imzalandı. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanıldı. Baxış zamanı avtomobildə başqa hər hansı digər qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmadı. Daha sonra şəxsi axtarışa başlanıldı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində krem rəngli uzunqol lakin qolları qatlanmış köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmetlər varsa könüllü təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetlərin olmadığını bildirdi. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən şəxsi axtarış davam etdirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarların cibindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi yekunlaşdırıldı. Daha sonra Şahid4 üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şahid4 üzərində ağ rəngli, düyməli, uzunqol köynək, ağ rəngli cins şalvar və qara rəngli idman ayaqqabısı vardır. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunla qadağan edilmiş əşya və predmetlər varsa könüllü təqdim etməsi təklif olundu. Şahid4 üzərində qanunla qadağan edilmiş əşya və ya predmetlərin olmadığını bildirdi. Bundan sonra verilmiş göstərişə əsasən, Şahid4 üzərində Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən şəxsi axtarış davam etdirildi. Şəxsi axtarış zamanı Şahid4 əynində olan paltarların cibindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Şahid4 üzərində şəxsi axtarış keçirilməsi yekunlaşdırıldı. Qeyd edilən video görüntüyə məhkəmə iclasında baxılarkən də protokollarda göstərilənlər və şahidlərin ifadələrindəki xüsusatlar bir daha təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 3-16-06/2-6/4665 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün N96” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-BS-*** d.q.n avtomobilin...” yazıları və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 1 ədəd “Magna" markalı siqaret qutusunun içərisindəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 5,507 qram, 9,355 qram ümumi təmiz çəkisi 14,862 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına daxildir (Siyahı İ) Qeyd: Heroninin ümumi çəkisi 14,862 qram, tədqiqata sərf edildi 0.02 qramı, qalıq 14,662 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Siyəzən rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilmiş narkotik vasitə heroini haradan, nə vaxt və kimdən əldə edilməsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Cinayət İşi materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş X5 X9 şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-69/2-707/2023 saylı məktubundan da görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən Rayon İHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinin materialların materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan ümumi çəkisi 14,862 qram narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalıq 14,662 qram heroin maddi sübut kimi tanınmaqla Siyəzən RPŞ-də saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, İİİ qrup əlil olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Siyəzən RPŞ-də maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan ümumi çəkisi 14,862 qram narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalıq 14,662 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Siyəzən RPŞ-də maddi sübutların saxlanması otağında saxlanılan ekspert tədqiqatından sonra qalan 14,662 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-441/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-441/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver