Məhkəmə qərarları › İş №1(124)-442/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-442/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-442/2023 12.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,085 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində qanunsuz saxlayaraq gəzdirməklə ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da qeyd edilən ünvanda saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 13:30dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,085 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək göstərdi ki, 2022-ci ilin dekabr ayının 8-də dostu X5 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Bundan sonra o, dostunun atasıyla görüşmüş və o, ona özünün BNMİ-dən gəldiyini, oğlunun tutulduğunu, oğlunu buraxmaq üçün müəyyən məbləğdə pul vəsaiti istənildiyini bildirmişdir. O, pul istəyirlərsə, dostunu buraxacaqlarını düşünmüş və bu səbəbdən ortaq tanış axtarmağa başlamışdır ki, problemin tam olaraq nə olduğunu bilsin. Dostunun atasıyla görüşdükdən sonra, o, dostunun atası, tanışları Elvin və Xansu ilə birlikdə DİN-nin BNMİ-nin qarşısına getmişdirlər. İdarədə onlardan 25.000 pul istənilmiş, məsələnin həlli üçün məbləği endirməyəcəklərini də bildirmişdirlər. Lakin o, düşünmüşdür ki, konkret pul məbləği istəyirlərsə, danışmaqla bu məsələni daha aşağı qiymətə həll etmək olar. O, aşağı düşmüş, həmin vaxt dostunun atası avtomobildə gözləmişdir. Avtomobildə bir qədər gözləmişdir ki, bəlkə atasına zəng edərlər. Haradasa saat 12-i keçmişdir ki, dostunun atasını evinə göndərmişdir, lakin o yerində qalıb gözləmişdir. O, səhər saat 5-ə kimi orada gözləmişdir. Gözləyən zaman da dostunun atasıyla əlaqə saxlayıb ona zəng gəlib-gəlmədiyini soruşmuşdur. O, daha sonra Sumqayıta qayıtmışıdır. Saat doqquz üçün isə dostunun atasıyla görüşmüşdür. O, dostunun atasından 10.000 manat məbləğində pul vəsaitini götürərək üzərində saxlamışdır ki, bəlkə oğlunu buraxarlar və həmin pul vəsaiti onda lazım olar. Dostunun atasıyla görüşüb təxminən bir saat gözləmişdir ki, onlara zəng etsinlər və onlar da getsin. Daha sonra Emilin mobil nömrəsindən ona zəng gəlmişdir. Zəngi açdıqda Emillə hal-əhval tutmuş və Emil ona məhəllələrində olduğunu demişdir. Məhəllələri də Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşir. O, da ona inanmadığını, ona fotoşəkil atmasını söyləmişdir. Emil də bir daha məhəllədə olduğunu təsdiqləyərək “whatsapp” proqramından fotoşəkilini ona göndərmişdir. O, da bunu gördükdən sonra Emilin həqiqətən buraxıldığına inanmış və onun yanına getmişdir. Daha sonra tanışları ilə birlikdə avtomobillə Emilin yanına getmişdirlər. Onlar ora çatıb gözləyən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onlara yaxınlaşıb hamısını saxlamışdırlar. Daha sonra aralarında “Təqsirləndirilən şəxs” adlı şəxsin kim olduğunu soruşduqda o, özünü işarə edərək cavab vermişdir. Onlar da başqa heç kimin onlara lazım olmadığını bildirib onu Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirmişdirlər. İdarədə onun üzərində şəxsi axtarış aparmışdırlar. Həmin vaxt üzərində dostunun atasının ona vermiş olduğu 10.000 manat məbləğində pul vəsaiti olmuşdur. Daha sonra ona yuxarıdan göstəriş olduğunu, onun tutulacağını söyləmişdirlər. O, saxlanma səbəbini soruşduqda isə bunun göstəriş olduğunu bildirib ona tutulma səbəbi barədə məlumat verilməmişdir. O, da həmin vaxt tanışlarının olmadığını, önünə qoyulmuş narkotik vasitəni götürməməklə müqavimət göstərməyin mənasız olduğunu görüb əslində ona aid olmayan 5 qram narkotik vasitə heroini öz boynuna götürərək ona məxsus olduğunu demişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər 5-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Polis zabiti olmuşdur. 2009-cu il tarixdən 2022-ci il tarixə kimi polis əməkdaşı olmuşdur. Dostunu da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tutmuşdur. O, dostunun atasıyla görüşən zaman o, idarədən gəldiyini və oğlunun buraxılması üçün pul istənildiyini bildirmişdir. O, da ona görə tanışları ilə getmişdir ki, bəlkə dostunun atasından istəmiş olduqları pul vəsaitini azaldarlar. O, səhər saat 5-ə kimi idarənin qarşısında gözləmişdir. Sadəcə olaraq anten məlumatlarında harada olduğu görünmüşdür. Necə ola bilər ki, idarəyə gedərkən o, narkotik vasitəni üzərində gəzdirmişdir. Onu ad günündə dekabrın 8-i tutmuşdurlar, hansı ki onun əvvəldən niyyəti dostuna kömək etmək olmuşdur. O, sonradan idarəyə aparılmışdır, ona məxsus olmayan narkotik vasitəni boynuna götürmüşdür. Dostundan narkotik vasitə heroin aşkar olunmuşdur. Dostundan aşkar olunmuş narkotik vasitənin ümumi miqdarı 05 qram olmuşdur. Dostunun işi ilə bağlı tanışları olmuşdur, idarədə onlar içəri daxil olub danışmışdırlar. İdarədə 25.000 manat pul vəsaitini ondan deyil, dostunun atasından istəmişdirlər. Dostumun atasından 25.000 manat məbləğində pul vəsaitini istəyən DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri olmuşdur. O, isə dostunun atasından 10.000 manat məbləğində pul vəsaiti götürmüşdür ki, dostunu buraxdırsın. Sumqayıt şəhər Polis İdarəsinə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən 10.000 manat pul vəsaiti də üzərindən aşkar olunmuşdur. 10.000 manat pul vəsaiti daha sonradan dostunun atasına qaytarılmışdır. Ona saxlanılmağının və tutulmağının səbəbini açıqlamamış, sadəcə bunu göstəriş əsasında həyata keçirdiklərini bildirmişdirlər. Ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. İstintaqda ifadə verən zaman müstəntiqin ona qarşı edilmiş qanunsuz hərəkətləri barədə məlumat verməmişdir. Özü də əvvəllər polis əməkdaşı olmuş, başqa söhbətlərin olmasını özünə ayıb bilmişdir. O, narkotik vasitə və ya psixotrop maddə istifadəçisi deyildir. Sadəcə olaraq istintaq zamanı ifadə verərkən narkotik vasitə istifadə etdiyini bildirmişdir, çünki onu narkotik vasitələrin satışı ilə tutacaqlarından qorxmuşdur. Narkoloji ekspertizada da ekspertə istifadəçi olduğunu söyləmişdir. Ona narkotik vasitələrin satışı ilə bağlı ittiham verilmişsə də, narkotik vasitələrin satışı ilə məşğul olmağına dair heç bir sübut yoxdur. Onun nə səbəbə saxlanıldığını soruşduqda davamlı olaraq ona göstəriş olduğunu bildirmişdirlər. O, da tutulmağının qaçınılmaz olduğunu görüb ona deyilənlərlə razılaşmışdır. DİN-nin BNMİ-də dostu Emilin işi ilə bağlı hər hansı vəzifəli şəxsin qəbulunda olmamış və dostunun buraxılması üçün pul məsələsini danışmamışdır. İdarənin yaxınlığında avtomobildə gözləmişdir. Dostu Emilin atası ilə görüşdükdən təxminən bir saat sonra Emil ona zəng etmişdir. Dostu ilə görüşə gedən zaman da polis əməkdaşları onu saxlamışdırlar. Emil Muxtarovun buraxılması ilə bağlı pul məsələsini dostları DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri ilə danışmışdırlar. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, dostu Muxtarov Emil də narkotik vasitələrin istifadəçisi olmamış, həmçinin də narkotik vasitələrin satışı ilə məşğul olmamışıdır. Müstəntiq ondan heç nə soruşmamış, o sadəcə sənədləri imzalanmışdır. DİN-nin BNMİ-nə gedərkən onun yanında Emilin atasından başqa, Həsənov Xansu və Elvin Allahveriyev olmuşdur. Video çəkilişi aparan elə əməliyyat müvəkkili Sehran olmuşdur, o səbəbdən video çəkilişdə Sehran görünmür. Cəmşid adlı şəxsi tanımamışdır. Həmin şəxsin anket məlumatları istintaq zamanı ondan soruşulmamışdır. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, daxili işlər orqanından öz ərizəsi ilə işdən çıxmışdır. O, işdən çıxdıqdan sonra heç bir işlə məşğul olmamışdır. O, heç bir zaman narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. O, narkotik vasitələrin satışında ittiham edilməməyi üçün narkoloji ekspertizaya getdikdə həkimin ona vermiş olduğu suala cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Dostunun narkotik vasitələrin istifadəçisi və ya satışı ilə məşğul olması barədə onun heç bir məlumatı olmamışdır. Emillə təxminən 05 il olardı ki, dostluq etmişdir. Dostu Emilin mebel sexi olmuşdur. O, bilmişdir ki, etiraz etməyin mənası yoxdur, əks halda başqa hadisələr cərəyan edəcəkdir. Ona görə də bu səbəbdən video çəkiliş zamanı da etirazını özündə əks etdirəcək hər hansı hərəkət və ya ifadəyə yol verməmişdir. İstintaq materiallarında elə sənədləşdirmişlər ki, guya o Milli Ön ödəmə terminalı vasitəsilə kiminsə kartına əlli manat məbləğində pul vəsaiti köçürmüş və narkotik vasitə əldə etmişdir. Əgər həqiqətən də istintaq materiallarında qeyd olunanlar həqiqəti əks etdirirsə, narkotik vasitəni aldığı şəxsin də şəxsiyyəti, kartın sahibi müəyyənləşdirilərdi. Video çəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni ona DİN-nin BNMİ-nin əməliyyatçısı Ruslan təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, keçən ilin dekabr ayında daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisinə gedib “Təqsirləndirilən şəxs” adlı şəxsi saxlamış və onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişdirlər. Daha sonra həmin şəxs onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən narkotik vasitə heroin, sol cibindən isə pul vəsaiti və mobil telefon aşkar olunmuşdur. Narkotik vasitə heroin qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci Mikrorayon ərazisində saxlanılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi və ya üzərindən aşkar olunmuş nakotik vasitə bükümlərinin sayı yadında deyildir. Təqsirləndirilən şəxs ifadəsində saxlanmasının göstərişlə bağlı olması, saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə əlaqəli bildirdiyi xüsusatlar yalandır və həqiqəti əks etdirmir. Məlumat üzə Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşı olduğunu bimişdirlər. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq olmamış, o cümlədən həmin şəxsə qarşı zor tətbiq edilməmişdir. O və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri həyata keçirilərkən Sumqayıt şəhəri, 5-ci Mikrorayon ərazisində onunla Şahid2 başqa DİN-nin BNMİ-nin əməkdaşları olmamışdır. Əməliyyat tədbiri zamanı həmin ərazidə DİN-nin BNMİ-nin başqa əməkdaşları olmuşsa da, onlar görməmişdirlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması və şəxsi istifadəsi ilə bağlı olmamışdır. Emil Muxtarov adlı şəxsi tanımamış, həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə heroin 1 büküm olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs özünü bizə keçmiş polis əməkdaşı kimi təqdim etməsi xüsusatı yadında deyildir. Onlar Təqsirləndirilən şəxs tək saxlamışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 09 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmişdir. İdarədə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilmiş və müvafiq olaraq sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə, o, həmin maddəni iki gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Cəmşid” adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşı olması onlara daxil olmuş əməliyyat məlumatında əks olunmamışdır, onlar sonradan sözügedən şəxsin əvvəllər polis əməkdaşı olduğunu öyrənmişdirlər. Təqsirləndirilən şəxs saxlanıldığı zaman ərazidə DİN-nin BNMİ-nin əməliyyat tədbirindəki əməkdaşlarından başqa digər əməkdaşları olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, yanında hər hansı tanışı və ya tanışları olmamışdır. Təqsirləndirilən şəxs şəxsi avtomobilində və yaşadığı ünvanda axtarış aparılmamışdır. Əgər Təqsirləndirilən şəxs avtomobilində və yaşadığı mənzildə axtarış aparılmasına ehtiyac olsaydı, təhqiqatçı bu barədə qərar qəbul edərdi. Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşı olduğunu sonradan bilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən əvvəllər polis əməkdaşı olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlamamışdan qabaq sonuncunun dostu üçün DİN-nin BNMİ-də olması, ondan 25.000 manat məbləğində pul vəsaitinin tələb edilməsi barədə heç bir məlumatı yoxdur. Əməliyyat tədbiri keçirilən zaman orada onlardan başqa DİN-nin BNMİ-nin əməkdaşlarının olduğunu xatırlamamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi yadında deyildir. Narkotik vasitə bükümünün sayını da hazırda xatırlamır. Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni iki gün əvvəl İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş maddəni nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Əfqanla bir məhəllədə doğulub böyümüş, eyni məhəllə, eyni kotecdə yaşamışdırlar. İkinci mərtəbədə Əfqan yaşamış, beşinci mərtəbədə də o, yaşamışdır. Əfqanın narkotik vasitələrin satışı ilə məşğul olmasının, o cümlədən narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Emil Muxtarovu tanımışdır. E.Muxtarovu 6-7 il olar ki, tanıyır. Dekabrın səkkizi Əfqanın ad günü olduğundan dekabrın yeddisindən səkkizinə keçən gün gecə saatlarında Əfqanla birlikdə olmuş, yeyib-içmişdirlər. Daha sonra Sumqayıtdakı kafelərin birinə getmiş, orada deyibgülüb əylənmişdirlər. Kafe bağlandıqdan sonra da birlikdə dayanacağa qədər getmiş, bundan sonra onlar ayrılmışdırlar. Belə ki, ayrıldıqdan sonra onunla Əfqan eyni istiqamətdə, Emil isə onlarla əks istiqamətdə getmişdir. Gecə gec yatdığı üçün günorta saatlarında oyanmışdır. Oyandıqda Əfqanın ona dostu Emilin DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılması barədə mesaj yazdığını görmüşdür. Bundan sonra onunla Əfqan yenidən görüşmüşdürlər. Köməklik məqsədilə birlikdə idarəyə getmişdirlər. İdarənin qarşısına onlarla yanaşı, Elvin Allahverdiyev və Emilin atası da gəlmişdir. Dördü idarənin qabağında olmuşdur. Əfqan da dostları Emilə köməklik göstərmək istəmişdir. İdarəyə daxil olub söhbət aparıldıqdan sonra Emilin buraxılması üçün 25.000 manat məbləğində pul vəsaiti istənilmişdir. Lakin Emilin atası 10.000 manat məbləğində pul vəsaiti düzəldə bilmişdir. Əfqan polis əməkdaşları tərəfindən də saxlanılan zaman 10.000 manat pul vəsaiti Əfqanın üzərində olmuşdur. Əfqan saxlanıldıqdan sonra 10.000 manat pul vəsaiti Emilin atasına qaytarılmışdır. Onlar idarənin qarşısında bir müddət gözlədikdən sonra o, Emilin atasını götürüb Sumqayıta gəlmişdir. Emil saxlanılan günün sabahı o, Emilin atasını götürüb idarənin qarşısna qayıtmışdır. Həmin vaxt Əfqan idarənin qarşısında olmuşdur. Belə ki, Əfqan gecədən bəri idarənin qarşısında Emilin işi ilə bağlı gözləmişdir. Bir neçə saat keçdikdən sonra o, Əfqandan məsələnin nə yerdə qaldığını soruşduqda, Əfqan ona Emilin atası ilə oturduğunu, hər bir saatdan bir Emilin zəng edərək tapşırılmış pul vəsaitinin toplanması barədə sual verdiyini qeyd etmişdir. Bundan sonra o, Emilin atası və Əfqan üçü görüşən zaman Emil Muxtarlı onlara “whatsapp” proqramından zəng etmişdir. Telefon danışığı zamanı E.Muxtarov buraxıldığını, məhəllədə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dostları Emilin buraxılmasına inanmayaraq şübhə içində qalmışdır. Əfqan inanmadığı üçün Emilə məhəllədən şəklini çəkib atmasını demişdir. Qısa müddət sonra E.Muxtarov həqiqətən də məhəllədən şəklini çəkib Əfqanın mobil telefon aparatına göndərmişdir. Əfqan yenə də inanmadığından və şübhə içində qaldığından Emilin yaşadığı məhəlləyə getmişdirlər. Məhəlləyə çatdıqda avtomobildən polis əməkdaşları düşmüş, polis əməkdaşları iki avtomobil gəlmişdirlər. Bir polis əməkdaşı ona yaxınlaşıb ad və soyadını soruşmuş, hətta kəmərindən tutmuşdur. O, etiraz edərək nə səbəbə saxlanıldığını soruşmuşdur. Həmin vaxt Əfqan onun yanında öz ad və soyadını polis əməkdaşlarına söyləmişdir. Bundan sonra təxminən yeddi-səkkiz nəfər polis əməkdaşı Əfqanın üstünə gəlmiş və onu avtomobilə əyləşdirmişdirlər. Onu saxlayan polis əməkdaşı da oradakı əməkdaşlardan birinə “Rəis, bəs bunu neyləyək?” məzmununda sual vermişdir. Rəis deyə adlandırdıqları şəxs də onu buraxmalarını bildirmişdir. Onu saxlayan polis əməkdaşı mobil telefonu əlindən almışdır. O, davamlı olaraq ona mobil telefonu ona qaytarmasını söyləmişdir. Daha sonra o, mobil telefonunu götürmüşdür, Əfqanı da polis idarəsinə aparmışlar. Mobil telefon aparatındakı mesajlaşmalarda “Elish” adı ilə qeydiyyata alınmış, “***-***-**-**” mobil nömrəsinin sahibi Emil Muxtarovdur. Mesajlaşmalardakı “Diki” ləqəbli şəxs onun özüdür. Aralarındakı mesajlaşmalarda pul istənilməsi, nə qədər məbləğdə pul vəsaitinin düzəldilməsi kimi məsələlər öz əksini tapmışdır. Emilin mobil nömrələri “***-***-**-**” və “***-***-**-**” olmuşdur. X6 onun əsgər yoldaşıdır. Onun mobil nömrəsi “***-***-**-**”-dir. Mobil nömrəni faktiki olaraq o, işlətsə də, evdəki ailə üzvlərinin adınadır. 25.000 manat pul vəsaiti Emilin atasından istənilmişdir. O, Əfqan və Emilin atası həmin vaxt DİN-nin BNMİ-nin qarşısında olmuşdurlar. Əfqan günorta saat 12 radələrində saxlanılmışdır. Emil yaşadığı ünvanda, onunla Əfqan isə Sumqayıt şəhəri 5-ci Mikrorayon ərazisində saxlanılmışdır. Polis əməkdaşları onu polis idarəsinə aparmamışdırlar. 10.000 manat pul vəsaitini Emilin atası düzətlmiş və özü Əfqana vermişdir ki, oğlunun buraxılmasına köməklik göstərilsin. Emil narkotik vasitə istifadəçisi olmamışdır. X10 çağırışı əsasında məhəlləyə gəlib polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlardan bir qədər aralıda dayanmış, qara rəngli, dövlət qeydiyyat nişanının əvvəli “77” ilə başlayan, “Hundai Elantra” markalı avtomobilin də polis əməkdaşlarının avtomobili olduğunu öyrənmiş və həmin avtomobilin arxa şüşəsindən Emil Muxtarlını görmüşdür. Daha sonra da bu xüsusatı E.Muxtarlıdan dəqiqləşdirən zaman E.Muxtarlı özü bunu təsdiq etmişdir. “Hundai Elantra” markalı avtomobilin dövlət qeydiyyat nişanını hazırda tam şəkildə xatırlamır. O, Əfqanla mesajlaşmışdır. Belə ki, gecə gec yatmışdır. Oyananda isə Təqsirləndirilən şəxs ona dostu Emilin polis əməkdaşları tərəfindən saxlanılması barədə mesaj yazdığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, oğlu Əfqanın polis əməkdaşları tərəfindən saxlanması barədə ona hüquq mühafizə orqanından heç bir məlumat verilməmişdir. Böyük oğlu axşama yaxın qardaşının tutulduğu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs tutulması ilə bağlı ona heç kim zəng etməmişdir. Təqsirləndirilən şəxs heç bir zaman narkotik vasitə istifadəçisi olmamış, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hadisədən qabaq Emil Muxtarovu tanımamışdır. Sonradan oğlu ona polis əməkdaşları tərəfindən salxanması prosesini danışarkən E.Muxtarov barədə məlumat vermişdir. Eşitdiyinə görə Emil polis əməkdaşları tərəfindən saxlanılıb və Emildən təxminən 25.000 manat məbləğində pul istənilmişdir. Onun oğlu da Emilə kömək etmək üçün DİN-nin BNMİ-nə getmiş, orada bütün gecəni gözləmiş, daha sonra kimsə oğluna dostu Emilin adından mesaj yazmış və zəng etmiş, Təqsirləndirilən şəxs da məhəlləyə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1996-cı ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanununsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqyaıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” 09 dekabr 2022-ci il tarixli qərar Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması və Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq DİN-nin BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə 5,085 qram çəkidə narkotik vasitə olan heroini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2022-ci il tarixli 6/6972 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 5,085 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 199 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə maddi sübut hesab edilən narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,035 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat birliyinin, 6 saylı Mənzil-Kommunal sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Sumqayıt şəhər 2-ci mikrorayon, ev 21/27, mənzil 46-da yaşayır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi ilə bağlı ittiham verilməsinə baxmayaraq iş materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə hər hansı bir sübut təqdim etməmiş, ittiham cinayət işinin materiallarında olan sübutlarla təsdiqini tapmamış, aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsini göstərərn hər hansı bir hal nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Həmin qanun 20 may 2022-ci il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuş və həmin gündən qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs isə ittiham olunduğu cinayət əməlini 09 dekabr 2022-ci il tarixdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, işi üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,035 qram narkotik vasitə heroin məhv edilməlidir. 02 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsindən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 5,035 qram qalıq narkotik vasitə heroin məhv edilsin. 02 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar