Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-443/2025 16.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Şo-60 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Zərifə Əliyeva adına göz xəstəxanasının yaxınlığında yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2143,381 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 07 mart 2025-ci il tarixdə saat 22:55də Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən «Sum» adlı avtosalonun yaxınlığında saxlanılıb üzərinə keçirilmiş baxış zamanı əlində olan sellofan torbadan 02 ədəd bükümdə bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 995,444 qram və 1147,937 qram olmaqla ümumi təmiz çəkisi 2143,381 qram olan bitki mənşəli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “İran vətəndaşı ilə mənim əlaqəm var idi. Ondan həmişə 10-15 qram narkotik vasitə götürmüşəm. Sonuncu dəfə də İran İslam Respublikası vətəndaşının kartına “M10” tətbiqi vasitəsilə 80 manat pul köçürdüm. Mən ilk dəfə idi ki, narkotik vasitəni götürmək üçün Sumqayıta getdim. Həmişə Bakı ərazisindən götürürdüm. Narkotik vasitəni götürmək üçün konum əsasında Sumqayıt şəhəri, Çerkassi küçəsi, “Sum” avtosalonun yanına getdim. Mən 10 qram narkotik vasitəni götürmək üçün getmişdim. Əvvəlcə narkotik vasitəni axtardım, tapmadım. Polis əməkdaşlarının yaxınlaşdığını görəndə qaçdım. Bu zaman polis əməkdaşları məni tutdu. Artıq qarşımda 10 qram deyil, 2 kq narkotik vasitə var idi. Bundan sonra mənə təzyiq etdilər, mən də qorxub narkotik vasitəni üzərimə götürdüm.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Konumu mənə “Tofiq” adlı İran İslam Respublikası vətəndaşı göndərmişdi. Polis əməkdaşları məni bir az döydülər və burnum əzildi. Mən narkotik vasitəni məcburiyyətdən üzərimə götürdüm. Başqa izahat verməli oldum. Barəmdə həbs qətimkan tədbiri seçilərkən məhkəmədə 10 qram narkotik vasitəni götürmək üçün getdiyimi bildirdim. Polis əməkdaşlarının mənə təzyiq göstərməsi ilə bağlı heç bir yerə şikayət etməmişəm. Mən 10 qram narkotik vasitə üçün 80 manat pul ödəmişdim. Mən Sumqayıta ilk dəfə idi ki, gəlirdim. Bura narkotik vasitəni götürmək üçün gəlmişdim. Mən narkotik vasitənin təsiri altında idim, ona görə də izahat verərkən özümdə olmamışam. Narkotik vasitənin 2 kq-ı 15000-16000 manat pul edir. Mən iranlının kartına 80 manat pul köçürmüşəm, nə üçün o mənə 2 kq narkotik vasitə göndərsin? Mən narkotik vasitəni götürməyə dostumun maşınıyla getmişdim, dostumu aldadıb aparmışdım. Mənimlə birlikdə gedən dostum Şahid1dir. Onun narkotik vasitə götürəcəyimdən xəbəri yox idi. Ona qızlarla görüşəcəyimi demişdim. Barəmdə həbs qətimkan tədbiri seçilərkən məhkəməyə 300 qram narkotik vasitə üçün getdiyimi dedim. Mən 2 kq narkotik vasitə ilə yüklənmişdim. Buna görə də, narkotik vasitəni götürdükdən sonra 300 qram narkotik vasitə üçün 1000 manat müqabilində getdiyimi bildirdim. Mən əslində 10 qram narkotik vasitəni götürmək üçün getmişdim, məhkəmədə 300-400 qram üçün getdiyimi 2 kq narkotik vasitə ilə yükləndiyim üçün demişdim. Belimdə yüngül xəsarət var idi. İstintaq təcridxanasında müayinə olarkən xəsarətim yox idi.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, heç bir psixi xəstəlik keçirməmişdir. Şahid1 uzun müddətdir ki, tanıyır, sonuncu ilə ədavət və ya düşmənçiliyim olmamışdır. O, Nurlanın narkotik vasitə istifadə etdiyini bilirmiş, həmçinin sonuncu da onun narkotik vasitə istifadə etdiyini bilirmiş. Təxminən 2024-cü ilin dekabr ayında Bakı şəhəri, Nizami küçəsində yerləşən gecə klublarının birində bir nəfər qadınla tanış olmuş, söhbət zamanı həmin qadın onun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən ona “Tofiq” adlı İran İslam Respublikasının vətəndaşının mobil telefon nömrəsini verərək istədiyi halda həmin şəxsdən narkotik vasitə ala biləcəyini demiş, o da Tofiqlə şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "Whatsapp" vasitəsilə əlaqə saxlamağa başlamışdır. O, Tofiqdən bir-iki dəfə istifadə etmək üçün narkotik vasitə marixuana almış, Tofiq həmin marixuananı Bakı şəhəri, “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı binaların birinin girişində yerləşdirmiş və ona həmin yerin konumunu göndərmiş, o da həmin yerdən marixuananı əldə edib istifadə etmişdir. 07 mart 2025-ci il tarixdə, səhər saatlarında Tofiq onunla əlaqə saxlayıb bildirmişdir ki, marixuana göndərəcək, həmin marixuananı götürüb daha sonra deyəcəyi yerə qoyduğu halda ona 1000 manat pul və istifadə etmək üçün marixuana verəcəkdir, o da Tofiqlə razılaşmışdır. Həmin gün təxminən saat 21:30 radələrində Tofiq yenə də onunla əlaqə saxlayıb marixuananı Sumqayıt şəhəri ərazisinə qoydurduğunu və gedib həmin yerdən götürməyini demiş, sonra isə Tofiq həmin yerin konumunu (koordinatlarını) və fotoşəkillərini ona göndərmişdir. Bundan sonra mən həmin yerə getmək üçün tanışı Nurlanla əlaqə saxlayıb onunla görüşmək istədiyini və onu Sumqayıt şəhərinə aparmasını istəmişdir. Nurlan ondan nə üçün Sumqayıt şəhərinə getmək istədiyini soruşanda sonuncuya görüşdükdən sonra bu barədə deyəcəyini bildirmişdir. 07 mart 2025-ci il tarixdə, təxminən saat 22 radələrində Nurlanla Bakı şəhəri, Şamaxinka adlanan ərazidə görüşmüş, həmin vaxt Nurlan idarə etdiyi "BMW" markalı avtomobillə gəlmişdir. Söhbət zamanı Nurlana İran vətəndaşının Sumqayıt şəhəri ərazisində marixuana qoydurduğunu, həmin marixuananı götürməkdə ona köməklik göstərəcəyi halda ona 50 manat gedəndə, 50 manat isə qayıdanda pul və istifadə etmək üçün marixuana verəcəyini demiş, Nurlan da onunla razılaşmışdır. Bundan sonra Nurlana 50 manat pul vermiş və onlar Sumqayıt şəhəri istiqamətində yola düşmüşlər. Yolda olanda Nurlan yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurmuş, təxminən saat 22:50 radələrində Tofiqin göndərdiyi konumda qeyd olunmuş Sumqayıt şəhərində yerləşən əraziyə çatmışlar. Sumqayıt şəhərini yaxşı tanımadığından həmin ərazinin necə adlandırıldığını adını bilmir. Orada Nurlanla razılaşmışlar ki, Nurlan avtomobildən düşüb narkotik vasitəni gözlədildiyi yerdən götürəcək, Nurlan isə avtomobildən düşüb yaxınlıqda gözləyərək ətrafa nəzər yetirəcək, polis əməkdaşları və ya hər hansı şəxsi yaxınlıqda gördüyü halda ona məlumat verəcəkdir. Bundan sonra o, avtomobildən düşüb narkotik vasitənin gizlədildiyi yerə yaxınlaşmış, həmin yerdə kisənin içərisində olan marixuananı götürmüş və avtomobilə doğru hərəkət etməyə başlamışdır. Narkotik vasitəni götürdüyü yerdən biraz aralanmışdır ki, dörd nəfər mülki geyimli şəxs videoçəkiliş apararaq ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar. Sonra isə ona hüquq və vəzifələrini izah edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. O da əlində saxladığı kisəni təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin kisə açıldıqda içərisində iki ədəd bükülü olması aşkar olunmuş, həmin bükümlər açıldıqda isə içərilərində marixuana olması müəyyən olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin bükümlər qablaşdırılaraq onu 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində şübhəli şəxs qismində tutulacağı izah edildikdən sonra ona təqdim edilmiş siyahıdan vəkil Əbülfəz Bünyatovun hüquqlarını müdafiə etməsini istəmişdir. Vəkil gəldikdən sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. O, əvvəllər bir neçə dəfə narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. “Tofiq” adlı şəxs tərəfindən həmin marixuananın hansı üsulla Azərbaycan Respublikası ərazisinə gətirilməsindən məlumatı olmamışdır. Əldə etdiyi marixuananın hansı şəxs və ya şəxslər tərəfindən həmin yerə gətirilərək qoyulmasından məlumatı olmamışdır. O, təkcə Tofiqlə "Whatsapp" tətbiqi vasitəsilə əlaqə saxlayaraq sonuncunun göndərdiyi narkotik vasitələri əldə etmiş, başqa şəxslərlə narkotik vasitələrin satışı barədə hər hansı sosial şəbəkə vasitəsilə əlaqə saxlamamışdır. Tofiq adlı şəxsdən narkotik vasitə əldə etməyi barədə Nurlandan başqa heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş özünə məxsus "Xiaomi Mi A3" markalı mobil telefonun üzərində şəxsi istifadəsində olan ***-***-**-** saylı və ***- ***-**-** saylı mobil telefon nömrələri vardır (cild 01, iş vər. 104-106). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Nurlanın narkotik vasitə götürəcəyimdən xəbəri olmayıb. İbtidai istintaqda verdiyim ifadəni qəbul etmirəm. Narkotik vasitənin miqdarı çox olduğu üçün 1000 manat müqabilində narkotik vasitəni götürəcəyimi söyləmişəm. Qorxduğum üçün ibtidai istintaqda etirafedici ifadə vermişəm. Narkotik vasitə marixuananın təsiri altında olduğum üçün heç bir orqana şikayət etməmişəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı və tərəfimdən tərtib olunmuş raport əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıldı. Həmin əməliyyat qrupu ilə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində mart ayının 7-si, axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsi, “Sum” avtosalonunun yaxınlığında üzərində olan bağlama ilə birlikdə saxlanıldı. Həmin yerdə də videoçəkiliş oldu və sənədləşmənin davamı olaraq şəxs bölməyə gətirildi. Şəxsdən götürülmüş bağlamadan çəkisi 2 kq-dan çox narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olundu.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsi ilə bağlı idi. Şəxs saxlanılarkən ona heç bir təzyiq və təsir göstərilməyib. Təqsirləndirilən şəxsin söylədikləri əsassızdır. Əgər 2 kq narkotik vasitənin şəxsə məxsus olmaması ilə bağlı hər hansı etirazı olsaydı, videoçəkiliş zamanı bildirə bilərdi. Narkotik vasitə yaşıl rəngli bağlamada idi. Narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı heç bir nəticə əldə edə bilməmişik. Şəxs özü narkotik vasitəni 1000 manat müqabilində götürdüyünü və başqa bir ünvana qoymalı olduğunu dedi. Şəxs saxlanılarkən müqavimət göstərməyib və heç bir xəsarət almayıb. Şəxs saxlanılarkən tək olub. Əməliyyat tədbirinin davamında Nurlan adlı şəxs də tutulub. Onu da bölməyə gətirmişik. Nurlan adlı şəxsin üzərindən heç bir narkotik vasitə aşkar olunmayıb. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid1 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, heç bir psixi xəstəlik kecirməmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla həmişə yaxşı münasibətim olmuşdur, ədavət və ya düşmənçiliyi olmamısdır. Bir neçə aydır, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Rövşənin narkotik vasitə istifadə etdiyini bilir. 07 mart 2025-ci il tarixdə, təxminən saat 21:30 radələrində Rövşən onunla telefonla əlaqə saxlayıb görüşmək istədiyini demiş və onu Sumqayıt şəhərinə aparmağını istəmişdir. O, Rövşəndən Sumqayıt şəhərinə niyə getmək istədiyini soruşanda görüşdükdən sonra bu barədə ona deyəcəyini bildirmişdir. Həmin gün təxminən saat 22 radələrində idarə etdiyi "BMW" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Şamaxinka adlanan əraziyə gələrək orada Rövşənlə görüşmüş, söhbət zamanı Rövşən ona İran vətəndaşının Sumqayıt şəhəri ərazisində marixuana qoydurduğunu, həmin marixuananı götürməkdə ona köməklik etsə gedəndə ona 50 manat, qayıdanda isə 50 manat pul və istifadə etmək üçün marixuana verəcəyini demiş, o da Rövşənlə razılaşmışdır. Bundan sonra Rövşən ona 50 manat pul vermiş və onlar Sumqayıt şəhəri istiqamətində yola düşmüşlər. Yolda o, Rövşənin verdiyi 50 manat pulun 32 manatına yanacaq doldurmuş, 18 manat isə cibində qalmışdır. Rövşənlə təxminən saat 22:50 radələrində iranlının göndərdiyi konum əsasında Sumqayıt şəhərində yerləşən əraziyə çatmışlar. Sumqayıt şəhərini yaxşı tanımadığından həmin ərazinin necə adlandırıldığını adını bilmir. Orada Rövşənlə razılaşmışlar ki, Rövşən avtomobildən düşüb narkotik vasitəni gözlədildiyi yerdən götürəcək, o isə avtomobildən düşüb yaxınlıqda gözləyərək ətrafa nəzər yetirəcək, polis və ya hər hansı şəxsi yaxınlıqda gördüyü halda Rövşənə məlumat verəcək. Bundan sonra Rövşən avtomobildən düşüb narkotik vasitənin gizlədildiyi yerə yaxınlaşmış, sonra isə Rövşən əlində kisə ilə həmin yerdən ona tərəf gəlməyə başlamışdır. Rövşən ona tərəf gələn zaman bir neçə nəfər şəxsin Rövşənə yaxınlaşaraq saxladıqlarını görmüş və polis əməkdaşları olduqlarından şübhələndiyindən tez oradan qaçıb gizlənmişdir. Təxminən bir saat gizləndikdən sonra avtomobilimə minib oradan uzaqlaşmaq üçün avtomobilə tərəf yaxınlaşmışdır. Avtomobilə yaxınlaşıb qapısını açmaq istəyəndə açarın cibində olmadığını bilmiş və qaçan zaman açarın düşdüyünü yəqin etdiyindən ətrafda yerə baxaraq açarı axtarmağa başlamış, həmin vaxt isə mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını demişlər. Həmin yerə Rövşənlə birlikdə narkotik vasitə əldə etmək üçün gəldiyini demiş, bundan sonra onu 5-ci polis bölməsinə dəvət etmişlər, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona şübhəli şəxs qismində tutulacağı bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan vəkil Günay Cəfərovanın hüquqlarını müdafiə etməsini istəmişdir. Vəkil gəldikdən sonra videoçəkilişlə vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı narkotik vasitə və ya maddə aşkar olunmamışdır. Rövşən ona İranlının ona narkotik vasitə göndərdiyini demişdir. O, həmin İranlı ilə danışmamışdır və həmin şəxsi tanımır (cild 01, iş vər. 120- 122). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Şo-60 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən “Sum” avtosalon yaxınlığında gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Şo-60 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07-08). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 07 mart 2025-ci il tarixdə saat 22:55-də Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən «Sum» adlı avtosalonun yaxınlığında saxlanılaraq üstü yoxlanılan zaman əlində olan 01 ədəd açıq yaşıl rəngli polietilen torbanın içərisindən 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və əynində olan şalvarının sol cibindən 01 ədəd «Xiaomi MİA3» markalı mobil telefonu təqdim etmişdir. Götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2,290 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşı tərəfindən Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən “Sum” avtosalon yaxınlığında gizlədilən yerdən başqa yerə çatdırmaq məqsədilə əldə etdiyini bildirmişdir. Çəkilişin əks olunduğu “CD” disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 11-13). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizanın 08 mart 2025-ci il tarixli, 20/39 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN «Arayışlar üçün №242» möhür əksi, «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 1 ədəd bağlama; Saxlanılan şəxs: /imza/ Kərimov Elşən; İştirakçı: /imza/ Şahid3; Tərtib etdi: /imza/ H.İlqar» əl yazıları olan 01 ədəd kisədəki 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 995,444 qram; 1147,937 qram; ümumi təmiz çəkisi 2143,381 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuana kütlələri bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 01, iş vər. 45-49). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 mart 2025-ci il tarixli 318 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 180-182). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 16 may 2025-ci il tarixli 2877 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 239-240) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, onun barəsində CM-in 32, 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə materiallar ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Tofiq” adlı şəxs barəsində hazırki cinayət işinin materiallarından ayrıca material ayrılması qərara alınmışdır (cild 02, iş vər. 79-93). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Şo-60 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən “Sum” avtosalon yaxınlığında gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunaraq Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə saat 22:55-də Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən «Sum» adlı avtosalonun yaxınlığında saxlanılaraq üstündə yoxlama aparılmış, onun əlində olan 01 ədəd açıq yaşıl rəngli polietilen torbanın içərisindən 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş kütlələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi və bununla bağlı bildirdiklərinə (üzərindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması, əslində daha az miqdarda narkotik vasitə dalınca getməsi və polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində məcbur qalıb aşkar olunan kütləni boynuna alması) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması, əslində daha az miqdarda narkotik vasitə dalınca getməsi, polis əməkdaşları tərəfindən edilən təzyiq nəticəsində ona aid olmayan narkotik vasitəni boynuna götürməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, üzləşdiyi haqsızlıqlarla bağlı müvafiq qurumlara şikayət etməmiş, yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Həmçinin, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən də görünür ki, şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan qısa müddət sonra ekspertizadan keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan arayışlardan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu ilə “X5” publik hüquqi şəxsin Yevlax regional xəstəxanasının Kürdəmir vərəm kabinetində, atası 1976-cı il təvəllüdlü Kərimov Elşən Söhrab oğlu isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında onkoloji kabinetdə qeydiyyatdadır (cild 02, iş vər. 61-62). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs “Sağ ağciyərin infiltrativ vərəmi” xəstəliyindən, atası Kərimov Elşən Söhrab oğlunun isə onkoloji xəstəlikdən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən, hökmün və Kürdəmir Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi saxlanıldığı 01 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə əvəz edilməklə üzərində qəti olaraq 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür (cild 01, iş vər. 01-02, 05- 10, 63). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-65/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 25, 145-151). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2143,281 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Xiaomi MiA3” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2143,281 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Xiaomi MiA3” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-443/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-443/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver