Məhkəmə qərarları › İş №1(124)-445/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-445/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-445/2022 22.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi : Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə1, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Siyəzən şəhəri 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə saat 09 radələrində Siyəzən şəhəri 1 saylı tam orta məktəbin həyətində yerləşən idman meydançasında keçirilən fiziki tərbiyə dərsində siniflər arasında keçirilmiş futbol oyunundan sonra 10 c sinif şagirdi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onunla əlbəyaxa olmuş, daha sonra məktəbin qarşısında olan şam ağaclarının yanında yenidən Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq ona başın alın nahiyəsinin və döş qəfəsinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən, eləcə də özü dərəcəsi təyin olunmayan sağ üst göz qapağının qançırı və sol qulaq seyvanının sıyrığı kimi xəsarətlər aldıqdan sonra qisas almaq niyyəti ilə yaşadığı Siyəzən şəhəri F.Əliməmmədov küçəsində yerləşən ünvanına gedərək ot tayasında gizlətdiyi qatlanan cib bıçağını əynində olan cins şalvarının qabaq sağ yan cibinə qoyaraq məktəbə qayıtmış, mübahisənin davamı olaraq həmin gün saat 11 radələrində yenidən məktəbin stadionunda bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək əlbəyaxa olmuş, yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın qabaq sağ yan cibində saxladığı bıçaqla Zərərçəkmiş şəxs bir dəfə kürək nahiyəsindən vuraraq ona döş qəfəsinin sağ yarısının arxa divarının plevra boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə insan həyati üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə uşaqlarla birlikdə idman dərsində futbol oynayarkən Zərərçəkmiş şəxs ona çiyin atdığını, qarşılıq olaraq özünün də ona çiyin atdığını, ardınca Elmirin ona söyüş söydüyünü, lakin onların arasında həmin vaxt dava düşmədiyini və futbol oyunu qurtardıqdan sonra Elmirin ona yenidən söyüş söydüyünü və özünün də Elmirə söyüş söydüyünü və Elmirin söyüş söyəcəyi təqdirdə onu vuracağını bildirdiyini, lakin Elmirin yenə də söyüş söyməyə davam etdiyini qeyd etmişdir. Daha sonra dalaşmağa başladıqlarını, lakin həmin vaxt müəllimlərin onları ayırdığını, bundan sonra isə şam ağacları tərəfə getdiklərini və orada da dava etməyə davam etdiklərini, bu zaman isə 11-ci sinifdə oxuyan uşaqların onları ayırdıqlarını, axırıncı dəfə isə onların məktəbin stadionunda dalaşdıqlarını, dava zamanı Elmirin onu yerə yıxdığını və o da özünü müdafiə etmək məqsədilə cibində olan bıçaqla Elmirə xəsarət yetirdiyini bildirmiş və o, həmin bıçağı özünü qorumaq məqsədilə evdən gətirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra Elmirin sinif yoldaşı bıçağı əlindən alaraq otluğa tullamış, əməlindən peşman olmuş və zərərçəkmiş tərəflə barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Elmirin yuxarı sinifdə oxuduğunu, fiziki cəhətdən ondan daha güclü olduğunu və onu döyəcəyini bildiyini, əgər Elmir onu söyməsə və döyməsəydi ona xəsarət yetirməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, çox zaman idman dərslərində iştirak etmədiyi üçün həmin dərsdə hansı siniflərlə birlikdə olduqlarını belə bilməmiş, hadisə günü idman dərsində müəllimin göstərişi ilə ayrı-ayrı siniflər olaraq futbol oynamağa başlamışlar. Futbol oynayarkən onunla Kamil arasında mübahisə olduğunu, ilk olaraq Kamilin ona çiyin atdığını, daha sonra da özünün ona çiyin atdığını, oyunun sonunda onların komandasının Kamilgilin komandasına qalib gəldiyi üçün Kamilgilin komandasındakı bir uşaqla aralarında söz-söhbət olduğunu, bu zaman Kamilin də mübahisəyə qoşulduğunu, ilk olaraq özünün Kamilə söyüş söydüyünü, ardınca isə Kamilin ona hamının arasında çox ağır söyüşlər söydüyünü, bu sözlərdən sonra Kamilə təpik atdığını və onun çiyninə dəydiyini qeyd etmişdir. Daha sonra ətrafdakıların onları ayırdığını, lakin onlar ayrıldıqdan sonra şam ağacları tərəfə getdiklərini, orada olarkən Kamilə iki dəfə yumruq atdığını, ancaq ikinci yumruq zərbəsinin ona dəymədiyini, ona “Səni vurmağa əlim gəlmir” dediyini, həmin vaxt orada olanların onları ayırdığını və öz siniflərinə getdiyini, lakin hirsinin soyumadığını, Kamilin ona çox ağır söyüşlər söydüyündən ondan üzrxahlıq etməsini istədiyi üçün onun yanına getdiyini, ondan üzr istəməsini tələb etdiyini, lakin Kamilin birinci söyüş söyənin Elmir olduğunu deyərək ondan üzr istəməli olduğunu bildirdiyini, daha sonra dava etməyə başladıqlarını, dava zamanı Kamilin onun sağ tərəfinə bıçaq xəsarəti yetirdiyini qeyd etmişdir. Kamilin ona bir bıçaq zərbəsi vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Kamili hadisə günü tanımışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsini, zərəçəkmiş şəxsin ifadəsini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 12:02 radələrində xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “döş qəfəsinin kürək nahiyəsinin orta səthində daxilə nüfuz edən kəsilmiş yarası, hemotoraks” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, cinayət hadisəsi Siyəzən şəhəri 1 saylı tam orta məktəbin həyətində baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 63 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ üst göz qapağının qançırı və sol qulaq seyvanının sıyrığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti bir gün əvvələ - 05 aprel 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 66 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısının arxa divarının plevra boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, başın alın nahiyəsinin və döş qəfəsinin sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlərdən döş qəfəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yaranması inkar olunmur, özüözünə yetirilmə zamanı yaranan xəsarətlərə uyğun deyil, yaranma müddəti 05 aprel 2022ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Başın alın nahiyəsinin və döş qəfəsinin sıyrıqları bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş, törənmə müddəi 05 aprel 2002-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/687 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş bir ədəd sviterin və bir ədəd maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim edilmiş sviterin və maykanın səthindəki zədələrin morfoloji xüsusiyyətlərini yerləşmə sahəsini nəzərə alaraq demək olar ki, həmin zədələr bir predmetin təsiri nəticəsində yaranıb. İş üzrə təyin edilmiş komisyon kompleks ambultor məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1711 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir, aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak proseslərini, dünyagörüşü, iintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əqli-intallektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq və öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı psixi-emosional sferasında gərginlik, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il taixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynlərinin himayəsində yaşayır və onun barəsində Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 22 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ərizə yazaraq Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişlər, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qatlanan cib bıçağı ilə qəsdən sonuncunun döş qəfəsinin sağ yarısının arxa divarının plevra boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi cinayət əməlinin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum edilməməsini, həmçinin hal hazırda Siyəzən şəhəri 1 saylı tam orta məktəbin 10-cu sinifində təhsil almasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah olunur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə halda iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd sviter və 01 ədəd mayka zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən ) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 ( üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 1( bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Siyəzən RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd sviter və 01 ədəd mayka zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. 01 ədəd Compakt Disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən ) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar