Məhkəmə qərarları › İş №1(124)-445/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-445/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-445/2025 16.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdə saat 22-23 aralığında Sumqayıt şəhəri, Sülh küçəsi, “Dədə Qorqud” restoranın qarşısında avtodayanacaqda olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs əsaslı səbəb olmadan onun ünvanına söyüş söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun davamlı olaraq onun üzərinə gedib onu vurmasını deməsi zəminində aralarında davam edən mübahisənin gedişində Zərərçəkmiş şəxs onun yaxasından tutan zaman üzərində bıçaq olmasını düşünüb onu vurmasından qorxaraq üzərində saxladığı istintaqa məlum olmayan bıçaq ilə əvvəlcə bir dəfə Zərərçəkmiş şəxs vuraraq sonuncuya qarının ön divarının boşluğa keçən nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmağa aid, daha sonra ikinci dəfə vuraraq qarının sol yan divarının perotonarxası sahəyə keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olmayan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “Mənim itim var idi və itimi götürmək üçün anamın yaşadığı evə getmişdim. Atam rayonda işləyir. Anamla atam ayrı yaşayır. Mən itimi anamın yaşadığı həyət evindən götürüb gəzdirdim. Daha sonra atamın yaşadığı evə getmək üçün ”Dədə Qorqud” restoranının qarşısında dayanıb taksi gözləyirdim. Hadisə də elə bu vaxt baş verdi. Zərərçəkmiş şəxslə mübahisəmizin yaranmasına səbəb mənə söyüş söyməsi idi. Mən biriki dəfə ona xəbərdarlıq etdim, bu zaman tanımadığım bir şəxs yaxınlaşaraq onun içkili olduğunu bildirdi. Mən bizim də içkili olduğumuzu, ancaq söyüş söymədiyimizi söylədim. Zərərçəkmiş şəxs yenə söyüş söyməyə davam etdi və mən yenə ona xəbərdarlıq etdim. Zərərçəkmiş şəxs şalvarını çəkmək üçün əlini belinə atanda mən qorxdum və mənə bıçaqla xəsarət yetirəcəyini düşündüm. Bu zaman cibimdən bıçaq çıxararaq ona xəsarət yetirdim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Hadisə baş verdiyi vaxt yanımda bir dostum var idi, şəxsə xəsarət yetirilməsində o iştirak etməyib. Dostum Şahiddur. O, hadisələrin necə baş verdiyini görüb. Mən əvvəlcə zərərçəkmiş şəxsə onu bıçaqlayacağımı deməmişdim. Lakin zərərçəkmiş şəxs bir neçə dəfə mənə söyüş söymüşdü. Mən bıçağı atamın evinin həyətində iş görmək üçün götürmüşdüm. Atam Zəngilan rayonunda işləyir. Mən evdə tək qalıram. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. ” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Mən 16 may 2025-ci ildə “Dədə Qorqud” restoranında toyda idim və çox içkili vəziyyətdə idim. Toydan çıxdıqdan sonra dayanacaq istiqamətində getdim. Həmin vaxt çox əsəbi idim. Dayım oğlunun toyu idi və toyda istədiyim mahnını sifariş verəndə bibim oğlu həmin mahnımı kəsmişdi. Buna görə də, onunla mübahisə edərək toydan çıxdıq və dayanacaq istiqamətində gedirdik. Bu zaman Təqsirləndirilən şəxsla dostu qarşıdan gəlirdi. Onlarla qarşı-qarşıya gələrkən mənim çiynim şahid Anar Nəcəfovun çiyninə dəydi. Orada bizim aramızda mübahisə yarandı. Əslində mübahisə olunacaq bir məsələ yox idi, ancaq mübahisə baş verdi. Bu hadisənin baş verməsini mən də istəməzdim. Mən Təqsirləndirilən şəxs qarşı söyüş söymüşəm. Hadisənin Təqsirləndirilən şəxs dediyi kimi baş verdiyini deyə bilmərəm. Bu hadisənin baş verməsində mənim də səhvim var, bunu qəbul edirəm. Təqsirləndirilən şəxs də cavandır.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxslə barışmışıq, heç bir şikayətim və tələbim yoxdur. Mən təqsirləndirilən şəxsin ailə vəziyyətinə və özünün yaşının cavan olmasına görə ona yüngül cəzanın verilməsini və cəzasını cəzaçəkmə müəssisəsindən kənarda daha yüngül formada çəkməsini xahiş edirəm. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir: “Mən işdən gəlmişdim, evdə idim. Nicat mənə zəng edərək görüşməyi və Sumqayıta getməyi təklif etdi. O, evlərindən iti götürüb qayıdacağını bildirdi. Sumqayıtdan iti götürdükdən sonra “Göyərçin” heykəli olan parkda gəzişdik. Daha sonra bazarın yanındakı kafeyə gəldik və pivə içdik. Daha sonra avtovağzal istiqamətində getdik, orada dönər alıb yedik. Oradan da avtovağzalın qarşısına gəldik. Avtovağzalda çoxlu adamın yığıldığını gördük. Zərərçəkmiş şəxs dayanacağın qarşısında yerə yıxılmışdı. O, ayağa qalxdıqdan sonra hamıya kənara çəkilməyi bildirib söyüş söyməyə başladı. Mən olduğum yerdə dayanmışdım. Qəfildən zərərçəkmiş şəxs mənim üstümə gələndə yanımda duran birinin belinə şillə ilə vurdu. Həmin şəxs arxa-arxaya gəldi, mənim ayağımı tapdaladı, daha sonra məndən üzr istədi. Mən həmin şəxsi tanıyırdım, adı Qiyas idi. Qiyas mənimlə danışanda zərərçəkmiş şəxs adamların arasından çıxıb Qiyasın yaxasından tutdu. Qiyasa söyüş söyməyə başladı. Mən onları ayıranda mənə də söyüş söyməyə başladı. Mən zərərçəkmiş şəxsin üstünə gedəndə onun qohumu qarşımıza keçdi, zərərçəkmiş şəxsin içkili olduğunu dedi və onu yola verməyimizi xahiş etdi. Bu zaman Nicat bizim də içkili olduğumuzu, ancaq onun kimi etmədiyimizi bildirdi. Nicat bunu deyəndə zərərçəkmiş şəxs Nicata qarşı söyüşlü ifadələr işlətməyə başladı. Nicat zərərçəkmiş şəxsin üzərinə gedəndə Nicatı tutduq və zərərçəkmiş şəxsin üzərinə getməsinə icazə vermədik. Biz onları ayırdıqca zərərçəkmiş şəxs yaxınlaşdı. Sonda onun üzərində bıçaq olmasını zənn etdik. Çünki bizə “bıçaqlayaram” deyirdi. Biz də zərərçəkmiş şəxs içkili olduğu üçün kimisə bıçaqlamasından ehtiyat edirdik. Zərərçəkmiş şəxs Nicatın yaxasından tutanda Nicat artıq onu bıçaqlamışdı. Mən Nicatda bıçaq olmasını bilmirdim. Kimsə qışqıraraq polisin gəldiyini söylədi. Biz qaçanda “Dədə Qorqud” restoranının yanı ilə əşya bazarının arxa tərəfinə keçdik. Nicat orada mənə zərərçəkmiş şəxsə iki bıçaq zərbəsi vurduğunu söylədi. Mən həmin adamın içkili olduğunu və bıçaqla vurmağın düzgün olmadığını bildirdim. Nicatla polisin getməsini gözlədik və yenidən Avtovağzalın qarşısına gəldik. Daha sonra Nicat polisə təslim olacağını bildirərək polis idarəsinə getdi. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 00:15-də Sumqayıt şəhəri Təcili və X5 xəstəxanasının tibb bacısı Bayramova tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, “Sülh” Plaza yaxınlığında, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi adlanan ərazidə fərdi evdə yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs naməlum şəxslə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarətləri aldığı üçün Sumqayıt şəhəri Təcili və X5 xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Hüseynova Santar Xudayar oğluna məxsus olmaqla 01 (bir) ədəd qara rəngli dəri gödəkçə, 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) cüt corab və 01 (bir) ədəd bel kəməri cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Götürülən geyim əşyalarına baxış zamanı gödəkçə, mayka və qısaqol köynək üzərində qan ləkələri, mayka və köynək üzərində deşilmiş-kəsilmiş 2 ədəd izlər, şalvar üzərində hər hansı izin olmaması müəyyən olunmuş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 37-42). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Ərizə”dən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi adlanan ərazidə fərdi evdə yaşayan, Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyini qeyd etmiş və həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 91). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2025-ci il tarixli 58/2- 20204 nömrəli cavab məktubundan görünür ki, 16 may 2025-ci il tarixdə saat 22-23 aralığında Sumqayıt şəhəri, Sülh küçəsi, “039 Cars” avtosalonunun qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki dəfə bıçaqla zərbə vuraraq ağır dərəcəli bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində hadisə zamanı ətrafda olan və hadisəyə şahidlik edə biləcək şəxslər, eləcə də Zərərçəkmiş şəxs xəstəxanaya aparan taksi sürücüsünün kimliyini, həmçinin hadisə zamanı istifadə edilən 01 ədəd bıçağı Təqsirləndirilən şəxs gölə atdığından müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 782 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın kəsilmiş-deşilmiş yarası, qarının sol yan divarının periton arxası sahəyə keçən deşilmiş-kəsilmiş yarası xəsarəti aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən kəsici-deşici əşyanın (alətin) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər şəhəri Təcili və X5 xəstəxanasına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixdə bıçaqla yetirilən iki zərbənin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə-qarının ön divarının boşluğa keçərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarət yəni-qarının sol yan divarının peritonarxası sahəyə keçən deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 01, iş vər. 110- 114). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 144-152). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 278/2025-TBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus şəxsiyyəti vəsiqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu A(ll)-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A(lİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 157-162). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 178/2025-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol yansı və sol qolunun arxa səthində, həmçinin ön səthinin sağ yarısının orta hissəsində küt yaranma mexanizminə malik və gödəkçənin müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 02 (iki) ədəd sökülmə zədəsi vardır. Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Təqdim edilmiş köynəyin və maykanın üzərində aşkar olunmuş deşilmişkəsilmiş zədələrin eyni bir alətlə (əşya ilə) əmələ gəlməsinin mümkünlüyü istisna olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədən səthində müəyyən edilmiş qarnın ön divarının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın kəsilmiş-deşilmiş yarası, qarnın sol yan divarının periton arxası sahəyə keçən kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər. İş üzrə cinayətin predmeti olan (iz törədən) alət (alətlər) ekspertiza tədqiqatına təqdim olunmadığından, ekspertiza qarşısına qoyulmuş «Təqdim olunmuş 01 (bir) ədəd qısaqol köynək, 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd gödəkçə üzərində olan zədələrin .... ekspertizaya təqdim olunmamış, lakin xarici əlamətləri yuxarıda göstərilmiş bıçaqla törədilməsinə xarakterik olub-olmaması müəyyən edilsin.» sualının cavablandırılması mümkün deyildir. Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı (cild 01, iş vər. 164-170). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1910 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 01, iş vər. 173-176). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Qəbz”dən görünür ki, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd qara rəngli dəri gödəkçə, 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) cüt corab və 01 (bir) ədəd bel kəməri sahibi Hüseynova Santar Xudayar oğluna qaytarılmışdır (cild 01, iş vər. 178). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 129.1, 131.1, 131.2, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 01, iş vər. 181-192). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir və və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış dava-dalaşın gedişində sonuncunun qanunsuz hərəkətlərinə-onun ünvanına səsləndirdiyi nalayiq söyüşlərə görə istintaqa məlum olmayan bıçaqla sonuncuya qarının ön divarının boşluğa keçən nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmağa aid və qarının sol yan divarının perotonarxası sahəyə keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olmayan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri ilə, o cümlədən ekspertiza rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və gənc olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 103). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, lakin onun cəzasını yüngülləşdirən çoxlu sayda halların mövcudluğunu (zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin xəstəxana xərclərini çəkməsini, zərərçəkmiş şəxsin ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etməsini, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını), cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində təyin olunan azadlıqdan mərhum etmə növündə cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-132/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 16-17, 79-83). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə Sumqayıt Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd qara rəngli dəri gödəkçə, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şalvar, 01 cüt corab və 01 ədəd bel kəmərinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcinin, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd qara rəngli dəri gödəkçə, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şalvar, 01 cüt corab və 01 ədəd bel kəmərinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar