Məhkəmə qərarları › İş №1(124)-447/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-447/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-447/2024 12.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1969-cu il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni, ümumi təmiz çəkisi 26,469 qram narkotik vasitə olan heroini üzərində saxlamış, 19 sentyabr 2023-cü il tarixdə saat 19:35 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Siyəzən rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, Siyəzən RPŞ-nin İnzibati Binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 26,469 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 19 sentyabr 2023-cü il tarixdə polislər tərəfindən polis şöbəsinə aparılmışdır. Burada polislər ona cibində narkotik vasitə olduğunu söyləmiş və kamera qarşısında video çəkiliş aparılan zaman ona məxsus olmasını qəbul etməsini söyləmişlər. Təqsirləndirilən şəxs bunu qəbul etmək istəməmiş və belə olan halda polislər ona fiziki və pxisi təzyiq göstərmiş, ona hədə-qorxu gəlmişlər. Ona fiziki təsir göstərilsədə heç bir xəsarəti olmamışdır Buna görə də Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu boynuna götürmək məcburiyyətində qalmışdır. Ona olan təzyiqlərə görə şikayət etsə də heç bir araşdırılma aparılmadığını və bu hadisəni yaşamağının səbəbinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə, saat 19:35 dəqiqədə, ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər və onu Siyəzən RPŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə təqdim etmək ona təklif olunmuş, o da təklifdən sonra əynimdə olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 4(dörd) manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 4 (dörd) manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Siyəzən rayonu ərazisində 1 (bir) gün əvvəl tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçilik və ədavəti olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixiotrop maddələrin rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu üçün 19 sentyabr 2023-cü il tarixdə məlumat əsasında tərəfindən raport yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və BNMİ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Rəhbərliyin tapşırığı ilə 19 sentyabr 2023-cü il tarixdə Baş İdarənin TQ-nin təhqiqatçısı, polis mayoru X10, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 lə birlikdə saat 19 radələrində Siyəzən rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının yaxınlığında tərəflərindən saxlanılmış. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirərək şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək onlarla birlikdə Siyəzən RPŞ-yə getməyə razılığ vermiş, Siyəzən RPŞ-nin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq axtarış zamanı müdafiəçi X7 iştirakının təmin edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X7 iştirak etməsini istədiyini bildirmiş, bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı X11 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuş, Həmin bükümə polis mayoru Yelmar Vahabov tərəfindən baxış keçirilmiş, bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, Bundan sonra həmin bükülü əvvəlki vəziyyətinə qaytarılaraq ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmış, X11 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş predmet və əşyalar aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən bir ədəd “Samsung" markalı mobil telefon və 04 manat pul əskinasları aşkar olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 04 manat pul əskinası isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bununla da şəxsi axtarış yekunlaşdırılmış, daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru olduğundan o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmiş, şəxsi axtarış zamanı polis kapitanı Şahid2 tərəfindən “Sony" markalı video kamera vasitəsi ilə çəkiliş aparılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1969-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Siyəzən rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Qasımlı X8 Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4945 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN " Zərflər üçün N7" möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə..." və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 26,469 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2023-cü il tarixli, 7245 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentybr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 04 (dörd) manat pul aşkar edilmişdir Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hasnı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Siyəzən Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli sənəddən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş diplomdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kommersiya Beyəlxalq ticarət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Resspublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet tip 2 və Hepatit B xəstəlikləri vardır. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Tutma haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirməsi, saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik həmin vasitənin şəxsi istehlak mirdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirsədə qeyd etdiyi hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalsada heç bir xəsarətinin olmadığını bildirmiş. Məhkəmə Təqsirləndirilən şəxs psixi və fiziki təsir və təzyiqlərə məruz bildirdiyi xüsusatları məsuliyyətdən yaxa qurtarmaq və müdafiə taktikasından irəli gələn hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ali təhsilli olmasını, diabet və hepatit B xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Siyəzən rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 26,369 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07( yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 senytabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Siyəzən rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 26,369 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar