Məhkəmə qərarları › İş №1(124)-449/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-449/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-449/2023 14.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından satış məqsədi külli miqdarda, yəni 3 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,332 qram, 0,323 qram və 0,345 qram olmaqla ümumi təmiz çəkisi 4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 23 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsi C.Novruz küçəsində şübhəli şəxs qismində saxlanılmaqla Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən 3 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,332 qram, 0,323 qram və 0,345 qram olmaqla ümumi təmiz çəkisi 4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu 21 dekabr 2022-ci il tarixdə qapının qarşısında, axşam radələrində saxlayıblar. Saxlanılan zaman üzərində təxminən 1-2 qrama yaxın heroin olmuşdur. Tutulmamışdan 7-8 ay əvvəl narkotik vasitə istifadə etməyə başlamış, gün ərzində az miqdarda narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni tanımadığı adamdan əldə etmişdir. O, ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə ünvan 2amışdır. Təxminən 6 ay əvvəl narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etməyə başlamışdır. 21 dekabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan, adı yadında qalmayan səhifəyə daxil olaraq narkotik vasitə heroin almaq istəməsi barədə ismarış yazmışdır. Bir neçə dəqiqə sonra ismarışı cavablayan şəxs ondan mobil nömrəsini yazmasını istəmişdir. Həmin şəxsə mobil nömrəsini bildirdikdən bir qədər sonra +98-***- ***-**-** mobil nömrəsindən “Votsap” sosial şəbəkəsi vasitəsilə ona zəng olunmuşdur. Zəngi cavablayanda özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, o isə şəxsi istifadəsi üçün 100 manat dəyərində heroinə ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxsin göndərdiyi plastik kartın hesabına ödəmə terminallarından biri vasitəsilə 100 manat pul köçürdükdən sonra tanımadığı şəxs heroini Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində atacağı yerin fotoşəklini göndərmiş və ünvanı ona yazmışdır. Həmin gün qeyd edilən ünvana gedərək içərisində narkotik vasitə olan siqaret qutusunu oradan götürüb şalvarının cibinə qoymuşdur. 23 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində yaşadığı küçədə yerləşən "xxxx" MMC-yə məxsus mağazanın arxa tərəfi ilə piyada hərəkətdə olarkən 3 nəfər polis serjantı yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini istəyərək harada yaşadığını soruşmuşlar. Polis əməkdaşlarının suallarına cavab verdikdən sonra polis bölməsinə dəvət edilmişdir. Heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmişdir. Polis bölməsinə gətirildikdən sonra saat 02:45-də üzərində narkotik vasitə saxlaması şübhəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi Sirac Əsgərov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki göy rəngli şalvarın sağ yan cibindəki 1 ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisində olan 3 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində heroin olduğunu etiraf etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroini haradan əldə etdiyi soruşulduqda bükümləri Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində əldə etdiyini, bunun üçün adını bilmədiyi İran İslam Respublikasının vətəndaşına məxsus plastik kartın hesabına 100 manat pul köçürdüyünü və narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə protokolu imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 21 dekabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının göndərdiyi plastik kartın hesabına 100 manat pul köçürdükdən sonra həmin şəxsin bildirdiyi kimi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən ünvandan əldə etdiyini, İran İslam Respublikasının vətəndaşı ilə arasında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmaların hamısını sildiyini, 100 manat pul köçürdüyü plastik kartın nömrəsinin yadında qalmadığını, narkotik vasitəni yalnız şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heç vaxt kiməsə narkotik vasitə satmadığını və belə bir niyyəti olmadığını, üzərində narkotik vasitə saxlaması və daşıması barədə heç kimə məlumat vermədiyini, 23 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi C.Novruz küçəsində saxlanılan və Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini, azadlıqda olarkən 51-515- 32-05 mobil nömrəsində istifadə etdiyini, başqa hər hansı mobil nömrədən istifadə etmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 54-56) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 23 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis kiçik serjantı Şahid2 və polis serjantı Şahid1 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən "xxxx" MMCyə məxsus mağazanın arxası ilə piyada marşrutla xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş və harada yaşadığını soruşmuşlar. Şəxsin cavabları onlarda yaranmış şübhələri daha da artırdığından onu qəsəbə ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar Saray polis bölməsinə dəvət etmişlər. Polis bölməsində saxladıqları şəxsin Abşeron rayonu Saray qəsəbə sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu çıxarıb masanın üzərinə qoymuş və içərisindəki bükümlərdə narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd şəffaf sellofan bükümlər açılmış və oradan toz halında narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu, bükümləri 21 dekabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşına məxsus hesaba 100 manat pul köçürməsi müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Abşeron RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 digər polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 100-102) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2ayır. Təqsirləndirilən şəxs anasıdır. Azad 2015-ci ilin fevral ayında Bakı şəhərindən olan X2 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2016-cı ildə Almaz, 2017-ci ildə isə Aylin adlı 2 uşağı dünyaya gəlmişdir. Azad 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhər Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş, bundan başqa heç bir məhkumluğu olmamışdır. Onun Azadın narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. 23 dekabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman Azadın Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi səbəbindən saxlanılması və Saray polis bölməsinə aparılması barədə onlara məlumat verilmişdir. Bundan sonra öyrənmişdir ki, polis bölməsinə aparıldıqdan sonra Azadın üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə heroin aşkar edildiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Ancaq həmin tarixədək nə özü, nə də ailə üzvlərinin Azadın üzərində narkotik vasitə saxlamasından məlumatları olmamışdır.Bundan başqa Şahid4 ifadəsində oğlu Azadın saxlanılanadək 51-515-32-05 mobil nömrəsindən istifadə etdiyini, başqa hər hansı mobil nömrədən istifadə edib-etməməsi barədə məlumatı olmadığını bildirmiş və Azada məxsus qara rəngli “Redmi” markalı mobil telefonu könüllü surətdə istintaqa təqdim etmişdir. (cild 1, iş vərəqə 119-121) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisindən 3 ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,332 qram, 0,323 qram, 0,345 qram olmaqla ümumi təmiz çəkisi 4 qram olan narkotik vasitə heroini könüllü surətdə təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir ( cild 1, i.v. 24-26) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 24 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 07 dəqiqə 24 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisindən 3 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,332 qram, 0,323 qram, 0,345 qram olmaqla ümumi təmiz çəkisi 4 qram olan narkotik vasitə heroini təqdim etməsi öz əksini tapmışdır. ( cild 1, i.v. 45-46) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 23 dekabr 2022-ci il tаriхli 6/7135 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,332 qram, 0,323 qram, 0,345 qram, ümumi təmiz çəkisi 4 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan heroin kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 34-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X3” X8 02 mart 2023-cü il tarixli 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 1, iş vərəqə 141-142) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 02 mart 2023-cü il tarixli 1218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Nаrkоmаniyadan məcburi müаlicəyə еhtiyаcı vardır. Ərazi narkolоji dispanserində qеydiyyаtа alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 139-140) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş ekspertiza təhqiqatından sonra qalıq qalmış – 3,850 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 160-169) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və 21 oktyabr 2022-ci il tarixdə cinayət işi baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. (cild 1, iş vərəqə 93-94) Cinayət işinin materiallarına əlavə edilmiş 05 may 2023-cü il tarixli Sumqayıt şəhər məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İHB-nın Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 2amışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 79-80) Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır . Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə olan heroin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış- 3,850 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış- 3,850 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar