Məhkəmə qərarları › İş №1(124)-45/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-45/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-45/2022 10.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10 oğlu, Təqsirləndirilən şəxsin hüquqi varisi X4 Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosu vəkili X1 18.08.1963-cü il tarixdə Qusar rayonu Avaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli olmuş, orta təhsilli olmuş, işləməmiş, Qusar rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən 3950 manat miqdarında cərimə cəzasına məhkum olunmuş (həmin məhkəmənin 19.02.2019-cu il tarixli qərarı ilə bu cəza qazancından dövlət nəfinə 20% tutulmaqla 2 il islah işləri ilə əvəz edilmişdir) Qusar rayonu, Avaran kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və işə məhkəmədə baxılma müddətində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi və iş üzrə tərtib edilmiş ittham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham irəli sürmüşdür ki, o, 2021-ci ilin mart ayının sonlarında səxiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını, 2021-ci ilin mart ayının sonlarında Qusar rayonu Avaran kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində olan dibçəklərdə qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkdiyi toxumlardan 01 ədəd dibçəkdə 08 ədəd, 01 ədəd dibçəkdə 06 ədəd və 01 ədəd dibçəkdə 05 ədəd olmaqla yetişdirmiş, yaş halda əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan həmin cəmi 19 ədəd külli miqdarda çətənə(konnabis) bitkisinin kolları 29 aprel 2021-ci il tarixdə saat 17 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evində aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Təqsirləndirilən şəxs 14.12.2021-ci il tarixdə ölməsi barədə məlumat daxil olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş Təqsirləndirilən şəxs arvadı X7 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Məhkəmə gedişatında təqsirləndirilən şəxsin hüquqi varisi X7 ərizə ilə müraciət edərək, əri Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş,müdafiəçi isə buna razılığını ifadə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınaraq cinayət prosesinə buraxılmış arvadı isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, hazırki cinayət işinə xitam verilməlidir. Çünki, 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verildiyinə görə iş üzrə maddi sübutlar olan və Qusar RPŞ-də saxlanılan 19 ədəd çətənə bitkisi məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Bu qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Qusar RPŞ-də saxlanılan 19 ədəd çətənə bitkisi məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: “imza” Rəşad Əliyev Hakimlər: “imza” Hafiz Əliyev “imza” Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar