Məhkəmə qərarları › İş №1(124)-45/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-45/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-45/2023 30.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, Zəngilan rayonu, Tağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tanışı İran İslam Respublikası vətəndaşı «Merdad» adlı şəxsin istintaqla müəyyən edilməyən şəxs vasitəsi ilə ona satış məqsədi ilə göndərdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini qoyulduğu Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Şamaxinka” adlanan ərazidən götürüb əldə edərək bu yolla qanunsuz əldə etdiyi metamfetaminin qramını 45-50 manatdan, heroinin qramını isə 25 manatdan satışını həyata keçirəcəyi barədə qabaqcadan razılığa gəlmiş, bu niyyətlə 2021-ci ilin avqust ayının əvvəllərində 5 (beş) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi – 0,419 qram, 0,224 qram, 0,216 qram, 2,379 qram, 0,603 qram olmaqla, ümumi çəkisi 3,841 qram tünd qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 8(səkkiz) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,102 qram, 0,297 qram, 0,310 qram, 0,300 qram, 0,200 qram, 0,300 qram, 0,200 qram və 0,112 qram olmaqla, ümumi çəkisi 1,821 qram ağ rəngli, kristal şəkilli şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynindəki qara rəngli şalvarın sağ yan cibində eynək qutusunun içərisində saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qanunsuz daşımış, xx.xx.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saat 20:45 radələrində ünvan 2 ünvanının qarşısında tərəfindən saxlanılıb, Abşeron RPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibində eynək qutusunun içərisində 01 ədəd elektron tərəzi, 5 (beş) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi – 0,419 qram, 0,224 qram, 0,216 qram, 2,379 qram, 0,603 qram olmaqla, ümumi çəkisi 3,841 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görüşünə və kimyəvi tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 8(səkkiz) ədəd büküm hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,102 qram, 0,297 qram, 0,310 qram, 0,300 qram, 0,200 qram, 0,300 qram, 0,200 qram və 0,112 qram olmaqla, ümumi çəkisi 1,821 qram ağ rəngli, kristal şəkilli maddə öz aralarında xarici görüşünə və kimyəvi tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2-3 ildir marixuana, 7-8 aydır heroin, metamfetamini isə yeni-yeni istifadə edirdi. 2021-ci ilin may ayının 28-də qardaşının ad günündə məhəllədə narkotik vasitələrin satışı ilə məşğul olan Tehran adlı tanışı ilə maşında oturub narkotik vasitə istifadə etmişlər. Polislər onu tutmağa gəlmiş, ona hücum edəndə onların polis olduğunu bilmədiyi üçün onlara müqavimət göstərmişdir. Polis onun bir qoluna qandal vurmuş, o isə polisləri itələyib qaçmışdır. Polislərin onun əlinə vurduğu qandal onda qalmışdır. Səhəri gün qandalı verməyi üçün polislər evə gəlmiş, atası ona zəng edib polislərin qandalı istədiyini demişdir. O da əsəbi olduğu üçün, həm də polislərin ona söyüş söydüyü üçün qandalı verməmiş, əgər polis ondan üzr istəsə onda qandalı verəcəyini bildirmişdir. Bir müddət sonra birlikdə narkotik vasitə istifadə edərkən polislərin tutduğu şəxsi buraxmışlar. Polislər ona çox zəng edib axtarmışlar, buna görə də telefon nörməsini çıxarıb atmışdır. 3- 4 ay bacısıgildə, arvadının qohumlarının evində qalmış, sonra geri qayıtmışdır. Bir həftə sonra, yəni 2021-ci ilin sentyabr ayında polislər gəlib onu evdə tutmuşlar. Evə gələn 7-8 nəfər polis əməkdaşından yalnız Səttar adlı polis əməkdaşını tanımışdır. Həmin vaxt üzərində marixuana olmamışdır. Qandalı vermədiyi üçün ona problem yaradacaqlarını demişlər. O, qandalı atdığını demiş, Səttar da narkotik satmağını təklif etmiş, o isə qəbul etməmişdir. Onu Abşeron RPİ-nə aparmışlar. Narkotik vasitəni üzərinə qoyub çəkiliş aparmışlar. Ona təzyiq edilmiş, iki gün MSY-də saxlamışlar. İttihamda verilən 5 bükümdə narkotik vasitə və psixotrop maddə onun üzərində olmamışdır. İranlı vətəndaşla əlaqəsi, danışığı, yazışmaları olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 06 sentyabr 2021-ci il tarixdə saat təxminən 20:45 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərmiş və barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan şalvarın sağ yan cibindən eynək qutusunu çıxarıb təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmiş, həmin eynək qutusunun içərisinə baxış zamanı içərisindən 1 ədəd elektron tərəzi və 2 ədəd bağlama aşkar olunmuş, aşkar olunmuş bağlamalardan birincisinin içərisinə baxış zamanı içərisindən 7 bükümdə, psixotrop maddə olan metamfetamin kütləsi, ikinci bağlamanın içərisindən isə 5 bükümdə, narkotik vasitə olan heroin kütləsi və 1 bükümdə metamfetamin kütləsi aşkar olunmuşdur. Sonra aşkar olunmuş metamfetamin kütlələri elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3,73 ( üç tam yüzdə yetmiş üç) qram, heroinə bənzər kütlələrin çəkisi isə 8,17 ( səkkiz tam yüzdə on yeddi) qram olduğu müəyyən edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon və 50 manat məbləğində pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, təqdim etdiyi kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün İ (bir) "Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, içərisi boş olan eynək qutusu, həmçinin aşkar olunmuş pulların narkotik vasitələrin satışından əldə olunmadığım bildirdiyi üçün 50 manat pul özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə mctamfclaminlərin, narkotik vasitə olan heroin bükümlərinin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni 1 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Merdad” adlı şəxsin vasitəsi ilə 1 gün bundan əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Şamaxinka adlanan ərazidən satış məqsədi ilə əldə etdiyini, metamfetaminin qramını 45-50 manatdan satışını həyata keçirdiyini, heroinin qramını isə 25 manatdan satışını həyata keçirdiyini əlavə olaraq göstərmişdir. Həmçinin yaşadığı ünvanda və başqa yerlərdə narkotik vasitə və psixotrop maddə saxlamadığım, narkotik vasitələri əldə edərkən heç kimin bu barədə məlumatı olmadığını göstərmişdir. (Cild 1, iş vərələri 216-218) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında 2021-ci il sentyabrın 6-da Şahid1lə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Əməliyyat şəraitinə uyğun olmadığı üçün saxlanıldığı yerdə üzərinə baxış keçirməmişlər. Saxladıqdan sonra onu Abşeron RPİ-nə aparmışlar. Abşeron RPİ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxi axtarış zamanı üzərindən elektron tərəzi və 2 ədəd bağlama aşkar edilmişdir. Bağlamaların birinin içərisində 8 büküm metamfetamin, digərində 5 büküm heroin olmuşdur. Sual edildikdə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Merdad adlı şəxs vasitəsi ilə Bakı şəhəri, Şamaxinka ərazisindən əldə etdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 2021-ci il sentyabrın 6-da Şahid2la birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində saxlayıb Abşeron RPİnə aparmışlar. Abşeron RPİ-də onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxi axtarış zamanı onun üzərindən bir ədəd elektron tərəzi, 2 ədəd bağlama aşkar edilmişdir. Bağlamalar açıldıqda onların birinin içərisindən 8 büküm metamfetamin, digərində 5 büküm heroin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Merdad adlı şəxs vasitəsi ilə Bakı şəhəri, 9-cu mikrorayon, Şamaxinka adlanan ərazidən əldə etdiyini bildirmişdi. Təqsirləndirilən şəxsin telefonunda İranlı şəxslə danışmaları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Farizin narkotik vasitə istifadə etdiyini bilməmişdir. 28 may 2021-ci il tarixdə evdə olarkən səs gəldiyini eşitmiş, çölə çıxmış və polislərin Farizi tutduqlarını görmüşdür. Fariz qolunda qandal polislərin əlindən çıxıb harasa getmişdir. 2021-ci ilin sentyabr ayında polislər evə girmiş, Farizi tutub aparmışlar. 2021-ci ilin sentyabr ayında Masazır qəsəbəsində evin qabağında tutulmuşdur. O da orada olmuşdur. Polislər evə basqın etmiş, onu təhqir etmişlər. Fariz polisin qandalını vermədiyi üçün polislər onu tutmuşlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etsin. O isə şalvarın sağ yan cibindən içərisində eynək qutusunun içərisində 01 (bir) ədəd elektron tərəzi və daxilində 08 (səkkiz) bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 05 (beş) bükümdə narkotik vasitə heroinə bənzər maddə olan 02 (iki) ədəd bağlamanı təqdim etmişdir. Şəxsi axtarış zamanı aşkar olunan predmetlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 08 sentyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 32, 66-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3925 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksi olan «....şübhəli şəxs Təqsirləndirilən şəxs...» yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-aynlıqda təmiz çəkisi 0,419 qram, 0,224 qram, 0,216 qram, 2,379 qram, 0,603 qram olmaqla, ümumi təmiz çəkisi 3,841 qram tünd qəhvəyi rəngli tozşəkilli hazırlanmış narkotik vasitə heroin, 8 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,102 qram, 0,297 qram, 0,310 qram, 0,300 qram, 0,200 qram, 0,300 qram, 0,200 qram və 0,112 qram olmaqla ümumi çəkisi 1,821 qram kristalşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyavi tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan bir ədəd 12*6 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izi vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. (Cild 1, iş vərəqləri 42-46) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5190 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 143-144) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 dekabr 2021-ci il tarixli 3096 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarına və hal hazırda psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsir edə və bu barədə məlumat verə bilər. (Cild 1, iş vərəqləri 183-186) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif olunması və toplanmış sübutların qiymətləndirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin narkotik vasitələrin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Həmçinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,741 qram psixotrop maddə metamfetamin və 3,741 qram narkotik vasitə heroin, o cümlədən 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və 01 (bir) ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 193- 201) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, İbadlı X2 rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli hökmü ilə AR CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 30 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş üzrə anket məlumatlarında Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. (Cild 1, iş vərəqləri 108-109) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq olunması, tutulduğu vaxt üzərində narkotik vasitə olmaması, əvvəllər polislər tərəfindən tutulduqdan sonra qandal ilə qaçmasına görə polislərin ondan qisas alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə çahid Şahid3 ifadələsinə tənqidi yanaşaraq qeyd edir ki, həmin şəxs təqsirləndirilən şəxsin anası olduğundan onun mənafeyinə uyğun, cinayət məsuliyyətindən yayınmasına yönəlmiş ifadə vermişdir ki, bu ifadə məhkəmədə işin obyektiv hallarına uyğun olan mötəbər sübut kimi qəbul edilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır.Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 24, 87-89, 164-167) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,741 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 3,741 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 manat 70 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1,741 qram çəkidə psixotrop maddə metamfetamin və 3,741 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar