Məhkəmə qərarları › İş №1(124)-451/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-451/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-451/2022 13.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1977-ci ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzsına məhkum olunmuş,məhkumluğu ödənilməmiş və götürülməmiş, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurma, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmə, gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən əkin sahələrini suvarmaq üçün həmkəndlisi Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış söz mübahisə zamanı həmkəndlisinin onun ünvanına nalayiq söyüşlər söydüyü üçün 26 aprel 2022-ci il tarixdə saat 18 radələrində Zarat kəndində yerləşən əkin sahəsinə gəldikdən sonra Zərərçəkmiş şəxs görərək hansı məqsədlə onun ünvanına nalayiq söyüş ifadələri işlətməsini soruşarkən aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı zavod üsulu ilə istehsal edilmiş, "Kalaşnikov" konstruksiyalı, "AK-74" markalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsinə aid olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü olan, soyuq silah hesab edilən bıçaqla Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən əkin sahəsində Zərərçəkmiş şəxs 4 dəfə zərbə endirərək döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edib 10-cu qabırğanın sınığı və diafraqmanın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının ön divarının qarın boşluğuna keçib yoğun bağırsaq, dalaq, mədəaltı vəz və piyliyin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön divarının döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası və sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə insan həyati üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, çoban olduğu üçün hadisə günü heyvanların yanına sahəyə getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona söyüş söydüyünü, əlbəyaxa olduqlarını, sonra üzərində olan bıçaqla onu dörd dəfə vurduğunu, lakin Nəzərəlini vurmaq niyyətinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bıçağı dəniz qırağından tapdığını, heyvan otaran zaman bıçağın ona lazım olduğunu, hərbi xidmətdə olmadığını, Zərərçəkmiş şəxs dörd bıçaq xəsarəti yetirmək niyyətinin olmadığını, onlar əlbəyaxa olarkən bıçağı ona tərəf vurmaqla onun qorxub qaçacağını düşündüyünü, zərər çəkmiş şəxsin hansı nahiyələrinə xəsarət yetirdiyini sonradan bildiyini, hadisə vaxtı Nəzərəlinin ona müqavimət göstərərək onu artıq vurmamağı söylədiyini, zərər çəkmiş şəxslə barışdığını, ona bıçaqla daha çox zərbə vurmaq imkanının olduğunu, lakin bunu etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisədən sonra evə getmiş, üzərini dəyişmiş, ardınca isə kənddə olan polis əməkdaşlarına yaxınlaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq hadisə yerində özü və Nəzərəlidən başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, 24 aprel tarixində əkin sahələrini sulayarkən su kəsilmiş, daha sonra Həsənağanın otları suladığını görmüş, kənd camaatının əksəriyyəti əkin sahələrini sulamış, sona dörd nəfər qalmışdır. Həsənağanın ona saraldığı üçün otu sulamaq istədiyini, özünün ona “icazə ver, mən əkin sahələrini sulayım, sonra sən otları sulayarsan” dediyini bildirmişdir. Kəndə suyun çox az gəldiyini, lakin Həsənağanın olduğu yer tərəfdə suyun axınının daha güclü olduğunu, buna görə də suyun axımını düzəlmək üçün arxın qarşısına daş qoyduğunu, suyun kəsildiyini gördüyü üçün suyun qoşulduğu yerə getdiyini və daşı qoyduğu yerdən götürüldüyünü, suyun axımının dəyişdiyini gördüyünü, daşı götürmək istəyəndə Həsənağanın ona daşı götürməməyini söylədiyini, elə bu söhbətin üstündə də mübahisələrinin olduğunu qeyd etmişdir. Aprel ayının 26-sı o, əkin sahələrini sulayarkən arxın yanında oturduğu zaman Həsənağa yanına gəlmiş və ona “Bəs məni niyə söydün” deyə soruşmuş, o isə Həsənağaya etdiklərinə görə onu söydüyünü bildirmiş, onlar mübahisə edərkən Həsənağa bıçaq çıxarmış və Zərərçəkmiş şəxs isə kənara çəkilməmişdir. Həsənağa bıçaq ilə onu vurmağa çalışmış, lakin onun bıçaq zərbələrindən birini hiss etmiş, Həsənağaya dayanmasını söyləmiş, ardınca Həsənağa kənara çəkilmişdir. Hadisədən sonra özü ailəsinə zəng edib məlumat vermiş, hadisə yerindən yolun kənarına çıxmış, xəbər verdiyi yaxınları onu yolun kənarından götürmüşlər. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Siyəzən RMDM-dan xx.xx.1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Şərafətdin oğlunun “döş qəfəsinin sağ körpücük xətti ilə 7-ci, 8-ci qabırğa nahiyyəsinin qarın boşluğunun sol qabırğa altı nahiyyəsinin və qarının ön divarında sol yan nahiyyəsinin kəsilmiş deşilmiş yaraları daxilə nüfuz etmə, sağ sağrı nahiyyəsinin kəsilmiş deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 aprel 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, cinayət hadisəsi Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən əkin sahəsində baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 79 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edib 10-cu qabırğanın sınığı və diafraqmanın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının ön divarının qarın boşluğuna keçib yoğun bağırsaq, dalaq, mədəaltı vəz və piyliyin zədələnmələri ilə nəticələnən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön divarının döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası və sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarətlər deşici-kəsici əşyanın (alətlərin) təsirindən yaranmışdır, özü tərəfindən yetirilməsinə xarakterik deyil, yetirilmə müddəti 26 aprel 2022-ci il tarixə uyğun gəlir və xasərətlər hamısı birlikdə həyat üçün təhlükə olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/688; 3/695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, "Kalaşnikov" konstruksiyalı, "AK-74" markalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsinə aid olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngüdür, soyuq silah hesab edilir, üzərində sonradan düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş uzunqol köynəklərin, qolsuz maykanın, şalvarın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş uzunqol köynəklərin, qolsuz maykanın, şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan biçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən uzunqol köynəklərin, qolsuz maykanın, şalvarın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş uzunqol köynəklərin, qolsuz maykanın, şalvarın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş uzunqol köynəklərin, qolsuz maykanın, şalvarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş geyim əşyalarının səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq bir predmet, yoxsa bir neçə predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon kompleks ambultor məhkəmə-psixiatirik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1849 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinən nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixitrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əqliintelektual imkanları normaya uyğundur. Əqli-intelektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma və həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə cinayət əməllərini törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Siyəzən RİHB-nın Siyəzən şəhər ərazi dairəsi üzrə icra nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs Siyəzən rayonu Zarat kəndində qeydiyyatdadır və barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 22 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 26 aprel 2022-ci tarixdə saat 19 radələrində Siyəzən rayonu Zarat kənd sakini Zərərçəkmiş şəxs Şərafətdin oğlunun xəsarət alaraq xəstəxanaya müraciət etməsi barədə Siyəzən RPŞ-nin növbətçi hissəsindən alınan məlumat əsasında polis əməkdaşı Zarat kəndində olarkən həmin kəndin sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində göstərilən hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki iş materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətə endirilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmədən onun tərəfindən yenidən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin qəsdən törədilməsi Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivini yaratmışdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsiə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə cinayətin xarakter, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 01 ədəd bıçaq məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 ədəd uzunqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd şalvar sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 01 ədəd bıçaq məhv edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 ədəd uzunqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd şalvar sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar