Məhkəmə qərarları › İş №1(124)-453/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-453/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-453/2022 15.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri 4-cü Mikrorayon ev 25 a/6, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağız zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə, saat 14 radələrində anası Zərərçəkmiş şəxs ilə yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 25 a/6 18 nömrəli mənzildə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı mətbəxdə olan zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı olmaqla soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb həmin vaxt artıq binanın 4-cü mərtəbəsində olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən beş dəfə zərbə endirməklə, sonuncuya sol çiyin nahiyəsinin, döş qəfəsinin arxa səthinin iki ədəd, döş qəfəsinin arxa sol hissəsinin bir ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, boyunun sol yan səthinin aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər, döş qəfəsinin arxa sol yarısının boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemovnevmotoraks kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən gün anasından həkimə getmək üçün pul istəmiş, anası isə bir-iki günə ona pul verəcəyini söyləmiş, buna görə də anası ilə dalaşmış və mətbəxdən bıçaq götürərək onu yaralamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, beş il müddətində ailəli olmuş, əri onu mütəmadi döydüyü üçün əsəbləri pozulmuşdur. Anası dəfələrlə ona müalicə almağını söyləmiş, lakin onun sözünə qulaq asmamışdır. Bıçağı mətbəxdən götürmüş, anası çölə çıxıb dördüncü mərtəbəyə düşdüyü üçün arxasınca qaçıb onu dördüncü mərtəbədə bıçaqlamış, səs-küyə qonşular çıxmışdır. Anasını bıçaqladıqdan sonra evə qalxmış və qonşunun təcili tibbi yardıma zəng etdiyini bilmişdir. Anasına xəsarət yetirərkən özündə olmamış, onu necə vurduğunu bilməmişdir, eləcə də neçə bıçaq xəsarəti yetirməsi yadında deyildir. Həmin ərəfələrdə əsəbləri pozulmuş, lakin hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, müalicə almamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, qeyri-rəsmi nikahda olmuş, həmin nikahdan beş yaşında qızı vardır. Aliment və sosial yardım almır. Evlənməmişdən əvvəl işləmiş, lakin sonralar azyaşlı uşağının qayğısına özü qaldığı üçün işləyə bilməmişdir. Narkotik vasitədən və ya spirtli içkidən istifadə etmir, eləcə də hadisə günü narkotik vasitə və ya spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs 17 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışıdr. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, qızı Günel son zamanlarda çox əsəbi olmuş, nəvəsinin sosial yardımı kəsildiyi üçün Günel ilə birlikdə onu bərpa etdirməyə çalışmış, aprel ayının 4-də nəvəsinin sosial yardımının bərpa olunması üçün ərizə göndərmişdir. Əri Natiqə sosial yardım bərpa olunduqdan sonra Güneli həkimə aparmağı söyləmiş, çünki o, son vaxtlar çox əsəbi olmuşdur. Dekabr ayının 29-da yıxıldığı üçün qolları yaralanmış, sağalması üçün lazım olan müddət ərzində Günel onun qayğısına qalaraq kömək etmişdir. Hadisə günü o xəstəxanaya getmiş, Günelin sol qolu və ayağı şişdiyi üçün ona da birlikdə xəstəxanaya getməyi təklif etmiş, xəstəxanadan qayıtdıqdan sonra evə girən kimi Günel ona “Sən məni çox istəmirsən, pul ver həkimə gedim” demiş, o da Günelə “Sənə pul verəcəm, hara lazımdırsa da aparacam” deyə cavab vermişdir. Bu sözləri dedikdən sonra Günelin bıçaq götürdüyünü görüb qorxub evdən qaçmış, qaçdığım zaman o da arxasınca gəlib dördüncü mərtəbədə olarkən arxadan onu vurmuşdur. Qonşulardan hansısa səs-küyü eşidib qapını açmışdır. Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, qızı evləndikdən sonra əri ona çox əziyyət vermiş, hətta bir dəfə Günel ərinin onun başına araq şüşəsi ilə vurduğunu, qana büründüyünü söyləmişdir. Qızının əri başqa birisi ilə evli olmuş, Günel ilə qeyri-rəsmi nikah münasibətində olmuşdur. Günelin beş yaşındakı qızına nəvəsinə də hadisədən sonra özü baxır. Uşağın atası uşağına baxmağa onlara köməklik göstərmir. Mart ayından, yəni hadisədən bir ay əvvəldən etibarən Günelin əsəbləri pozulmuş, çox əsəbi insan olmuş, Güneli həkimə aparmaq istəmiş, lakin həkimə aparmaq üçün sosial yardımın bərpa olunmasını gözləmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. Aprel ayının 16-da həyətdə olarkən telefonuna zəng gəlmiş, zəngə cavab verdiyi zaman bir qadın qonşu olduğunu və təcili olaraq evə gəlməyini söyləmişdir. Zəngdən 2-3 dəqiqə sonra beşinci mərtəbədə yerləşən evinə qalxarkən blokun dördüncü mərtəbəsində arvadının stulda əyləşdiyini, həmçinin yerdə qan olduğunu görmüş, nə olduğunu soruşduğu zaman isə ona qızının arvadı Zenfiranı bıçaqla vurduğu deyilmişdir. Zenfiranın köynəyini arxadan qaldırıb baxarkən onda üç bıçaq yarası olduğunu, həmin həmin yaraların dərin olmadığını və qanamadığını görmüş, qonşudan təcili tibbi yardıma zəng vurub-vurulmadığını soruşmuş, qonşu isə artıq zəng edildiyini demiş, 1-2 dəqiqə sonra təcili tibbi yardım gələrək Zenfiranı xəstəxanaya aparmışdır. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, son zamanlarda Günelin psixi problemləri olduğu hiss olunmuş, anası dəfələrlə Günelə həkimə getmək lazım olduğunu demiş, lakin Günel həkimə getməyə razılaşmamışdır. Zenfira ilə sosial yardımla bağlı məsələni həll etdikdən sonra Güneli həkimə aparmaq barədə razılaşmışlar, eləcə də Günelin xəstəxana şəraitində müalicə almasını istədiklərini, çünki onun ev şəraitində müalicə olunacaq vəziyyətdə olmadığını bildirmişdir. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Günelin son vaxtlarda psixi problemləri olduğu onun baxışlarından, davranışından hiss olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həftənin 6-cı günü evdə olarkən səs gəldiyini eşitmiş, lakin ciddiyə almamış, evin dəhlizinə keçdiyi zaman isə səsin daha da yüksəldiyini eşitmiş, qapını açanda isə Zenfira xanımı uzanıqlı vəziyyətdə görmüşdür. Həmin binaya təzə köçdüyündən Zenfira xanımı tanımamış, Zenfira xanımı o vəziyyətdə görüb nə olduğunu soruşmuş, o isə ona “qızım məni yaralayıb” demişdir. Zenfira xanımın kim olduğunu bilmədiyi üçün ondan kim olduğunu soruşmuş, o isə qonşu olduğunu demiş, həmin vaxt digər qonşular da qapını açmışlar. Qonşular ona təcili tibbi yardıma zəng vurmağı söyləmiş, o da zəng vurmuş, sonra evinə keçmiş və ondan sonra nə baş verdiyini bilməmişdir. Şahid2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, qapını açdığı zaman Güneli orada görməmiş, yalnız Zenfira xanımı görmüş, əvvəllər onların münaqişəsinin şahidi olmamışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, sonuncu beşnci mərtəbədə, o isə dördüncü mərtəbədə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində evdə olan zaman qapının qarşısında səs gəldiyini eşitmiş, bundan sonra o, qapıya çıxmış və Zenfiranın qan içində olduğunu görmüşdür. Bu zaman digər qonşu Ülviyyə təcili tibbi yardıma zəng etmiş, o, Zenfiradan soruşan zaman qızı Günelin onu bıçaqladığını bildirmişdir. Bir neçə dəqiqə sonra həkimlər və Zenfiranın əri gəlmiş, Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Şahid3 həmçinin ifadəsində qapıya çıxan zaman orada Zenfiradan başqa heç kimin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:32-də Sumqayıt şəhər TTYX-dən həkim Quliyeva telefonla məlumat verərək Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 25 a/6 mənzil 18-də yaşayan Zərərçəkmiş şəxs öz qızı tərəfindən bıçaqlandığını bildirmişdir. İş materallarına əlavə edilmiş “baxış keçirilməsi və götürmə aparılması” haqqında 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25 a/6 ünvanının dördüncü mərtəbəsində baş vermişdir, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi 01 ədəd bıçağı istintaq orqanına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 may 2022-ci il tarixli 614 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin arxa sol yarısının boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemovnevmotoraks, sol çiyin nahiyəsinin, döş qəfəsinin arxa səthinin iki ədəd, döş qəfəsinin arxa sol hissəsinin bir ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, boyunun sol yan səthinin aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəssarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə döş qəfəsinin arxa sol yarısının boşluğa keçən bir deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemovnevmotoraks, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər yəni, sol çiyin nahiyəsinin, döş qəfəsinin arxa səthinin iki ədəd, döş qəfəsinin arxa sol hissəsinin bir ədəd boşluğa keçməyən deşilmişkəsilmiş yaraları, boyunun sol yan səthinin aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 27 iyul 2022-ci il tarixli, 3/973 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu il istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 iyul 2022-ci il tarixli, 1773 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Yolxanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınanaraq saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən bıçaqla zərbələr vuraraq, sonuncuya sol çiyin nahiyəsinin, döş qəfəsinin arxa səthinin iki ədəd, döş qəfəsinin arxa sol hissəsinin bir ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, boyunun sol yan səthinin aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər, döş qəfəsinin arxa sol yarısının boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemovnevmotoraks kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2016-cı il təvəllüdlü qızı X2 ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 saylı MKS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə 12 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X2 xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlıdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, həmçinin əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 4(060)-204/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 16 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 64.0 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan, 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar